Məhkəmə qərarları › İş №2(017)-1606/2023

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-1606/2023

08.12.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-1606/2023 08.12.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi rayon Məhkəməsinin hakimi Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, Paşayev Babək Zahid oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, o, Ağcabədi rayonunun Avşar kəndində yaşayır. Fərdi əmək fəaliyyəti ilə məşğul olur. İş üzrə cavabdeh olan çoxdan tanıdığı Cavabdeh 01 may 2021-ci il tarixdə onun yanına gəlib ona vacib pul lazım olduğunu və ona 4.000 manat məbləğində pul verməyi ondan xahiş etmiş, oda «bir o qədər pulu yoxdur» demişdir. Lakin Nəsib acizanə və təkidlə israr etdiyinə görə, həmçinin şəxsi münasibətlərinin olması xatirinə ona həmin tarixdə 2.800 manat borc pul vermişdir. Cavabdeh aldığı pulu ilin sonuna kimi verəcəyini bildirdi. Bu zaman o, Nəsibdən pulun alınmasına aid qəbz və vəsiqə surətini almışdır. Ondan alınan borc pul cavabdeh tərəfindən bu günə kimi qaytarılmamış, dəfələrlə cavabdehə pulu qaytarması barədə müraciət etmiş, lakin müraciətlərinin heç bir nəticəsi olmamışdır. Ona görə məhkəmədən iddia tələbinin təmin edilməklə Cavabdeh xeyrinə 2.800 manat məbləğində borc pulun və ödənilmiş 51 manat dövlət rüsumunun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib izahatında göstərdi ki, Cavabdeh onun ailəvi gedib-gəliş dostudur. Cavabdeh 01 may 2021-ci il tarixdə onun yanına gəlib, ona vacib 4.000 manat məbləğində pul lazım olduğunu demişdir. Lakin o, o qədər pulunun olmadığını Nəsibə demişdir. Lakin sonradan o, Nəsibə 2.800 manat məbləğində borc pul vermişdir. O, hər ehtimal üçün borc olaraq verdiyi 2.800 manat borc pula dair Cavabdeh yazılı və imzalı qəbz almışdır. O, Nəsibin kartından iki dəfə 80 manat, cəmi 160 manat məbləğində pul çəkmişdir. Lakin sonradan Nəsib kartının qarşısını bağlatdırmışdır. Cavabdeh tərəfindən bu günə kimi qalan borcu qaytarılmamış, dəfələrlə cavabdehə pulu qaytarması barədə müraciət etmiş, ancaq müraciətlərinin heç bir nəticəsi olmamışdır. Ona görə də məhkəmədən iddia tələbinin təmin olunmaqla Cavabdeh 2.800 manat məbləğində pulun və ödədiyi 51 manat dövlət rüsumunun alınıb ona verilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etmədi və izahat verərək göstərdi ki, İddiaçı ehtiyacı olduğu üçün 900 manat faizə pul götürmüş, əvəzində isə veteranlıq kartını Eyvaza vermişdir. Eyvazda həmin kartdan təxminən bir il səkkiz ay pulu kartdan çıxartmışdır. Hazırda onun Eyvaza borcu yoxdur. Borc pulun alınmasına dair olan qəbz onun tərəfindən yazılmayıb. Eyvaz onu yalandan şərləyir. Eyvazdan o, cəmi 900 manat borc pul almış və onuda qaytarmışdır. Qəbzdəki 2.800 manat məbləğində tərəfindən borc alınmasına dair yazılan düzəlişlər, xətt və imza ona məxsus deyildir. İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, Cavabdeh tanışı İddiaçı aldığı 2.800 manat məbləğində pulu qaytarmağa söz verir. İş materiallarına əlavə edilmiş cavabdehin vəsatəti üzrə borc pul almasına dair qəbzin onun tərəfindən icra olunub- olunmamasına dair Ağcabədi rayon Məhkəməsinin 12 sentyabr 2023-cü il tarixli, 2(017)-1606/2023 saylı qərardadı ilə iş üzrə məhkəmə xəttşünaslıq ekspertizası təyin edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 31 oktyabr 2023-cü il tarixli, 4/1639-5/1502 saylı ekspert rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş mülki işin 3-cü vərəqəsində olan Cavabdeh adından olan 01 may 2021-ci il tarixli «Qəbz»də olan yazılar (qəbzdə olan «2.800» qəqəmlərindən başqa) və qəbzin aşağı hissəsində «İmza» yazısının qarşısında olan imza Cavabdeh tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş mülki işin 3-cü vərəqində Cavabdeh adından olan 01 may 2021-ci il tarixli «Qəbz»in 10-cu sətrinin sol hissəsindəki «2800» rəqəmləri – Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra edilmişdir. Tədqiqata təqdim edilmiş Cavabdeh adından yazılmış qəbzin 4-cü sətrində olan «2800» rəqəmlərinin yerində «900» rəqəmləri olub, sonradan «9» rəqəminə əlavə cizgi artırılaraq «8» rəqəminə, sonuncu «0» rəqəmlərinin üzərlərindən eyni rəqəmlər təkrarən icra edilmiş və qarşısına «2» rəqəmi əlavə edilərək indiki rəqəmlərə dəyişdirilmişdirlər. Təqdim edilmiş Cavabdeh adından yazılmış qəbzin 9-cu sətrində olan «2800» rəqəmləri sonradan həmin hissəyə əlavə edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı tərəfindən 2021-ci ildə Cavabdeh 900 manat məbləğində borc pul verilmiş, Cavabdeh öz xətti ilə bu barədə qəbz yazmış və həmin borc puldan cavabdeh tərəfindən iddiaçıya 160 manat qaytarılmışdır. Məhkəmə xəttşünaslıq ekspertizasının rəyinə əsasən borcun alınmasına dair qəbz və qəbzdə göstərilən 2800 rəqəmi Cavabdeh tərəfindən yazılmamış, 900 manat düzəliş edilərək 2800 manat edilmişdir. Azərbaycan Respublikası MM-nin 739.1-ci maddəsində göstərilir ki, müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-cı maddəsində göstərilir ki, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsində göstərilir ki, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsində göstərilir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 103.1-ci maddəsində göstərilir ki, ekspertin rəyi bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Həmin Məcəllənin 217.4-cü maddəsində göstərilir ki, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təsdiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəlləninn 119.1-ci maddəsinə əsasən iddia qaldırılmasına görə iddiaçının ödədiyi 30 manat dövlət rüsumu iddiaçının xeyrinə cavabdehdən tutulmalıdır. Cavabdeh ekspertiza tədqiqatının dəyəri olan 200 manat məbləğində pul tutulmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara hüquqi qiymət verərək belə bir nəticəyə gəlir ki, İddiaçı tərəfindən Cavabdeh 900 manat məbləğində borc pul verilmiş, lakin verilən borc pul sonuncu tərəfindən iddiaçıya tam ödənilməmişdir. Cavabdeh borclu olduğu pulun qaytarılması ilə bağlı üzərinə götürdüyü öhdəliyi pozmaqla onu tam icra etməmiş və 740 manat borcu qalmışdır. Qeyd olunanlara əsasən də məhkəmə İddiaçı iddia tələbinin qismən təmin olunması qənaətinə gəldi. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213-214, 216-220, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 740 (yeddi yüz qırx) manat məbləğində əsas borc pul və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. Cavabdeh aparılmış ekspertiza tədqiqatının dəyəri olan 200 manat məbləğində pul tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə-Ekspertiza Mərkəzinin hesabına keçirilsin. (VÖEN **********, hesab AZ34CTRE********************) İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağcabədi rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Sulduz Ləzimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar