Məhkəmə qərarları › İş №2(017)-1493/2025

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-1493/2025

24.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-1493/2025 24.07.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh onun xeyrinə 1600 manat məbləğində pulun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddiasını müdafiə edərək verdiyi izahatında göstərdi ki, Cavabdeh tanıyır, oğlu Hikmətlə yaxın dostdur. 2023-cü ildə Cavabdeh ondan borca pul istəmiş, borc kimi ona 1600 manat pul vermişdir. Cavabdeh borcu 3 ay müddətinə qaytaracağına söz vermişdir. Həmin vaxtdan xeyli müddət keçməsinə baxmayaraq cavabdeh ona verməli olduğu 1600 manat pulu qaytarmamışdır. Dəfələrlə cavabdehdən pulunu tələb edərək istəsə də, sonuncu tərəfindən həmin pul ona qaytarılmamışdır. Borcun ödənilməsi üçün cavabdehə dəfələrlə xəbərdarlıq etsə də, etdiyi xəbərdarlıqların heç bir nəticəsi olmamışdır. Ona görə də hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin olunmalıdır. xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək izahatında göstərmişdir ki, Şöhlətin oğlu Hikmətlə Qaz idarəsində bir yerdə işləyir. Eyni zamanda Şöhlətin sələmə pul verdiyini bilmişdir. Pula ehtiyacı olduğu üçün İddiaçı 800 manat sələmə pul almış, xx.xx.2023-cü il tarixdən 2024-cü ilin yanvar ayına kimi hər ay 80 manat pul ödəyib, lakin həmin pulları Şöhlət faizə çıxmışdır. Şöhlətin sözünə görə hər ay ödədiyi 80 manat pulu bəzən oğlu Hikmətin kartına atmış, pulu karta atan kimi Şöhlətə telefon vasitəsilə zəng edib məlumat vermiş, bəzən də onun dediyi təzə xəstəxana ilə üzbəüz yerləşən “Həkimoğlu” adlı aptekə qoymuş, Şöhlət oradan götürmüşdür. Şöhlətdən pulu sələmə alarkən qəbz yazmış, lakin qəbzə 800 manat deyil, Şöhlətin təkidi ilə 1600 manat kimi göstərmişdir. Pula ehtiyacı olduğu üçün məcbur olub onun dediyi kimi aldığı 800 manat pulu ikiqat göstərmişdir. Ödədiyi pullar faizə çıxıldığından aldığı əsas pula görə Şöhlətə 800 manat borcu qalmışdır. Həmin 800 manat pulu ödəməyə razıdır. Ona görə də iddianın qismən təmin edilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2025-ci il tarixə saat 11:00-a təyin olunmuş məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, Cavabdeh İddiaçı 3 ay müddətinə 1600 manat məbləğində pul almışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinə görə qanuna və ya digər normativ-hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1 maddəsində göstərildiyi kimi, müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası MM-nin 739.1-ci maddəsinə görə borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, aralarında olan razılaşmaya əsasən Cavabdeh İddiaçı 1600 manat məbləğində pul almışdır. Həmin puldan hal-hazıradək iddiaçıya heç bir ödəniş etməmişdir. Borcun ödənilməsi üçün iddiaçı cavabdehə dəfələrlə xəbərdarlıq etsə də, etdiyi xəbərdarlıqların heç bir nəticəsi olmamışdır. Cavabdeh aldığı 800 pula görə qəbz yazdığını, lakin həmin qəbzdə məbləği iddiaçının təkidi ilə ikiqat, yəni 1600 manat yazmasını, xx.xx.2023-cü il tarixdən 2024-cü ilin yanvar ayına kimi hər ay 80 manat pul ödəməsini göstərsə də həmin halları təsdiq edən sübut məhkəməyə təqdim edə bilməmişdir. Sadalanan qanunvericilik aktı normalarını hazırkı mülki mübahisəyə tətbiq edən məhkəmə hesab edir ki, iddia tələbinin qanuni əsası kimi göstərilən həmin maddi normalara əsasən iddia əsaslı olduğu üçün təmin edilməli və Cavabdeh 1600 manat məbləğində pul alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən məhkəmələrdə verilən iddia ərizələrinə görə iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğdə dövlət rüsumunun dərəcəsi müəyyən edilmişdir. Hazırkı iddia tələbi üzrə dövlət rüsumunun məbləği 36 manat təşkil edir. Ona görə də məhkəmə hesab edir ki, qanunvericiliyin tələbinə əsasən cavabdehdən 40 manat dövlət rüsumu tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 1600 manat məbləğində pul, həmçinin dövlət rüsumuna görə ödənilmiş 36 pul alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Etibar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar