Məhkəmə qərarları › İş №2(017)-96/2025

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-96/2025

18.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-96/2025 18.02.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X5, İddiaçı nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “əmlak” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “əmlak” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Vəkil iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, iddiaçı ilə Cavabdeh 2022-ci ildə ailə qurub, rəsmi nikaha daxil olublar. Birgə nikahlarından xx.xx.2023-cü il tarixdə bir qız uşaqları doğulmuşdur. İlk vaxtlar münasibətləri yaxşı olsa da, sonra ailə münasibətləri pozulmuşdur. Bu səbəbdən də Səidə azyaşlı uşağını da götürüb öz atası evinə getmişdir. İddiaçı barışmağa cəhd etsə də barışıq əldə olunmamışdır. Tərəflər arasında olan nikah məhkəmə qaydasında pozulmuş, azyaşlı uşaq anasının yanında saxlanılmışdır. Səidə evi tərk edib atası evinə gedərkən özünə məxsus qızıl-zinət əşyaları ilə yanaşı, nişanlanan vaxt cavabdeh tərəfindən ona hədiyyə olunmuş 950 manat dəyərində brilyant qaşlı üzüyü və nişan vaxtı anasının ona hədiyyə etdiyi 585 əyyarlı 16 qram çəkidə olan 1600 manat dəyərində qızıl boyunbağını (tros sepi) da özü ilə aparmışdır. Həmin qızıl-zinət əşyaları tələb olunsa da cavabdeh qaytarmaqdan imtina etmişdir. Hətta, Səidə məhkəməyə müraciət edərək nişan və toy ərəfəsində oğlan evinin ona verdiyi qızıl-zinət əşyalarını tələb etmiş, məhkəmə qətnaməsinə əsasən həmin qızıl-zinət əşyaları ona qaytarılmışdır. Lakin cavabdeh nişan vaxtı oğlana hədiyyə verilmiş nişan üzüyünü belə qaytarmaqdan imtina etmişdir. Ona görə də iddiaçı tərəfindən tələb olunan, 2022-ci ildə nişanda cavabdeh tərəfindən iddiaçıya hədiyyə kimi verilmiş, iddiaçıya məxsus olan qızıl-zinət əşyaları – 1 ədəd 950 manat dəyərində brilyant qaşlı üzük, həmçinin 1 ədəd 16 qram çəkidə 585 əyarlı 1600 manat dəyərində boyunbağı (tros sepi), olmadığı halda dəyərinin, həmçinin vəkil xidmətinə görə ödənilmiş 350 manat pulun, mediasiya xərcinə görə ödənilmiş 60 manat pulun və dövlət rüsumuna görə ödənilmiş 46 manat pulun cavabdehdən alınaraq iddiaçıya verilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində göstərdi ki, İddiaçı onun oğlu, Cavabdeh onun keçmiş gəlini olmuşdur. Oğlu cavabdehlə 2022-ci ildə ailə qurub, rəsmi nikaha daxil olublar. Birgə nikahlarından xx.xx.2023-cü il tarixdə bir qız uşaqları doğulmuşdur. İlk vaxtlar münasibətləri yaxşı olsa da, sonra ailə münasibətləri pozulmuşdur. Bu səbəbdən də Səidə azyaşlı uşağını da götürüb öz atası evinə getmişdir. Bir valideyn kimi çox çalışsa da tərəfləri barışdıra bilməmişdir. Nişan vaxtı və toy ərəfəsində Səidəyə onlar tərəfindən alınmış qızılları, Səidə məhkəmə qaydasında tələb edib almışdır. Lakin qız evi tərəfindən oğlana hədiyyə olunmuş 950 manat dəyərində nişan üzüyünü bu gün də qaytarmaqdan imtina edirlər. Özü şəxsən iddiaçıya alınmış brilyant qaşlı qızıl üzüyün qaytarılması barədə qarşı tərəfin ağsaqqalları ilə görüşmüş, nişan üzüyünün qaytarılması onlara deyilsə də bu günədək qaytarılmamışdır. İş materiallarına əlavə olunmuş qətnamənin surətindən görünür ki, Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən tərəflərin nikahları pozulmuşdur. İş materiallarına əlavə olunmuş qətnamənin surətindən görünür ki, Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən İddiaçı Cavabdeh məxsus qızıl-zinət əşyaları və cehiz əşyalarının və ya onların dəyərinin qaytarılması təmin edilmişdir. İş materiallarına əlavə olunmuş ödəniş qəbzinin surətindən görünür ki, İddiaçı tərəfindən 46 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə olunmuş ödəniş qəbzinin surətindən görünür ki, İddiaçı tərəfindən 46 manat mediasiya xərci ödənilmişdir. İş materiallarına əlavə olunmuş ödəniş qəbzinin surətindən görünür ki, İddiaçı tərəfindən İmişli rayon Vəkil Bürosunun hesabına 350 manat ödənilmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını və şahidin ifadəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Cavabdeh İddiaçı ilə 2022-ci ildə ailə qurublar. Ailə qurduqdan sonra Səidə cavabdehin yaşadığı evə gəlin köçmüş, aralarında yaranmış mübahisəyə görə bir yerdə yaşamaları mümkün olmamışdır. Birgə nikahdan bir uşaqları vardır. Aralarında olan nikah məhkəmə qaydasında pozulmuşdur. Hazırda bir yerdə yaşamırlar. Cavabdeh toy və nişan ərəfəsində oğlan evinin ona hədiyyə etdiyi qızılları məhkəmə qaydasında tələb edib alsa da, iddiaçıya hədiyə olunmuş nişan üzüyü ondan tələb olunsa da geri qaytarmamışdır. İddiaçı tərəfindən tələb olunan və iddia ərizəsində qeyd edilən əmlaklardan bir ədəd brilyant qaclı nişan üzüyünün cavabdehdə qalması sübuta yetmişdir. İddia tələbi qalan hissədə sübuta yetirilməmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqlarının və X2 Haqqında Konvensiyanın (Avropa Konvensiyası)1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan hüquq və azadlıqlarının konstitusiya təminatına əsasən hər kəsin məhkəmə müdafiəsi hüququnu qanunvericiliklə müəyyən edilmiş prinsiplər və prosedurlar üzrə müvafiq mübahisələrin və münaqişələrin həlli yolu ilə yalnız məhkəmələr təmin edirlər. Məhkəmələr üçün qanunun aliliyi və ədalətlilik kimi ümumbəşəri dəyərlər, ölkədə xalqın iradə ifadəsi kimi çıxış edən milli hüquq, habelə müasir demokratik cəmiyyətdə qəbul edilən beynəlxalq hüququn və məhkəmə icraatının prinsipləri mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələ edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Həmin Məcəllənin 668.1.3-cü maddəsinə əsasən daşınar əşyaların bağışlanması zamanı hədiyyə verən əşyanı hədiyyə alana verdikdə bağışlama etibarlı hesab edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi sübut etmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübut etmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qanunvericilik aktlarının qeyd edilmiş müddəalarına, eləcə də işin hallarına əsaslanaraq bu nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, iddia olunan qızıl-zinət əşyaları – 1 ədəd 950 manat dəyərində brilyant qaşlı qızıl üzükdən ibarət əmlak, əmlak naturada mövcud olmadığı təqdirdə onun dəyəri cavabdehdən alınaraq iddiaçıya verilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh qızıl-zinət əşyaları – 1 ədəd 950 manat dəyərində brilyant qaşlı üzükdən ibarət əmlak, əmlak naturada mövcud olmadığı təqdirdə onun dəyəri, həmçinin vəkil xidmətinə görə ödənilmiş 350 manat, mediasiya xərcinə görə ödənilmiş 60 manat və dövlət rüsumuna görə ödənilmiş 30 manat məbləğində pul alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar