Məhkəmə qərarları › İş №2(017)-2063/2023

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-2063/2023

18.12.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-2063/2023 18.12.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Agcabədi rayon Məhkəməsinin hakimi Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, Paşayev Babək Zahid oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı 2.000 (iki min) manat məbləğində borc pulun, ödənilmiş 40 manat dövlət rüsumunun və hüquqi yardıma görə ödənilmiş 30 manat xidmət haqqının alınıb ona verilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, iddia ərizəsində iş üzrə cavabdeh, Ağcabədi rayonunun Xocavənd kənd sakini Cavabdeh onun qaynı oğlu olmasını, qaynı oğlu Cavabdeh təxminən 10 ay bundan əvvəl onun yaşadığı Ağcabədi rayonunun Xocavənd kəndində yanına gələrək ona uşağının əməliyyat olunması üçün 2.000 manat məbləğində pul lazım olmasını bildirmiş, və borcu iki ay ərzində qaytarmaq şərti ilə ondan 2.000 manat məbləğində borc pul istəməsini, oda qaynı oğlunun vəziyyətini nəzərə alıb ona 2.000 manat məbləğində borc pul verməsini, cavabdeh aldığı 2.000 manat məbləğində borc pulu qaytaracağına söz verməsini, lakin həmin puldan cavabdeh tərəfindən heç bir məbləğdə qaytarılmamasını, dəfələrlə cavabdehə borc aldığı pulu qaytarması barədə müraciət etməsini, lakin müraciətlərinin heç bir nəticəsinin olmadığını, cavabdeh bu günədək aralarında olan şifahi razılaşmaya əməl etməyərək ondan aldığı borc pulu ona qaytarmamasını, bu səbəbdən də rayon polis şöbəsinə ərizə ilə müraciət etməsini, polis şöbəsində araşdırma aparılmasını, araşdırma zamanı Cavabdeh vermiş olduğu izahatında ona 1.200 manat məbləğində 5 faizlə pul götürməsini və həmin pulun bir hissəsini ödəməsini, hazırda vəziyyətinin yaxşı olmamasını və gələcəkdə qalan pulu hissə-hissə ödəyəcəyini, Ağcabədi rayon polis şöbəsi tərəfindən müraciətinin mülki xarakterli olması ilə əlaqədar ona məhkəməyə müraciət etməsinin tövsiyyə olunmasını göstərib, məhkəmədən iddia tələbinin təmin edilməklə Cavabdeh xeyrinə 2.000 manat məbləğində borc pulun, ödənilmiş 40 manat dövlət rüsumunun və hüquqi yardjıma görə ödənilmiş 30 manat xidmət haqqının tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək göstərdi ki, cavabdeh polis şöbəsində borcla bağlı araşdırma zamanı ona 1.200 manat borcu olduğunu, həmin borcun yarı hissəsini qaytarmasını və qalan hissəsini qaytaracağına söz vemiş, o, isə cavabdehə 2.000 manat borc pul vermiş, lakin bu günədək həmin borcdan heç nə ödəməyibdir. Ona görə iddia tələbinin tam təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmənin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə bu halda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələbinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materiallarında olan Ağcabədi rayon PŞ-də aparılmış araşdırmanın nəticəsinə dair 22 sentyabr 2022-ci il tarixli arayışdan görünür ki, Ağcabədi rayon PŞ-də aparılan araşdırma zamanı İddiaçı izahatı alınmış, onun müraciətində göstərdiyi xüsusatlarda heç bir cinayət və inzibati xəta haqqında pozuntu aşkar olunmamışdır. İddiaçı tələbi mülki tələb olduğu və aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququ ona izah edilmişdir. İş materiallarında olan Cavabdeh Ağcabədi rayon PŞ-də verdiyi izahatından görünür ki, o, təxminən iki il əvvəl İddiaçı 5 faiz sələmlə 1.200 manat məbləğində pul almış və son beş aya kimi hər ay Saraya 60 manat pul ödəmişdir. Hazırda imkanı olmadığı üçün ödəniş edə bilmir. Lakin gələcəkdə İddiaçı qalan borcundan hər ay 100 manat ödəyəcəyinə söz verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsində göstərilir ki, müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 567-ci maddəsində göstərilir ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsində göstərilir ki, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı Cavabdeh 1.200 manat məbləğində borc pul almış, lakin həmin puldan cavabdeh tərəfindən heç bir məbləğdə ödəniş edilməmişdir. Cavabdeh tərəfindən bu günədək iddiaçı ilə aralarında olan şifahi razılaşmaya əməl edilməmiş və iddiaçıdan aldığı borc pulun bu günədək heç bir məbləğdə qaytarılmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı iddia tələbi qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsində göstərilir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsində göstərilir ki, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təsdiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213-214, 216-220, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 1.200 manat məbləğində pul, 32 manat dövlət rüsumu və 30 manat xidmət haqqı tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağcabədi rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Sulduz Ləzimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar