Məhkəmə qərarları › İş №2(017)-778/2023

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-778/2023

20.06.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-778/2023 20.06.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, İddiaçı və onun nümayəndəsi (vəkili) Vəkil1, Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 11800 ABŞ dolları məbləğində pulun və ödəmiş olduğu 150 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, 2009-cu ildə özünə ev tikdirmək üçün torpaq sahəsi axtaran zaman Ağcabədi şəhər sakini Cavabdeh2 0,08 ha torpaq sahəsi satdığını öyrənmişdir. Cavabdeh2la telefon əlaqəsi saxlayaraq onunla görüşmüş, Cavabdeh2 satılan torpaq sahəsinin qardaşına məxsus olduğunu və torpaq sahəsinin 0,08 ha hissəsini satmaq istədiyini bildirmişdir. Həmin vaxt torpaq sahəsinin hər 0,01 ha hissəsini 1500 ABŞ dollarına razılaşmışlar. Torpaq sahəsinin ümümi qiyməti 12000 ABŞ dolları olmuşdur. O, həmin pulu Cavabdeh2 vermiş və Cavabdeh2 həmin puldan ona 200 ABŞ dolları güzəşt edərək ona qaytarmışdır. Cavabdeh2la torpaq sahəsinin yerləşdiyi əraziyə gedərək 0,08 ha torpaq sahəsini ölçüb ona təhvil vermiş və həmçinin qardaşı Vidadi gəldikdən sonra torpağın çıxarışını alacağını və alqı-satqının aparılacağını ona bildirmişdir. O, həmin torpaq sahəsində ev tikdirmiş və hazırda da həmin evdə yaşayır. Ev tikildikdən sonra işi ilə bağlı Rusiya Federasiyasına getmiş və qayıtdıqdan sonra, yəni yaxın vaxtlarda onun evinin yaxınında obyekt tikildiyini görmüşdür. Bu barədə şəhər bələdiyyəsinə müraciət etmiş, bələdiyyədən torpağın bələdiyyənin deyil cavabdehlərin şəxsi mülkiyyətində olduğunu bildirmişdirlər. Həmin vaxt ona məlum olmuşdur ki, cavabdehlər ona satdıqları torpağın qalan hissəsini başqa şəxsə satmışlar. Bundan sonra o, cavabdehlərdən aldığı torpaq sahəsini öz adına rəsmiləşdirmək istəyərkən ona məlum olmuşdur ki, cavabdehlərin ona satdıqları torpaq sahəsi cavabdehlərin həyətyani sahəsi olsa da, bələdiyyə mülkiyyətindədir və torpaq sahəsinin rəsmiləşdirilməsi üçün təxminən 10000-15000 manat pul lazımdır. Həmçinin ona məlum olmuşdur ki, cavabdehlər mülkiyyətində olan 0,12 ha torpaq sahəsini bütövlükdə başqa şəxsə satmışlar. Bundan sonra torpaq sahəsinin onun adına rəsmiləşdirilməsi barədə cavabdehlərə bildirmiş, lakin cavabdehlər müxtəlif bəhanələrlə bundan yayınmışlar və cavabdehlərdən pulunu tələb etsəd də, cavabdehlər onun pulunu da qaytarmamışlar. Ona görə də göstərdiklərini nəzərə alaraq cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 11800 ABŞ dolları məbləğində pulun və ödəmiş olduğu 150 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Vəkil1 İddiaçı izahatına uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh2 məhkəmə baxışı zamanı iddianı qəbul etməyərək izahatında göstərdi ki, 2004-cü ildə qardaşı Cavabdeh1 Ağcabədi şəhəri, Üzeyir Hacıbəyli küçəsində yerləşən həyətyani torpaq sahəsi ayrılmışdır. 2009-cu ildə Vidadi X1rkən onunla əlaqə saxlayaraq pula ehtiyacının olmasını və həyətyanı torpaq sahəsinin bir hissəsini satmasını demişdir. 2009-cu ilin aprel ayında İddiaçı onunla əlaqə saxlayaraq görüşmüşlər və Vidadinin həyətyani torpaq sahəsinin hər sotunu 1500 ABŞ dollarına razılaşaraq torpaq sahəsinin 0,08 ha hissəsini İddiaçı satmış, Vidadi ona 12000 ABŞ dolları pul vermiş, o da həmin puldan 200 ABŞ dolları Vidadiyə qaytarmışdır. Həmin vaxt Ağcabədi rayon İcra nümayəndəliyinin əməkdaşlarının vasitəsi ilə qardaşına məxsus torpaq sahəsinin boş qalan hissəsindən 0,08 ha hissəsini ölçərək İddiaçı təhvil vermişlər və bu barədə müvafiq sənədləşmə işləri də aparılmışdır. Bundan sonra, Vidadi həmin torpaq sahəsində ev tikdirmiş və hazırda da həmin evdə yaşayır. Torpaq sahəsini İddiaçı satarkən sənədləşmə işlərini Vidadi özü həll edəcəyini bildirmiş və buna görə də o, torpaq sahəsini dəyərindən ucuz qiymətə Vidadiyə satmışdır. Qardaşı Cavabdeh1 pula ehtiyacı olduğu üçün tarpaq sahəsinin qalan hissəsini də başqa şəxsə satmışdır. Odur ki, İddiaçı onlara qarşı qaldırdığı iddianı əsassız hesab edir və rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh2 həmçinin iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək göstərdi ki, İddiaçı məhkəməyə müraciət edərkən qanunda nəzərdə tutulmuş iddia müddətini də ötürmüşdür. Belə ki, İddiaçı 2009-cu ilin aprel ayında torpaq sahəsi üçün 11800 ABŞ dolları məbləğində pul verməsinə baxmayaraq o, 2023-cü ildə, yəni 14 ildən sonra məhkəməyə müraciət etmiş və bununla da qanunda nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür. Ona görə də, iddia müddətinin tətbiq edilərək iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh1 məhkəmə baxışı zamanı iddianı qəbul etməyərək izahatında göstərdi ki, 2004-cü ildə ona Ağcabədi şəhəri, Üzeyir Hacıbəyli küçəsində yerləşən həyətyani torpaq sahəsi ayrılmışdır. 2009-cu ildə Rusiya Fedarasiyasında olarkən pula ehtiyacı olmuş və qardaşı Cavabdeh2la əlaqə saxlayaraq ona məxsus həyətyanı torpaq sahəsinin bir hissəsini satmasını demişdir. 2009-cu ilin aprel ayında Cavabdeh2 həmin torpaq sahəsinin 0,08 ha hissəsini İddiaçı 12000 ABŞ dollarına satmış, Firdosi həmin puldan 200 ABŞ dolları Vidadiyə qaytarmış və qalan pulu da ona göndərmişdir. Həmin vaxt Firdosi ilə Vidadinin arasında olan razılaşmaya görə alqı-satqı ilə əlaqədar bütün xərcləri və sənədləşmə işlərini İddiaçı çəkməli idi. Bir müddət bundan əvvəl pula ehtiyacı olmuş və həyətyani torpaq sahəsinin qalan hissəsini də satmışdır. Odur ki, İddiaçı onlara qarşı qaldırdığı iddianı əsassız hesab edir və rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh1 həmçinin iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək göstərdi ki, İddiaçı məhkəməyə müraciət edərkən qanunda nəzərdə tutulmuş iddia müddətini də ötürmüşdür. Belə ki, İddiaçı 2009-cu ilin aprel ayında torpaq sahəsi üçün 11800 ABŞ dolları məbləğində pul verməsinə baxmayaraq o, 2023-cü ildə, yəni 14 ildən sonra məhkəməyə müraciət etmiş və bununla da qanunda nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür. Ona görə də, iddia müddətinin tətbiq edilərək iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. İddiaçı iddia müddətinin tətbiq edilməsi barədə cavabdehlərin ərizəsi ilə razılaşmayaraq bildirdi ki, torpaq sahəsini təxminən 2009-cu ilin aprel ayında almışdır. Bundan sonra, o torpaq sahəsini öz adına rəsmiləşdirmək üçün çalışsa da, buna nail ola bilməmişdir. 2022-ci ilin fevral ayında Rusiya Fedarasiyasından qayıdarkən ona məlum olmuşdur ki, cavabdehlər torpaq sahəsinin qalan hissəsini başqa şəxsə satmışlar və bundan sonra pulunu tələb etmiş və 2023-cü ildə məhkəməyə müraciət etmişdir. Ona görə də hesab edir ki, iddia müddəti ötürülməmişdir. İddiaçı nümayəndəsi Vəkil1 iddia müddətinin tətbiq edilməsi barədə cavabdehlərin ərizəsi ilə razılaşmayaraq bildirdi ki, torpaq sahəsini almaq üçün iddiaçı cavabdehlərə 11800 ABŞ dolları məbləğində pulu 2009-cu ilin aprel ayında versə də, iddiaçı 2022-ci ilin fevral ayında Rusiya Fedarasiyasından qayıtdıqdan sonra cavabdehlərdən pulunu tələb etmiş və iddia müddətinin başlanğıcı da həmin vaxtdan hesablanmalıdır. Ona görə də hesab edir ki, iddia müddəti ötürülməmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş Ağcabədi şəhəri üzrə İcra Hakimiyyətinin nümayəndəsinin sərəncamından görünür ki, Cavabdeh1 məxsus Ağcabədi şəhəri, Üzeyir Hacıbəyli küçəsində yerləşən 0,12 ha torpaq sahəsinin boş, istifadəsiz hissəsindən 0,08 ha ölçülüb İddiaçı təhvil verilmiş, bu barədə tərtib edilmiş akt təsdiq edilmişdir. Məhkəmə tərəfləri dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi müddət keçdiyi üçün təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Mülki işin məhkəmə tədqiqi zamanı müəyyən olundu ki, İddiaçı 2009-cu ilin aprel ayında Cavabdeh2la razılaşaraq Cavabdeh2 qardaşı Cavabdeh1 məxsus Ağcabədi şəhəri, Üzeyir Hacıbəyli küçəsində yerləşən 0,12 ha torpaq sahəsinin boş, istifadəsiz hissəsindən 0,08 ha torpaq sahəsini 11800 ABŞ dollarına almış və müəyyənləşdirilmiş pul məbləğini cavabdehlərə ödəyərək üzərinə düşən öhdəliyi yerinə yetirmişdir. Cavabdehlər həmin pulu əldə etsələr də, üzərinə düşən öhdəliyi yerinə yetirməmişlər, yəni satılmış torpaq sahəsi cavabdehlərin mülkiyyətində olmadığından aldıqları pulun müqabilində 0,08 ha torpaq sahəsini iddiaçının mülkiyyətinə keçirə bilməmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1 və 1091.2-ci maddələrinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Göründüyü kimi cavabdehlər mülkiyyətlərində olmayan torpaq sahəsini iddiaçıya satmaqla iddiaçının 11800 ABŞ dolları məbləğində pulunu əldə edib iddiaçının hesabına hüquqi əsas olmadan əsassız varlanmışlar və iddiaçı da cavabdehlərdən həmin pulu tələb etməkdə haqlıdır. Lakin, iddiaçı 11800 ABŞ dolları məbləğində pulun cavabdehlərdən alınması ilə bağlı iddiasını, iddia müddətini üzrsüz səbəbdən ötürməklə məhkəməyə vermiş, cavabdehlər də iddia müddətinin tətbiq edilməsi barədə məhkəməyə ərizə təqdim etmişlər. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 1095-ci maddəsinə əsasən əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Göründüyü kimi İddiaçı cavabdehlərdən aldığı torpaq sahəsi üçün 2009-cu ildə vermiş olduğu 11800 ABŞ dolları məbləğində pulu tələb edir və iddiaçı iddia müddətini keçirməklə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 375.1-ci maddəsinin tələbinə görə hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəffndən baxılmağa qəbul edilir. Həmin Məcəllənin 375.2-ci maddəsinin tələbinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina etməsində qərar çıxarması üçün əsasdır. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 dekbar 2001-ci il tarixli, qərarında göstərilir ki, iddia müddəti birinci növbədə hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı. İddia müddətləri iki növə bölünür – ümumi və xüsusi. Ümumi iddia müddəti nə hüquq münasibəti subyektlərinin hüquqi statusundan, nə də mülkiyyətin formasından və növündən asılı deyil. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair» 03 iyun 2013-cü il tarixli qərarında qeyd etmişdir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. «L.İ.Binnətovanın şikayəti üzrə» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarında göstərilir ki, iddia müddətinin tətbiqi barədə ərizənin verilməsi qaydasını (subyekt, forma, verilmə anı, məzmun – iddia müddətlərinin keçməsini əks etdirən konkret faktoloji əsas və onun nəticəsində yaranan maddi-hüquq tələbi) ehtiva edən maddi hüquq normasının mövcudluğu, onun daxilində iddia müddətinin tətbiqi ilə bağlı məsələnin həllinin tənzimlənməsi, habelə maddi normanın hüquqyaradıcı və hüququ təminedici təbiəti bir qayda olaraq onun hüququn müdafiəsində prosessual normanı qabaqlamasını tələb edir. Avropa İnsan Hüquqları Məhkəməsi, analoji hüquqi mövqedən çıxış edərək, «Miragall Eskolano və digərləri İspaniyaya qarşı» iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar (§ 33). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırması hüququna malikdir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 11800 ABŞ dolları məbləgində pul tələbinə dair iddiası iddia müddətinin ötürülməsi səbəbindən təmin edilməməlidir. İşdə olan 07 fevral 2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı oğlu tərəfindən 150 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən iş üzrə ödənilmiş 150 manat dövlət rüsumu da iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia təmin edilməsin. İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 11800 (on bir min səkkiz yüz) ABŞ dolları məbləğində pul tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 150 (bir yüz əlli) manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən bir ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar