Məhkəmə qərarları › İş №2(017)-964/2024

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-964/2024

25.06.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-964/2024 25.06.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən avtomobil alqı-satqısına görə yaranmış 434 manat məbləğində borcun, hüquqi xidmətə görə ödənilmiş 50 manat pulun və 30 manat dövlət rüsumunun alınıb ona verilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbini dəqiqləşdirərək izahatında göstərdi ki, 2023-cü ilin may ayında X1 1500 manata “Oka” markalı avtomobil almış, səhəri gün avtomobil işə düşməmiş, təmir etdirmək istəmiş, lakin ehtiyat hissəsi tapılmamışdır. Zamiqlə avtomobili geri qaytarmağa razılığa gəlmişdir. Zamiq bildirmişdir ki, avtomobili satıb onun pulunu verə bilər, onunla razılaşmışdır. Zamiq avtomobili cavabdehə satarkən onlar bir yerdə razılığa gəlmişlər ki, 1000 manatlıq bir dana və yerdə qalan 500 manatı isə yonca biçininin 3-cü üzündə cavabdeh ona verəcəkdir. Ot biçini vaxtı cavabdehdən pulun qalığını istəmiş, pulu olmadığını deyib ona oğlu Elməddinin kartını vermişdir. Həmin kartdan borcun əvəzi olaraq 66 manat pul götürmüş, sonra kartın qabağı bağlanmışdır. Dəfələrlə cavabdehdən borc tələb olunmuş, lakin müxtəlif bəhanələrlə bu günə kimi qaytarmamışdır. Ona görə də cavabdehə nisyə satılmış avtomobilin pulundan yaranmış 300 manat borcun, hüquqi xidmətə görə ödənilmiş 50 manat pulun və 30 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli ərizənin surətindən görünür ki, “Oka” markalı avtomobilin alqı-satqısından Cavabdeh İddiaçı 306 manat borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul, işgüzar nüfuza vurulmuş zərərin əvəzi və əldən çıxmış faydanın tutulması məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələbinə əsasən borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir (mad. 433.1). Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1 maddəsində göstərildiyi kimi, müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə, məhkəmə iclasında iddiaçının izahatı, toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh arasında olan razılaşmaya əsasən “Oka” markalı avtomobil 1500 manata sonuncuya satılmış, həmin məbləğin bir hissəsi ödənilmiş, 300 manat borclu qalmışdır. Hazırda cavabdehin iddiaçıya olan borcu 300 manat təşkil edir. Ona görə də məhkəmə hesab edir ki, Cavabdeh 300 manat məbləğində pul alınaraq İddiaçı verilməlidir. İş materiallarında olan hüquqi xidmət göstərilməsi haqqında xx.xx.2024-cü il tarixli müqavilədən və mədaxil qəbzindən görünür ki, pul tələbinə dair mülki iş üzrə İddiaçı hüquqi yardım göstərilməsi ilə bağlı Ağcabədi rayon Vəkil Bürosu ilə xx.xx.2024-cü il tarixli 32 nömrəli müqavilə bağlanmış, büronun bank hesabına 50 manat məbləğində pul köçürülmüşdür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi hüquqi yardıma görə xərcləri, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Qanunun normasından və məzmunundan göründüyü kimi qanunvericilik nümayəndənin və ya vəkilin göstərdiyi hüquqi yardıma görə xərcləri ağlabatan məbləğdə müəyyən edilməsini qeyd etmişdir. Xərclərin ağlabatan məbləği anlayışı qiymətləndirilən anlayış olub, hər bir iş üzrə konkret hallar nəzərə alınmaqla onun məzmunu müəyyən edilməlidir. Bir mülki iş üzrə ağlabatan olan məbləğ başqa bir iş üzrə ya həddən artıq, ya da həddən az məbləğ kimi qəbul edilə bilər. Mübahisənin hüququn hansı sahəsinə aid olması, nümayəndənin (vəkilin) iş təcrübəsi, hüququn konkret sahəsindən və ya konkret institutdan olan mübahisələrin həlli ilə əlaqədar işlərin aparılmasında nümayəndənin (vəkilin) ixtisaslaşması, işlərin müxtəlif səviyyəli mürəkkəblik dərəcələri, hüquqi yardımın qısa müddət ərzində göstərilməsi, habelə hüquqi yardımın hansı bölgədə (ərazidə) göstərilməsi və. sairə hallar xərclərin məbləğinə təsir göstərir. Nümayəndənin və ya vəkilin göstərdiyi hüquqi yardıma görə xərclərin ağlabatan məbləğinin müəyyən edilməsində sadalanan hallar, habelə həmin bölgədə (ərazidə) həmin kateqoriyadan olan işlər üzrə hüquqi yardımın göstərilməsinə görə ödənilən, təcrübədə formalaşmış məbləğ, məhkəmədə baxılan işin mürəkkəblik səviyyəsi, nümayəndənin, (vəkilin) iştirak etdiyi (deməli vaxt sərf etdiyi) məhkəmə hərəkətlərinin (iclaslarının) sayı və davam etmə müddəti, sərf olunan maddi vəsaitlərin həcmi, göstərilən hüquqi yardımın nəticəsi olaraq müəssisənin daha çox itkidən yaxasını qurtarması və s. aiddir. Məhkəmə hüquqi yardıma görə xərclərin ağlabatan məbləğini müəyyən edən zaman xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini xeyrinə qətnamə çıxarılanın təqdim etdiyi hesab və konkret hallar, yəni göstərilən yardımın həcmi, nümayəndələrin sayı, baxılan işin mürəkkəbliyi və s. hallarla şərtlənmişdir. Məhkəmə yuxarıda qeyd edilən qanun normaları və iş üzrə müəyyən edilmiş faktiki hallara uyğun olaraq hesab edir ki, hazırkı iş üzrə iddiaçı tərəfindən tələb edilən 50 manat hüquqi xidmətə görə ödənilmiş xərcin əvəzi tam olaraq təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından göründüyü kimi, məhkəmə xərcləri iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumundan ibarətdir. Məhkəmə hesab edir ki, iddia tələbinin məbləği təmin edildiyi üçün, ödənilmiş iddia tələbinin məbləğinə uyğun olaraq cavabdehdən 30 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh avtomobil alqı-satqısından yaranmış borca görə 300 manat, hüquqi xidmətə görə ödənilmiş 50 manat və dövlət rüsumuna görə ödənilmiş 30 manat məbləğində pul alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar