Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-569/2024 13.05.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2 və İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 10200 manat borcun və 126 manat dövlət rüsumunun alınıb ona verilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbini dəqiqləşdirərək izahatında göstərdi ki, 2015-ci ildə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ilə alver etmiş, onlara iri və xırda buynuzlu heyvanlar satmışdır. Həmin ildə aralarında olan şifahi razılaşmaya əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nisyə olaraq 29 baş iribuynuzlu mal-qara satmış, aralarında 13500 manat borc yaranmışdır. Cavabdehlər yaranmış borcu vermədikləri üçün məcbur olub Şamaxı rayon polis şöbəsinə müraciət etmiş, cavabdehlər Şamaxı rayon polis şöbəsində nisyə mal-qara alverindən ona 13500 manat borclu qalmaları barədə iltizam yazıb vermişlər. Eyni zamanda cavabdehlər ona olan borcu 10 mart 2023-cü il tarixdən başlayaraq hər ay minimum 500 manat ödəyəcəkləri barədə üzərilərinə öhdəlik götürmüşlər. Həmin vaxtdan sonra cavabdehlər ona cəmi 3300 manat məbləğində pul ödəmişlər. Dəfələrlə cavabdehlərdən qalan 10200 manat məbləğində borc tələb olunmuş, lakin onlar müxtəlif bəhanələr gətirərək bu günə kimi qalıq borcu ona qaytarmamışlar. Ona görə də nisyə alqısatqıya görə ödənilməmiş qalan 10200 manat borcun və 126 manat dövlət rüsumunun əvəzinin cavabdehlərdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə dəfələrlə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Cavabdeh1 və Cavabdeh2 tərəfindən imzalanmış iltizamın surətindən görünür ki, Cavabdeh1 və Cavabdeh2 İddiaçı olan ümumi borcları 13500 manat təşkil etmişdir. Cavabdehlər yaranmış borcu 10 mart 2023-cü il tarixdən başlayaraq hər ay minimum 500 manat ödəyəcəkləri barədə üzərilərinə öhdəlik götürmüşlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul, işgüzar nüfuza vurulmuş zərərin əvəzi və əldən çıxmış faydanın tutulması məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələbinə əsasən borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir (mad. 433.1). Beləliklə, məhkəmə iclasında iddiaçının izahatı, toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə müəyyən edildi ki, 2015-ci ildə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ilə İddiaçı alver etmiş, sonuncu cavabdehlərə iri və xırda buynuzlu heyvanlar satmışdır. Həmin ildə aralarında olan şifahi razılaşmaya əsasən iddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nisyə olaraq 29 baş iribuynuzlu mal-qara satmış, aralarında 13500 manat borc yaranmışdır. Cavabdehlər yaranmış borcu vermədikləri üçün İddiaçı Şamaxı rayon polis şöbəsinə müraciət etmiş, cavabdehlər Şamaxı rayon polis şöbəsində nisyə mal-qara alverindən ona 13500 manat borclu qalmaları barədə iltizam yazıb vermişlər. Eyni zamanda cavabdehlər İddiaçı olan borcu 10 mart 2023-cü il tarixdən başlayaraq hər ay minimum 500 manat ödəyəcəkləri barədə üzərilərinə öhdəlik götürmüşlər. Həmin vaxtdan sonra cavabdehlər İddiaçı cəmi 3300 manat məbləğində pul ödəmişlər. Dəfələrlə cavabdehlərdən qalan 10200 manat məbləğində borc tələb olunmuş, lakin onlar müxtəlif bəhanələr gətirərək bu günə kimi qalıq borcu İddiaçı qaytarmamışlar. Hazırda cavabdehlərin iddiaçıya olan borcu 10200 manat təşkil edir. Ona görə də məhkəmə hesab edir ki, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 10200 manat məbləğində pul alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından göründüyü kimi, məhkəmə xərcləri iddiaçı tərəfindən ödənilmiş 126 manat məbləğində dövlət rüsumundan ibarətdir. Məhkəmə hesab edir ki, iddia tələbinin məbləği təmin edildiyi üçün, ödənilmiş iddia tələbinin məbləğinə uyğun olaraq cavabdehlərdən 126 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada nisyə satılmış iribuynuzlu heyvanların alqı-satqısından yaranmış borca görə 10200 manat (on min iki yüz manat) və dövlət rüsumuna görə ödənilmiş 126 manat məbləğində pul alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Quliyev
Məhkəmə qərarları › İş №2(017)-569/2024
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-569/2024
13.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver