Məhkəmə qərarları › İş №2(017)-1117/2023

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-1117/2023

26.07.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-1117/2023 26.07.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçının nümayəndəsi Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh “məktəbdə təlim-tərbiyə sahəsində xidmət göstərilməsi” barədə 26 avqust 2013-cü il tarixli 054/2013 saylı müqaviləyə əsasən yaranan 11241 manat məbləğində vəsaitin və ödənilmiş 123,72 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi Vəkil iddianı müdafiə edərək izahatında göstərdi ki, İddiaçı ilə X4 (Azərbaycan Respublikası Ağcabədi rayon Qeydiyyat Şöbəsinin xx.xx.2019cu il tarixli, 144 saylı “Adın, ata adının və soyadın dəyişdirilməsi haqqında” şəhadətnaməyə əsasən yeni adı Cavabdeh) arasında övladına “məktəbdə təlim-tərbiyə sahəsində xidmət göstərilməsi” barədə 26 avqust 2013-cü il tarixli 054/2013 saylı müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən İddiaçı tərəfindən cavabdehin qızı X3 təlimtərbiyə və təhsil sahəsində xidmət göstərməyi, cavabdeh isə bu xidmətin haqqını ödəməyi öhdəsinə götürmüşdür. Lakin Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirməmişdir. Belə ki, 26 avqust 2013-cü il tarixli 054/2013 saylı müqaviləyə xitam verilməsi barədə razılaşmaya əsasən Cavabdeh 14941 manat məbləində vəsaiti xx.xx.2022-ci il tarixədək hər ay 2000 manat olmaqla iddiaçıya ödəməyi ühdəsinə götürsə də, cəmi 3700 manat ödəniş etmiş və qalıq 11241 manat vəsaiti ödəməkdən yayınmışdır. Ona görə də Cavabdeh “məktəbdə təlim-tərbiyə sahəsində xidmət göstərilməsi” barədə 26 avqust 2013-cü il tarixli 054/2013 saylı müqaviləyə əsasən yaranan 11241 manat məbləğində vəsaitin və ödənilmiş 123,72 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş “məktəbdə təlim-tərbiyə sahəsində xidmət göstərilməsi” barədə 26 avqust 2013-cü il tarixli 054/2013 müqavilədən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında X2 təhsil alması üçün müqavilə bağlanılmışdır. İşdə olan və məhkəmə iclasında elan edilmiş ödəniş qəbzlərindən görünür ki, cavabdeh 2018-2019-cu illərdə İddiaçı MMC-nin hesabına 9000 manat, 2019-2020-ci illərdə 1000 manat ödəmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş 26 avqust 2013-cü il tarixli 054/2013 saylı müqaviləyə xitam verilməsi barədə 15 iyul 2021-ci il tarixli razılaşmadan görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış “məktəbdə təlim-tərbiyə sahəsində xidmət göstərilməsi” barədə 26 avqust 2013-cü il tarixli 054/2013 müqaviləyə xitam verilmiş və Cavabdeh 14941 manat məbləində qalıq vəsaiti xx.xx.2022-ci il tarixədək hər ay 2000 manat olmaqla iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan və məhkəmə iclasında elan edilmiş 07 mart 2023-cü il tarixli pretenziya məktublarından görünür ki, İddiaçı MMC Cavabdeh qalıq qalan 11241 manat borcun ödəməsi, əks təqdirdə iddia ərizəsi ilə məhkəməyə müraciət edəcəyi barədə xəbərdarlıq etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, mülki iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 529.1-ci maddəsinə əsasən borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir. Məhkəmədə tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh İddiaçı MMC ilə təhsil xidmətinin göstərilməsi üçün müqavilə bağlamış, iddiaçı öz öhdəliyini tam şəkildə yerinə yetirməsinə baxmayaraq cavabdeh hissə-hissə ödəməli olduğu qalıq qalan 14941 manat təhsil haqqından 11241 manat ödəməmişdir. Təhsil haqqının ödənilməsi müddətinin uzadılmasına baxmayaraq cavabdeh öhdəliyi tam icra etməmişdir. Öhdəliyin tam və ya qismən icra edilməsini sübuta yetirmək vəzifəsi borclunun üzərinə düşür. Buna baxmayaraq cavabdeh öhdəliyini icra etməsini təsdiq edən heç bir sübut təqdim etməmişdir. Buna görə də məhkəmə hesab edir ki, təhsil haqqının qalığı qismində 11241 manat pul cavabdehdən tutulub iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna uyğun olaraq iddiaçı tərəfindən ödənilmiş 123,72 manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 217.4-cü maddəsinə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 26 avqust 2013-cü il tarixli, 054/2013 saylı müqavilə üzrə qalıq qalan 11241 manat təhsil haqqı və ödənilmiş 123,72 manat dövlət rüsumu, cəmi 11364 (on bir min üç yüz altmış dörd) manat 72 (yetmiş iki) qəpik tutularaq İddiaçınə ödənilsin. Qətnamədən bir ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Hakim: Rəşad Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar