Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-350/2024 16.04.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı 700 manat məbləğində pul və iddia qaldırılarkən ödənilmiş 30 manat dövlət rüsumu tələbinə dair məhkəmədə iddia qaldırmışdır. Məhkəmə baxışı zamanı İddiaçı iddiasını müdafiə edərək izahatında göstərdi ki, Ağcabədi rayon, Avşar kəndində yaşayır. Evini təmir etdirmək üçün Cavabdeh ilə telefonla əlaqə saxlamış və cavabdeh də bu işi öz üzərinə götürmüşdür. Cavabdehlə təmir işini 1100 manata razılaşmışlar. Cavabdeh ilk vaxtlar təmir işlərini etsə də, sonradan günlərlə işə gəlməmişdir. O, dəfələrlə cavabdehdən gəlib işinə davam etməsini tələb etsə də, cavabdeh müxtəlif bəhanələrlə işə gəlməkdən yayınmışdır. Bundan sonra, Cavabdeh ilə görüşmüş, evin təmirini davam etdirməsini bildirmiş, cavabdeh isə evi təmir edə bilməyəcəyini bildirmişdir. O, cavabdehə ödədiyi 400 manatı zəhmət haqqı kimi çıxdığını və qalan 700 manat pulu geri qaytarmasını bildirmiş və cavabdeh də onunla razılaşmışdır. Lakin, həmin vaxtdan xeyli müddət keçməsinə və dəfələrlə pulunu tələb etməsinə baxmayaraq cavabdeh ona olan 700 manat borcu qaytarmamışdır. Ona görə də, bu barədə Ağcabədi rayon Polis Şöbəsinə müraciət etmişdir. Ağcabədi rayon Polis Şöbəsində araşdırılma aparılmış, araşdırma zamanı cavabdeh ona 700 manat qaytaracağını bildirmişdir və həmçinin ona məhkəməyə müraciət etməsi bildirilmişdir. Ona görə də göstərdiklərini nəzərə alaraq iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəməyə gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-cı maddəsinə əsaslanaraq cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş Cavabdeh Ağcabədi rayon Polis Şöbəsinə vermiş olduğu 12 oktyabr 2023-cü il tarixli izahatından görünür ki, İddiaçı evini təmir etdirmək üçün İddiaçı 1100 manat pul almış, təmir işinin bir hissəsini görmüş, qalan hissəsini görməmiş, təmir etdiyi hissə üçün 400 manatı zəhmət haqqı çıxmış, qalan 700 manat pulu geri qaytarması barədə İddiaçı ilə razılaşmış və maddi imkanı olmadığı üçün həmin 700 manat pulu İddiaçı qaytarmamışdır. Məhkəmə iddiaçının izahatını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Həmin Məcəllənin 755-ci maddəsinə əsasən podratçı işi şəxsən yerinə yetirməyə yalnız bunun müqavilədən, yaxud konkret hallardan və ya işin xarakterindən irəli gəldiyi hallarda borcludur. Həmin Məcəllənin 759.1-ci maddəsinə əsasən sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 759.2-ci maddəsinə əsasən əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. Həmin Məcəllənin 760.1-ci maddəsinə əsasən əgər podratçı tərəfindən müqaviləyə bilavasitə sifarişçinin hərəkətləri nəticəsində baş verməyən və ya həmin hərəkətlərlə bağlı olmayan səbəbə görə xitam verilirsə, podratçı işlər qurtaranadək müqaviləyə elə tərzdə xitam verməlidir ki, sifarişçi işləri başqa şəkildə və bərabər və ya daha əlverişli şərtlərlə ala bilsin. Bu zaman podratçı yerinə yetirilmiş işin haqqının ödənilməsini tələb edə bilər, bu şərtlə ki, sifarişçinin əvvəl görülmüş işlərə hansısa marağı olsun. İş materiallarından göründüyü kimi iddiaçı Kərimov X2 rayonunun Avşar kəndində yerləşən evini təmir etdirmək üçün Cavabdeh ilə öz aralarında razılaşmış, iddiaçı evinin təmiri üçün cavabdehə 1100 manat vermiş, lakin cavabdeh təmir işlərini başa çatdırmamışdır. Bundan sonra iddiaçı ilə cavabdeh arasında görülmüş təmir işinin xərcinin 400 manat olması və cavabdeh tərəfindən təmir üçün alınmış pulun qalanının, yəni 700 manatının iddiaçıya qaytarılması barədə öz aralarında razılaşma olsa da, cavabdeh həmin pulu iddiaçıya qaytarmamışdır. Bu hal Cavabdeh Ağcabədi rayon Polis Şöbəsinə vermiş olduğu 12 oktyabr 2023-cü il tarixli izahatı ilə də öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırması hüququna malikdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilərək Cavabdeh 700 manat pul alınaraq İddiaçı verilməlidir. İşdə olan 19 dekabr 2023-cü il tarixli qəbzdən görünür ki, İddiaçı 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, iş üzrə 30 manat dövlət rüsumu iddiaçı tərəfindən ödənildiyindən həmin məbləğ də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia təmin edilsin. Cavabdeh 700 manat məbləğində pul və iddia qaldırılarkən ödənilmiş 30 manat dövlət rüsumu, cəmi 730 (yeddi yüz otuz) manat alınaraq İddiaçı verilsin. Qətnamədən bir ay müddətində Ağcabədi rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Nuriyev
Məhkəmə qərarları › İş №2(017)-350/2024
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-350/2024
16.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver