Məhkəmə qərarları › İş №2(017)-1848/2025

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-1848/2025

02.10.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-1848/2025 02.10.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, Paşayev Babək Zahid oğlunun katibliyi, İddiaçı iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, 2023-cü ilin noyabr ayında Cavabdeh ona pul lazım olduğunu bildirdi və 10 gün müddətə qaytaracağına söz verdi. O, cavabdehi tanıdığı üçün 2500 manat pulu borc olaraq vermişdir. Cavabdehin ona 2500 manat borcunun olması iddia ərizəsinə əlavə etdiyi cavabdeh tərəfindən Qarabağ Regional Təhsil idarəsinə ünvanladığı ərizdə öz əksini tapmışdır. Həmin ərizəsində cavabdeh ona olan 2500 manat borcun yay məzuniyyətindən tutulmasını xahiş etmişdir. Cavabdehdən dəfələrlə borcunu istəsə də, cavabdeh borcunu qaytarmaqdan müxtəlif bəhanələr gətirərək boyun qaçırır. Ona görə də məhkəmədən iddia tələbinin tam təmin edilməklə Cavabdeh 2500 manat məbləğində pulu və ödənilmiş 45 manat dövlət rüsumunun tutularaq onun xeyirinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib izahatında göstərdi ki, o, Qarabağ Regional Təhsil İdarəsinin Ağcabədi rayon üzrə TİQ-nin rəhbəri vəzifəsində işləyir. 2023-cü ilin noyabr ayında Cavabdeh ona pul lazım olduğunu bildirdi və 10 gün müddətə qaytaracağına söz verdi. O, cavabdehi tanıdığı üçün 2500 manat pulu borc olaraq vermişdir. Cavabdehin ona 2500 manat borcunun olması iddia ərizəsinə əlavə etdiyi cavabdeh tərəfindən Qarabağ Regional Təhsil idarəsinə ünvanladığı ərizdə öz əksini tapmışdır. Həmin ərizəsində cavabdeh ona olan 2500 manat borcun yay məzuniyyətindən tutulmasını xahiş etmişdir. Lakin məhkəmə qətnaməsi üzrə icra vərəqəsi olmadığı üçün onun ərizəsinə əsasən əməkhaqqından tutmaq mümkün olmamışdır. Cavabdehdən dəfələrlə borcunu istəsə də, cavabdeh borcunu qaytarmaqdan müxtəlif bəhanələr gətirərək boyun qaçırır. Ona görə də məhkəmədən iddia tələbinin tam təmin edilməklə Cavabdeh 2500 manat məbləğində pulu və ödənilmiş 45 manat dövlət rüsumunun tutularaq onun xeyirinə ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmənin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə bu halda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələbinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Cavabdeh Qarabağ Regional Təhsil idarəsinə ünvanladığı ərizədə İddiaçı 2500 manat borcunun olmasını və həmin borcun onun yay məzuniyyətindən tutularaq İddiaçı kart hesabına köçürülməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən 45 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Cavabdeh İddiaçı ehtiyacı olduğu üçün 2500 manat məbləğində borc pul almış və borclu olduğu pulun onun yay məzuniyyətindən tutularaq İddiaçı kart hesabına köçürülməsini xahiş etməsi barədə Qarabağ Regional Təhsil idarəsinə ərizə ünvanlamışdır. Lakin cavabdeh tərəfindən həmin borc iddiaçıya ödənilməmişdir. Bununlada cavabdeh üzərinə götürdüyü öhdəliyi pozmaqla onu icra etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsində göstərilir ki, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsində göstərilir ki, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 442-ci maddəsində göstərilir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 385.1-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsində göstərilir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsində göstərilir ki, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 233.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən iddia qaldırılmasına görə iddiaçının ödədiyi 40 manat dövlət rüsumu iddiaçının xeyrinə cavabdehdən tutulmalıdır. Məhkəmə iş üzrə müəyyən olunmuş sübutlara hüquqi qiymət verərək belə bir nəticəyə gəlir ki, Cavabdeh tərəfindən İddiaçı götürdüyü puldan iddiaçıya heç bir məbləğdə ödəniş edilməmişdir. Cavabdeh borclu olduğu pulun qaytarılması ilə bağlı üzərinə götürdüyü öhdəliyi pozmaqla onu icra etməmişdir. Ona görə iddia təmin olunaraq cavabdehdən 2500 manat məbləğdə pul tutularaq iddiaçıya ödənilməlidir. Qeyd olunanlara əsasən məhkəmə İddiaçı iddia tələbinin təmin olunması qənaətinə gəldi. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213-214, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 2500 (iki min beş yüz) manat məbləğində pul və dövlət rusumuna görə ödənilmiş 45 manat məbləğində pul tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Sulduz Ləzimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar