Məhkəmə qərarları › İş №2(017)-713/2025

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-713/2025

17.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-713/2025 17.04.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X5, İddiaçı və onun nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 35000 ABŞ dolları, manatla 59500 manat və 30000 manat, yəni ümumilikdə 89500 manat, pulun ödənildiyi günə qədər hesablanmış illik 7,25 faiz bank uçot dərəcəsi kimi 6488,75 manat, dövlət rüsumuna görə ödənilmiş 358,5 manat məbləğində pulun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh atası X3 vasitəsi ilə tanımışdır. 21 aprel 2012-ci il tarixdə atasının ondan notariat qaydasında aldığı 75000 ABŞ dolları pulu Ayaz gətirib ona qaytardığından aralarında yaxın münasibətləri yaranmışdır. Təxminən 2018-ci ildə Ayazın özü də ondan bir neçə dəfə borc pul istəmiş, ona inandığına görə borc pul vermiş, həqiqətən razılaşdığı vaxtda həmin pulu ona geri qaytarmışdır. Bundan sonra xx.xx.2019-cu il tarixdə Ayaz ondan anası X1 adına 5000 (beş min) ABŞ dolları, həyat yoldaşı X2 adına 10000 (on min) ABŞ dolları və xx.xx.2019-cu il tarixdə isə öz adına 5000 (beş min) ABŞ dolları və 30000 (otuz min) manat borc pul tapmağı xahiş etmişdir. Ona inanıb dediyi pulları tapıb ona vermişdir. Həmin vaxtı aralarında borc müqaviləsi bağlanmasa da ondan həmin pulları aldığına dair qəbz yazıb vermişdir. Bir müddətdən sonra, yəni xx.xx.2020-ci il tarixdə cavabdeh Tağıyev X7 Respublikasından ona zəng edib bildirdi ki, “Bəylər dayı bilirəm sizə 20000 ABŞ dolları və 30000 manat borcum var, buna baxmayaraq burada yaxşı mal var almaq istəyirəm, imkan varsa mənə 95000 manat pul ver, həmçinin də həmin pulu dollara çevirib mənə göndər. Həmin malları satıb, sizə olan köhnə borclarımı və habelə hazırkı borcumu qaytararam”. Ona çox inandığım üçün elə həmin günü 95000 manat pulu tapıb 51000 (əlli bir min) ABŞ dollarına çevirib, dayısı oğlu Anarın vasitəsilə ona göndərib. Bir müddətdən sonra dayısı oğlu Anarın vasitəsilə ondan aldığı 51000 ABŞ dollarını ona qaytarmışdır. Anar pulu ona qaytarandan sonra zəng vurub bu barədə Ayaza bildirən vaxtı telefonu ona verdi ki, Ayaz danışmaq istəyir, telefonu alıb onunla danışanda Ayaz dedi ki, “Bəylər dayı imkan varsa o pulun 15000 (on beş min) ABŞ dollarını Anara qaytar tez bir vaxtda həmin pulu və sizə olan qalan borclarımı qaytaracam”. Ona inandığına görə göndərdiyi puldan 15000 ABŞ dollarını Anara qaytarıb. O da həmin pulu aparıb Ayaza vermişdir. Ayaz xx.xx.2022-ci ildə Azərbaycana qayıdanda gəlib ondan 15000 ABŞ dolları aldığına dair qəbz yazıb verdi. Beləliklə, Ayazın ona 35000 (otuz beş min) ABŞ dolları, manatla 59500 (əlli doqquz min beş yüz manat) və 30000 (otuz min) manat, ümumilikdə 89500 (səksən doqquz min beş yüz) manat borcu olduğunu təsdiq etdi. Cavabdeh xx.xx.2024-cü il tarixdə də yenə Azərbaycan Respublikasına qayıdanda gəlib onunla görüşüb və bu dəfə də ona yazılı surətdə qəbz yazıb verərək söz verdi ki, 2024-cü ilin Noyabr – Dekabr aylarında ona olan borclarının hamısını qaytaracaqdır. Lakin Cavabdeh ona olan borcunu bu günə kimi qaytarmamışdır. Mərkəzi Bankın 2021-ci ilin oktyabr ayında uçot dərəcəsi 7%, 2023-cü ilin dekabr ayında isə 8% olmuş və beləcə 2021-2024-cü illər üzrə orta faiz dərəcəsi 7,5% təşkil etmişdir. Hazırkı tarixdə, yəni xx.xx.2024-cü ildə isə Mərkəzi Bankın vahid uçot dərəcəsi 7,25% təşkil etdiyindən müvafiq qaydada hesablanmış 6488,75 manat məbləğində zərərin əvəzi də tutularaq ona ödənilməlidir. Odur ki, yuxarıda göstərilənlərə əsasən Cavabdeh əsas borca görə 35000 (otuz beş min) ABŞ dolları, manatla 59500 (əlli doqquz min beş yüz manat) və 30000 (otuz min) manat, yəni ümumilikdə 89500 (səksən doqquz min beş yüz) manatın, dövlət rüsumunun ödənilməsinə görə 378,5 manatın və pulun ödənildiyi günə qədər hesablanmış illik 7,25 faiz bank uçot dərəcəsi kimi 6488,75 manatın tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddiasını müdafiə etdi və iddia ərizəsinə uyğun izahat verərək iddiasının təmin edilməsini xahiş etdi. Eyni zamanda əlavə izahat verərək göstərdi ki, az ödənildiyinə görə əlavə 20 manat dövlət rüsumu ödəmişdir. Ona görə dövlət rüsumuna görə cəmi 379 manat pul ödəmişdir. Həmin pulun da cavabdehdən alınıb ona verilməsini xahiş etdi. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə da iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçını və onun nümayəndəsini dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş (Cavabdeh şəxsiyyət vəsiqəsinin surətinin çıxarıldığı kağızın arxa üzündə) qəbzdən görünür ki, “Mən Cavabdeh İddiaçı 20000 $ (20.min dollar, 30000 AzN (30.min manat) borc almışam. 2019.05.25. 10000 $ dollar aldım. 20000 AzN aldım. 2020.10.05. Mən Cavabdeh bu pulların cəmi hesablananda mənim İddiaçı 20000 $ 30000 AzN aldığım 2019 il sentyabr borcum qalıb. 15000 $ 20xx.xx.2025.” kimi qeydlər yazılmış və imza ilə təsdiq olunmuşdur. İş materiallarına əlavə edilmiş (X2 şəxsiyyət vəsiqəsinin surətinin çıxarıldığı kağızın aşağı hissəsində) qəbzdən görünür ki, “Mən Cavabdeh həyat yoldaşım X2 adına 10000 $ (ABŞ dolları) aldım. Öz qolumla imzalayıram xx.xx.2019. Cavabdeh” kimi qeydlər yazılmış və imza ilə təsdiq olunmuşdur. İş materiallarına əlavə edilmiş (X1 şəxsiyyət vəsiqəsinin surətinin çıxarıldığı kağızın aşağı hissəsində) qəbzdən görünür ki, “Mən Cavabdeh anam X1 adına 5000 $ (ABŞ dolları) aldım. Aldığımı öz qolumla təsdiqləyirəm. xx.xx.2019. Cavabdeh” kimi qeydlər yazılmış və imza ilə təsdiq olunmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, “Mən Cavabdeh ondan ötəri yazıram ki, mən İddiaçı 2020 ci ildə anam X4 adına 10000 ABŞ dolları, həyat yoldaşım X6 adına 5000 ABŞ dolları, öz adıma 20000 ABŞ dolları, 30000 AZN borc aldım və 2024-cü il noyabr-dekabr aylarında qaytarmağa söz verirəm. Birlikdə cəmi İddiaçı 35000 ABŞ dolları və 30000 AZN borcluyam və tezliklə qaytarmağa söz verirəm. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinə görə qanuna və ya digər normativ-hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1 maddəsində göstərildiyi kimi, müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Tərəflər arasında hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələbinə görə: 739.1-ci maddəsində göstərilir ki, müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o kredit müqaviləsi adlandırılır. 740.1-cı maddəsində göstərilir ki, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2-cı maddəsində göstərilir ki, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh borc məqsədi ilə İddiaçı 2019-2022-ci illərdə hissə-hissə ümumilikdə 35000 ABŞ dolları və 30000 manat məbləğində borc almışdır. Həmin borcların alınmasına dair qəbz yazıb imzalamışdır. Borcun ödənilməsi üçün iddiaçı cavabdehə dəfələrlə xəbərdarlıq etsə də, etdiyi xəbərdarlıqların heç bir nəticəsi olmamışdır. Bundan sonra Cavabdeh xx.xx.2024-cü il tarixdə həmin borclarla bağlı yeni qəbz yazaraq ümumilikdə İddiaçı 35000 ABŞ dolları və 30000 AZN borclu olduğunu etiraf etmiş və 2024-cü il noyabr-dekabr aylarında qaytarmağa söz vermişdir. Sadalanan qanunvericilik aktı normalarını hazırkı mülki mübahisəyə tətbiq edən məhkəmə hesab edir ki, iddia tələbinin qanuni əsası kimi göstərilən həmin maddi normalara əsasən iddia qismən əsaslı olduğu üçün qismən təmin edilməli, Cavabdeh 35000 ABŞ dolları və 30000 manat məbləğində pul alınaraq İddiaçı verilməlidir. Həmçinin, məhkəmə hesab edir ki, iddiaçının cavabdehə qarşı olan iddiasının - Cavabdeh 6488,75 manat əldən çıxmış faydanın alınıb verilməsinə dair hissəsində, iddiaçı həmin halları təsdiq edən mötəbər sübut növünü məhkəməyə təqdim edə bilməmiş, eləcə də istinad etdiyi hüquqi əsasını göstərməmişdir. Ona görə də iddia tələbi həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından göründüyü kimi, məhkəmə xərcləri iddiaçı tərəfindən ödənilmiş 359 manat və 20 manat məbləğində, cəmi 379 manat dövlət rüsumundan ibarətdir. Məhkəmə iddia tələbinin qismən təmin olunmasını nəzərə alaraq hesab edir ki, iddiaçının ödədiyi 379 manat dövlət rüsumundan 359 manat iddiaçının xeyrinə cavabdehdən tutulmalı, qalan məbləğ isə iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 35000 (otuz beş min) ABŞ dolları (ödəniş gününə dolların manata olan məzənnəsi ilə) və 30000 (otuz min) manat, həmçinin dövlət rüsumuna görə ödənilmiş 359 (üç yüz əlli doqquz) manat məbləğində pul alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar