Məhkəmə qərarları › İş №2(017)-2384/2025

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-2384/2025

20.10.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-2384/2025 20.10.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı 7000 manat borc pul və iddia qaldırılarkən ödənilmiş 91 manat dövlət rüsumu tələbinə dair məhkəmədə iddia qaldırmışdır. Məhkəmə baxışı zamanı İddiaçı iddiasını müdafiə edərək izahatında göstərdi ki, Bərdə Avtovağzalının ərazisində qızıl-zinət əşyalarının satışı ilə məşğul olur. Cavabdeh Könül Salahovanın vasitəsi ilə tanımışdır. 20 avqust 2024-cü il tarixdə Cavabdeh Könül Salahova ilə birlikdə mağazaya gələrək nisyə qızıl almaq istədiklərini bildirmişlər. Könül cavabdeh Əfiqənin baldızı olmasını, məktəb direktoru işləməsini və etibarlı adam olduğunu ona demiş və Cavabdeh ondan 56 qram çəkidə, 583 əyarlı qızıl sepi 5600 manata nisyə almışdır. Cavabdeh 5600 manat pulun 600 manatını əvvəlcədən, qalan 5000 manat pulu isə iki ay ərzində ödəyəcəyini bildirmiş və o da cavabdehlə razılaşmışdır. Cavabdeh həmçinin ilkin olaraq ödəməli olduğu 600 manat pulu da səhəri gün verəcəyini demişdir. Həmin vaxtdan xeyli müddət keçməsinə və dəfələrlə pulunu tələb etməsinə baxmayaraq cavabdeh ona olan həmin borcu qaytarmamışdır. Hazırda 56 qram çəkidə, 583 əyarlı qızıl sepin qiyməti 7000 manatdır. Ona görə də, göstərdiklərini nəzərə alaraq iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh heç bir üzürlü səbəb olmadan məhkəmənin iclasında iştirak etmir və məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, Cavabdeh onun baldızı, yəni həyat yoldaşının bacısıdır. Cavabdeh məktəb direktoru vəzifəsində işləyir. İddiaçı onunla qonşu yaşayır və qızıl əşyalarının satışı ilə məşğul olur. Dəfələrlə İddiaçı nisyə qızıl əşyası almış və vaxtında pulunu ödəmişdir. Cavabdeh onlarda olarkən qızl almaq istədiyini bildirmiş, 20 avqust 2024-cü il tarixdə Əfiqə ilə birlikdə İddiaçı qızıl mağazasına getmişlər. Cavabdeh İddiaçı mağazasından 5600 manat dəyərində, 56 qram çəkidə, 583 əyarlı qızıl sepi nisyə almış və ilkin olaraq 600 manat, qalan 5000 manatı isə iki ay ərzində ödəyəcəyini demişdir. Cavabdeh həmçinin ilkin olaraq ödəməli olduğu 600 manat pulu da səhəri gün verəcəyini demişdir. Lakin, Cavabdeh həmin qızılın pulunu İddiaçı ödəməmişdir. Məhkəmə iddiaçını və şahidi dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənəşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. İş materiallarından göründüyü kimi 20 avqust 2024-cü il tarixdə Cavabdeh İddiaçı 5600 manat dəyərində, 56 qram çəkidə, 583 əyarlı qızıl sepi nisyə almışdır. Cavabdeh həmin pulu hissə-hissə ödəməyi üzərinə götürsə də, üzərinə düşən öhdəliyi icra etməyərək İddiaçı olan 5600 manat pulu ödəməkdən yayınmışdır. Cavabdeh İddiaçı 5600 manat borcu qalması şahid qismində dindirilmiş X1 ifadəsi ilə də öz təsdiqini tapmışdır. Bundan başqa, Cavabdeh İddiaçı 5600 manat dəyərində, 56 qram çəkidə, 583 əyarlı qızıl sepi nisyə alması iddiaçı tərəfindən təqdim olunan SD diskdə olan səs və video yazı ilə də öz təsdiqini tapmışdır. N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2021-ci il tarixli qərarında qeyd olunmuşdur ki, mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur. Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır. Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. İddiaçı tərəfindən təqdim edilmiş SD diskdə olan səs və video yazısı İddiaçı ilə Cavabdeh aid olduğundan, həmin danışıqlar tərəflər üçün sirr olmadığından, mahiyyət etibarı ilə iddiaçı ilə cavabdehin arasındakı alqı-satqı münasibəti ilə bağlı olduğundan məhkəmə həmin səs və video yazısını sübut növü kimi qəbul edir. Bundan başqa, İddiaçı Cavabdeh 7000 manat pul tələb etsə də məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, İddiaçı 56 qram çəkidə, 583 əyarlı qızıl sepi Cavabdeh 5600 manata nisyə satmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırması hüququna malikdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək Cavabdeh 5600 manat məbləğində borc pul alınaraq İddiaçı verilməli və iddia tələbi qalan hissədə təmin edilməməlidir. İşdə olan 23 iyun 2025 il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən 91 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli olduğundan iş üzrə iddiaçı tərəfindən ödənilmiş 91 manat dövlət rüsumunun iddianın təmin olunmuş hissəsinə münasibətdə, yəni 76 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməli, ödənilmiş dövlət rüsumunun qalan hissəsi isə iddiaçıya aid edilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 5600 manat borc pul və iddia qaldırılarkən ödənilmiş dövlət rüsumundan 76 manat dövlət rüsumu, cəmi 5676 (beş min altı yüz yetmiş altı) manat alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar