Məhkəmə qərarları › İş №2(017)-2826/2025

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-2826/2025

29.01.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-2826/2025 29.01.2026 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1 və İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 6000 manat pulun və dövlət rüsumuna görə ödənilmiş 80 manat məbləğində pulun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddiasını müdafiə edərək verdiyi izahatında göstərdi ki, Cavabdeh onun əmisi oğludur. Təxminən 2020-ci ildən başlayaraq 2024-cü ilə kimi Cavabdeh ondan 23500 manat pul almış, bir hissəsini qaytarmış, hazırda 6000 manat borcu qalmışdır. Ona görə də Ağcabədi rayon polis şöbəsinə ərizə ilə müraciət etmiş, lakin xx.xx.2024-cü il tarixli qərarla cinayət işinin başlanması rədd edilmişdir. Həmin borclu qaldığı pulu Cavabdeh yaxın vaxtda qaytaracağına söz vermiş və bu barədə qəbz yazıb vermişdir. Lakin verdiyi vədə əməl etməmişdir. Ona görə də Cavabdeh 6000 manat pulun, vəkilə ödənilən 300 manat xidmət haqqının və dövlət rüsumuna görə ödənilmiş 80 manat məbləğində pulun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq o məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, məhkəmə iclasında tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş cinayət işi başlanmasının rədd edilməsi barədə xx.xx.2024-cü il tarixli qərarın və xx.xx.2024-cü il tarixli qəbzin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında borc pul məsələsi olmuş, sonuncu İddiaçı 5000 manat məbləğində borcu qalmasını etiraf etmiş və həmin pulu ona hissə-hissə ödəyəcəyinə söz vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinə görə qanuna və ya digər normativ-hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1 və 1091.2-ci maddələrinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qeyd edilən maddi hüquq normalarının müqayisəli təhlilini işin faktiki halları üzrə tətbiq edərək məhkəmə qeyd edir ki, varlanmaq hüququ əsassız əmlak dəyişikliklərini kompensasiya etmək məqsədinə xidmət edir. Məhrum olan kreditorun əmlak itkisinin əvəzini ödəməklə bağlı zərərin ödənilməsi hüququndan fərqli olaraq, varlanma hüququnun məqsədi yalnız varlanmış borclunun hüquqi əsas olmadan artmış əmlakını yenidən əvvəlki vəziyyətə qaytarmaqdır. Əsassız varlanma ilə bağlı tələbin təmin edilməsindən ötrü borclunun əmlak əldə etməsi, həmin əmlakı kreditorun əmlakı hesabına əldə etməsi və bu əldə etmə üçün heç bir hüquqi əsas olmamalıdır. Bu üç hal olduqda tələb təmin edilə və əsassız varlanmış borcludan əmlakın dəyəri alınaraq kreditora verilməlidir. Hazırkı işdən də göründüyü kimi cavabdehin alver işlərinin yaxşı getməsi üçün, konkret olaraq Cavabdeh 5000 manat məbləğində pulu qaytarmaqdan imtina etməsi və əsassız varlanması faktı təsdiq olunur. Hazırda həmin pulun cavabdeh tərəfindən əldə edilməsi, cavabdehin iddiaçının hesabına pulu əldə etməsini və bunun nəticəsində də əsassız varlanmaqla iddiaçının əlverişsiz vəziyyətə düşməsinə səbəb olmuşdur. Belə olan halda da, həmin pul məbləğinin alınaraq iddiaçıya verilməsi barədə tələb qismən əsaslı və yolverilən hesab edilməlidir. Belə ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh alver etməsi üçün İddiaçı hissə-hissə olmaqla pul almış və həmin pulun bir hissəsini qaytarmış, 5000 manatını qaytarmamışdır. Əsassız varlanma nəticəsində əldə etdiyi pulun qaytarılması üçün iddiaçı cavabdehə dəfələrlə xəbərdarlıq etsə də, etdiyi xəbərdarlıqların heç bir nəticəsi olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Sadalanan qanunvericilik aktı normalarını hazırkı mülki mübahisəyə tətbiq edən məhkəmə hesab edir ki, iddia tələbinin qanuni əsası kimi göstərilən həmin maddi normalara əsasən iddia qismən əsaslı olduğu üçün qismən təmin edilməli, Cavabdeh əsassız varlanma nəticəsində əldə etdiyi 5000 manat məbləğində pul alınaraq İddiaçı verilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). İş materiallarından göründüyü kimi, məhkəmə xərcləri iddiaçı tərəfindən ödənilmiş 80 manat məbləğində dövlət rüsumundan ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılmasına görə iddiaçının ödədiyi 80 manat məbləğində dövlət rüsumunun 70 manat iddiaçının xeyrinə cavabdehdən tutulmalı, qalan məbləğ iddiaçıya aid edilməmlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi hüquqi yardıma görə xərcləri, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Qanunun normasından və məzmunundan göründüyü kimi qanunvericilik nümayəndənin və ya vəkilin göstərdiyi hüquqi yardıma görə xərcləri ağlabatan məbləğdə müəyyən edilərək xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini xeyrinə qətnamə çıxarılan təqdim etdiyi hesab və konkret hallar, yəni göstərilən yardımın həcmi, nümayəndələrin sayı, baxılan işin mürəkkəbliyi və s. hallarla şərtlənmişdir. Məhkəmə yuxarıda qeyd edilən qanun normaları və iş üzrə müəyyən edilmiş faktiki hallara uyğun olaraq hesab edir ki, hazırkı iş üzrə iddiaçı tərəfindən tələb edilən və kredit müqaviləsində qeyd edilən gecikdirilmiş borcun qaytarılması istiqamətində məhkəmə və digər səlahiyyətli orqanlara müraciət olunduğu halda nümayəndələrin, dövlət rüsumlarının ödənilməsi ilə bağlı və digər zəruri xərclər şəklində dəymiş zərərə görə 300 manat məbləğində cərimə təmin edilə bilməz. Belə ki, hüquqi yardıma görə pulun ödənilməsini təsdiq edən, digər zəruri xərcləri özündə əks etdirən hər hansı bir sənəd işə əlavə edilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddiaçının 300 manat hesablanmış nümayəndə xərcinin cavabdehdən tutulmasına dair tələbi həmin hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh əsassız varlanma nəticəsində əldə etdiyi 5000 manat (beş min manat), dövlət rüsumuna görə ödənilmiş 70 manat məbləğində pul alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Etibar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar