Məhkəmə qərarları › İş №2(017)-61/2025

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-61/2025

22.01.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-61/2025 22.01.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı maddi ziyan tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı 4500 manat məbləğində maddi ziyanın və 66 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi tələbinə dair məhkəmədə iddia qaldırmışdır. İddiaçı məhkəmə baxışı zamanı iddiasını müdafiə edərək izahatında göstərdi ki, 2022-ci ilin iyul ayında Cavabdeh odlu silahdan atəş açaraq ona məxsus Qarabağ cinsli bir baş atını öldürmüşdür. O, hadisə ilə əlaqədar Ağcabədi rayon Polis Şöbəsinə müraciət etmişdir. Müraciəti ilə bağlı Ağcabədi rayon Polis Şöbəsində araşdırma aparılmış və cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 274-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 500 manat cərimə edilmişdir. Qiymətləndirmə aktında isə həmin aktın dəyəri 4500 manat müəyyən edilmişdir. Dəfələrlə cavabdehdən həmin ziyanı tələb etsə də, cavabdeh ona dəymiş ziyanı ödəməmişdir. Ona görə də, göstərdiklərini nəzərə alaraq iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi Cavabdeh məhkəmə baxışı zamanı iddianı qəbul etməyərək izahatında göstərdi ki, yaşadığı Ağcabədi rayonunun Sarıcalı kəndində yerləşən torpaq sahəsində yonca əkmişdir. Mütəmadi olaraq həmin torpaq sahəsində inək otarıldığı üçün ona maddi ziyan dəymişdir. 04 iyul 2022-ci il tarixdə təxminən 5 baş atın həmin torpaq sahəsində otlamasını görüb özünə məxsus tüfənglə havaya atəş açmış və güllə həmkəndlisi İddiaçı məxsus ata dəymişdir. İddiaçıün atı açdığı atəş nəticəsində ölmüçdür. İddiaçı hadisə ilə bağlı Ağcabədi rayon Polis Şöbəsinə müraciət etmiş, Ağcabədi rayon Polis Şöbəsində araşdırma aparılmış və cinayət işinin başlanmasının rədd edilmişdir. Bundan sonra o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 274-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 500 manat cərimə edilmiş və cəriməni də ödəmişdir. Hazırda da İddiaçı ondan 4500 manat tələb edir. Lakin, həmin atın dəyəri təxminən 100-200 manat təşkil etmişdir. İddianı qəbul etmir və iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. İşdə olan və məhkəmə iclasında elan edilmiş “X2” MMC tərəfindən verilmiş 28 avqust 2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, 1 ədəd Qarabağ cinsinə məxsus atın bazar dəyəri 4500 manatdır. İşdə olan və məhkəmə iclasında elan edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 04 sentyabr 2023-cü il tarixli rəyindən görünür ki, bir rəst, 15 aylıq, qırmızı rəngli, dişi dayçanın 2022-ci ildə olan orta bazar qiyməti təxminən 500 manatdır. İşdə olan və məhkəmə iclasında elan edilmiş 22 sentyabr 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, İddiaçı müraciəti əsasında toplanmış material üzrə əməldə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş 05 avqust 2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Cavabdeh barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 274-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilmişdir ondan ötrü ki, o, 04 iyul 2022-ci il tarixdə saat 15 radələrində Ağcabədi rayonunun Sarıcalı kəndində İddiaçı məxsus 1 rəst at Cavabdeh tərəfindən “Churcill” markalı tüfənglə öldürülmüşdür. İşdə olan və məhkəmə iclasında elan edilmiş 28 sentyabr 2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 274-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 500 manat cərimə edilmişdir. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə uyğun olaraq, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, 04 iyul 2022-ci il tarixdə saat 15 radələrində Ağcabədi rayonunun Sarıcalı kəndində İddiaçı məxsus 1 rəst at Cavabdeh tərəfindən “Churcill” markalı tüfənglə öldürülmüşdür. Baş vermiş hadisə üzrə Ağcabədi rayon Polis Şöbəsində araşdırma aparılmış və cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Bundan sonra, Cavabdeh 28 sentyabr 2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 274-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 500 manat cərimə edilmişdir. Göründüyü kimi, Cavabdeh təqsirli hərəkətləri nəticəsində İddiaçı maddi ziyan dəymişdir. İddiaçı məhkəməyə “X2” MMC tərəfindən verilmiş 28 avqust 2024-cü il tarixli mütəxəssis rəyini təqdim edərək 1 ədəd Qarabağ cinsinə məxsus atın bazar dəyərinin 4500 manat olmasını göstərmiş və həmin zərərin də cavabdehdən alınaraq ona ödənilməsini məhkəmədən xahiş etmişdir. Lakin, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 04 sentyabr 2023-cü il tarixli rəyi ilə müəyyən edilmişdir ki, bir rəst, 15 aylıq, qırmızı rəngli, dişi dayçanın 2022-ci ildə olan orta bazar qiyməti təxminən 500 manat təşkil etmişdir. Odur ki, məhkəmə“X2” MMC-nin rəyini sübut növü kimi qəbul etməyərək və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 04 sentyabr 2023-cü il tarixli rəyini sübut növü kimi qəbul edərək hesab edir ki iddia tələbi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 04 sentyabr 2023-cü il tarixli rəyində göstərilən hissədə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırması hüququna malikdir. Məhkəmə mülki işin məhkəmə iclasında müəyyən olunmuş və yuxarıda qeyd edilmiş halları nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 500 manat məbləğində maddi ziyan alınaraq İddiaçı verilməli və iddia tələbi qalan hissədə təmin edilməməlidir. İşdə olan 30 avqust 2024-cü il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən 66 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ödənilmiş 66 manat dövlət rüsumunun iddianın təmin olunmuş hissəsinə münasibətdə, yəni 30 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməli, ödənilmiş dövlət rüsumunun qalan hissəsi isə iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 500 manat məbləğində maddi ziyan və ödənilmiş dövlət rüsumundan 30 manat, cəmi 530 (beş yüz otuz) manat alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən bir ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar