Məhkəmə qərarları › İş №2(017)-1717/2024

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-1717/2024

09.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-1717/2024 09.12.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, İddiaçı və onun vəkili Vəkil, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 12300 manat borc, həmçinin dövlət rüsumuna görə ödənilmiş 127 manat məbləğində pulun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbini dəqiqləşdirərək izahatında göstərdi ki, Cavabdeh1 və Cavabdeh2 bir neçə ildir tanıyır. 2017-ci ilin aprel ayında oğlu X3 şəhərində hər iki gözündə cərrahi əməliyyat aparılmışdır. Onu əlil kimi pensiyaya çıxartmaq istəmişdir. Ağcabədi rayon Mərkəzi Xəstəxanasında həkim-terapevt işləyən Cavabdeh2 ilə görüşən zaman sonuncu oğlunu əliliyə görə pensiyaya çıxardacağına söz vermişdir. xx.xx.2019-cu il tarixdə Könül onlara gəlmiş, 2000 manat müqabilində bu işi həll edəcəyini demişdir. Qardaşı oğlu Çingizdən 1500 manat alıb Könül həkimə vermişdir. Könül onlara Sənanla gəlmişdir. Aradan bir neçə gün keçdikdən sonra Könül Sənanla gəlib 500 manat pulu da almışdır. Aradan 2 il keçməsinə baxmayaraq Könül işi həll edə bilməmişdir. Ona görə də 2000 manat pulun qaytarılmasını Könüldən tələb etmişdir. xx.xx.2022-ci il tarixdə Sənanla Könül gəlib ona bildirdilər ki, pulu düzəldib verə bilmirlər. Əvəzində “VAZ 2121” markalı ** HJ *** dövlət nömrə nişanlı avtomaşını verə bilərlər. Ancaq ilkin olaraq maşına görə əlavə 3500 manat verməlidir. 6000 manat isə hissə-hissə ödənsə avtomobili onun adına sənədləşdirəcək. Bu şərtlə razılaşmışdır. Sənan dedi ki, avtomobilin sahibi X1 onun qardaşının qaynıdır. Avtomobili etibarnamə ilə ona vermişdir. Sənan avtomobili sürüb onun qapısına qoymuşdur. Həmin vaxt Könülə 3000 manat vermiş, sonra Sənan və Könül Çingizin avtomobili ilə çıxıb getmişlər. Səhəri gün kənddə olan milion aparatı vasitəsilə Sənanın kartına 500 manat pul köçürmüşdür. Aralarında olan razılaşmaya görə hər ayın axırında Sənana əlbəəl 600 manat vermişdir. Pulu verib qurtardıqdan sonra Sənan dedi ki, az pul verib, əlavə pul verilməlidir. Ümumilikdə avtomobilə görə Sənana 10500 manat pul vermişdir. Pulu ödəyib qurtardıqdan sonra avtomobili onun adına keçirməyi Sənana demiş, sonuncu isə avtomobilin üzərində həbs olduğunu, mümkünsə hələlik sürməməyi təklif etmişdir. Sənan onu aldatdığına görə xx.xx.2024-cü il tarixdə Ağcabədi rayon polis şöbəsinə şikayət etmişdir. Onun şikayəti üzrə cavabdehlər çağırılıb dindirilmiş və izahatları alınmışdır. Mülki məsələ olduğu üçün aidiyyəti məhkəməyə müraciət etməsi ona tövsiyə olunmuşdur. Hazırda iddia tələbinin Cavabdeh2 aid hissəsindən imtina edir, həmin hissədə iddia tələbinə xitam verilməsini, digər Cavabdeh1 10500 manat pulun, həmçinin dövlət rüsumuna görə ödənilmiş 127 manat məbləğində pulun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 10500 manat pul tələbinə dair iddianı qəbul etdi və izahatında göstərdi ki, etibarnamə əsasında onun istifadəsində olan VAZ 2121 markalı ** HJ *** dövlət nömrə nişanlı avtomobili 31 mart 2022-ci il tarixdə İddiaçı satmış, hissə-hissə olmaqla ümumilikdə ondan 10500 manat pul almışdır. Avtomobili İddiaçı təhvil vermişdir. Lakin avtomobilin sahibi onun adına verdiyi etibarnaməni ləğv etdirmişdir. Bu səbəbdən avtomobili İddiaçı adına sənədləşdirə bilməmiş, eyni zamanda ondan aldığı 10500 manat pulu da qaytarmamışdır. Avtomobilə görə verilən pulları İddiaçı ona ödəmişdir. Ona görə də iddiaçının ona qarşı olan 10500 manat pul tələbinə dair iddiasını tam qəbul edir. Aralarında yaranmış həmin 10500 manat məbləğində pulu yaxın vaxtlarda qaytarmağına söz verir. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etmədi və izahatında göstərdi ki, İddiaçı tanıyır. Ağcabədi rayon Mərkəzi Xəstənasında həkim işləyir. Aqili və onun oğlunu bir müddət müalicə etmiş, həmin vaxtdan da tanışlıqları yaranmışdır. İddiaçı onun oğlunun əliliyə görə pensiyaya çıxarılması və avtomobilin alqı-satqısı üçün pul almamışdır. Əgər ona pul verməsinə dair hər hansı bir sübutu varsa məhkəməyə təqdim etsin. Qaldı ki, avtomobillə bağlı Aqillə Sənan arasında razılaşma olmuş, həmin vaxt həmin danışıqlarda o, da iştirak etmişdir. 31 mart 2022-ci il tarixdə Aqil Sənana 5000 manat vermiş, lakin 5500 manata dair qəbz yazılmışdır. Səhəri gün isə Aqil 500 manat pulu Sənanın kartına atmışdır. Orada yazılan qəbz Sənan xahişi ilə onun tərəfindən yazılmışdır. Bir müddət sonra Sənan ona demişdir ki, avtomobilin pulunu Aqildən tam almışdır. Lakin adına olan etibarnamə ləğv olunduğuna görə avtomobili Aqilin adına rəsmiləşdirə bilməmişdir. Hazırda İddiaçı iddiasının ona qarşı olan hissəsindən imtina edir. İddia tələbinin ona qarşı olan hissəsinə xitam verilməsinə etiraz etmir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb, məhkəmə iclasında tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işin Cavabdeh2 aid olan hissəsində xitam verilməli, iddia qalan hissədə təmin edilərək Cavabdeh1 əsassız varlanma nəticəsində əldə etdiyi 10500 manat və dövlət rüsumuna görə ödənilmiş 127 manat məbləğində pul alınaraq İddiaçı verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş İddiaçı xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işin Cavabdeh2 aid olan hissəsində iddiadan imtina etdiyini və həmin hissədə xitam verilməsini, iddianın qalan hissədə təmin edilərək Cavabdeh1 10500 manat pulun alınaraq ona verilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş Cavabdeh1 xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, İddiaçı ona qarşı olan 10500 manat pul tələbinə dair iddiasını tam qəbul edir və yaxın vaxtlarda 10500 manat məbləğində pulu iddiaçıya qaytaracağına söz verir. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinə görə qanuna və ya digər normativ-hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1 və 1091.2-ci maddələrinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.1 və 52.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.4-cü maddəsinə əsasən hakim iş üzrə icraata iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa xitam verir. Qeyd edilən maddi hüquq normalarının müqayisəli təhlilini işin faktiki halları üzrə tətbiq edərək məhkəmə qeyd edir ki, varlanmaq hüququ əsassız əmlak dəyişikliklərini kompensasiya etmək məqsədinə xidmət edir. Məhrum olan kreditorun əmlak itkisinin əvəzini ödəməklə bağlı zərərin ödənilməsi hüququndan fərqli olaraq, varlanma hüququnun məqsədi yalnız varlanmış borclunun hüquqi əsas olmadan artmış əmlakını yenidən əvvəlki vəziyyətə qaytarmaqdır. Əsassız varlanma ilə bağlı tələbin təmin edilməsindən ötrü borclunun əmlak əldə etməsi, həmin əmlakı kreditorun əmlakı hesabına əldə etməsi və bu əldə etmə üçün heç bir hüquqi əsas olmamalıdır. Bu üç hal olduqda tələb təmin edilə və əsassız varlanmış borcludan əmlakın dəyəri alınaraq kreditora verilməlidir. Hazırkı işdən də göründüyü kimi cavabdehin özünə məxsus olmayan və başqasının sahibliyində olan avtomobilin alqı-satqısı üçün, konkret olaraq Cavabdeh1 10500 manat məbləğində pulu iddiaçıdan alması, pulu qaytarmaqdan imtina etməsi və əsassız varlanması faktı təsdiq olunur. Hazırda həmin pulun cavabdeh tərəfindən əldə edilməsi, cavabdehin iddiaçının hesabına pulu əldə etməsini və bunun nəticəsində də əsassız varlanmaqla iddiaçının əlverişsiz vəziyyətə düşməsinə səbəb olmuşdur. Belə olan halda da, həmin pul məbləğinin alınaraq iddiaçıya verilməsi barədə tələb əsaslı və yolverilən hesab edilməlidir. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 100-cü maddəsinin 3-cü bəndinə görə məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh1 özünə məxsus olmayan, başqa şəxsin sahibliyində olan avtomobili alqı-satqı etmək məqsədi ilə İddiaçı 10500 manat məbləğində pul almış, lakin alqı-satqı baş tutmamışdır. Hazırda Cavabdeh1 aldığı 10500 manat məbləğində pulu İddiaçı qaytarmamışdır. Əsassız varlanma nəticəsində əldə etdiyi pulun qaytarılması üçün iddiaçı cavabdehə dəfələrlə xəbərdarlıq etsə də, etdiyi xəbərdarlıqların heç bir nəticəsi olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). İş materiallarından göründüyü kimi, məhkəmə xərcləri iddiaçı tərəfindən ödənilmiş 127 manat məbləğində dövlət rüsumundan ibarətdir. Sadalanan qanunvericilik aktı normalarını hazırkı mülki mübahisəyə tətbiq edən məhkəmə hesab edir ki, iddia tələbinin qanuni əsası kimi göstərilən həmin maddi normalara əsasən İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işin Cavabdeh2 aid olan hissəsində xitam verilməli, iddia qalan hissədə təmin edilərək Cavabdeh1 əsassız varlanma nəticəsində əldə etdiyi 10500 manat və dövlət rüsumuna görə ödənilmiş 127 manat məbləğində pul alınaraq İddiaçı verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh1 əsassız varlanma nəticəsində əldə etdiyi 10500 (on min beş yüz) manat, dövlət rüsumuna görə ödənilmiş 127 manat məbləğində pul alınaraq İddiaçı verilsin. İddia tələbinə Cavabdeh2 aid hissədə xitam verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar