Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-1128/2023 08.08.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, iddiaçının nümayəndəsi X1 və Cavabdeh iştirakı ilə İddiaçı "xxxx" BOKT açıq səhmdar cəmiyyətinin Cavabdeh qarşı “kredit borcu üzrə əldən çıxmış fayda” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" BOKT açıq səhmdar cəmiyyəti Cavabdeh qarşı “kredit borcu üzrə əldən çıxmış fayda” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vurulmuş zərərin əvəzi olaraq 4699 ABŞ dolları məbləğində pulun və ödənilmiş 99,90 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq "xxxx" BOKT ASC-yə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 iddianı müdafiə etdi və izahatında göstərdi ki, Cavabdeh ilə "xxxx" ASC arasında xx.xx.2014-cü il tarixli 812 nömrəli kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə uyğun olaraq Cavabdeh illik 21 faizlə 18 ay müddətinə bankdan 29500 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliyin təminatı kimi bankla Cavabdeh arasında ipoteka müqaviləsi bağlanmışdır. Cavabdeh mülkiyyətində olan Ağcabədi şəhəri, H.Hacıyev küçəsində istifadədə olan 0,0068 ha torpaq sahəsində olan bir mərtəbəli qeyri-yaşayış sahəsi ipoteka ilə yüklü edilmişdir. Kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh hər təqvim ayının müvafiq günündə həm kredit üzrə əsas borcu, həm də kreditə görə hesablanmış faiz borcunu ödəməyəi öhdəsinə götürmüşdür. Lakin Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, davamlı olaraq əsas və faiz borclarını ödəməkdən bilərəkdən yayınaraq banka maddi ziyan vurmuşdur. Kredit müqaviləsinə əsasən borclu müqavilə üzrə öhdəliklərini lacımınca yerinə yetirmədikdə borcu və ona hesablanmış faizlərin tam şəkildə tələb edilməsi hüququ yaranır. Bununla əlaqədar olaraq Ağcabədi Rayon Məhkəməsinə müraciət olunmuş, məhkəmənin xx.xx.2017-ci il tarixli 2(017)-31/2017 nömrəli qətnaməsi ilə borcludan ümumilikdə xx.xx.2014-cü il tarixli 812 nömrəli kredit müqaviləsi üzrə 19568,15 ABŞ dolları əsas, 1089,49 ABŞ dolları faiz, 50 ABŞ dolları dəbbə pulu olmaqla cəmi 20707,64 ABŞ dolları məbləğində borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi qət edilmişdir. Cavabdeh tərəfindən öhdəliklər 2016-cı ilin iyun ayında başa çatdırılmalı olduğu halda öhdəliyini icra etməmişdir. Məhkəmə qətnaməsi çıxdıqdan sonra da qətnamə icra edilməmişdir. Qətnamə cavabdeh tərəfindən 2023-cü ilin fevral ayında ödənilmişdir. Bununla da banka ödənilməli olan məbləği vaxtında ödəməməklə maddi zərər vurmuşdur. Cavabdeh tərəfindən 2016-cı ilin ortalarında tam icra edilib başa çatdırılmalı olan öhdəliklər uzun müddət gecikdirilmiş və bununla da banka maddi zərər vurulmuşdur. Göründüyü kimi Ağcabədi Rayon Məhkəməsi "xxxx" açıq səhmdar cəmiyyətinin iddia üzrə tələb etdiyi əsas, faiz və dəbbə pulunu qismən təmin etsə də borclu tərəfindən xx.xx.2023-cü il tarixdə icra edilmişdir. Cavabdehin kredit müqaviləsi üzrə cəmi 20707,64 ABŞ dolları borcu mövcud olmuşdur. İddia ərizəsinə əlavə edilmiş maliyyə arayışında isə xx.xx.2018-ci il tarixindən başlamaqla borclunun BOKT-a olan borcları göstərilməklə həmin borclara görə Mərkəzi Bankın illər üzrə faiz dərəcəsinə görə əlavə faizlər hesablanmalıdır. Cavabdehin məhkəmə qətnaməsini icra etməməsi nəticəsində iddiaçıya maddi zərər dəymişdir. 2014-cü il tarixdən cavabdehin özündə saxladığı vəsaitlər üzrə hesablanmış faizləri və əsas borcdan ödəməli olduğu vəsaitləri ödəmədiyi üçün iddiaçı həmin vəsaitləri təkrar dövriyyəyə qaytara bilməmiş və gəlir əldə etmək imkanından məhrum olmuşdur. Eyni zamanda həmin kreditə görə ödəniləcək faizləri də hesabladıqda bu məbləğ iki qat artır. Lakin cavabdehin hərəkətsizliyi nəticəsində iddiaçı bu gəlirlərindən məhrum olmuşdur. Cavabdeh ilə "xxxx" BOKT ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli 812 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi üçün məhkəmə qətnaməsi ilə ondan tutulmalı olan borc icra edilməmişdir. Cavabdehin qətnamə üzrə BOKT-na olan əsas borcu qətnamə icra edilənə kimi 20707,64 ABŞ dolları təşkil etmişdir. Göstərilən pul vəsaitini qanunsuz olaraq özündə saxlamaqla, özgənin pul vəsaitindən istifadə etməklə, əsassız varlanmaqla yanaşı, həmçinin kreditoru zərərə uğratmışdır. İddiaçı həmin vəsaitin təkrar kreditləşdirilməyə yönəldiləcəyi halda əldə edəcəyi gəlirlər əldən çıxmış, bununla da iddiaçıya zərər vurulmuşdur. Ona görə də xx.xx.2018-ci il tarixdən başlayaraq Azərbaycan Respublikası Mərkəzi Bankının uçot dərəcəsinə uyğun zərərin əvəzi olaraq 20707,64 ABŞ dolları vəsaitə hesablanmış 4699 ABŞ dolları məbləğində pulun və ödənilmiş 99,90 manat dövlət rüsumunun cavabdehdən tutularaq "xxxx" BOKT ASC-yə ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etmədi və izahatında göstərdi ki, onunla "xxxx" ASC arasında xx.xx.2014-cü il tarixli 812 nömrəli kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə uyğun olaraq ona illik 21 faizlə 18 ay müddətinə bankdan 29500 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliyin təminatı kimi bankla arasında ipoteka müqaviləsi bağlanmış, onun mülkiyyətində olan Ağcabədi şəhəri, H.Hacıyev küçəsində istifadədə 0,0068 ha torpaq sahəsində olan bir mərtəbəli qeyri-yaşayış sahəsi ipoteka ilə yüklü edilmişdir. Ödəmələrdə gecikmələr olduğuna görə bank məhkəməyə müraciət etmiş, Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(017)-31/2017 nömrəli qətnaməsi ilə xx.xx.2014-cü il tarixli 812 nömrəli kredit müqaviləsi üzrə 19568,15 ABŞ dolları əsas, 1089,49 ABŞ dolları faiz, 50 ABŞ dolları dəbbə pulu olmaqla cəmi 20707,64 ABŞ dolları məbləğində borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi qət edilmişdir. Tələbin onun mülkiyyətində olan Ağcabədi şəhəri, H.Hacıyev küçəsində istifadədə 0,0068 ha torpaq sahəsində olan bir mərtəbəli qeyriyaşayış sahəsinə yönəldilməsinə və əldə olunan vəsaitdən borcun ödənilməsinə onun tərəfindən hər hansı bir müdaxilə ollunmamışdır. Borc bağlanmış, hazırda onun iddiaçıya borcu yoxdur. Əlavə olaraq ona əldən çıxmış faydaya görə borc hesablanması düzgün deyildir. Ona görə də iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(017)-31/2017 nömrəli qətnaməsinin surətindən görünür ki, iddiaçı "xxxx" BOKT ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı borcun tutulması, bu borcun əvəzinin ipoteka predmetinə yönəldilməsi, əmlakların açıq hərracdan satılması və evin boşaldılmış vəziyyətdə təhvil verilməsi tələbinə dair iddiası qismən təmin olunmuş, Cavabdeh xx.xx.2014-cü il tarixli, 812 nömrəli kredit müqaviləsi üzrə 19568,15 ABŞ dolları məbləğində əsas, 1089,49 ABŞ dolları məbləğində hesablanmış faiz və 50 ABŞ dolları məbləğində dəbbə pulu, cəmi 20707,64 ABŞ dolları, ödəniş gününə Azərbaycan Respublikası manatının məzənnəsi ilə, həmçinin hüquqi yardıma görə 100 manat və 30 manat dövlət rüsumunun əvəzi alınaraq "xxxx" BOKT ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilməsi, tutmanın ipoteka predmeti olan Ağcabədi şəhəri, H.Hacıyev küçəsində istifadədə 0,0068 ha torpaq sahəsində olan bir mərtəbəli qeyriyaşayış sahəsinə yönəldilməsi, həmin ipoteka müqaviləsi ilə yüklü edilmiş əmlaklar açıq hərrac yolu ilə satılması və satışdan əldə olunan puldan borcun "xxxx" BOKT ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilməsi; satışdan əldə olunan vəsaitin qətnamənin icrasından artıq qalan hissəsinin ipoteka qoyan - Cavabdeh verilməsi qət edilmişdir. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən: “Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Yenə də həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1 və 448.2-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Tərəflər arasında bağlanılmış kredit müqaviləsinin şərtlərindən də göründüyü kimi, faiz borcunun tutulması birmənalı olaraq borclunun təqsirli hərəkətləri müqabilində tətbiq edilən sanksiyadır. Məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən suala cavab tapılması üçün hazırki mübahisənin hallarına Mülki Məcəlləsinin 449.1-ci maddəsinin tələbləri baxımından qiymət verilməlidir. Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən isə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 09 iyul 2009-cu il tarixli Qərarında göstərilmişdir ki, həmin normanın mənasına görə, borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanır: -qanunsuz saxlama; -qaytarmaqdan boyun qaçırma; -ödənilməsini digər şəkildə gecikdirmə; -başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama, Qeyd olunmalıdır ki, faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olunduğunu nəzərə alaraq, Mülki Məcəllənin bu terminlə ayrılmaz əlaqədə olan “istifadə hüququna” həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququəmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, Mülki Məcəllənin “öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti” nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada “faydalanma” və “qanunsuz istifadə” sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. Konstitusiya Məhkəməsinin qeyd olunan Qərarına əsasən öhdəliyin lazımınca icrasının, ilk növbədə, onun şərtlərinə və qanunvericiliyin tələblərinə riayət olunmasından asılı olduğunu nəzərə alaraq, “Məhkəmə qərarlarının icrası haqqında” Azərbaycan Respublikası Qanunu ilə məhkəmə qərarının icrası ilə bağlı üzərinə düşən vəzifələrin icrasından qərəzli olaraq boyun qaçırmamaqla, onları könüllü yerinə yetirərək girov əmlakı təhvil vermiş şəxs borc və faizlərin girov əmlaka yönəldiyi andan kredit müqaviləsi üzrə öhdəliyini icra etmiş hesab olunur və buna görə, tərəflər arasındakı müqavilə münasibətlərinə xitam verildiyi üçün, o, Mülki Məcəllənin 449.1-ci maddəsi üzrə mülki məsuliyyətə cəlb edilə bilməz. Qanunvericiliyin tələbinə əsasən cavabdeh ipoteka predmetini qanunsuz deyil, ondan asılı olmayan səbəbdən özündə saxladığından, qətnamənin icrası ilə bağlı icra bölməsi əməkdaşlarının ona qarşı hər hansı bir tələbi olmadığından o, iddiaçının pul vəsaitindən faydalanmamışdır. Bununla da cavabdehin hərəkətləri Mülki Məcəllənin 449-cu maddənin təsir dairəsinə düşmür. Odur ki, hazırki, mübahisələndirilən tələb üzrə əldən çıxmış faydanın, faizlərin hesablanması düzgün deyildir. Beləliklə, məhkəmə iclasında iddiaçının nümayəndəsinin və cavabdehin izahatı, toplanmış və tədqiq edilmiş sübutların məcmusu və digər iş materialları ilə təsdiq olundu ki, cavabdehin iddiaçıya olan borcunun ödənilməsi üçün mövcud olan qətnamə ilə tutma ipoteka predmeti olan və cavabdehin mülkiyyətində olan Ağcabədi şəhəri, H.Hacıyev küçəsində istifadədə 0,0068 ha torpaq sahəsində olan bir mərtəbəli qeyri-yaşayış sahəsinə yönəldilmiş, həmin ipoteka müqaviləsi ilə yüklü edilmiş əmlaklar açıq hərrac yolu ilə satılmasına və satışdan əldə olunan puldan xx.xx.2014-cü il tarixli, 812 nömrəli kredit müqaviləsi üzrə borcun ödənilməsində, başqa sözlə qətnamənin icra olunmasında Cavabdeh heç bir təqsirli hərəkəti olmamışdır. Məhkəmə hesab edir ki, iddiaçı "xxxx" BOKT ASC-nin Cavabdeh qarşı hazırkı tələb üzrə iddiası qanunsuz və əsasız olduğuna görə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçı "xxxx" BOKT ASC-nin Cavabdeh qarşı “vurulmuş zərərin əvəzi olaraq 4699 ABŞ dolları məbləğində pul” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Quliyev
Məhkəmə qərarları › İş №2(017)-1128/2023
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-1128/2023
08.08.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver