Məhkəmə qərarları › İş №2(017)-104/2024

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-104/2024

15.01.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-104/2024 15.01.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Agcabədi rayon Məhkəməsinin hakimi Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, Paşayev Babək Zahid oğlunun katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2, Cavabdeh etibarnamə üzrə nümayəndəsi atası X1 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Yusif oğlunun Cavabdeh qarşı beş baş iribuynuzlu heyvanlara görə ödənilməmiş qalan 2440 manat pulun, avtomaşının yol xərcinə və zəhmət haqqına görə ödənilməli olan 400 manatın (cəmi 2840 manat pulun), dövlət rüsumuna görə 49 manatın və hüquqi yardıma görə ödənilmiş 150 manat xidmət haqqının alınıb onlara verilməsi tələbinə dair mülki işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 Yusif oğlu məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, iddia ərizəsində iş üzrə cavabdeh, Ağcabədi rayonunun Sarıcalı kənd sakini Cavabdeh ilə yaxın münasibətlərinin olmalarını, cavabdehin Bakı şəhərinin “Neftçilər” adlanan ərazisində şəxsi qəssabxanası olduğunu, 2023-cü ilin avqust ayında cavabdehin onlardan beş baş iribuynuzlu kəsimlik heyvanın tapmalarını istəmişdir. Onlar birlikdə İddiaçı1 məxsus “Qazel” markalı yük avtomaşını ilə beş baş iribuynuzlu heyvanları Bakı şəhərinə aparıb Alimin qəssabxanasına təhvil vermişlər. Beş baş iribuynuzlu heyvanların pulu 13520 (on üç min beş yüz iyirmi) manat edirdi. Cavabdehlə aralarında olan şifahi razılığa görə yol xərci və zəhmət haqqı olaraq Cavabdeh iddiaçılara 400 manat pul verməli idi. Cavabdeh heyvanları qəbul etdikdən sonra onlara 11080 (on bir min səksən) manat pul vermiş və mala görə qalan 2440 manatı, yol xərcinə və zəhmət haqqına görə 400 manatı yəni ümumilikdə 2840 (iki min səkkiz yüz qırx) manat pulu bir-iki gün müddətə verəcəyini bildirmişdir. Lakin həmin vaxtdan iki ay müddət keçməsinə baxmayaraq cavabdeh borclu olduğu 2840 (iki min səkkiz yüz qırx) manat pulu ödəməmişdir. Dəfələrlə onlar hər ikisi cavabdehdən ödəməli olduğu 2840 (iki min səkkiz yüz qırx) manat pulu tələb etsələr də cavabdeh hər dəfə onlara müxtəlif bəhanələr gətirərək borcu qaytarmaqdan yayınmış. bu səbəbdən də onlar Ağcabədi rayon polis şöbəsinə ərizə ilə müraciət etmişlər. Ağcabədi rayon polis şöbəsində araşdırma aparılmış, araşdırma zamanı Cavabdeh atası X2 izahatında oğlu Cavabdeh onlara 2840 manat borcunun olduğunu etiraf etmiş və həmin araşdıma ilə bağlı Ağcabədi rayon polis şöbəsi tərəfindən 03 sentyabr 2023-cü il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmiş və polis şöbəsi tərəfindən müraciətlərinin mülki xarakterli olması ilə əlaqədar onlara məhkəməyə müraciət etməsinin tövsiyyə olunmasını göstərib, məhkəmədən iddia tələbinin təmin edilməklə Cavabdeh xeyirlərinə 2440 manatı, yol xərcinə və zəhmət haqqına görə 400 manat cəmi 2840 manat pulun, ödənilmiş 49 manat dövlət rüsumunun və hüquqi yardıma görə qəbzlə vəkilə ödənilmiş 150 manat xidmət haqqının tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında İddiaçı1 iddia tələbini müdafiə edib izahatında göstərdi ki, Cavabdeh tanıyır və qohumluq əlaqələri də vardır. O, Cavabdehlə iki dəfə mal-qara alveri etmiş, Alimə iribuynuzlu heyvanlar satmışdır. Alim ilk alverdə onun və şəriki İddiaçı2 pulunu vermişdir. İkinci alver zamanı Alim ondan beş baş iribuynuzlu kəsməklik heyvan tapmasını və həmin heyvanları Bakı şəhərinə qəssabxanasına gətirməsi üçün ona 400 manat yol xərci verəcəyini demişdir. O da şəriki Eminlə birlikdə həmin beş baş iribuynuzlu mal-qaranı özünə məxsus “Qazel” markalı yük avtomobili ilə Bakı şəhərinə aparıb Alimin qəssabxanasına təhvil vermişlər. Beş baş iribuynuzlu heyvanların pulu 13520 manat etmiş, Alim həmin puldan 11080 manat pul vermiş və aralarında 2440 manat pul borcu qalmışdır. O, bir neçə dəfə Alim ilə borcunu verməsi barədə danışsada Alim onlara olan borcunu verməmişdir. O da 23 avqust 2023-cü il tarixdə bu bardə Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin “102” xidməti zəng mərkəzi sisteminə zəng etmiş, Ağcabədi rayon polis şöbəsində araşdırma işi aparılmış və 2440 manat cavabdehin borcu olması müəyyən edilərək 03 sentyabr 2023-cü il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barəd qərar qəbul edilmiş və mülki xarakterli iş olduğu üçün məhkəməyə müraciət etməsi izah olunmuşdur. Ona görə də, göstərdiklərini nəzərə alaraq Cavabdeh 2440 manat borc pulu, yol xərcinə və zəhmət haqqına görə 400 manat cəmi 2840 manat pulun, ödənilmiş 49 manat dövlət rüsumunun və hüquqi yardıma görə qəbzlə vəkilə ödənilmiş 150 manat xidmət haqqının alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında İddiaçı2 iddianı müdafiə edərək oxşar məzmunlu izahat verib digər İddiaçı1 Şakir oğlunun izahatında göstərdiyi xüsusatları mahiyyəti üzrə təsdiq edib məhkəmədən iddianın tam təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh etibarnamə üzrə nümayəndəsi atası X2 iddia tələbini qismən qəbul edərək izahatında göstərdi ki, Cavabdeh onun dogma oğludur. Oğlu Şakirin İddiaçı1 ilə yaxın münasibətlərinin olduğunu, oğlunun Bakı şəhərində qəssabxanası olmasını, 2023-cü ilin avqust ayında iddiaçılardan öz aralarında şifahi razılaşaraq 13520 manata beş baş iribuynuzlu heyvanların aldığını, həmin heyvanlara görə iddiaçılara pulun bir hissəsini yəni 11080 manat pul vermişdir. Oğlunun qalan pulu verməməsinə səbəb isə heyvanlar nəzərdə tutulmuş çəkidə ət verməməsi olmuşdur. Ona görə də oğlu ilə iddiaçılar arasında mübahisə yaranmışdır. Hazırda oğlu yaralı olduğu üçün işləmədiyini, lakin yaxın vaxtlarda iki üç dəfənə həmin pulu iddiaçılara qaytaracağını bildirərək iddianın qismən təmin edilməsini xahiş etdi. İş materiallarında olan Ağcabədi rayon PŞ-nin cinayət işi başlanmasının rədd edilməsi barədə 03 sentyabr 2023-cü il tarixli qərarından görünür ki, Cavabdeh iddiaçılar İddiaçı1 və İddiaçı2 beş baş iribuynuzlu kəsimlik heyvan almış və 2440 manat borcu qalmışdır. Bununla bağlı rayon PŞ-də araşdırma aparılmış, aparılmış araşdırma nəticəsində iddiaçıların tələbi mülki tələb olduğu və aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququ ona izah edilmişdir. İşdə olan 04 oktyabr 2023-cü il tarixli qəbzdən görünür ki, İddiaçı1 150 manat xidmət haqqı olaraq Ağcabədi Rayon Vəkil Bürosuna rüsum ödəmişdir. İşdə olan 12 oktyabr 2023-cü il tarixli qəbzdən görünür ki, İddiaçı1 49 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası MM-nin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirilməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 739.1-ci maddəsində göstərilir ki, müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsində göstərilir ki, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formadabağlanır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən Cavabdeh aralarında olan şifahi razılaşma əsasında 13520 manata qiymətləşərək, beş baş iribuynuzlu heyvan nisyə satılmış, cavabdeh tərəfindən həmin məbləğdən 11080 manat nəqd şəkildə ödənmiş, 2440 manat isə borc olaraq qalmışdır. həmin borc puldan cavabdeh tərəfindən heç bir məbləğdə ödəniş edilməmişdir. Cavabdeh tərəfindən bu günədək iddiaçılar ilə aralarında olan şifahi razılaşmaya əməl edilməmiş və iddiaçılara nisyə satılmış iribuynuzlu heyvanların dəyərindən 2.440 manat pul bu günədək qaytarılmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsində göstərilir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsində göstərilir ki, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təsdiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, iş üzrə 49 manat dövlət rüsumu iddiaçı tərəfindən ödənildiyindən həmin məbləğ də cavabdehə aid edilməlidir. Həmin Məcəllənin 233.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Beləliklə, məhkəmə iş üzrə müəyyən olunmuş sübutlara hüquqi qiymət verərək belə bir nəticəyə gəlir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən Cavabdeh nisyə satılmış beş baş iribuynuzlu heyvanlara görə cavabdehin 2.440 (iki min dörd yüz qırx) manat məbləğində borc öhdəliyi yaranmış, yol xərcinə və zəhmət haqqına görə Ağcabədi rayonundan Bakı şəhərinə heyvanların aparılması üçün 400 manat deyil, 200 manat olması ağlabatandır. Eyni zamanda məhkəməyə ödənilmiş 49 manat dövlət rüsumu və hüquqi yardıma görə vəkilə ödənilmiş 150 manat xidmət haqqı işdə olan qəbzlərdə öz təsdiqini tapır. Lakin Cavabdeh borclu olduğu pulun qaytarılması ilə bağlı üzərinə götürdüyü öhdəliyi pozmaqla onu tam icra etməmişdir. Qeyd olunanlara əsasən məhkəmə iddiaçılar İddiaçı1 və İddiaçı2 iddia tələbinin qismən təmin olunması qənaətinə gəldi. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213-214, 216-220, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 2.440 (iki min dörd yüz qırx) manat məbləğində borc pul, 200 (iki yüz) manat məbləğində yol xərci, hüquqi yardıma görə 150 (yüz əlli) manat məbləğində pul və ödövlət rüsumuna görə ödənilmiş 49 manat, ümumilikdə 2839 (iki min səkkiz yüz otuz doqquz) manat pul tutularaq iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağcabədi rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Sulduz Ləzimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar