Məhkəmə qərarları › İş №2(017)-1840/2023

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-1840/2023

23.11.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-1840/2023 23.11.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı 2700 manat borcun və ödəmiş olduğu 47 manat dövlət rüsumu, cəmi 2747 manat pul tələbinə dair məhkəmədə iddia qaldırmışdır. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Daşkəsən şəhəri, H.Əliyev küçəsində kiçik sahibkarlıqla məşğul olur. 23 may 2023-cü il tarixdə əvvəllər tanıdığı Cavabdeh onun mağazasına gələrək nisyə qızıl-zinət əşyası və paltar almışdır. Həmin qızılın pulundan bir qismini ödəmiş, qalan borcu isə ödəməkdən yayınmış və cavabdehin ona 2700 manat borcu qalmışdır. Cavabdehdən dəfələrlə borcunu qaytarmasını tələb etsə də, heç bir nəticəsi olmamışdır. Ona görə də, göstərdiklərini nəzərə alaraq Cavabdeh 2700 manat borcun və ödəmiş olduğu 47 manat dövlət rüsumu, cəmi 2747 manat pulun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə hazırlıq iclası zamanı məhkəməyə iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək göstərmişdir ki, Cavabdeh qarşı 2700 manat borcun və ödəmiş olduğu 47 manat dövlət rüsumu, cəmi 2747 manat pul tələbinə dair məhkəmədə iddia qaldırmışdır. Hazırda cavabdehin ona 2600 manat borcu vardır. Ona görə də iddianı həmin məbləğdə təmin edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə hazırlıq iclası zamanı həmçinin məhkəməyə ərizə təqdim edərək işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh heç bir üzürlü səbəb olmadan məhkəmənin iclasında iştirak etmir və məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş 23 may 2023-cü il tarixli alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh 2600 manat dəyərində 585 əyarlı, 20 qr çəkidə qızıl boyunbağını 6 ay müddətinə hər ay 366 manat ödəmək şərti ilə İddiaçı almışdır. Məhkəmə işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul, işgüzar nüfuza vurulmuş zərərin əvəzi və əldən çıxmış faydanın tutulması məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirilməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. İş materiallarından göründüyü kimi Cavabdeh 2600 manat dəyərində 585 əyarlı, 20 qr çəkidə qızıl boyunbağını 6 ay müddətinə hər ay 366 manat ödəmək şərti ilə İddiaçı nisyə olaraq almışdır. Cavabdeh ödəniş etməmiş və hazırda cavabdehin iddiaçıya olan borcu 2600 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırması hüququna malikdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilərək Cavabdeh 2600 manat borc pul alınaraq İddiaçı verilməlidir. İşdə olan 10 avqust 2023-cü il tarixli qəbzdən görünür ki, İddiaçı 47 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, iş üzrə 47 manat dövlət rüsumu iddiaçı tərəfindən ödənildiyindən həmin məbləğ də cavabdehə aid edilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia təmin edilsin. Cavabdeh 2600 manat borc və ödənilmiş 47 manat dövlət rüsumu, cəmi 2647 (iki min altı yüz qırx yeddi) manat pul alınaraq İddiaçı verilsin. Qətnamədən bir ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Hakim: Rəşad Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar