Məhkəmə qərarları › İş №2(017)-1853/2023

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-1853/2023

16.11.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-1853/2023 16.11.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək verdiyi izahatında göstərdi ki, ailəsi ilə birlikdə Ağcabədi rayonunun Nəcəfqulubəyli kəndində yaşayır. xx.xx.2023-cü il tarixdə səhər saatlarında oğlu Emin heyvanları açıb sahəyə buraxmışdır. Həmin gün axşam saatlarında bir baş ona məxsus qara rəngli, üç yaşında boğaz inəyini tüfənglə vurulması xəbərini eşitmişdir. Bunu eşitdikdən dərhal sonra DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Səhəri gün bibisi oğlu Zahir İbrahim adlı şəxsin pambıq sahəsinin içərisində bir baş inəyin tüfənglə vurulmuş cəsədinin olduğunu bildirmişdir. Bundan sonra Ağcabədi rayon polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Araşdırma nəticəsində məlum olmuşdur ki, ona məxsus bir baş, üç yaşında, qara rəngli, 200 kq diri çəkisi olan düyəni Cavabdeh tüfənglə vurub öldürmüşdür. Ramilin barəsində cinayət işinin başlanması rədd olunmuş və ona məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. İnəyin qiyməti 1000 manat məbləğində dəyərləndirilmişdir. Cavabdeh ona vurulmuş ziyanı bu günədək ödəməmişdir. Ona görə də Cavabdeh vurulmuş maddi zərərə görə 1000 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş cinayət işi başlanmasının rədd edilməsi haqqında 10 iyul 2023cü il tarixli qərarın surətindən görünür ki, cinayət işinin başlanması rədd edilmiş, Cavabdeh barəsində Azərbaycan Respublikası İXM-nin 274-cü maddəsinə əsasən inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Ağcabədi rayon polis şöbəsinin İctimai Təhlükəsizlik bölməsinə göndərilmişdir. Həmin qərarın surətindən görünür ki, araşdırma zamanı Cavabdeh izahatı alınmış, sonuncu izahatında göstərmişdir ki, Ağcabədi rayon Nəcəfqulubəyli kəndi ərazisində 20 ha torpaq sahəsində dostu ilə şərik pambıq əkmişdir. Həmin sahəyə bir neçə baş heyvanın girdiyini görmüş, heyvanları qorxutmaq məqsədilə özünə məxsus ov tüfəngi ilə pambıq sahəsinə bir dəfə atəş açmışdır. Lakin həmin qırmaların inəyə dəydiyindən xəbəri olmamışdır. Həmin gün axşam saatlarında bir baş inəyin həmin atəşdən ölməsi ona məlum olmuşdur. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsi tərəfindən təhqiqata təqdim edilmiş məktubdan görünür ki, Ağcabədi rayon Nəcəfqulubəyli kənd sakini İddiaçı müraciəti əsasında sonuncunun bir baş iribuynuzlu heyvanına baxış keçirilmiş, bir baş qara rəngli düyənin pambıq sahəsində ölmüş cəsədinə baxılmış, düyənin sol tərəf kürək nahiyəsinin arxa tərəfindən silahdan açılmış atəş nəticəsində səkkiz yerdən qabırğasını deşərək daxilə, yəni döş qəfəsinə keçib aldığı güllə yarasından tələf olması müəyyən edilmişdir. Həmin məktub aktı ilə birlikdə toplanmış materiallara əlavə edilmişdir. Ağcabədi rayon Mal-qara bazarının müdiriyyəti tərəfindən tədqiqata təqdim edilmiş məktubdan görünür ki, İddiaçı məxsus bir baş, üç yaşında, qara rəngli, 200 kq diri çəkidə düyənin 2023-cü ilin iyul ayına olan pərakəndə satış qiyməti 1000 manat təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.7-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikası Konstitusiyası ilə qorunur, digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikasının MM-nin 1096-cı maddəsi mülki hüquq pozuntusunu (delikt) hüquqla və qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməl (hərəkət və ya hərəkətsizlik) kimi səciyyələndirir. Bu qanun normalarının mənasından görünür ki, delikt məsuliyyətinin yaranması üçün şəxsin əməlində deliktin (mülki hüquq pozuntusunun) aşağıdakı elementlərdən ibarət tərkibi yaranmalıdır: 1). Zərər vurulmalıdır. 2). Zərər şəxsin hüquqa zidd hərəkətləri nəticəsində vurulmalıdır. 3).Göstərilən zərərlə şəxsin hüquqa zidd hərəkətləri arasında səbəbli əlaqə olmalıdır. 4). Şəxsin zərərin vurulmasında təqsiri olmalıdır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.1.2-ci maddəsində göstərilir ki, əmlakdan istifadə hüququ mülkiyyət hüququ ilə yanaşı əmlak hüququ sayılır. Həmin Məcəllənin 159-cu maddəsinə əsasən sahiblik əşyaya faktiki sahibliyə nail olmaqla əldə edilir. Həmin Məcəllənin 166.1-ci maddəsinə əsasən daşınar əşyanın sahibi haqqında ehtimal edilir ki, o əşyaya mülkiyyətçi hüququ ilə sahiblik edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, xx.xx.2023-cü il tarixdə Cavabdeh Ağcabədi rayon Nəcəfqulubəyli kəndi ərazisində pambıq sahəsinə bir neçə baş heyvanın girdiyini görmüş, heyvanları qorxutmaq məqsədilə özünə məxsus ov tüfəngi ilə pambıq sahəsinə atəş açmışdır. Sonuncu açdığı atəş nəticəsində İddiaçı məxsus bir baş düyəni vurub öldürmüşdür. İddiaçı məxsus bir baş, üç yaşında, qara rəngli, 200 kq diri çəkidə düyənin 2023-cü ilin iyul ayına olan pərakəndə satış qiyməti 1000 manat təşkil etmişdir. Nəticədə İddiaçı 1000 manat məbləğində maddi ziyan vurmuşdur. Maddi qanunvericilik aktlarının bu normalarına istinad edən məhkəmə hesab edir ki, Cavabdeh zərər vurulmasına gətirib çıxaran mülki hüquq pozuntusu törətdiyi üçün ona qarşı zərər tələbinə dair qaldırılan iddia maddi və prosessual normalara uyğun olaraq verilmişdir və məhkəmə tərəfindən baxılaraq mahiyyəti üzrə həll edilməlidir. Belə ki, Cavabdeh ov tüfəngindən açdığı atəşlə bir baş inəyi vurub oldürməsi nəticəsində İddiaçı 1000 manat məbləğində vurduğu ziyan iş materialları ilə sübut edildiyinə görə iddia təmin edilməli, cavabdehdən maddi zərərə görə 1000 manat və dövlət rüsumuna görə ödənilmiş 30 manat məbləğində pul alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 1000 manat məbləğində pul və ödənilmiş 30 manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar