Məhkəmə qərarları › İş №2(017)-1857/2024

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-1857/2024

20.11.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-1857/2024 20.11.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 4332 manat pulun, Ağcabədi rayon İcra və Probasiya Şöbəsinin depozit hesabına ödənilmiş olan borc məbləğinin 7 faiz həcmində 305,60 pulun və 200 manat hüquqi yardım üçün ödənmiş xidmət haqqının alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddiasını müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh "xxxx" ASC-nin Həzi Aslanov filialı ilə bağladığı 02 iyul 2019-cu il tarixli, RPF- 00421-16/19A nömrəli kredit müqaviləsi üzrə 60 ay müddətinə 4305,59 manat kredit götürmüşdür. O, da cavabdehə zamin durmuşdur. Lakin, cavabdeh kredit borcunu ödəməmişdir. Buna görə də Ağcabədi Rayon Məhkəməsinin 06 may 2021-ci il tarixli, 2(017)-782/2021 saylı qətnaməsinə əsasən Cavabdeh ilə birlikdə zamin kimi ondan da 4300 manat əsas kredit borcu, 32,38 manat faiz olmaqla, cəmi 4332,38 manat məbləğində borc və 30 manat dövlət rüsumu tutulması qət edilmişdir. Həmin qətnamə Ağcabədi rayon İcra və Probasiya Şöbəsi tərəfindən icra edilmiş və onun əmək haqqından pul tutulmuşdur. Ondan tutulan pulu cavabdehdən tələb etsə də, cavabdeh həmin pulu ona ödəmişdir. Məhkəmə hazırlıq iclasında cavabdehin ona 2627,98 manat borcu qalmasını müəyyən etmişlər. Ona görə də, Cavabdeh 2627,98 manat pulun və 200 manat hüquqi yardım üçün ödəmiş olduğu xidmət haqqının alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəməyə gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-cı maddəsinə əsaslanaraq cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hazırlıq iclasında Cavabdeh məhkəməyə təqdim etdiyi ərizədə göstərmişdir ki, İddiaçı məhkəmədə ona qarşı 4667,38 manat pul tələbinə dair iddia qaldırmışdır. Hazırda onun iddiaçıya 2627,98 manat borcu qalmışdır. Maddi imkanı zəif olduğundan həmin pulu ödəyə bilmir. Gələcəkdə həmin pulu hissə-hissə ödəyəcəkdir. İddianı qəbul edir və iddianın təmin edilməsinə etirazı yoxdur. İşdə olan Ağcabədi Rayon Məhkəməsinin 06 may 2021-ci il tarixli, 2(017)- 782/2021 saylı qətnaməsinin surətindən görünür ki, iddia təmin edilərək cavabdehlər Cavabdeh və İddiaçı, müqavilə üzrə müstərək qaydada 4300 manat məbləğində əsas, 32,38 manat faiz borcu, ümumilikdə 6332,38 manat məbləğində kredit borcu və 30 manat ödənilmiş dövlət rüsumunun tutulub "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir. İşdə olan qəbzlərdən görünür ki, Cavabdeh öhdəliklərinin icrasını təmin etmək üçün zamin İddiaçı tərəfindən ümumilikdə 4332,38 manat pul "xxxx" ASC-yə ödənilmişdir. Məhkəmə işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Həmin Məcəllənin 475.2-ci maddəsinə əsasən zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. Həmin Məcəllənin 475.3-cü maddəsinə əsasən bu maddədə müəyyənləşdirilmiş qaydalar bu Məcəllədə və ya zaminin borclu ilə müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda və onlar arasında münasibətlərdən ayrı qayda irəli gəlmədikdə tətbiq edilir. İş materiallarından göründüyü kimi Cavabdeh "xxxx" ASC ilə kredit müqaviləsi bağlayaraq "xxxx" ASC-dən kredit götürmüşdür. Həmçinin "xxxx" ASC ilə İddiaçı arasında zaminlik müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən İddiaçı Cavabdeh zamin durmuşdur. Cavabdeh "xxxx" ASC qarşısında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyindən bank tərəfindən Ağcabədi Rayon Məhkəməsinə müraciət olunmuş və Ağcabədi Rayon Məhkəməsinin 06 may 2021-ci il tarixli, 2(017)-782/2021 saylı qətnaməsinə əsasən Cavabdeh, İddiaçı müqavilə üzrə müstərək qaydada 4300 manat məbləğində əsas, 32,38 manat faiz borcu və 30 manat ödənilmiş dövlət rüsumunun tutulub "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir. Həmin qətnaməyə əsasən İddiaçı əmək haqqından pul tutularaq "xxxx" ASC-yə ödənilmişdir. Hazırda Cavabdeh İddiaçı 2627,98 manat borcu qalmışdır. Qeyd olunanlara görə məhkəmə hesab edir ki, İddiaçı 2627,98 manat pulu Cavabdeh tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırması hüququna malikdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilərək Cavabdeh 2627,98 manat pul alınaraq İddiaçı verilməlidir. İş materiallarında olan 21 avqust 2024-cü il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən 200 manat hüquqi yardım üçün xidmət haqqı ödənmişdir. İş materiallarında olan 345580 saylı vəsiqənin surətindən görünür ki, İddiaçı Laçın rayonundan məcburi köçkündür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Şərh olunan maddələrin tələbinə uyğun olaraq məhkəmə həmçinin hesab edir ki, Cavabdeh əlavə olaraq 46 manat 28 qəpik dövlət rüsumu tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülməli və 200 manat xidmət haqqı tutulub iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia təmin edilsin. Cavabdeh 2627,98 manat pul və 200 manat hüquqi yardım üçün ödənmiş xidmət haqqı, cəmi 2827 (iki min səkkiz yüz iyirmi yeddi) manat 98 (doxsan səkkiz) qəpik pul alınaraq İddiaçı verilsin. Cavabdeh əlavə olaraq 46 (qırx altı) manat 28 (iyirmi səkkiz) qəpik dövlət rüsumu tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar