Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-1682/2025 05.08.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək verdiyi izahatında bildirdi ki, 2023-cü ilin dekabr ayında Cavabdeh ilə aralarında olan şifahi razılaşmaya əsasən sonuncunun atasına məxsus 2,5 ha torpaq sahəsini beş il müddətə icarəyə götürmüşdür. İcarə haqqı ili 800 manat olmaqla bir dəfəyə cavabdehə 4000 manat pul ödəmişdir. Aralarında olan razılaşmaya dair cavabdeh öz xətti ilə dəftər vərəqində sadə yazılı formada müqavilə yazmış, hər iki tərəf müqaviləni imzalamışlar. Bundan sonra cavabdehə 4000 manat pul vermiş və cavabdehin göstərdiyi yeri ondan qəbul etmişdir. Həmin yeri 1 il istifadə etmiş, yer başqasına məxsus olduğuna görə həmin yerdən onu çıxarmışlar. İcarə haqqı kimi cavabdehə verdiyi pulu tələb etmiş, həmin puldan cavabdeh ona 1000 manat qaytarmış, qalan pulu qaytaracağına söz vermiş, o, da Qasımla razılaşmışdır. Lakin cavabdeh xeyli müddət keçməsinə baxmayaraq həmin pulu bu günə kimi ona qaytarmamışdır. Bununla bağlı polisə müraciət etmiş Ağcabədi rayon polis şöbəsində araşdırma aparılmışdır. Araşdırma zamanı cavabdeh ondan 4000 manat aldığını etiraf etmişdir. Ona görə də 4000 manat pulun və dövlət rüsumuna görə ödənilmiş 60 manat pulun cavabdehdən alınaraq ona verilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq o məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarına əlavə olunmuş cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərarın surətindən görünür ki, İddiaçı şikayəti əsasında Ağcabədi rayon polis şöbəsində araşdırma aparılmış, araşdırma zamanı Cavabdeh göstərmişdir ki, atasına məxsus 2,5 ha torpaq sahəsini 5 illik İddiaçı icarəyə vermiş və ondan 4000 manat pul almışdır. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinə görə qanuna və ya digər normativ-hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1 və 1091.2-ci maddələrinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qeyd edilən maddi hüquq normalarının müqayisəli təhlilini işin faktiki halları üzrə tətbiq edərək məhkəmə qeyd edir ki, varlanmaq hüququ əsassız əmlak dəyişikliklərini kompensasiya etmək məqsədinə xidmət edir. Məhrum olan kreditorun əmlak itkisinin əvəzini ödəməklə bağlı zərərin ödənilməsi hüququndan fərqli olaraq, varlanma hüququnun məqsədi yalnız varlanmış borclunun hüquqi əsas olmadan artmış əmlakını yenidən əvvəlki vəziyyətə qaytarmaqdır. Əsassız varlanma ilə bağlı tələbin təmin edilməsindən ötrü borclunun əmlak əldə etməsi, həmin əmlakı kreditorun əmlakı hesabına əldə etməsi və bu əldə etmə üçün heç bir hüquqi əsas olmamalıdır. Bu üç hal olduqda tələb təmin edilə və əsassız varlanmış borcludan əmlakın dəyəri alınaraq kreditora verilməlidir. Hazırkı işdən də göründüyü kimi iddiaçının torpaq sahəsini icarəyə götürməsi, konkret olaraq Cavabdeh İddiaçı ilə aralarında olan şifahi razılaşmaya əsasən atasına məxsus 2,5 ha torpaq sahəsini beş il müddətə sonuncuya icarəyə verməsi, icarə haqqı olaraq bir dəfəyə iddiaçıdan 4000 manat pul alması, iddiaçının həmin torpaqdan 1 il istifadə etməsi və başqasına məxsus olduğuna görə torpaq sahəsindən çıxarılması, icarə haqqı olaraq aldığı puldan 1000 manat iddiaçıya qaytarması, qalan pulu iddiaçıya qaytaracağına söz verməsi və bu günədək qaytarmaması və əsassız varlanması faktı təsdiq olunur. Hazırda həmin pulun cavabdeh tərəfindən əldə edilməsi, cavabdehin iddiaçının hesabına pul əldə etməsi və bunun nəticəsində də əsassız varlanmaqla iddiaçının əlverişsiz vəziyyətə düşməsinə səbəb olmuşdur. Belə olan halda da, həmin pul məbləğinin cavabdehdən alınaraq iddiaçıya verilməsi barədə tələb əsaslı və yolverilən hesab edilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən edildi ki, tərəflər arasında olan şifahi razılaşmaya əsasən cavabdeh özünə aid olmayan (atasına məxsus) 2,5 ha torpaq sahəsini beş il müddətə iddiaçıya icarəyə verməsi, icarə haqqı olaraq hər il üçün 800 manat olmaqla, bir dəfəyə iddiaçıdan 4000 manat pul alması, iddiaçının həmin torpaqdan 1 il istifadə etməsi və başqasına məxsus olduğuna görə torpaq sahəsindən çıxarılması, icarə haqqı olaraq aldığı puldan 1000 manat iddiaçıya qaytarması, qalan pulu iddiaçıya qaytaracağına söz verməsi və bu günədək qaytarmaması kimi hallar iddiaçı tərəfindən təqdim olunmuş sənədlərlə tam sübuta yetirlimişdir. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 100-cü maddəsinin 3-cü bəndinə görə məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). İş materiallarından göründüyü kimi, məhkəmə xərcləri iddiaçı tərəfindən ödənilmiş 60 manat məbləğində dövlət rüsumundan ibarətdir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyi üçün, ödənilmiş dövlət rüsumundan 42 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməli, ödənilmiş dövlət rüsumu qalan hissəsi isə iddiaçıya aid edilməlidir. Sadalanan qanunvericilik aktı normalarını hazırkı mülki mübahisəyə tətbiq edən məhkəmə hesab edir ki, iddia tələbinin qanuni əsası kimi göstərilən həmin maddi normalara əsasən İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası qismən təmin edilərək Cavabdeh əsassız varlanma nəticəsində əldə etdiyi 2200 manat və dövlət rüsumuna görə ödənilmiş 42 manat məbləğində pul alınaraq İddiaçı verilməlidir. İddia tələbi qalan hissədə qanunsuz və əsasız olduğuna görə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh əsassız varlanma nəticəsində əldə etdiyi 2200 manat, dövlət rüsumuna görə ödənilmiş 42 manat məbləğində pul alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Etibar Quliyev
Məhkəmə qərarları › İş №2(017)-1682/2025
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-1682/2025
05.08.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver