Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-92/2025 28.01.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı 2632 manat borc və 46,72 manat ödənilmiş dövlət rüsümü, cəmi 2678,72 manat tələbinə dair məhkəmədə iddia qaldırmışdır. Məhkəmə baxışı zamanı İddiaçı izahatında göstərdi ki, Cavabdeh1 2023-cü ilin oktyabr ayında ona məxsus yem mağazasından 2-3 dəfəyə ümumi dəyəri 2632 manat olan arpa yemi və buğdanı nisyə almış və pulunu 2024-cü ilin yanvar ayında verəcəyinə söz vermişdir. Lakin, Cavabdeh1 ona olan borcunu ödəməkdən yayınmışdır. Cavabdeh1 ona olan borcunu ödəmədiyi üçün bu barədə Ağcabədi rayon Polis Şöbəsinə müraciət etmiş və Ağcabədi rayon Polis Şöbəsində araşdırma aparılmışdır. Həmin vaxt Cavabdeh1 ona 1880 manat borcu olması və yaxın günlərdə ödəyəcəyi barədə izahat vermişdir. Bundan başqa, Cavabdeh1 qardaşı, yəni digər Cavabdeh2 da Ağcabədi rayon Polis Şöbəsinə izahat verərək qardaşının ona olan borcunu yaxın günlərdə ödəyəcəyinə söz vermişdir. Lakin, dəfələrlə pulunu tələb etməsinə baxmayaraq cavabdehlər ona olan borcu ödəməmişlər. Ona görə də göstərdiklərini nəzərə alaraq iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəməyə gəlməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-cı maddəsinə əsaslanaraq cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş Cavabdeh1 Ağcabədi rayon Polis Şöbəsinə vermiş olduğu izahatından görünür ki, Cavabdeh1 İddiaçı nisyə arpa yemi və buğda aldığını və İddiaçı 1880 manat borcu olduğunu etiraf etmiş və həmin borcu yaxın günlərdə ödəyəcəyinə söz vermişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul, işgüzar nüfuza vurulmuş zərərin əvəzi və əldən çıxmış faydanın tutulması məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirilməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. İş materiallarından göründüyü kimi Cavabdeh1 2023-cü ilin oktyabr ayında İddiaçı məxsus yem mağazasından arpa yemi və buğdanı nisyə almış və pulunu 2024-cü ilin yanvar ayında verəcəyinə söz versə də bu öhdəliyi icra etməyərək həmin pulu iddiaçıya verməmişdir. İddiaçı Cavabdeh1 ona 2632 manat borcu olduğunu göstərsə də, bu barədə məhkəməyə hər hansı bir sübut təqdim edə bilməmişdir. Lakin, Cavabdeh1 Ağcabədi rayon Polis Şöbəsinə vermiş olduğu izahatında İddiaçı nisyə arpa yemi və buğda aldığını və İddiaçı 1880 manat borcu olduğunu etiraf etmişdir. Məhkəmə Cavabdeh1 Ağcabədi rayon Polis Şöbəsinə vermiş olduğu izahatını sübut növü kimi qəbul edir və hesab edir ki, iddia həmin məbləğdə təmin edilməlidir. Bundan başqa, İddiaçı Cavabdeh1 qardaşı, yəni digər Cavabdeh2 Ağcabədi rayon Polis Şöbəsinə vermiş olduğu izahatına əsaslanaraq Cavabdeh1 ona olan borcunu digər Cavabdeh2 tələb etsə də, məhkəmə hesab edir ki, həmin borcun Cavabdeh2 heç bir aidiyyəti olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırması hüququna malikdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək Cavabdeh1 1880 manat borc pul alınaraq İddiaçı verilməli və iddia tələbi qalan hissədə təmin edilməməlidir. İşdə olan 26 sentyabr 2024-cü il tarixli qəbzdən görünür ki, İddiaçı 48 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ödənilmiş 48 manat dövlət rüsumunun iddianın təmin olunmuş hissəsinə münasibətdə, yəni 38,80 manat dövlət rüsumu Cavabdeh1 alınaraq İddiaçı ödənilməli, ödənilmiş dövlət rüsumunun qalan hissəsi isə İddiaçı aid edilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh1 1880 manat borc pul və ödənilmiş dövlət rüsumundan 38,80 manat, cəmi 1918 (bir min doqquz yüz on səkkiz) manat 80 (səksən) qəpik pul alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən bir ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Hakim Rəşad Nuriyev
Məhkəmə qərarları › İş №2(017)-92/2025
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-92/2025
28.01.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver