Məhkəmə qərarları › İş №2(017)-2112/2025

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-2112/2025

19.09.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-2112/2025 19.09.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi Hacıyev Fuad Hacı oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “790 manat məbləğində zərər” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “790 manat zərər” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək verdiyi izahatında göstərdi ki, Şuşa şəhərində məcburi köçkün kimi Ağcabədi rayonunun Sarıcalı kəndində məskunlaşıb yaşayır. 2025-ci ilin aprel ayında Ağcabədi rayonunun Hindarx qəsəbəsində Cavabdeh 6 baş qoyun almışdır. 6 baş qoyuna görə, hər bir baş qoyunun qiyməti 320 manat olmaqla ümumilikdə 1920 manat etsə də ona cəmi 1900 manat pul vermişdir. Əmrahla olan bütün danışıqlarını mobil telefon vasitəsilə etmişdir. Cavabdeh qoyunların sağlam və yaralı olmasını demiş, bildirmişdir ki, qoyunların heç bir xəstəliyi yoxdur. Lakin qoyunlardan ikisi qısa müddət, 2-3 gün ərzində xəstələnmiş, bu barədə cavabdehin mobil telefonuna zəng edərək ona məlumat vermiş, o, isə “dava dərman elə bir şey olsa dəyişərəm” cavabını vermişdir. Baytar həkim Hüseyn Əsgərovu çağırmış və qoyunları müalicə etdirməyə çalışmışdır. Müalicə olunsa da iki qoyun məhv olmuşdur. Baytar ona bildirdi ki, qoyunlarda ağ ciyər pnevmoniya xəstəliyi olmuşdur. Bu səbəbdən də müalicə təsir etmədi və iki qoyun öldü. Müalicə üçün əlavə 150 manat xərc çəkmişdir. Cavabdehdən iki qoyuna görə verdiyi 640 manat pulu tələb etmiş, lakin cavabdeh ziyan olduğunu bildirərək, ona pul qaytarmamışdır. Cavabdeh mal satarkən xəstəlik barədə ona heç bir məlumat verməmişdir. Ona görə də vurulmuş zərərə görə 640 manat, əlavə xərclərə görə 150 manat olmaqla, cəmi 790 manat pulun cavabdehdən alınaraq ona verilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etmədi və verdiyi izahatında göstərdi ki, 2025-ci ilin aprel ayının əvvəllərində telefon vasitəsilə danışıb, 6 qoyunu iddiaçıya satmış, 1900 manat pul almışdır. Qoyunları İmişli rayon mal bazarında almış və Kəmaləyə satmışdır. Heyvan satdığı günün axşamı, Kəmalə “Vatsap” vasitəsilə qoyunun xəstə olması barədə ona yazmış, 2-3 gün sonra isə 3 qoyunu dəyişməyi ona yazmışdır. Sonra isə yazdı ki, heyvanlara dərman verməyə qorxur. Heyvanları dəyişməyə razılaşmışdır. Sonra Kəmalə 2 qoyunun leşini ona çəkib atmış və öldüyünü demişdir. Bu işdə o, da ziyana düşüb. Ona görə də iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş diskə məhkəmə iclasında baxış keçirilmiş, həmin diskdə İddiaçı ilə Cavabdeh arasında danışıqlar qeydə alınmışdır. Həmin vaxt Cavabdeh bildirir ki, “---qoyunlara dərman ver, qurd dərmanı, əgər bir şey olsa hər iki qoyunu dəyişərəm, yerinə qoyun verərəm. Bu dəqiqə əlimdə qoyun yoxdur, 2-3 günə əlimdə qoyun olacaq, qurd dərmanı ver öskürəkləri kəsəcək ....... pul da yoxdur. Həkim çox söz deyə bilər. Amma pulumda yoxdur. Heyvanın biri 316,5 manata düşür.....məni də başa düşün....”. İş materiallarına əlavə edilmiş məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, İddiaçı Şuşa şəhərindən məcburi köçkün düşmüşdür. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, 2025-ci ilin aprel ayında Ağcabədi rayonu Hindarx qəsəbəsi ərazisində İddiaçı aralarında olan qarşılıqlı razılaşmaya əsasən Cavabdeh 6 baş qoyun almış, sonuncuya cəmi 1900 manat pul verilmişdir. Satıldığı günün axşamı qoyunlarda xəstəlik olması barədə Əmraha məlumat verilmiş, sonuncu xəstə olanları dəyişəcəyinə söz vermişdir. Bir neçə gün sonra iki baş qoyun ağciyər pnevmoniya xəstəliyindən ölmüşdür. İddiaçı ölən qoyunların pulunu tələb etmiş, lakin cavabdehlə aralarında razılığa gələ bilməmişlər. Cavabdeh heyvanları satarkən qarşı tərəfə xəstəlik barədə heç bir məlumat verməmiş, cavabdehin təqsiri nəticəsində iddiaçıya 633 manat (1900 : 6 = 316,6 x 2 = 633,2) məbləğində maddi zərər dəymişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.7-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 609.1-cı maddəsinə əsasən heyvan, quş və balıq satıcısı yalnız müqaviləyə aşağıda müəyyənləşdirilmiş uyğunsuzluqlar (başlıca qüsurlar) üçün və yalnız bu qüsurların konkret müddətlər (qarantiya müddətləri) ərzində aşkara çıxdığı halda məsuliyyət daşıyır. Həmin Məcəllənin 609.2.2-ci maddəsinə əsasən faydalı və damazlıq heyvanların satıldığı halda qaramalda - heyvanın vəziyyəti ümumən pisləşməklə vərəm xəstəliyi - 14 günlük qarantiya müddəti ilə, habelə ağ ciyərlərin tam iltihabı - 28 günlük qarantiya müddəti ilə başlıca qüsurlar sayılır. Həmin Məcəllənin 609.3.3-cü maddəsinə əsasən qoyunlarda və keçilərdə - ümumi hidropos - 14 günlük qarantiya müddəti ilə başlıca qüsurlar sayılır. Həmin Məcəllənin 611-ci maddəsinə əsasən qarantiya müddəti ərzində hər hansı başlıca qüsur aşkar edildikdə ehtimal olunur ki, həmin qüsur riskin alıcıya keçdiyi ana qədər mövcud idi. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikası Konstitusiyası ilə qorunur, digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikasının MM-nin 1096-cı maddəsi mülki hüquq pozuntusunu (delikt) hüquqla və qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd ( mülki qanunvericiliyin normalarını pozan) əməl (hərəkət və ya hərəkətsizlik) kimi səciyyələndirir. Bu qanun normalarının mənasından görünür ki, delikt məsuliyyətinin yaranması üçün şəxsin əməlində deliktin (mülki hüquq pozuntusunun) aşağıdakı elementlərdən ibarət tərkibi yaranmalıdır: 1). Zərər vurulmalıdır. 2). Zərər şəxsin hüquqa zidd hərəkətləri nəticəsində vurulmalıdır. 3).Göstərilən zərərlə şəxsin hüquqa zidd hərəkətləri arasında səbəbli əlaqə olmalıdır. 4). Şəxsin zərərin vurulmasında təqsiri olmalıdır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.1.2-ci maddəsində göstərilir ki, əmlakdan istifadə hüququ mülkiyyət hüququ ilə yanaşı əmlak hüququ sayılır. Həmin Məcəllənin 159-cu maddəsinə əsasən sahiblik əşyaya faktiki sahibliyə nail olmaqla əldə edilir. Həmin Məcəllənin 166.1-ci maddəsinə əsasən daşınar əşyanın sahibi haqqında ehtimal edilir ki, o əşyaya mülkiyyətçi hüququ ilə sahiblik edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Maddi qanunvericilik aktlarının bu normalarına istinad edən məhkəmə hesab edir ki, iddia üzrə Cavabdeh zərər vurulmasına gətirib çıxaran mülki hüquq pozuntusu törətdiyi üçün ona qarşı zərər tələbinə dair qaldırılan iddia maddi və prosessual normalara uyğun olaraq verilmişdir və məhkəmə tərəfindən baxılaraq mahiyyəti üzrə həll edilməlidir. Belə ki, Cavabdeh İddiaçı iki baş qoyunu 633 manata satması və həmin qoyunların xəstəlikdən ölməsi nəticəsində sonuncuya 633 manat dəyərində vurduğu ziyan iş materialları ilə sübut edildiyinə görə iddia qismən təmin edilməli, Cavabdeh maddi zərərə görə 633 manat pul alınaraq İddiaçı verilməlidir. İddia tələbi qalan hissədə sübut olunmadığına görə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinin tələbinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə dövlət rüsumu aşağıdakı kimi müəyyən edilmişdir: 8.1.1 iddia qiyməti 1.000 manatadək 30 manat olduqda Həmin Qanunun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə şəhid ailələri, müharibə veteranları, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AESdə qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumunun ödənilməsindən azad edilirlər. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi 633 manat məbləğində təmin edildiyi üçün Cavabdeh dövlət rüsumuna görə 30 manat məbləğində pul alınaraq Dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 633 manat məbləğində pul alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh dövlət rüsumuna görə 30 manat məbləğində pul alınaraq Dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Etibar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar