Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-1480/2024 24.09.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı 10000 ABŞ dolları məbləğində pul və ödəmiş olduğu 141 manat dövlət rüsumu tələbinə dair məhkəmədə iddia qaldırmışdır. Məhkəmə baxışı zamanı İddiaçı iddiasını müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh xeyli vavtdır ki, tanıyır. Dəqiq vaxt yadında qalmasa da, 2021-ci ilin sonlarında Cavabdeh pula ehtiyacı olduğunu bildirərək ondan 10000 ABŞ dolları məbləğində borc pul istəmiş və girov kimi ona qızıl verəcəyini və borcu ödədikdən sonra qızlları geri alacağını demişdir. Cavabdehlə yaxşı münasibətləri olduğundan və cavabdehin imkanlı şəxs olduğundan ona inanaraq həmin 10000 ABŞ dollar məbləğində pulu cavabdehə vermişdir. Lakin, cavabdeh ona qızıl əşyaları verməmiş və səhəri gün verəcəyini bildirmişdir. Səhəri gün və bundan sonra cavabdehdən qızıl əşyalarını istəyərkən cavabdeh müxtəlif bəhanələrlə qızıl əşyalarını ona verməkdən yayınmışdır. Cavabdehə borc verməsi ilə bağlı aralarında hər hansı bir müqavilə bağlamamışlar. Borcun qaytarılması üçün dəfələrlə cavabdehə müraciət etsə də, cavabdeh ondan aldığı pulu qaytarmamışdır. Cavabdeh ona olan borcundan 2023-cü ilin yanvar ayında yalnız 100 ABŞ dolları qaytarmış və qalan borcunu ödəməkdən yayınmışdır. İddia ərizəsində cavabdehin ona 10000 ABŞ dolları borcu olması texniki səhv kimi qeyd olunmuşdur. Əslində isə cavabdehin ona 9900 ABŞ dolları borcu qalmışdır. Cavabdehdən pulunu tələb edərkən cavabdehin səs yazılarını yazmış və məhkəməyə təqdim etdiyi “CD” diskdə olan həmin səs yazıları ilə cavabdeh ona borcunun olmasını təsdiq edir. Səs yazılarında cavabdehə borc verərkən ABŞ dollarının məzənnəsinin 0,78 manat olması və hazırda 1,70 manat olması ilə bağlı sözlər deməsini xatırlamır. Göstərdiyi kimi, 10000 ABŞ dollar məbləğində pulu cavabdehə 2021-ci ilin sonlarında vermişdir. Cavabdehə 8-10 il bundan qabaq pul verməmiş və həmçinin də cavabdehə həmin pulu faizlə verməmişdir. Ona görə də, göstərdiklərini nəzərə alaraq iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, İddiaçı ona qarşı iddiası əsassızdır. Belə ki, İddiaçı 15 ilə yaxındır ki, tanıyır və onun həmkəndlisidir. İddiaçının faizlə pul verdiyindən məlumatı olmuşdur. Belə ki, iddiaçı dəfələrlə onun işlədiyi mağazaya gələrək kimin pulu ehtiyacı olarsa, həmin şəxslərə faizlə pul verə biləcəyini demişdir. Təxminən 10 il bundan əvvəl iddiaçı onun vasitəsi ilə və onun tanıdığı şəxslərə 2000, 3000, 5000 və digər məbləğlərdə faizlə pul vermişdir. Həmin şəxslər də, pulun faizini və əsas pulu onun vasitəsi ilə iddiaçıya qaytarmışlar. Lakin, bir nəfər şəxs onun vasitəsi ilə iddiaçıdan aldığı 3000 ABŞ dollar məbləğində pulu iddiaçıya qaytarmamış və həmin şəxs də pulu yaxın vaxtlarda iddiaçıya qaytaracaqdır. O, şəxsən iddiaçıdan 2021-ci ilin sonlarında 10000 ABŞ dollar məbləğində borc pul almamışdır. 13 noyabr 2020-ci il tarixdən 27 oktyabr 2021-ci il tarixə kimi həbsdə olmuşdur. Həbsdən azad olunduqdan sonra iddiaçının ona 10000 ABŞ dollar məbləğində borc pul verməsi də mümkün deyildir. Bundan başqa, iddiaçı güya ona borc pul verərkən o, da iddiaçıya girov kimi qızıl əşyaları verəcəyini bildirir. Onun qızıl əşyaları olduğu halda banklardan kredit götürmək imkanı vardır və belə olan halda iddiaçıdan nə üçün pul istəməli idi. İddiaçının təqdim etdiyi “CD” diskdə olan səs yazılarında iddiaçıya 10000 ABŞ dollar məbləğində borcunun olmasını deməmişdir və “pulunun olmaması və pulu olanda iddiaçıya pulu qaytaracaqdır” sözləri iddiaçının onun vasitəsi ilə başqa şəxslərə 8-10 il bundan qabaq faizlə verdiyi həmin pullara aiddir. Göstərdiyi kimi 2021-ci ilin sonlarında iddiaçıdan pul almamış və onun iddiaçıya heç bir məbləğdə borcu yoxdur. Ona görə də, göstərdiklərini nəzərə alaraq iddianın rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İşdə olan və məhkəmə iclasında elan edilmiş Xocavənd Rayon Məhkəməsinin 27 oktyabr 2021-ci il tarixli hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Cavabdeh 13 noyabr 2020-ci il tarixdən 27 oktyabr 2021-ci il tarixədək həbsdə saxlanıldığı 11 ay 14 günün bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla 01 il 10 ay 28 gün təyin edilmiş cəzadan çıxılmış və Cavabdeh üzərində qəti olaraq 01 il 01 ay 02 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələblərinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı 2021-ci ilin sonlarında Cavabdeh 10000 ABŞ dollar məbləğində borc pul verməsini göstərsə də, bu barədə hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 407.2-ci maddəsinin şərh edilməsinə dair” 12 avqust 2020-ci il tarixli Qərarına əsasən mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi, bir qayda olaraq, müqavilələrlə bağlıdır. Müqavilənin bağlanmış sayılması üçün tərəf qarşılıqlı olaraq müəyyən hüquqi nəticəni əmələ gətirmək arzusunda olmalı və buna uyğun mühüm şərtləri özündə əks etdirən iradələrini bəyan etməlidirlər. Yəni müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış iradə ifadəsi olmalıdır (Mülki Məcəllənin 324-cü maddəsi). Mülki Məcəllənin 389.1-ci maddəsinə müvafiq olaraq, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı iki və ya bir neçə şəxs arasında razılaşdırılmış müqavilə əsasında həyata keçirilir. Mülki Məcəllədə nəzərdə tutulan müqavilə növlərindən biri də borc müqaviləsidir. Kredit müqaviləsi qanunvericilikdə borc müqaviləsinin bir növü kimi müəyyən edilmişdir. Belə ki, Məcəllənin borc müqaviləsinin anlayışına aydınlıq gətirən 739.1-ci maddəsinə əsasən, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəllənin 740-cı maddəsinə əsasən, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Müqavilənin bağlanması anının dəqiq müəyyənləşdirilməsi müqavilə iştirakçılarının mülki hüquq münasibətlərinin tənzimlənməsində böyük əhəmiyyətə malikdir. Məhz müqavilənin bağlandığı andan tərəflərin konkret hüquq və vəzifələri yaranmış olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Göründüyü kimi qanunvericilikdə borc müqaviləsi predmetinin məbləği üç min manatdan çox olduqda borc müqaviləsinin yazılı formada bağlanması tələb olunduğu halda, İddiaçı Cavabdeh 10000 ABŞ dollar məbləğində borc pul verməsi barədə yazılı formada bağlanmış müqavilə məhkəməyə təqdim etməmişdir. Bundan başqa, İddiaçı öz tələbinin faktiki əsası kimi Cavabdeh ilə aralarında yaranmış hüquq münasibətlərinin 2021ci ilin sonlarında bağlanmış borc münasibətlərindən yarandığını bildirsə də, cavabdeh həmin halı inkar etməklə iddiaçı 8-10 il bundan qabaq onun vasitəsi ilə və onun tanıdığı şəxslərə 2000, 3000, 5000 və digər məbləğlərdə faizlə pul verdiyini göstərmişdir. Buradan da göründüyü kimi iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi, yəni 2021-ci ilin sonlarında borc münasibətlərinin yaranması və cavabdehə 2021-ci ilin sonlarında 10000 ABŞ dollar məbləğində pul verməsini təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Bundan başqa, iddiaçı tərəfindən təqdim olunan “CD” disklə müəyyən olunmuşdur ki, İddiaçı Cavabdeh verdiyi 10000 ABŞ dollar məbləğində pulu tələb edir. Lakin, həmin səs yazılarında İddiaçı cavabdehdən pulunu tələb edərkən, cavabdehə borc verərkən ABŞ dollarının məzənnəsinin 0,78 manat olmasını və hazırda 1,70 manat olmasını bildirir və bu səs yazısı ilə təsdiq olunur ki, iddiaçı 2016-cı ildən əvvəl cavabdehə verdiyi pulu ondan tələb edir. Belə ki, ABŞ dollarının məzənnəsi 2016-cı ildən əvvəl 0,78 manat olmuşdur. Məhkəmə baxışı zamanı da iddiaçı həmin səs yazısı ilə bağlı, yəni “cavabdehə borc verərkən ABŞ dollarının məzənnəsinin 0,78 manat olması və hazırda 1,70 manat olması” ilə bağlı sözlər deməsini xatırlamadığını bildirmişdir. Həmçinin Cavabdeh həmin səs yazılarında iddiaçıya 10000 ABŞ dollar məbləğində borcunun olmasını da etiraf etməmiş və yalnız pulunun olmamasını və pulu olanda iddiaçıya pulu qaytaracağını demişdir. Məhkəmə baxışı zamanı da cavabdeh həmin sözlərin iddiaçının onun vasitəsi ilə başqa şəxslərə 8-10 il bundan qabaq faizlə verdiyi həmin pullara aid olmasını göstərmişdir. N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2021-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur. Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır. Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. İddiaçı tərəfindən təqdim edilmiş “CD” diskdə olan səs yazısında İddiaçı 2021-ci ilin sonlarında Cavabdeh 10000 ABŞ dolları məbləğində borc pul verməsi təsdiq olunmadığından məhkəmə həmin səs yazılarını sübut növü kimi qəbul etmir və həmçinin iddiaçı 2016-cı ildən əvvəl cavabdehlə aralarında yaranmış borc münasibətlərini mübahisələndirməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları, yəni cavabdehə 2021-ci ilin sonlarında 10000 ABŞ dolları məbləğində borc pul verməsini sübut edə bilməmişdir. Bundan başqa, Cavabdeh məhkəməyə ünvanladığı etirazında iddiaçının məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş prosessual müddətin ötürülməsini göstərmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, İddiaçı Cavabdeh 2021-ci ilin sonlarında 10000 ABŞ dolları məbləğində borc pul verməsi öz təsdiqini tapmadığından və iddiaçı 2016-cı ildən əvvəl cavabdehlə aralarında borc münasibətlərinin yaranmasını mübahisələndirmədiyindən iddia müddətinin tətbiq edilməsinə zərurət yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Ankerin» işində qeyd etmişdir ki, məhkəmələr üçün heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi olmamalı və onlar işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, qərarların qanunliyi və əsaslılığını təmin etməlidir. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırması hüququna malikdir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı 10000 ABŞ dolları məbləğində pul tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. İşdə olan 20 iyun 2024-cü il tarixli qəbzindən görünür ki, İddiaçı tərəfindən 141 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin olunmadığı halda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 141 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia təmin edilməsin. İddiaçı Cavabdeh qarşı 10000 (on min) ABŞ dolları məbləğində pul tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 141 (bir yüz qırx bir) manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən bir ay müddətində Ağvabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Nuriyev
Məhkəmə qərarları › İş №2(017)-1480/2024
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-1480/2024
24.09.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver