Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-1756/2023 30.10.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı 6800 manat əsas borc, 1020 manat faiz borcu və ödəmiş olduğu 88 manat dövlət rüsumu, cəmi 7908 manat pul tələbinə dair məhkəmədə iddia qaldırmışdır. İddiaçı məhkəməyə ünvanladığı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə aralarında 06 may 2020-ci il tarixdə Bakı şəhər, 38 saylı xüsusi Notariat kontorunda borc müqaviləsi bağlamaqla cavabdehə 3 ay müddətində qaytarmaq şərtilə 6800 manat məbləğində borc pul vermiş və həmin müqavilədə cavabdeh 06 avqust 2020ci il tarixədək borcu qaytarmağı öhdəsinə götürmüşdür. Lakin, həmin müddətdən üç ildən artıq vaxt keçməsinə baxmayaraq, cavabdeh tərəfindən borc qaytarılmamış və cavabdeh borcu qaytarmaqdan müxtəlif bəhanələrlə boyun qaçırmışdır. Cavabdehdən dəfələrlə borcunu qaytarmasını tələb etsə də, heç bir nəticəsi olmamışdır. Ona görə də, göstərdiklərini nəzərə alaraq Cavabdeh 6800 manat əsas borc, 1020 manat faiz borcu və ödəmiş olduğu 88 manat dövlət rüsumu, cəmi 7908 manat pulun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etnişdir. İddiaçı nümayəndəsi Vəkil məhkəməyə ərizə ünvanlayaraq işə onun və iddiaçının iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə mülki işə iddiaçının və onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh heç bir üzürlü səbəb olmadan məhkəmənin iclasında iştirak etmir və məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş 06 may 2020-ci il tarixdə Bakı şəhər, 38 saylı xüsusi Notariat kontorunda təsdiq olunmuş kredit müqaviləsindən görünür ki, İddiaçı 06 may 2020-ci il tarixdə Cavabdeh 6800 manat borc pul vermiş və Cavabdeh həmin pulu 06 avqust 2020-ci il tarixədək İddiaçı qaytarmağı öhdəsinə götürmüşdür. Məhkəmə işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2 və 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. İş materiallarından göründüyü kimi İddiaçı 06 may 2020-ci il tarixdə Bakı şəhər, 38 saylı xüsusi Notariat kontorunda təsdiq olunmuş kredit müqaviləsinə əsasən 6800 manat pulu 06 avqust 2020-ci il tarixədək qaytarmaq şərti ilə Cavabdeh borc vermiş, Cavabdeh həmin pulu 06 avqust 2020-ci il tarixədək İddiaçı qaytarmağı öhdəsinə götürsə də, bu öhdəliyi icra etməyərək həmin pulu iddiaçıya qaytarmamışdır. Cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyindən və iddiaçı daha böyük məbləğ tələb edə bilmədiyindən iddiaçı gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaiti, yəni 1020 manat faiz borcunu (6800 manat x 5% x 3 il=1020 manat) tələb edir və bu da yuxarıda qeyd olunan qanunun tələblərinə uyğundur. Belə olan halda İddiaçı 6800 manat əsas borcu və 1020 manat faiz borcunu Cavabdeh tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırması hüququna malikdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilərək Cavabdeh 6800 manat əsas borc, 1020 manat faiz borcu və ödənilmiş 88 manat dövlət rüsumu, cəmi 7908 manat pul alınaraq İddiaçı verilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia təmin edilsin. Cavabdeh 6800 manat əsas borc, 1020 manat faiz borcu və ödənilmiş 88 manat dövlət rüsumu, cəmi 7908 (yeddi min doqquz yüz səkkiz) manat pul alınaraq İddiaçı verilsin. Qətnamədən bir ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Hakim: Rəşad Nuriyev
Məhkəmə qərarları › İş №2(017)-1756/2023
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-1756/2023
30.10.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver