Məhkəmə qərarları › İş №2(017)-1977/2025

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-1977/2025

18.08.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-1977/2025 18.08.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı 15000 manat borc, ödəmiş olduğu 136 manat dövlət rüsumu və hüquqi yardıma görə ödənilmiş 300 manat pul tələbinə dair məhkəmədə iddia qaldırmışdır. Məhkəmə baxışı zamanı İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh 03 dekabr 2024-cü il tarixdə ondan 15000 manat məbləğində borc almış və bu pulu 03 mart 2025-ci il tarixədək notariusun deposit hesabı vasitəsilə ödəməyi üzərinə götürmüşdür. Bununla bağlı onunla Cavabdeh arasında Ağcabədi Regional “Asan Xidmət” Mərkəzinin notariat ofisində 03 dekabr 2024-cü il tarixdə borc müqaviləsi bağlanmışdır. Lakin, həmin vaxtdan xeylı müddət keçməsinə baxmayaraq cavabdeh tərəfindən borc qaytarılmamış və cavabdeh borcu qaytarmaqdan müxtəlif bəhanələrlə boyun qaçırmışdır. Cavabdehdən dəfələrlə borcunu qaytarmasını tələb etsə də, heç bir nəticəsi olmamışdır. Ona görə də, göstərdiklərini nəzərə alaraq Cavabdeh 15000 manat borcun, ödəmiş olduğu 136 manat dövlət rüsumu və hüquqi yardıma görə ödənilmiş 300 manat pulun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxışı zamanı Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, İddiaçı əvvəldən tanımamışdı və İddiaçı borc pul almamışdır. İddiaçı ilə qardaşı Nicat arasında pul məsələsi olmuş və həmin pulun qaytarılması məqsədi ilə İddiaçı ilə onun arasında 03 dekabr 2024-cü il tarixdə Ağcabədi Regional “Asan Xidmət” Mərkəzinin notariat ofisində borc müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən güya iddiaçı ona 15000 manat borc pul vermişdir. Göstərdiyi kimi o, iddiaçıdan borc pul almamışdır və ona görə də iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İşdə olan və məhkəmə iclasında elan edilmiş 03 dekabr 2024-cü il tarixdə Ağcabədi Regional “Asan Xidmət” Mərkəzinin notariat ofisində təsdiq olunmuş borc müqaviləsindən görünür ki, İddiaçı 03 mart 2025-cü il tarixdə qaytarmaq şərti ilə Cavabdeh 15000 manat borc pul vermiş və Cavabdeh həmin pulu 03 mart 2025-ci il tarixədək notariusun depozit hesabı vasitəsi ilə İddiaçı qaytarmağı öhdəsinə götürmüşdür. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Həmin Məcəllənin 742.-ci maddəsinə əsasən borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada qaytarıldıqda, borcun qaytarıldığı gün borc məbləğinin borcverənin, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcverənin və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun qaytarıldığı gün hesab edilir. İş materiallarından göründüyü kimi İddiaçı 03 dekabr 2024-cü il tarixdə Ağcabədi Regional “Asan Xidmət” Mərkəzinin notariat ofisində təsdiq olunmuş borc müqaviləsinə əsasən Cavabdeh 15000 manat borc pul vermiş və Cavabdeh həmin pulu 03 mart 2025-ci il tarixədək notariusun depozit hesabı vasitəsi ilə İddiaçı qaytarmağı öhdəsinə götürsə də, bu öhdəliyi icra etməyərək həmin pulu iddiaçıya qaytarmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırması hüququna malikdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilərək Cavabdeh 15000 manat borc pul alınaraq İddiaçı verilməlidir İşdə olan 27 may 2025-ci il tarixli qəbzdən görünür ki, İddiaçı 136 manat dövlət rüsumu ödəmişdir. İşdə olan 27 may 2025-ci il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən hüquqi yardım üçün 300 manat xidmət haqqı ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə həmçinin hesab edir ki, iş üzrə 136 manat dövlət rüsumu və 300 manat xidmət haqqı iddiaçı tərəfindən ödənildiyindən həmin məbləğ də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia təmin edilsin. Cavabdeh 15000 manat borc pul, ödənilmiş 136 manat dövlət rüsumu və 300 manat xidmət haqqı, cəmi 15436 (on beş min dörd yüz otuz altı) manat pul alınaraq İddiaçı verilsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Rəşad Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar