Məhkəmə qərarları › İş №2(017)-146/2025

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-146/2025

28.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-146/2025 28.02.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3, Cavabdeh və onun nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçı Cavabdeh qarşı “pul, qızıl və ya onun dəyəri, əldən çıxmış faydaya görə pul” tələbinə dair mülki işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5890 manat pulun, 54,62 qaram qızılın və ya onun hazırkı bazar dəyəri olan 6554 manatın, əldən çıxmış faydaya görə 3000 manatın, həmçinin dövlət rüsumuna görə ödənilmiş 137 manat məbləğində pulun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Bakı şəhəri Nərimanov rayonu Atatürk prospekti 2A ünvanda yerləşən mağazada qızıl-zinət əşyalarının satışı ilə məşğul olur. Cavabdeh uzun müddətdir tanıyır. Zabilin anası əvvəllər ondan qızıl-zinət əşyaları götürüb satmışdır. Dəqiq tarixlər yadında deyil, təxminən 2021-ci ilin noyabr ayının əvvəllərində Cavabdeh, bacısı Sevinc, qaynanası Nəzakət Babayeva, arvadı Fidan və baldızı Havva ilə birlikdə univermağa gəliblər, həmin zaman Cavabdeh bildirmişdir ki, ona qızıl-zinət əşyaları lazımdır, nisyə götürəcək və pulunu isə 2-3 ay ərzində qaytaracaqdır. 2021-ci ilin noyabr ayının əvvəllərindən 2022-ci ilin yanvar ayının əvvəllərinədək olan müddət ərzində bir neçə dəfə Cavabdeh univermağa gələrək ondan 1 ədəd 45 manat dəyərində qızıl qabı, 1 ədəd 800 manat dəyərində 585 əyarlı, 8,17 qram çəkidə pandora qızıl qolbaq, 1 ədəd 65 manat dəyərində 585 əyarlı, 1,5 qram çəkidə ipli pandora qızıl qolbaq, 1660 manat dəyərində 585 əyarlı, 17,45 qram çəkidə 1 komplekt klonlu pandora qızıl dəsti, 1 ədəd 450 manat dəyərində 585 əyarlı, 4,7 qram çəkidə qızıl boynbağı, 1 ədəd 880 manat dəyərində 585 əyarlı, 9,2 qram çəkidə paxlava qaşlı qızıl üzük, ümumi dəyəri 560 manat olan 1 ədəd 585 əyarlı, 3,28 qram çəkidə pandora qızıl sırğa və 2,52 qram çəkidə qızıl üzük dəsti, 1 ədəd 545 manat dəyərində 585 əyarlı, 5,7 qram çəkidə pandora qızıl bilərzik, 1 ədəd 270 manat dəyərində 585 əyarlı, 2,71 qram çəkidə alyans qızıl üzük, ümumi dəyəri 1370 manat olan 1 ədəd 585 əyarlı, 9,65 qram çəkidə qızıl dəsti və 1 ədəd 585 əyarlı, 4,69 qram çəkidə qızıl boyunbağı, 1 ədəd 260 manat dəyərində 585 əyarlı, 2,6 qram çəkidə alyans qızıl üzük, ümumi dəyəri 2765 manat olan 1 ədəd 585 əyarlı, 5,92 qram çəkidə cartier qızıl boyunbağı, 1 ədəd 585 əyarlı, 8,6 qram çəkidə cartier qızıl sırğa, 1 ədəd 585 əyarlı, 3,63 qram çəkidə cartier qızıl bilərzik, 1 ədəd 585 əyarlı, 2,2 qram çəkidə cartier qızıl üzük, 1 ədəd 585 əyarlı, 6,06 qram çəkidə pandora-ay qızıl sırğa, 1 ədəd 585 əyarlı, 2,65 qram çəkidə ürək formalı qızıl üzük, 1 ədəd 965 manat dəyərində 585 əyarlı, 10,12 qram çəkidə kişi üçün qızıl bilərzik, 1 ədəd 545 manat dəyərində 585 əyarlı, 5,7 qram çəkidə pandora qızıl bilərzik, 1 ədəd 270 manat dəyərində 585 əyarlı, 2,71 qram çəkidə alyans qızıl üzük, ümumi dəyəri 560 manat 0lan 585 əyarlı, 3,28 qram çəkidə 1 cüt pandora qızıl sırğa və 1 ədəd 585 əyarlı, 2,52 qram çəkidə pandora qızıl üzük, 1 ədəd 2024 manat dəyərində 585 əyarlı, 21,27 qram çəkidə lazer işləməli taxma qızıl bilərzik, 1 ədəd 1182 manat dəyərində 585 əyarlı, 12,43 qram çəkidə taxma qızıl bilərzik, 1 ədəd 1780 manat dəyərində 585 əyarlı, 18,7 qram çəkidə yastıqfason qızıl boyunbağı, 1 ədəd 652 manat dəyərində 585 əyarlı, 6,86 qram çəkidə yastıqfason qızıl qolbaq, 1 ədəd 820 manat dəyərində 585 əyarlı, 8,63 qram çəkidə pandora qızıl boyunbağı, 1 ədəd 335 manat dəyərində 585 əyarlı, 3,51 qram çəkidə pandora qızıl bilərzik, 1610 manat dəyərində 585 əyarlı, 16,92 qram çəkidə klonlu pandora qızıl dəsti, 1 ədəd 435 manat dəyərində 585 əyarlı, 4,55 qram çəkidə pandora qızıl sepli sırğa, 1 ədəd 2720 manat dəyərində 585 əyarlı, 28,37 qram çəkidə tiffani qızıl boyunbağı, 1 ədəd 720 manat dəyərində 585 əyarlı, 7,36 qram çəkidə tiffani qızıl qolbaq, 1 ədəd 300 manat dəyərində 585 əyarlı, 2,8 qram çəkidə tiffani qızıl üzük, 1 ədəd 620 manat dəyərində 585 əyarlı, 6,46 qram çəkidə rəngli pandora bilərzik, 1 ədəd 215 manat dəyərində 585 əyarlı, 2,2 qram çəkidə üzərinə allah sözü yazılan qızıl üzük və 7,1 qram olmaqla 750 əyarlı brilyant perşik üzük 1500 manat olmaqla, ümumilikdə 25423 manat dəyərində qızıl-zinət əşyaları götürmüşdür. Zabil bir neçə ay ona hissə-hissə olmaqla, 470, 800, 400, 450, 665, 200, 70, 850, 950, 920 manat olmaqla, ümumilikdə 5775 manat pul ödəmişdir. Lakin geri qalan 19648 manat pulunu geri qaytarmamışdır. Ondan dəfələrlə pulunun tələb etsə də müxtəlif bəhanələr gətirərək pulu qaytarmaqdan imtina etmişdir. Ona məlum olmuşdur ki, Zabil ondan götürdüyü ümumilikdə 265,62 qram çəkidə qızıl-zinət əşyalarından və 1 ədəd qızıl qabından bir hissəsini aparıb Binəqədi rayonu ərazisində yerləşən “Milli Lombard” adlanan lombarda girov qoyub 10650 manat pul götürmüş, faizlərini də ödəməmişdir. xx.xx.2022-ci il tarixdə rəfiqəsi Zərnişan Orucovadan 14000 manat bora pul alıb həmin lombarda getmiş, faizlərlə birlikdə lombarda 13770 manat pul ödəyib 211 qram çəkidə qızıl-zinət əşyalarını götürüb, girov biletlərinin surətlərini almışdır. Onun etibarından sui-istifadə edərək Zabil onun yuxarıda qeyd olunmuş qızıl-zinət əşyalarının bir hissəni lombarda girov qoyub pul götürmüş, 54,62 qram çəkidə qızıllarını isə hara etdiyini bilmir. “Turanbank”dan kredit alıb Zərnişandan borca aldığı pulu qaytarmışdır. Zabil ondan qızıl-zinət əşyalarını götürdükdən sonra onun qaynanası Nəzakət, bacıları Sevinc, Vəfa, Əfsanə, baldızı Havva, həyat yoldaşı Fidan ona zamin durmuşlar ki, Zabil pulu ödəməsə onlar qızılların pulunu ödəyəcəklər. Zabil və adlarını qeyd etdiyi qohumları pulun qaytarmadığı üçün şikayət etmişdir. Daha sonra Zabil və yaxın qohumları tərəfindən hissə-hissə olmaqla ona 1380, 500, 2000, 2000, 500, 500, 500, 500 manat olmaqla, ümumilikdə ona 7880 manat pul qaytarmışlar. Qalan pulları və ya qızıllarını isə hazırkı vaxta kimi qaytarmamışdır. Onun şikayəti əsasında bu fakt üzrə CM-nin 178.2.4-cü maddəsi ilə istintaq aparılmış, ittiham aktı tərtib edilərək Bakı şəhər, Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli hökmü ilə Cavabdeh əməlində cinayət tərkibi olmadığı üçün bəraət verilmişdir. Ona görə də Cavabdeh 5890 manat pulun, ona qaytarılmamış 54,62 qaram qızılın və ya onun hazırkı bazar dəyəri olan 6554 manatın, əldən çıxmış faydaya görə 3000 manatın, həmçinin dövlət rüsumuna görə ödənilmiş 137 manat məbləğində pulun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə göndərərək işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi Nümayəndə iddianı qismən qəbul etdi və izahatında göstərdi ki, Cavabdeh və onun ailəsi İddiaçı yaxından tanımışlar. Bir neçə müddətdir ki, Cavabdeh və həyat yoldaşı talassemiya xəstəliyindən əziyyət çəkirlər. Buna görə də Cavabdeh özünün və həyat yoldaşının müalicəsi üçün pul lazım olmuşdur. Bu məqsədlə Cavabdeh İddiaçı müraciət etmiş, sonuncu ona pul əvəzinə qızıl verə biləcəyini bildirmişdir. Aralarında olan şifahi razılaşmaya əsasən Cavabdeh İddiaçı müxtəlif vaxtlarda hissə-hissə, bir qramı 95 manata olmaqla, cəmi 250,00 qram qızıl-zinət əşyaları götürmüşdür. Həmin qızılların bir hissəsini satıb Yeganəyə ödəmişdir. Sonuncuya məlumat verərək Zabil həmin qızılların bir hissəsini, yəni 222,53 qramını aparıb Binəqədi rayonu ərazisində yerləşən “Milli Lombard” adlanan lombarda bir qramını 40 manata girov qoyub 10650 manat pul götürmüş, faizlərini ödəyə bilmədiyinə görə Zabilin razılığına əsasən İddiaçı lombarda 13770 manat ödəniş etmiş və qızılları Yeganə lombarddan götürmüşdür. Qızıl-zinət əşyalarından 27,47 qram isə onun Zabil tərəfindən satılmışdır. Hazırda qızıl mövcud deyil. Yeganənin Zabilə görə lombarda ödədiyi 13770 manat və yerdə qalan qızılzinət əşyalarının dəyəri 2609,65 manat (27,47 qr.*95 manat) olmaqla, cəmi 16379,65 manat təşkil edir. Lakin Zabil tərəfindən Yeganəyə aralarında mübahisə olmayan dövrdə 5775 manat, polisə şikayət olunduqdan sonra və məhkəmədə, qəbz imzalamaqla 7380 manat, onun adına olan kart hesabına 2000 manat olmaqla, cəmi 15155,00 manat məbləğində ödənişlər edilmişdir. X1 borcu 1224,65 manat təşkil edir. Ona görə də iddianın qismən təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh da iddianı qismən qəbul etdi və iddianın qismən təmin edilməsini xahiş etdi. Məhkəmə cavabdehi və onun nümayəndəsini dinləyib, iş materiallarını araşdırıb, məhkəmə iclasında tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli qərarının surətindən görünür ki, Cavabdeh CM-nin 178.2.4-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə əməlində cinayət tərkibi olmadığından bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 yanvar 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli məhkəmə iclas protokolunun surətindən görünür ki, İddiaçı verdiyi ifadəsində göstərmişdir ki, Zabilə bir qramı 90-95 manat olmaqla, cəmi 250 qram qızıl əşyaları vermiş, pulu verilməyən qızıl-zinət əşyalarına görə 5775 manat pul ödənilib, lombarda ödədiyi 13770 manat puldan isə 7880 manat ödəniş edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş xx.xx.2021-ci il tarixli ƏİX seriyalı 356688 nömrəli, xx.xx.2021-ci il tarixli ƏİX seriyalı 356706 nömrəli, xx.xx.2021-ci il tarixli ƏİX seriyalı 356723 nömrəli, xx.xx.2021-ci il tarixli ƏİX seriyalı 356740 nömrəli və xx.xx.2022-ci il tarixli ƏİX seriyalı 356762 nömrəli girov biletlərinin surətlərindən görünür ki, Cavabdeh həmin girov biletlərinə əsasən 26,90 qram, 47,30 qram, 20,00 qram, 36,2 qram və 92,30 qram olmaqla, cəmi 222,70 qram çəkidə qızıl əşyaları girov qoymuşdur. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş qızılların təhvil alınmasına dair qəbzlərin surətlərindən görünür ki, İddiaçı girov qoyulmuş 92,3 qram, 26,82 qram, 47,2 qram, 36,31 qram və 19,90 qram olmaqla, cəmi 22,53 qram çəkidə qızıl əşyalarını qəbul etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş qəbzin surətindən görünür ki, Nərimanov rayon Polis idarəsinin istintaq şöbəsində Cavabdeh vurulmuş ziyandan İddiaçı 1380 manat ödəniş etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş xx.xx.2022-ci il tarixli qəbzin surətindən görünür ki, Nərimanov rayon Polis idarəsinin istintaq şöbəsində Cavabdeh vurulmuş ziyandan İddiaçı 500 manat ödəniş etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş 6.10.2022-ci il tarixli qəbzin surətindən görünür ki, Nərimanov rayon Polis idarəsinin istintaq şöbəsində Cavabdeh vurulmuş ziyandan İddiaçı 2000 manat ödəniş etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş xx.xx.2022-ci il tarixli qəbzin surətindən görünür ki, Cavabdeh vurulmuş ziyandan İddiaçı 2000 manat ödəniş etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuşxx.xx.2022-ci il tarixli qəbzin surətindən görünür ki, Cavabdeh vurulmuş ziyandan İddiaçı 500 manat ödəniş etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuşxx.xx.2023-cü il tarixli qəbzin surətindən görünür ki, Cavabdeh vurulmuş ziyandan İddiaçı 500 manat ödəniş etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş xx.xx.2023-cü il tarixli qəbzin surətindən görünür ki, Nərimanov rayon Polis idarəsinin istintaq şöbəsində Cavabdeh vurulmuş ziyandan İddiaçı 500 manat ödəniş etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş million elektron ödəmə sistemi terminalı vasitəsilə ödənilmiş pul qəbzlərindən görünür ki, İddiaçı adına 90 manat, 500 manat, 410 manat, 300 manat və 700 manat məbləğində ödənişlər edilmişdir. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinə görə qanuna və ya digər normativ-hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1 və 1091.2-ci maddələrinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qeyd edilən maddi hüquq normalarının müqayisəli təhlilini işin faktiki halları üzrə tətbiq edərək məhkəmə qeyd edir ki, varlanmaq hüququ əsassız əmlak dəyişikliklərini kompensasiya etmək məqsədinə xidmət edir. Məhrum olan kreditorun əmlak itkisinin əvəzini ödəməklə bağlı zərərin ödənilməsi hüququndan fərqli olaraq, varlanma hüququnun məqsədi yalnız varlanmış borclunun hüquqi əsas olmadan artmış əmlakını yenidən əvvəlki vəziyyətə qaytarmaqdır. Əsassız varlanma ilə bağlı tələbin təmin edilməsindən ötrü borclunun əmlak əldə etməsi, həmin əmlakı kreditorun əmlakı hesabına əldə etməsi və bu əldə etmə üçün heç bir hüquqi əsas olmamalıdır. Bu üç hal olduqda tələb təmin edilə və əsassız varlanmış borcludan əmlakın dəyəri alınaraq kreditora verilməlidir. Hazırkı işdən də göründüyü kimi cavabdehin özünün və yoldaşının müalicəsi, konkret olaraq Cavabdeh hər qramı 95 manat olmaqla 250,00 qram çəkidə iddiaçıdan qızıl-zinət əşyaları alması, daha sonra həmin qızıl-zinət əşyalarının bir hissəsini natura şəklində və pul formasında qaytarsa da, Cavabdeh 1224,65 manat məbləğində yaranmış pulu qaytarmaqdan imtina etməsi və əsassız varlanması faktı təsdiq olunur. Hazırda həmin pulun cavabdeh tərəfindən əldə edilməsi, cavabdehin iddiaçının hesabına pul əldə etməsi və bunun nəticəsində də əsassız varlanmaqla iddiaçının əlverişsiz vəziyyətə düşməsinə səbəb olmuşdur. Belə olan halda da, həmin pul məbləğinin alınaraq iddiaçıya verilməsi barədə tələb əsaslı və yolverilən hesab edilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh özünün və həyat yoldaşının müalicəsi üçün pul lazım olmuş, bu məqsədlə Cavabdeh İddiaçı müraciət etmiş, sonuncu ona pul əvəzinə qızıl verə biləcəyini bildirmişdir. Aralarında olan şifahi razılaşmaya əsasən Cavabdeh İddiaçı müxtəlif vaxtlarda hissə-hissə, bir qramı 95 manata olmaqla, cəmi 250,00 qram qızıl-zinət əşyaları götürmüş, həmin qızılların bir hissəsini satıb Yeganəyə ödəmişdir. Sonuncuya məlumat verərək Zabil həmin qızılların bir hissəsini, yəni 222,53 qramını isə aparıb Binəqədi rayonu ərazisində yerləşən “Milli Lombard” adlanan lombarda bir qramını 40 manata girov qoyub 10650 manat pul götürmüş, faizlərini ödəyə bilmədiyinə görə Zabilin razılığı əsasında İddiaçı lombarda 13770 manat ödəniş etmiş və qızılları lombarddan götürmüşdür. Qızıl-zinət əşyalarından 27,47 qram isə Zabil tərəfindən satılmışdır. Yeganənin Zabilə görə lombarda ödədiyi 13770 manat və yerdə qalan qızılzinət əşyalarının dəyəri 2609,65 manat (27,47 qr.*95 manat) olmaqla, cəmi 16379,65 manat təşkil etmişdir. Lakin Cavabdeh tərəfindən İddiaçı aralarında mübahisə olmayan dövrdə 5775 manat, polisə şikayət olunduqdan sonra və məhkəmədə, qəbz imzalamaqla 7380 manat, onun adına olan kart hesabına 2000 manat olmaqla, cəmi 15155,00 manat məbləğində ödənişlər edilmişdir. Bu hal cavabdeh tərəfindən təqdim olunmuş sənədlərlə tam sübuta yetirlimişdir. X1 borcu 1224,65 manat təşkil edir (16379,65 manat- 15155,00 manat=1224,65 manat). Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 100-cü maddəsinin 3-cü bəndinə görə məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). İş materiallarından göründüyü kimi, məhkəmə xərcləri iddiaçı tərəfindən ödənilmiş 137 manat məbləğində dövlət rüsumundan ibarətdir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyi üçün, ödənilmiş dövlət rüsumundan 32,34 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməli, ödənilmiş dövlət rüsumu qalan hissəsi isə iddiaçıya aid edilməlidir. Sadalanan qanunvericilik aktı normalarını hazırkı mülki mübahisəyə tətbiq edən məhkəmə hesab edir ki, iddia tələbinin qanuni əsası kimi göstərilən həmin maddi normalara əsasən İddiaçı Cavabdeh qarşı “pul, qızıl və ya onun dəyəri, əldən çıxmış faydaya görə pul” tələbinə dair iddiası qismən təmin edilərək Cavabdeh əsassız varlanma nəticəsində əldə etdiyi 1224,65 manat və dövlət rüsumuna görə ödənilmiş 32,24 manat məbləğində pul alınaraq İddiaçı verilməlidir. İddia tələbi qalan hissədə qanunsuz və əsasız olduğuna görə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh əsassız varlanma nəticəsində əldə etdiyi 1224,65 manat, dövlət rüsumuna görə ödənilmiş 32,24 manat məbləğində pul alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar