Məhkəmə qərarları › İş №2(017)-782/2023

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-782/2023

20.06.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi -
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-782/2023 20.06.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X12, iddiaçı X5 nümayəndəsi Nümayəndə və Cavabdeh iştirakı ilə İddiaçı X5 Cavabdeh qarşı “maddi və mənəvi ziyanın alınması, torpaq sahəsinin müəyyən edilib naturada ayrılması və torpaq sahəsindən çıxarılma” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı X10 Cavabdeh qarşı “maddi və mənəvi ziyanın alınması, torpaq sahəsinin müəyyən edilib naturada ayrılması və torpaq sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən onun xeyrinə maddi ziyana görə 50000 manat, mənəvi ziyana görə 20000 manat məbləğində pulun məcburi qaydada alınamsına, “Torpağa Mülkiyyət Hüququna dair” JN 123 nömrəli şəhadətnamədə göstərilən torpaq sahəsində ona məxsus hissənin müəyyən edilib naturada ayrılmasına, cavabdehin ona məxsus torpaq sahəsindən çıxarılmasına və dövlət rüsumuna görə ödənilmiş 246 manat məbləğində pulun cavabdehdən alınaraq ona verilməsinə dair qətnamə şıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı X5 nümayəndəsi Nümayəndə iddianı müdafiə etdi və izahatında göstərdi ki, iddiaçı X10 onun doğma qardaşıdır. Qardaşı Barat uzun müddətdir ki, Rusiya Federasiyasının vətəndaşı olmaqla Perm vilayəti, Qornozavodskiy rayonu, Tyoplaya qora f/q, Okunev küçəsi 2 nömrəli evdə qeydiyyatda olmaqla yaşayır. “Torpağa Mülkiyyət Hüququna dair” JN 123 nömrəli şəhadətnaməyə əsasən onun mülkiyyətinə 0,5916 ha torpaq sahəsi verilmişdir. Qardaşı verilən torpaq sahəsindən uzun müddətdir ki, istifadə edə bilməmiş, istifadə etmək istədikdə isə Cavabdeh ona torpaq sahəsinin verilmədiyini demişdir. Onun ərizəsi əsasında aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, torpaq sahəsinə dair mülkiyyət hüququnu müəyyən edən şəhadətnamə Ağcabədi rayon İHB-nın Qiyamadınlı kənd ərazi inzibati dairəsi üzrə nümayəndəsinin müavini X8 tərəfindən saxtalaşdırılmışdır. Buna baxmayaraq müddət keçdiyinə görə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul olunmuşdur. Cavabdehin sənədləri saxtalaşdırması, torpaq sahəsindən 23 iyun 1997-ci il tarixdən hal-hazırkı vaxta qədər istifadə etməsi nəticəsində iddiaçı 50000 manat ziyan çəkmiş, onun mülkiyyət hüquqları pozulmuşdur. Bundan başqa, iddiaçı uzun müddət müxtəlif instansiyalara şikayət ərizələri ilə müraciət etməyə, izahatlar verməyə məcbur olmuşdur. Ona görə də iddianın tam həcmdə təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək vermiş olduğu izahatında göstərdi ki, iddia ərizəsində iddiaçının adı X3 göstərilsə də onun adı İddiaçı Şaumyan oğlu olmuşdur. 1989-cu ildə onun ata adı Şaumyandan Şamilə dəyişdirilmişdir. İddiaçı uzun müddətdir, hələ torpaq islahatı başlamamışdan da əvvəl, sovetlər birliyi dövründə Azərbaycandan çıxıb getmiş, Rusiya Federasiyasının vətəndaşı olmaqla, hazırda Perm şəhərində yaşayır. Ağcabədi rayon AİK-nın 23 iyun 1997-ci il tarixli 7 nömrəli qərarına əsasən ona və ailə üzvlərinə Ağcabədi rayonunun Qiyamadınlı kəndi ərazisindən kənd təsərrüfatı məhsulları istehsalı üçün 3,55 ha torpaq sahəsi verilmişdir. Bu barədə adlarına “Torpağa Mülkiyyət Hüququna dair” JN 123 kod 60805028 nömrəli Dövlət aktı və həmin akt əsasında adlarına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən daşınmaz əmlakın reyestr nömrəsi **********16, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2021-ci il olan və daşınmaz əmlakın Dövlət reyestrindən daşınmaz əmlakın reyestr nömrəsi **********17, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2021-ci il olan Çıxarışlar verilmişdir. Buna baxmayaraq iddiaçı X10 heç bir hüquqi əsası olmadan ona qarşı “maddi və mənəvi ziyanın alınması, torpaq sahəsinin müəyyən edilib naturada ayrılması və torpaq sahəsindən çıxarılma” tələbinə dair məhkəmədə iddia qaldırmışdır. Hazırkı mübahisəli torpaq sahəsinin iddiaçıya heç bir aidiyyəti yoxdur. Mübahisəli torpaq sahəsi ona və ailə üzvlərinə məxsus olmaqla onların xüsusi mülkiyyətindədir. İddiaçının iddiası qanunsuz və əsasızdır. Ona görə də iddiaçı X5 iddiasının təmin edilməməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyib, iş materiallarını araşdırıb, işdə olan sübutlara məcmuu halında qiymət verərək hesab edir ki, iddia qanunsuz və əsassız olduğuna görə təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 03 mart 1973-cü il tarixli 34 nömrəli doğum haqqında akt qeydinin surətindən görünür ki, İddiaçı Şaumyan oğlu xx.xx.1972-ci il tarixdə Ağcabədi rayonunun Qiyamadınlı kəndində anadan olmuşdur. X2, anası X1 yazılmışdır. 06 may 1989-cu il tarixli rəyə əsasən “Şaumyan” adından “Şamil” adına düzəliş edilmişdir. İş materiallarına əlavə edilmiş AZ-T 223863 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1973-cü il tarixdə Ağcabədi rayonunun Qiyamadınlı kəndində anadan olmuşdur. X4, anası X1 yazılmışdır. Bu barədə doğum haqqında akt qeydləri kitabında 1973-cü ilin mart ayının 3 günündə 34 nömrə ilə qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Vətəndaşlıq Məsələləri Baş İdarəsinin 19 may 2023-cü il tarixli ******* nömrəli qərarından görünür ki, təqdim edilən sənədlər araşdırılmaqla aşağıdakı səbəblərdən belə nəticəyə gəlinmişdir ki, xx xxxx 1973-cü il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmamalıdır. Belə ki, araşdırma nəticəsində şəxsin digər ölkə vətəndaşlığını təsdiq edən sənədlərə malik olduğu müəyyən edilmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 18 mart tarixli 84 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 3.11-ci bəndini və 4.4-cü bəndini rəhbər tutaraq qərara alınmışdır: xx xxxx 1973-cü il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmasın. İş materiallarında olan Torpağa mülkiyyət hüququna dair JN123 kod 60805028 nömrəli dövlət aktının surətindən görünür ki, Ağcabədi rayon AİK-nın 23 iyun 1997ci il tarixli 7 nömrəli qərarına əsasən Cavabdeh və ailə üzvlərinə Ağcabədi rayonunun Qiyamadınlı kəndi ərazisindən kənd təsərrüfatı məhsulları istehsalı üçün 3,55 ha pay torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən daşınmaz əmlakın reyestr nömrəsi **********16, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2021-ci il olan Çıxarışın surətindən görünür ki, Cavabdeh və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə Ağcabədi rayonunun Qiyamadınlı kəndi ərazisindən xüsusi mülkiyyət hüququ üzrə kənd təsərrüfatı təyinatlı 2,60 ha torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən daşınmaz əmlakın reyestr nömrəsi **********17, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2021-ci il olan Çıxarışın surətindən görünür ki, Cavabdeh və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə Ağcabədi rayonunun Qiyamadınlı kəndi ərazisindən xüsusi mülkiyyət hüququ üzrə kənd təsərrüfatı təyinatlı 0,9474 ha torpaq sahəsi verilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Torpağa mülkiyyət hüququna dair JN123 kod 60805028 nömrəli dövlət aktına əsasən Ağcabədi rayon AİK-nın 23 iyun 1997-ci il tarixli 7 nömrəli qərarına əsasən Cavabdeh və ailə üzvlərinə Ağcabədi rayonunun Qiyamadınlı kəndi ərazisindən kənd təsərrüfatı məhsulları istehsalı üçün 3,55 ha pay torpaq sahəsi verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən daşınmaz əmlakın reyestr nömrəsi **********16, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2021-ci il olan Çıxarışa əsasən Cavabdeh və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə Ağcabədi rayonunun Qiyamadınlı kəndi ərazisindən xüsusi mülkiyyət hüququ üzrə kənd təsərrüfatı təyinatlı 2,60 ha torpaq sahəsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən daşınmaz əmlakın reyestr nömrəsi **********17, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2021-ci il olan Çıxarışa əsasən isə Cavabdeh və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə Ağcabədi rayonunun Qiyamadınlı kəndi ərazisindən xüsusi mülkiyyət hüququ üzrə kənd təsərrüfatı təyinatlı 0,9474 ha torpaq sahəsi verilmişdir. İddiaçının iddia etdiyi mübahisəli torpaq sahəsinin iddiaçı ilə hər hansı bir hüquqi bağlılığı və əlaqəsi yoxdur. xx xxxx 1973-cü il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmamış, araşdırma nəticəsində onun digər ölkə vətəndaşlığını təsdiq edən sənədlərə malik olduğu müəyyən edilmişdir. Məhkəmə əlavə olaraq qeyd edir ki, iddia ərizəsində iddiaçının soyadı “Məmmədov” kimi göstərilsə də iş materiallarına əlavə edilmiş 03 mart 1973-cü il tarixli 34 nömrəli doğum haqqında akt qeydində, AZ-T 223863 nömrəli doğum haqqında şəhadətnamədə və onun digər ölkə vətəndaşlığını təsdiq edən sənədlərdə soyadı “Mamedov” kimi qeyd edilmişdir. Həmçinin, Rusiya Federasiyasında verilmiş xx.xx.2021-ci il tarixli, 59AA3619969 nömrəli etibarnamənin Rus dilindən Azərbaycan dilinə tərcüməsi zamanı “Мaмедoв Бaрaт Шaмиль оглы” sözü “X11” kimi tərcümə edilmişdir (xx.xx.2021. Ağcabədi regional “Asan xidmət” mərkəzinin notariusu. Reyestrdə 8İ 4889 nömrə ilə qeyd edilib). Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 48-ci maddəsinin 2 və 3-cü bəndlərində göstərilir ki, Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birliklər və təşkilatlar, habelə xarici dövlətlər Azərbaycan Respublikasında torpaq sahələrini yalnız icarə hüququ əsasında əldə edə bilərlər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 49-cu maddəsinin 4-cü bəndində göstərilir ki, xarici hüquqi və fiziki şəxslərə torpaq sahələrinin vərəsəlik, bağışlama və ipoteka əqdləri nəticəsində keçən mülkiyyət hüququ bir il müddətinə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun özgəninkiləşdirilir. Xarici hüquqi və fiziki şəxslər torpaq sahəsi üzərində olan mülkiyyət hüququnu qanunvericiliyə uyğun özgəninkiləşdirmədikdə, müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə torpaq sahəsini bu Məcəllədə nəzərdə tutulmuş qaydada məcburi satın alır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1, 2 və 3-cü bəndlərində göstərilir ki, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikdə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Həmin Məcəllənin 103-cü maddəsinə əsasən torpaq mübahisələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları, bələdiyyələr və məhkəmələr tərəfindən həll edilir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Eləcə də, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsində göstərilir ki, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İnsan Hüquqlarının və X6 Haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.3-ci maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 158.1.2-ci maddəsinə əsasən maddəsinə görə mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüququ sayılır. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Yuxarıda qeyd olunan qanunun normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, iddiaçının iddiası təmin edilməsi barədə nəticəyə gəlmək üçün əsas verən lazımi sübutlarla təmin olunmamışdır. Bununla əlaqədar, iddiaçının göstərdiyi hallar digər sübutlarla təsdiqini tapmamışdır. Ona görə də məhkəmə iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli olan qanun normalarına uyğun qiymət verərək hesab edir ki, iddiaçı X5 Cavabdeh qarşı “maddi və mənəvi ziyanın alınması, torpaq sahəsinin müəyyən edilib naturada ayrılması və torpaq sahəsindən çıxarılma” tələbinə dair iddiası qanunsuz və əsassız olduğuna görə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən irəli gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı X5 Cavabdeh qarşı “maddi və mənəvi ziyanın alınması, torpaq sahəsinin müəyyən edilib naturada ayrılması və torpaq sahəsindən çıxarılma” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar