Məhkəmə qərarları › İş №2(017)-1859/2025

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-1859/2025

16.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-1859/2025 16.07.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi ziyan tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı cinayət nəticəsində vurulmuş 5000 manat maddi ziyan və 60 manat ödənilmiş dövlət rüsumu tələbinə dair məhkəmədə iddia qaldırmışdır. Məhkəmə baxışı zamanı İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, 2019-cu ilin sentyabr ayında qızıl əşyaları almaq üçün Cavabdeh işlədiyi Ağcabədi şəhəri H.Hacıyev küçəsində yerləşən “999” adlı qızıl zinət alqı-satqısı mağazasına getmiş və qızıl əşyası almaq istədiyini cavabdehə bildirmişdir. Cavabdeh lombarddan ucuz qiymətə qızıl götürərək ona satacağını bildirib ondan 5000 manat pul istəmişdir. Bundan sonra, o Cavabdeh 5000 manat pul vermişdir. Lakin, sonradan ona məlum olmuşdur ki, Cavabdeh ondan aldığı 5000 manat pulu xərcləmiş və onun etibarından sui-istifadə edərək ona qarşı dələduzluq etmişdir. Bu hadisə ilə bağlı cinayət işi başlanmış və Xocavənd Rayon Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli, 1(069)-03/2021 saylı hökmü ilə Cavabdeh törətmiş olduğu cinayət əməlinə görə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Daha sonra Cavabdeh hökmdən apellyasiya şikayəti versə də, Şirvan Apellyasiya Məhkəməsinin 20 iyun 2022-ci il tarixli, 1(106)-322/2022 saylı qərarı ilə hökm qüvvədə saxlanılmışdır. Həmçinin cavabdeh kassasiya şikayəti vermiş və Ali Məhkəmədə də Şirvan Apellyasiya Məhkəməsinin 20 iyun 2022-ci il tarixli, 1(106)-322/2022 saylı qərarı qüvvədə saxlanılmışdır. Cavabdeh törətdiyi cinayət əməlinə görə məhkum edilsə də, ona dəymiş 5000 manat maddi ziyanı bu günə kimi ödəməmişdir. Ona görə də, göstərdiklərini nəzərə alaraq iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxışı zamanı Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, İddiaçı ona qarşı maddi ziyan tələbinə dair məhkəmədə iddia qaldırmışdır. Lakin, o iddianı qəbul etmir. Belə ki, o əvvəllər qızıl-zinət əşyalarının satışı ilə məşğul olmuşdur. İddiaçı heç vaxt pul almamış, iddiaçıya qızıl əşyaları satmamış və ümumiyyətlə iddiaçını tanımır. Məhluqə adlı xanımla qızıl alveri etmişdir. Həmin xaxtlarda Məhluqənin deməsinə görə İddiaçı 5000 manat pul alması barədə əlyazma yazaraq Məhluqəyə vermişdir. Xocavənd Rayon Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci və 178.2.4-cü maddələri ilə təqsirli bilinib azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Həmin hökmdən narazı olduğu üçün apellyasiya və kassasiya şikayətləri vermiş, lakin hökm qüvvədə saxlanılmışdır. Göstərdiyi kimi İddiaçı tanımır və ondan pul almamışdır. Ona görə də, göstərdiklərini nəzərə alaraq iddianın rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İşdə olan və məhkəmə iclasında elan edilmiş Xocavənd Rayon Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli, 1(069)-03/2021 saylı hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci və 178.2.4-cü maddələri ilə təqsirli bilinib qəti olaraq bir il bir ay iki gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir, ondan ötrü ki, o İddiaçı və digərlərinə qarşı dələduzluq etmiş və cinayət nəticəsində İddiaçı 5000 manat maddi ziyan vurmuşdur. İşdə olan və məhkəmə iclasında elan edilmiş Şirvan Apellyasiya Məhkəməsinin 20 iyun 2022-ci il tarixli, 1(106)-322/2022 saylı qərarından görünür ki, Cavabdeh Xocavənd Rayon Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli, 1(069)-03/2021 saylı hökmündən vermiş olduğu apellyasiya şikayəti təmin edilməmişdir. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Xocavənd Rayon Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli, 1(069)-03/2021 saylı hökmü ilə müəyyən edilmişdir ki, Cavabdeh İddiaçı etibarından sui-istifadə etməklə İddiaçı qarşı dələduzluq etmiş və İddiaçı 5000 manat maddi ziyan vurmuşdur. Bu və digər əməllərinə görə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 20 iyun 2022-ci il tarixli, 1(106)-322/2022 saylı qərarı ilə Cavabdeh Xocavənd Rayon Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli, 1(069)-03/2021 saylı hökmündən vermiş olduğu apellyasiya şikayəti təmin edilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 65.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə baxılarkən məhkəmə üçün hadisənin və təqsirləndirilən şəxsin ona aidiyyəti olub-olmaması hissəsində məcburidir. İddianın təmin edilməsi hüququnu təsdiq edən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü mülki işə baxılarkən məhkəmə üçün bu hissədə məcburidir. Həmin Məcəllənin 181.2.3-cü maddəsinə əsasən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə, itirilmiş gəlirin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə görə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsiri, hüquqa zidd əməldir. Həmin Məcəllənin 1097-ci maddəsinə uyğun olaraq mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Mülki işin məhkəmə tədqiqi zamanı müəyyən edilmiş hallarından görünür ki, Cavabdeh İddiaçı 5000 manat ziyan vurmaqla ona qarşı dələduzluq etmişdir. Bu hal Xocavənd Rayon Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli, 1(069)-03/2021 saylı hökmü ilə öz təsdiqini tapdığına görə iddiaçı iddia tələbini sübut etmək vəzifəsindən azaddır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırması hüququna malikdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilərək Cavabdeh 5000 manat maddi ziyan alınaraq İddiaçı verilməlidir. İşdə olan 29 may 2025-ci il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən 60 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ödənilmiş 60 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir, Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi: İddia təmin edilsin. Cavabdeh 5000 manat maddi ziyan və 60 manat ödənilmiş dövlət rüsumu, cəmi 5060 (beş min altmış) manat alınaraq İddiaçı verilsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar