Məhkəmə qərarları › İş №2(017)-81/2024

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-81/2024

11.01.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-81/2024 11.01.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclas katibi X1, İddiaçı və onun nümayəndəsi Nümayəndə, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “maneənin aradan qaldırılması və özbaşına tikililərin sökülməsi” tələbinə dair mülki işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “maneənin aradan qaldırılması və özbaşına tikililərin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, ailəsi ilə birlikdə Ağcabədi rayonunun Qaravəlli kəndində daimi qeydiyyatda olmaqla yaşayır. 2010-cü ildən qonşuluğunda yaşayan Cavabdeh1 özünə məxsus həyətdə onlara aid daş hasarın iki metrliyində 2 mərtəbəli ev tikdirmiş, evin ikinci mərtəbəsində onların həyətinə baxan pəncərə qoymuşdur. Həmin pəncərədən onun evinin həyəti açıq-aşkar görünür. Cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində özlərinə aid həyətdə sərbəst gəzə bilmirlər. Qərəzli olaraq səs-küy edirlər, evlərinə gələn qonaqlarını evin qarşısındakı eyvanda əyləşdirir, bununla da onlara müxtəlif maneələr yaradırlar. Bundan başqa, cavabdehlər özbaşınalıq edərək öz vəsaiti hesabına 50 metr uzunluğunda tikdirdiyi daş hasara bitişik mal-qara tövləsi, toyuq hini, kanalizasiya quyusu və kanalizasiya borusu tikdirmişdir. Həmin tikililər daş hasarın möhkəmliyini və dayanıqlılığını təhlükəli vəziyyətə salmışdır. Eyni zamanda tövlənin iyi-qoxu onları rahat buraxmır, üst-başlarından heyvan qoxusu gəlir. Ona görə də iddianın təmin edilərək, öz vəsaiti hesabına 50 metr uzunluğunda tikdirdiyi daş hasara bitişik cavabdehlərə məxsus mal-qara tövləsi, toyuq hini, kanalizasiya quyusu, kanalizasiya borusunun, eyni zamanda evin 2-ci mərtəbəsinin pəncərələrinin sökülməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə da eyni məzmunlu izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etmədi və izahatında göstərdi ki, ailəsi ilə birlikdə Ağcabədi rayonunun Qaravəlli kəndində özlərinə məxsus həyət evində yaşayır. Digər cavabdehlər də onun uşaqlarıdır. Uzun müddətdir ki, iddiaçı ilə qonşuluqda yaşayırlar. Həmişə münasibətləri yaxşı olub, qohumluq əlaqələri vardır. Son vaxtlar iddiaçı ilə aralarında soyuqluq yaranmış, iddiaçı onlara qarşı qərəzlidir. Ailənin dolanışığı üçün həyətlərində mal-qara və toyuq saxlayırlar. Kənd yeridir, başqa dolanışıqları yoxdur. Qaldı ki, ev, tövlə və toyuq hini qonşu ilə aralarında olan hasardan ən azı 2 metr məsafədə tikilmişdir. Onların kanalizasiya xəttinin hasara və başqa tikililərə heç bir maneəsi yoxdur. Başqa sözlə, iddia ərizəsində göstərilənlərin heç biri həqiqətə uyğun deyil. Ona görə də iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etmədi və Cavabdeh1 izahatına uyğun izahat verərək iddianın təmin edilməməsini xahiş etdi. Cavabdeh3 məhkəmə iclasının yeri və vaxtı barədə dəfələrlə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının və cavabdehlərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qanunsuz və əsassız olduğuna görə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1 və 4.2-ci maddəsinin tələbinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16.1 və 18-ci-ci maddələrinin tələbinə görə fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 170.2-ci maddəsinin tələbinə görə qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1 və 560.2-ci maddəsinin tələbinə görə mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Azərbaycan Respublikası Konstitusiyasının 80-cı maddəsinin tələbinə görə Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur. Məhkəmə iclasında İddiaçı qanunla qorunan hüquq və azadlıqlarının, eləcə də maraqlarının cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 tərəfindən pozulması halı İddiaçı tərəfindən sübuta yetirilməmişdir. Konkret halda, istər iş materialları ilə, istərsə də iddiaçının məhkəmə iclasında verdiyi izahatla iddia tələbinin əsaslı olması sübuta yetməmişdir. Məhkəmə iclası zamanı iddiaçıya iddia ərizəsində qeyd edilmiş xüsusatları - konkret olaraq, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 hüquqa zidd hərəkətlərinin olub-olmamasını faktlarla əsaslandırması təklif edilsə də iddiaçı hər hansı bir sübut növünü məhkəməyə təqdim edə bilməmişdir. Beləliklə, məhkəmə iddiaçının və cavabdehlərin izahatını dinləyib, tədqiq olunmuş iş materiallarını və iş üzrə müəyyən edilmiş halları araşdıraraq hesab edir ki, iddiaçının “maneənin aradan qaldırılması və özbaşına tikililərin sökülməsi” barədə iddia tələbi əsassız və qanunsuz olduğu üçün rədd edilməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “maneənin aradan qaldırılması və özbaşına tikililərin sökülməsi” tələbinə dair iddia tələbi əsassız və qanunsuz olduğundan rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar