Məhkəmə qərarları › İş №2(017)-424/2025

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-424/2025

05.03.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-424/2025 05.03.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Agcabədi rayon Məhkəməsinin hakimi Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, Paşayev Babək Zahid oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi qardaşı X3, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək göstərmişdir ki, ailə üzvləri ilə birlikkdə Ağcabədi rayon Avşar kəndində yaşayırlar. Təxminən 15 il əvvəl qaynatası X1 dövründə əmlak payı kimi K700 markalı traktor vermişlər. Qaynatası həmin traktoru hədiyyə kimi ona vermiş və həmin vaxtdan traktor onun istifadəsində olmuşdur. 2024-cü ilin əvvəlində o, qazanc əldə etmək məqsədilə Rusiya Fedarasiyasına getmiş, lakin işləri yaxşı alınmamış deyə qazanc əldə edə bilməmişdir. Pula ehtiyacı olduğu üçün o, K700 markalı traktoru satmaq qərarına gəlmiş və 2024-cü ilin iyul ayında əvvəldən traktor ustası kimi tanıdığı Ağcabədi rayon Hacıbədəlli kənd sakini X4 Rusiyadan zəng edərək öz aralarında 17.000 manata şifahi razılaşmışlar. Elgün traktora görə əvvəlcə 5000 manat verəcəyini, qalan 12.000 manatı isə 2024-cü ilin oktyabr ayına kimi verəcəyini bildirmişdir. O, Elgünü tanıdığı və etibar etdiyi üçün Rusiyadan Azərbaycana qayıdaraq Elgünlə görüşmüş və danışıb razılaşmışdır. Lakin təcili Rusiyaya qayıtmalı olduğundan Elgünə bildirmiş ki, pulu gətirib anasına verər və traktoru qardaşı Əyyamdan təhvil alar. O, Rusiya Fedarasiyasına qayıtdıqdan sonra Elgün Həsənov, Elgünün atası Rafiq və qardaşı Elvinlə birlikdə onun yaşadığı ünvana gələrək traktoru və onun hissələrini qardaşı Əyyamdan təhvil alaraq götürüb aparmışlar. Həmin vaxt Elgün əvvəlcə 1000 manat, daha sonra isə hisə-hissə olmaqla ona 5300 manat pul göndərmişdir. Qalan 11700 manat pulu isə hazırkı vaxtadək qaytarmamışdır. Dəfələrlə o, cavabdehdən ödəməli olduğu 11700 manat pulu və ya traktoru geri qaytarmasını tələb etsə də cavabdeh traktoru hissələrə bölüb satdığını bildirmiş, bu səbəbdən də qardaşı Əyyam Ağcabədi rayon polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Ağcabədi rayon polis şöbəsində araşdırma aparılmış, araşdırma zamanı Elgünün atası Rafiq məcbur olub öxlərinə məxsus T28 markalı traktoru razılaşaraq qardaşı Əyyama vermişlər ki 10 gün ərzində borclu olduqları 11700 manat pulu verib traktorlarını təhvil alacaqlar. Həmin araşdıma ilə bağlı Ağcabədi rayon polis şöbəsi tərəfindən 28 noyabr 2024-cü il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmiş və polis şöbəsi tərəfindən müraciətlərinin mülki xarakterli olması ilə əlaqədar onlara məhkəməyə müraciət etməsinin tövsiyyə olunmasını göstərib, məhkəmədən iddia tələbinin təmin edilməklə Cavabdeh xeyirinə 11700 manat pulun və ödənilmiş 125 manat dövlət rüsumunun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi qardaşı X5 iddia tələbini müdafiə edib iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək izahatında göstərdi ki, o, traktor ustasıdır, həmçinin traktorların alışı və satışı ilə məşğuldur. İddiaçı əvvəllər tanıyır bir neçə dəfə onun traktorunu təmir etmişdir. Təxminən 4-5 ay bundan əvvəl Rusyiya Fedarasiyasında yaşayan İddiaçı onunla mobil telefon vasitəsilə əlaqə saxlayaraq K700 markalı traktorunu 17000 manata satmaq istədiyini bildirmişdir. 2024-cü ilin avqust ayında o, İddiaçı K700 markalı traktoru 17000 manata nisiyə almışdır. İddiaçıla aralarında olan şifahi razılaşmaya görə o, 17000 manat pulu 2024-cü ilin oktyabr ayının sonunadək ödəməli imiş. Sonradan İddiaçı Rusiya Fedarasiyasına getdiyi üçün o, həmin traktoru Xəyyamın qardaşı Əyyam Cəfərovdan təhvil almışdır. Traktoru aldıqdan sonra ümumilikdə 6000 manat ödəniş etmişdir. Traktorun sənədi olmadığı və təmirinə çox vəsait lazım olduğuna görə o, traktoru hissələrə bölərək Ağcabədi rayon Ağabəyli kənd ərazisində yerləşən Orxan adlı şəxsin metal qəbul edən sexinə satmış və 7800 manat ödəniş əldə etmişdir. O, müəyyən səbəbdən borcunu gecikdirdiyi üçün T28 markalı traktorunu cavabdehin qardaşı Əyyama vermişdir. Onun hazırda cavabdehə 11000 manat borcu qalmış, həmin borcdan hazırda o, 3000 manat ödəniş etməyə hazır olduğunu, traktorunu cavabdehin qaytarmasını və o da işləyərək borcunu 5-6 ay müddətə qaytaracağına söz verərək bu barədə məhkəməyə ərizə təqdim etdi. İş materiallarında olan Ağcabədi rayon PŞ-nin cinayət işi başlanmasının rədd edilməsi barədə 28 noyabr 2024-cü il tarixli qərarından görünür ki, Cavabdeh İddiaçı oğlundan tarktor aldığını həmin traktora görə cavabdehə 11000 manat borcu qaldığı etiraf etmişdir. İşdə olan 12 dekabr 2024-cü il tarixli qəbzdən görünür ki, İddiaçı 125 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası MM-nin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirilməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 739.1-ci maddəsində göstərilir ki, müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsində göstərilir ki, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formadabağlanır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı tərəfindən Cavabdeh aralarında olan şifahi razılaşma əsasında 17000 manata qiymətləşərək, K700 markalı traktor nisyə satılmış, cavabdeh tərəfindən həmin məbləğdən 6000 manat nəğd şəkildə ödəmiş, 11000 manat isə borc olaraq qalmışdır. həmin borc puldan cavabdeh tərəfindən heç bir məbləğdə ödəniş edilməmişdir. Cavabdeh tərəfindən bu günədək iddiaçı ilə aralarında olan şifahi razılaşmaya əməl edilməmiş və nisyə alınmış K700 markalı traktora görə yaranmış 11000 manat pul bu günədək qaytarılmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsində göstərilir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddianın irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamaə çıxarır. Həmin Məcəllənin 217.4-cü maddəsində göstərilir ki, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təsdiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, iş üzrə 125 manat dövlət rüsumu iddiaçı tərəfindən ödənildiyindən həmin məbləğ də cavabdehə aid edilməlidir. Həmin Məcəllənin 233.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Beləliklə, məhkəmə iş üzrə müəyyən olunmuş sübutlara hüquqi qiymət verərək belə bir nəticəyə gəlir ki, İddiaçı tərəfindən Cavabdeh nisyə satılmış K700 markalı traktora görə cavabdehin 11000 manat məbləğində borc öhdəliyi yaranmış, eyni zamanda məhkəməyə ödənilmiş 125 manat dövlət rüsumu işdə olan qəbzdə öz təsdiqini tapır. Lakin Cavabdeh borclu olduğu pulun qaytarılması ilə bağlı üzərinə götürdüyü öhdəliyi pozmaqla onu tam icra etməmişdir. İddianın təmin olunmuş hissəsinə uyğun olaraq cavabdehdən 123 manat dövlət rüsumu tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Qeyd olunanlara əsasən məhkəmə İddiaçı iddia tələbinin qismən təmin olunması qənaətinə gəldi. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213-214, 216-220, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 11000 (on bir min) manat məbləğində borc pul və dövlət rüsumuna görə ödənilmiş 123 manat pul tutularaq İddiaçı xeyirinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağcabədi rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Sulduz Ləzimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar