Məhkəmə qərarları › İş №2(017)-1037/2024

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-1037/2024

29.07.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-1037/2024 29.07.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, Paşayev Babək Zahid oğlunun katibliyi, İddiaçı Elburus oğlunun iştirakı ilə, İddiaçı Elburus oğlunun Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Elburus oğlu məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə Cavabdeh ilə öz aralarında şifahi razılaşma yolu ilə avtomobil alqı-satqısı etmişlər. Lakin sonradan Cavabdeh məxsus avtomobildə texniki nasazlığ olduğu üçün o, avtomobili qaytarmaq qərarına gəlmişdir. Cavabdeh ona borclu olduğu 9050 manat məbləğində borcundan 6000 manatın qaytarmış, yerdə qalan 3050 manat pulu isə qaytarmaqdan müxtəlif bəhanələrlə yayınmışdır. Bu səbəbdən də o, Ağcabədi rayon polis şöbəsinə ərizə ilə müraciət etmiş və polis şöbəsində araşdırma aparılmışdır. Araşdırma zamanı Cavabdeh vermiş olduğu izahatında ona borcu olmasını etiraf etmiş və qaytaracağını bildirmişdir. Ağcabədi rayon polis şöbəsi tərəfindən müraciətinin mülki xarakterli olması ilə əlaqədar ona məhkəməyə müraciət etməsinin tövsiyyə olunmuşdur. Ona görə məhkəmədən iddia tələbinin təmin edilməklə Cavabdeh xeyrinə 3050 manat məbləğində pulun və ödənilmiş 50 manat 50 qəpik dövlət rüsumunun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı Elburus oğlu iddia tələbini müdafiə edib izahatında göstərdi ki, o, xx.xx.2024-cü il tarixdə Cavabdeh ilə öz aralarında şifahi razılığa gələrək özünə məxsus “VAZ-21015” markalı avtomobilini və əlavə olaraq 9050 manat məbləğində pulu verməklə cavabdehə məxsus “Mersedes-Benz” markalı, 99- TK-866 dövlət qeydiyyat nişanlı avtomobili almışdır. O, cavabdehlə belə razılığa gəlmişdir ki, həmin 9050 manat məbləğin 3500 manatını nağd şəkildə qalan hissəsini isə hissə-hissə ödəyəcəkdir. xx.xx.2024-cü il tarixdə o, Bərdə rayon “Asan Xidmət” Mərkəzinin qarşısında Cavabdeh 3500 manat pulu nağd şəkildə vermişdir. Lakin sonradan avtomobilin texniki nasazlığı olduğu üçün o, avtomobili qaytarmaq qərarına gəlmişdir. Cavabdeh ona avtomobilin geri qaytarmasına etirazı olmadığını, lakin avtomobilin əvəzi olaraq aldığı pulu avtomobili satdıqdan sonra qayatara biləcəyini bildirmişdir. Cavabdeh avtomobili ondan geri aldıqdan sonra başqa şəxsə sataraq ona olan borcundan 6000 manatını qaytarmış, yerdə qalan 3050 manat pulu isə qaytarmaqdan müxtəlif bəhanələrlə yayınmışdır. Bu səbəbdən də o, Ağcabədi rayon polis şöbəsinə ərizə ilə müraciət etmiş və polis şöbəsində araşdırma aparılmışdır. Araşdırma zamanı Cavabdeh vermiş olduğu izahatında ona borcu olmasını qismən etiraf etmiş və qaytaracağını bildirmişdir. Ağcabədi rayon polis şöbəsi tərəfindən müraciətinin mülki xarakterli olması ilə əlaqədar ona məhkəməyə müraciət etməsinin tövsiyyə olunmuşdur. Ona görə məhkəmədən iddia tələbinin təmin edilməklə Cavabdeh xeyrinə 3050 manat məbləğində pulun və ödənilmiş 50 manat 50 qəpik dövlət rüsumunun alınıb ona verilməsini xahiş etdi. Cavabdeh məhkəmənin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə bu halda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələbinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materiallarına əlavə edilmiş Cavabdeh Ağcabədi rayon PŞ-də verdiyi izahatından görünür ki, Cavabdeh İddiaçı Elburus oğluna ümumilikdə cəmi 3000 manat məbləğində borcu olduğunu etiraf etmiş və həmin borc pulu ödəyəcəyinə söz vermişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddiaçı Allahverdiyev X1 Rayon Məhkəməsinin hesabına 50 manat 50 qəpik dövlət rüsumu ödəmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, tərəflər öz aralarında olan şifahi razılaşma əsasında avtomobil alqı-satqısı etmişlər, avtomobilin texniki nasazlığı səbəbindən iddiaçı cavabdehdən aldığı “Mersedes-Benz” markalı, **-TK-*** dövlət qeydiyyat nişanlı avtomobili cabadehə geri qaytarmış və nəticədə cavabdehin iddiaçıya 9000 manat borcu yaranmışdır. Cavabdeh həmin borcdan 6000 manat ödəniş etmiş və 3000 manat borcu qalmışdır. Hazırda cavadehin iddiaçıya 3000 manat borcun qalması cavabdehin Ağcabədi rayon polis Şöbəsində verdiyi izahatından da öz əksini tapmışdır. Həmin puldan cavabdeh tərəfindən bu günədək iddiaçıya heç bir məbləğdə pul qaytarılmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsində göstərilir ki, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 442-ci maddəsində göstərilir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 385.1-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsində göstərilir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsində göstərilir ki, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 233.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən iddia qaldırılmasına görə iddiaçının ödədiyi 50 manat 50 qəpik manat dövlət rüsumu iddiaçının xeyrinə cavabdehdən tutulmalıdır. Beləliklə, məhkəmə iş üzrə müəyyən olunmuş sübutlara hüquqi qiymət verərək belə bir nəticəyə gəlir ki, Cavabdeh tərəfindən İddiaçı Elburus oğluna borclu qaldığı puldan iddiaçıya heç bir məbləğdə ödəniş edilməmişdir. Cavabdeh borclu olduğu pulun qaytarılması ilə bağlı üzərinə götürdüyü öhdəliyi pozmaqla onu tam icra etməmişdir. Qeyd olunanlara əsasən məhkəmə İddiaçı Elburus oğlunun iddia tələbinin qismən təmin olunması qənaətinə gəldi. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213-214, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 3000 (üç min) manat məbləğində borc pul və ödənilmiş 50 manat 50 qəpik dövlət rüsumu tutularaq İddiaçı Elburus oğlunun xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağcabədi rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Sulduz Ləzimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar