Məhkəmə qərarları › İş №2(017)-2436/2025

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-2436/2025

16.12.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-2436/2025 16.12.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun xeyrinə 5200 manat məbləğində pulun və ödənilmiş 90 manat dövlət rüsumunun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh Beyləqan rayonundan tanımış və yaxın münasibətləri olmuşdur. Cavabdeh ondan 2023-cü ilin noyabr ayında 5000 manat, 2023-cü ilin dekabr ayında isə 2000 manat borc pul almış və tez bir zamanda qaytaracağına söz vermişdir. Bu barədə cavabdeh öz xətti ilə qəbz yazaraq imzası ilə təsdiq etmişdir. Cavabdeh əvvəllərdə ondan borc pul alsa da vaxtında qaytarmışdır. Lakin aldığı cəmi 7000 manat pulu hər dəfə bəhanə gətirərək qaytarmamış və onu aldatmışdır. Məhkəməyə müraciət etdikdən sonra cavabdeh onun yanına gələrək borcunu hər ay 500 manat ödəyəcəyinə söz vermişdir. Bu səbəbdən məhkəmədə olan işi baxılmamış saxlatmışdır. Lakin cavabdeh ona müxtəlif vaxtlarda yanvar ayından may ayına kimi cəmi borcundan 1800 manat pul qaytarmışdır. Hazırda cavabdehin ona 5200 manat borcu vardır. Dəfələrlə cavabdehdən pulunu tələb edərək istəsə də, sonuncu tərəfindən həmin pul ona qaytarılmamışdır. Borcun ödənilməsi üçün cavabdehə dəfələrlə xəbərdarlıq etsə də, etdiyi xəbərdarlıqların heç bir nəticəsi olmamışdır. Ona görə də Cavabdeh onun xeyrinə 5200 manat məbləğində pulun və ödənilmiş 90 manat dövlət rüsumunun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə teleqram göndərərək səhhəti ilə əlaqədar məhkəməyə gələ bilmədiyini, iştirakı olmadan işə baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə dəfələrlə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarının 5-ci səhifəsinə əlavə edilmiş qəbzdən görünür ki, Cavabdeh İddiaçı 2000 manat məbləğində borc almasına dair qəbz yazmış və imzası ilə təsdiq etmişdir. 3-4 aya qaytaracağına söz vermişdir. İş materiallarının 6-cı səhifəsinə əlavə edilmiş qəbzdən görünür ki, Cavabdeh İddiaçı 5000 manat məbləğində borc almasına dair qəbz yazmış və imzası ilə təsdiq etmişdir. Sentyabr ayına qaytaracağına söz vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinə görə qanuna və ya digər normativ-hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1 maddəsində göstərildiyi kimi, müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası MM-nin 739.1-ci maddəsində göstərilir ki, müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-cı maddəsində göstərilir ki, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-cı maddəsində göstərilir ki, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh İddiaçı 2023-cü ilin noyabr ayında 5000 manat, 2023-cü ilin dekabr ayında isə 2000 manat olmaqla, cəmi 7000 manat borc pul almış və qaytaracağına söz vermişdir. Bu barədə cavabdeh öz xətti ilə qəbz yazaraq imzası ilə təsdiq etmişdir. Cavabdeh İddiaçı olan borcundan 1800 manat ödəniş etmiş, hazırda 5200 manat borclu qalmışdır. Qalan borcu hal-hazıradək iddiaçıya qaytarmamışdır. Borcun ödənilməsi üçün iddiaçı cavabdehə dəfələrlə xəbərdarlıq etsə də, etdiyi xəbərdarlıqların heç bir nəticəsi olmamışdır. Sadalanan qanunvericilik aktı normalarını hazırkı mülki mübahisəyə tətbiq edən məhkəmə hesab edir ki, iddia tələbinin qanuni əsası kimi göstərilən həmin maddi normalara əsasən iddia əsaslı olduğu üçün təmin edilməli və Cavabdeh 5200 manat məbləğində pul alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından göründüyü kimi, məhkəmə xərcləri iddiaçı tərəfindən ödənilmiş 72 manat məbləğində dövlət rüsumundan ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılmasına görə iddiaçının ödədiyi 72 manat dövlət rüsumu iddiaçının xeyrinə cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Cavabdeh 5200 manat (beş min iki yüz manat) məbləğində borc və dövlət rüsumuna görə ödənilmiş 72 manat məbləğində pul alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Etibar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar