Məhkəmə qərarları › İş №2(017)-79/2023

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-79/2023

01.06.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-79/2023 01.06.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X6, İddiaçı1 və onun vəkili Vəkil, iddiaçılar İddiaçı2 və İddiaçı3 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 Cavabdeh qarşı paylı mülkiyyətdə olan əmlakın naturada bölünməsi, bu mümkün olmadıqda payın dəyərinin ödənilməsi, bu mümkün olmadıqda əmlakın hərracdan satılması və satışdan əldə olunan pulun mülkiyyətçilər arasında paylara mütənasib surətdə bölünməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 Cavabdeh qarşı paylı mülkiyyətdə olan əmlakın naturada bölünməsi, bu mümkün olmadıqda payın dəyərinin ödənilməsi, bu mümkün olmadıqda əmlakın hərracdan satılması və satışdan əldə olunan pulun mülkiyyətçilər arasında paylara mütənasib surətdə bölünməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Məhkəmə iclasında iddiaçı və iddiaçılar İddiaçı4 və İddiaçı6 nümayəndəsi İddiaçı1 Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbini dəqiqləşdirərək izahatında göstərdi ki, Cavabdeh onun doğma oğludur. Mərhum əri X7 xx.xx.2015-ci il tarixdə vəfat etmiş, ondan Ağcabədi rayonunun İmamqulubəyli kəndində, 0,1643 ha torpaq sahəsi və üzərində yerləşən, ümumi sahəsi 142,80 kv.metr olan fərdi yaşayış evi miras qalmışdır. Miras qalmış əmlaka dair adlarına vərəsəlik haqqında şəhadətnamə verilmişdir. Həmin şəhadətnaməyə əsasən miras əmlakdan – İddiaçı1 10/35 hissə, İddiaçı2 2/35 hissə, X3 2/35 hissə, X5 2/35 hissə, İddiaçı3 1/35 hissə, İddiaçı4 1/35 hissə, Cavabdeh 1/35 hissə, İddiaçı5 8/35 hissə və İddiaçı6 8/35 hissə olmaqla vərəsəlik üzrə payları müəyyən edilmişdir. Onların adlarına Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Dövlət Reyestri Publik Hüquqi Şəxsi tərəfindən hüquqların dövlət qeydiyyatı haqında daşınmaz əmlakın dövlət reyestrindən, daşınmaz əmlakın reyestr nömrəsi **********53-10301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2022-ci il olan Çıxarış verilmişdir. Payçılardan Nəzrin və Hacı azyaşlı olmaqla anaları Əslinin himayəsindədirlər. Cavabdeh paylı mülkiyyətlərində olan torpaq sahəsindən və üzərində olan fərdi yaşayış evindən onların sərbəst istifadə etmələrinə imkan vermir. Daşınmaz əmlakın öz aralarında bölünməsinə isə razılaşmır. Bu da onların mülkiyyət hüquqlarını pozur. Bundan sonra onların payına düşən hissənin dəyərinin ödənilməsi qarşı tərəfə təklif olunaraq tələb olunmuş, lakin paylı mülkiyyətin digər mülkiyyətçisi Cavabdeh kompensasiya verməyə maddi imkanı olmadığını bildirmişdir. Bu mümkün olmadığına görə əmlakın paylar üzrə bölünməsinin mümkün olub-olmamasını müəyyən etmək üçün ekspertiza təyin edilmiş və ekspertin rəyi alınmışdır. Ekspertin rəyinə əsasən yuxarıda adı çəkilən əmlakın paylar üzrə bölünməsinin texniki cəhətdən mümkün olmadığı müəyyən olunmuşdur. Ona görə də Ağcabədi rayonunun İmamqulubəyli kəndində, 0,1643 ha torpaq sahəsi və üzərində yerləşən, ümumi sahəsi 142,80 kv.metr olan fərdi yaşayış evinin açıq hərracdan satılması və satışdan əldə olunan pulun mülkiyyətçilər arasında paylara mütənasib surətdə bölünməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında İddiaçı2 və İddiaçı3 da eyni məzmunlu izahat verərək əmlakın hərracdan satılması və satışdan əldə olunan pulun mülkiyyətçilər arasında paylara mütənasib surətdə bölünməsinə dair qətnamə çıxarılmasını xahiş etdilər. İddiaçı5 məhkəməyə teleqram göndərərək iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə müvafiq olaraq gəlməyən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçıların izahatını dinləyib iş materiallarını tədqiq etməklə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin verdiyi daşınmaz əmlakın reyestr nömrəsi **********53-10301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2022-ci il olan Çıxarışın surətindən görünür ki, mübahisəli fərdi yaşayış evi Ağcabədi rayonunun İmamqulubəyli kəndində, 0,1643 ha torpaq sahəsi və üzərində yerləşən, ümumi sahəsi 142,80 kvadrat metrdən ibarətdir. Həmin əmlak üzərində hüquq sahiblərinin payları - İddiaçı1 10/35 hissə, İddiaçı2 2/35 hissə, X2 2/35 hissə, X4 2/35 hissə, İddiaçı3 1/35 hissə, İddiaçı4 1/35 hissə, Cavabdeh 1/35 hissə, İddiaçı5 8/35 hissə və İddiaçı6 8/35 hissə təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 08 may 2023-cü il tarixli, 10/387 nömrəli məhkəmə ekspertizasının rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, Ağcabədi rayonunun İmamqulubəyli kəndində, 0,1643 ha torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 142,80 kvadrat metr olan fərdi yaşayış evinin yerləşmə mövqeyinə, ərazinin situasiya planına görə, mülkiyyətçilərin payına düşən hissələrin hər birinə ayrıca giriş-çıxış yolunun açılmasının mümkün olmamasına və payçılara uyğun sahələrin olmamasına görə, o cümlədən fərdi yaşayış evinin tərkiblərində olan kommunal xidmətli sahələri bir ailənin yaşaması üçün nəzərdə tutulduğuna (mətbəx, dəhliz və s.) görə, İnşaat Norma və Qaydalarının 2.08.01.89nun 1.1, 2.2, 2.4, 2.9-cu bəndlərinin və metodik əsasların tələblərinə uyğun tərəflərin hər birinin payına uyğun ideal bölünməsi texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. İş materiallarında olan 08 may 2023-cü il tarixli, 10/387 nömrəli ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış məhkəmə tikinti-texniki tədqiqatının dəyəri 50 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən mülkiyyət hüququ toxunulmazdır. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsində qeyd edilmişdir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 220.4-cü maddəsinə əsasən bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 220.6-cı maddəsinə əsasən bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 04 aprel 2014-cü il tarixli qərarına əsasən Mülki Məcəllənin 220.6-cı maddəsində ümumi əmlakın bölünməsi ilə bağlı məhkəmənin həmin əmlakın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edilməsi səlahiyyəti nəzərdə tutulmuşdur. Məhkəmə tərəfindən belə qərarın qəbul edilməsi bütün paylı mülkiyyətçilərin razılığının alınması ilə şərtləndirilməmişdir. Həmin maddənin mənasına görə belə qərar paylı mülkiyyətçilərin birinin iddiası əsasında da qəbul edilə bilər. Mülkiyyətçilərin razılığı olmadan əmlakın hərracdan satılması barədə məhkəmənin qərar qəbul etməsi mülkiyyət hüququnun məhdudlaşdırılması (mülkiyyət hüququna müdaxilə) baxımından təhlil olunmalıdır. Həmçinin qərarda qeyd edilir ki, əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Eyni zamanda, payının naturada ayrılması mümkün olmadıqda və mülkiyyətçi payın əvəzinə pul kompensasiyasını almaqdan imtina etdikdə, həmin mülkiyyətçi əmlakın açıq hərracdan satılmasını tələb edə bilməz. Həmçinin paylı mülkiyyətin mülkiyyətçisi birbaşa əmlakın açıq hərracdan satılmasını tələb etmək hüququna malik deyil. Bu baxımdan, paylı mülkiyyətin mülkiyyətçilərinin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, mübahisəli fərdi yaşayış evi Ağcabədi rayonunun İmamqulubəyli kəndində, 0,1643 ha torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 142,80 kvadrat metrdən ibarətdir. Həmin əmlak üzərində hüquq sahiblərinin payları - İddiaçı1 10/35 hissə, İddiaçı2 2/35 hissə, X2 2/35 hissə, X4 2/35 hissə, İddiaçı3 1/35 hissə, İddiaçı4 1/35 hissə, Cavabdeh 1/35 hissə, İddiaçı5 8/35 hissə və İddiaçı6 8/35 hissə təşkil edir. Ayrılan mülkiyyətçilər - İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 öz paylarının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçisi Cavabdeh tərəfindən onlara ödənilməsini təklif və tələb etmişlər, lakin sonuncu bundan imtina etmiş, kompensasiya vermək imkanı olmadığını bildirmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 08 may 2023-cü il tarixli, 10/387 nömrəli məhkəmə ekspertizasının rəyinin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, Ağcabədi rayonunun İmamqulubəyli kəndində, 0,1643 ha torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 142,80 kvadrat metr olan fərdi yaşayış evinin yerləşmə mövqeyinə, ərazinin situasiya planına görə, mülkiyyətçilərin payına düşən hissələrin hər birinə ayrıca giriş-çıxış yolunun açılmasının mümkün olmamasına və payçılara uyğun sahələrin olmamasına görə, o cümlədən fərdi yaşayış evinin tərkiblərində olan kommunal xidmətli sahələri bir ailənin yaşaması üçün nəzərdə tutulduğuna (mətbəx, dəhliz və s.) görə, İnşaat Norma və Qaydalarının 2.08.01.89-nun 1.1, 2.2, 2.4, 2.9-cu bəndlərinin və metodik əsasların tələblərinə uyğun tərəflərin hər birinin payına uyğun ideal bölünməsi texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Ağcabədi rayonunun İmamqulubəyli kəndində, 0,1643 ha torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 142,80 kvadrat metr olan fərdi yaşayış evi açıq hərracda satılmalı və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməlidir. Məhkəmə qeyd edir ki, bu halda ümumi mülkiyyətdəki əmlakın hərrac vasitəsilə satılması barədə qərar qəbul edilməsi bütün paylı mülkiyyətçilərin razılığının alınması ilə şərtləndirilmir. Belə qərar paylı mülkiyyətçilərin birinin iddiası əsasında da qəbul edilə bilər. Belə ki, mülkiyyətçilərin razılığı olmadan əmlakın hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Bu hal Konstitusiya Məhkəməsinin müvafiq qərarında da öz əksini tapmışdır. Qeyd olunanlara əsasən məhkəmə iş üzrə təqdim olunmuş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 Cavabdeh qarşı əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında paylara mütənasib surətdə bölüşdürülməsi tələbinə dair iddiaları təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 Cavabdeh qarşı paylı mülkiyyətdə olan əmlakın aşıq hərracdan satılması və satışdan əldə olunan pulun mülkiyyətçilər arasında paylara mütənasib surətdə bölünməsi tələbinə dair iddiaları təmin edilsin. Ağcabədi rayonunun İmamqulubəyli kəndində, 0,1643 ha torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 142,80 kv.metr olan fərdi yaşayış evi açıq hərracdan satılsın. Satışdan əldə olunan pul vəsaiti ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına (İddiaçı1 10/35 pay, İddiaçı2 2/35 pay, X3 2/35 pay, X5 2/35 pay, İddiaçı3 1/35 pay, İddiaçı4 1/35 pay, Cavabdeh 1/35 pay, İddiaçı5 8/35 pay və İddiaçı6 8/35 pay) mütənasib surətdə bölüşdürülsün. İddia ərizəsinin verilməsinə görə ödənilmiş 100 (yüz) manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 ödənilsin. Cavabdeh 50 (əlli) manat məbləğində ekspertiza xərci alınaraq, Az. MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22, AZ34CTRE******************** nömrəli hesaba köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar