Məhkəmə qərarları › İş №2(018)-1196/2025

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-1196/2025

30.06.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-1196/2025 30.06.2025 ASTARA RAYON MƏHKƏMƏSİ Hakim Meybullayeva Şəfiqə Eldar qızının sədrliyi, Məmmədzadə Zahid Zahir oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə Astara Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2025-ci il tarixdə Lənkəran 1 saylı X3 prosessi zamanı Maraqlı şəxs ilə aralarında bağlanmış MŞL/MT/014/2025-00379 saylı barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, Maraqlı şəxs tərəfindən alimentin ödənilməsi üçün Lənkəran 1 saylı Mediasiya Təşkilatına müraciət etmişdir. Maraqlı şəxs etibarnamə üzrə nümayəndəsi X1 1 saylı X3 prosessi zamanı onunla qarşılıqlı razılığa gələrək xx.xx.2025-ci il tarixli MŞL/MT/014/2025-00379 saylı barışıq sazişi imzalamışdır. Barışıq sazişinin şərtlərinə görə ilə Ərizəçi və Maraqlı şəxs etibarnamə üzrə nümayəndəsi X2 razılığa gəlmişlər ki, Ərizəçi ilə Maraqlı şəxs birgə nikahlarından anadan olmuş 01 iyun 2015-ci il təvəllüdlü X4, 12 iyul 2017-ci il təvəllüdlü X6 və 12 mart 2019-cu il təvəllüdlü X5 18 yaşına çatanadək saxlanmaları üçün hər ayın 25-30u arasında olmaqla razılaşdırılmış qaydada, təqdim edilən hər hansı bank kartına hər uşaq üçün 100 manat olmaqla, cəmi 300 manat məbləğində aliment ödəməyi Maraqlı şəxs öhdəlik olaraq öz üzərinə götürmüşdür. Barışıq sazişinin şərtləri barədə razılığa gəlinmiş və iddiaçı barışıq sazişini imzalamışdır. Lakin, barışıq sazişi bağlandıqdan sonra Maraqlı şəxs barışıq sazişinin şərtlərini pozaraq alimenti ödəməkdən yayınır. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək, ərizənin məzmununa uyğun izahat vermiş və ərizəsinin təmin olunmasını, barışıq sazişinin təsdiq edilməsini xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişldir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355- 25.2-ci maddəsinə uyğun olaraq işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli MŞL/MT/014/2025-00379 saylı barışıq sazişindən görünür ki, Ərizəçi ilə Maraqlı şəxs etibarnamə üzrə nümayəndəsi X7 xx.xx.2025-ci il tarixdə Lənkəran 1 saylı X3 prosessində iştirak etmiş, aralarında barışıq sazişi bağlanmış, Ərizəçi tərəfindən 150 manat mediasiya haqqı ödənilmiş, Sazişin şərti isə belə müəyyən edilmişdir: Ərizəçi və Maraqlı şəxs etibarnamə üzrə nümayəndəsi X7 razılığa gəlirlər ki, Ərizəçi ilə Maraqlı şəxs birgə nikahlarından anadan olmuş 01 iyun 2015-ci il təvəllüdlü X4, 12 iyul 2017-ci il təvəllüdlü X6 və 12 mart 2019-cu il təvəllüdlü X5 18 yaşına çatanadək saxlanmaları üçün hər ayın 25-30u arasında olmaqla razılaşdırılmış qaydada, təqdim edilən hər hansı bank kartına hər uşaq üçün 100 manat olmaqla, cəmi 300 manat məbləğində aliment ödəməyi Maraqlı şəxs öhdəlik olaraq öz üzərinə götürür. Saziş imzalandığı gündən qüvvədədir. Məhkəmə ərizəçinin izahatını dinləyib, işdə olan sənədlərə baxaraq hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.3-ci maddəsinə əsasən valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəllləsinin 881.1-ci maddəsinə əsasən barışıq razılaşması haqqında müqaviləyə görə tərəflər öz aralarında hüquqlar və ya iddialar barəsində mübahisəni və ya qeyri-müəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər. Həmin Məcəllənin 881.2 -ci maddəsinə əsasən barışıq razılaşmasının qüvvəsi ondan ibarətdir ki, əvvəllər mübahisəli və ya qeyri-müəyyən olmuş hüquqlara və iddialara istinad edilməsi həmin razılaşmaya əsasən istisna edilir və hüquqi statusundan asılı olmayaraq iştirakçılar üçün yalnız barışıq razılaşmasında təsbit edilənlər etibarlı olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Həmin Məcəllənin 355-26.1-ci maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Həmin Məcəllənin 355-26.2-ci maddəsinə əsasən barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 33.1-ci maddəsinə əsasən barışıq sazişi tərəflər arasında yazılı formada bağlanır. Barışıq sazişində aşağıdakı məlumatlar göstərilir: 33.1.1. müqavilənin tarixi və tərtib olunduğu yer; 33.1.2. tərəflər haqqında məlumat; 33.1.3. mübahisənin predmeti; 33.1.4. mediator (mediatorlar) və mediasiya prosesi mediasiya təşkilatı vasitəsilə həyata keçirildikdə mediasiya təşkilatı haqqında məlumatlar; 33.1.5. mübahisənin həlli istiqamətində tərəflərin qəbul etdiyi şərtlər, həmin şərtlərin yerinə yetirilməsinin üsul və müddətləri; 33.1.6. barışıq sazişinin şərtlərinin icra edilməməsinin və ya düzgün icra edilməməsinin nəticələri; 33.1.7. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, bu Qanuna və digər normativ hüquqi aktlara uyğun olaraq başqa şərtlər. Həmin Qanunun 33.3-cü maddəsinə əsasən barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. Həmin Qanunun 33.4-cü maddəsinə əsasən barışıq sazişi imzalandığı gündə tərəflərə təqdim edilməlidir. Barışıq sazişinin müvafiq orqana (quruma) təqdim edilməli olan nüsxəsini tərəflərdən biri həmin nüsxənin ona təqdim edildiyi tarixdən 1 iş günü müddətində müvafiq orqana (quruma) təqdim edir. Həmin Qanunun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Qanunun 34.2-ci maddəsinə əsasən barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. İşdə olan sübutların tədqiqi əsasında müəyyən olunmuşdur ki, mediasiya prosesində tərəflər Ərizəçi və və Maraqlı şəxs etibarnamə üzrə nümayəndəsi X7 razılığa gəlirlər ki, Ərizəçi ilə Maraqlı şəxs birgə nikahlarından anadan olmuş 01 iyun 2015-ci il təvəllüdlü X4, 12 iyul 2017-ci il təvəllüdlü X6 və 12 mart 2019-cu il təvəllüdlü X5 18 yaşına çatanadək saxlanmaları üçün hər ayın 25-30-u arasında olmaqla razılaşdırılmış qaydada, təqdim edilən hər hansı bank kartına hər uşaq üçün 100 manat olmaqla, cəmi 300 manat məbləğində aliment ödəməyi Maraqlı şəxs öhdəlik olaraq öz üzərinə götürür. Buna baxmayaraq Maraqlı şəxs xx.xx.2025-ci il tarixli barışıq sazişini könüllü şəkildə icra etmir. Barışıq sazişi qanuna uyğundur və məhkəmə tərəfindən Azərbaycan Respublikası MPM-nin 355-26-cı maddəsində sadalanmış hallar müəyyən olunmamışdır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, barışıq sazişi təsdiq edilməlidir. Belə ki, tərəflər arasında barışıq sazişinin bağlanması, sazişin şərtlərinə uyğun olaraq uşaqların saxlanılması üçün alimentin vaxtında ödənilməməsi işin mübahisəsiz halıdır. Yuxarıda qeyd edilən müddəlardan göründüyü kimi, barışıq sazişi tərəflər arasında yeni hüquq və vəzifələrin yaranması və icrası məqsədilə bağlanmış bir müqavilədir və tərəflər bu müqavilə (razılaşma) əsasında özləri üçün yeni hüquq və vəzifələr müəyyən edirlər. Barışıq sazişinin digər bir mühüm xüsusiyyəti tərəflər arasında əvvəl yaranmış mübahisəyə son verilməklə, onlar əsasında tələb edilməli olan hüquq və vəzifələrin qüvvədən salınması ilə bağlıdır. Başqa sözlə, tərəflər əvvəl aralarında yaranmış ixtilafları qarşılıqlı güzəştlər yolu ilə həll etməklə, mahiyyətcə yeni mülki hüquqi münasibətlərin subyektlərinə çevrilirlər. Şərh edilənlər əsasında məhkəmə belə qənaətə gəlir ki, xx.xx.2025-ci il tarixli barışıq sazişi qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun olmuş və tərəflər sazişin 2-ci bəndi ilə üzərlərinə icrası onlar üçün məcburi olan yeni öhdəliklər götürmüşlər. Lakin maraqlı şəxs barışıq sazişinin icra etməməklə üzərinə götürdüyü öhdəliyini pozmuşdur. Odur ki, Maraqlı şəxs xx.xx.2025-ci il tarixli barışıq sazişinin 2-ci bəndi ilə üzərinə götürdüyü öhdəliyini tam yerinə yetirmədiyindən ərizəçi barışıq sazişinin təsdiq edilməsi barədə məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur. Qeyd olunanlar əsasında məhkəmə hesab edir ki, xx.xx.2025-ci il tarixli barışıq sazişi qanunvericiliyə uyğun olduğundan, onun təsdiq edilməsinə imkan verməyən əsaslar olmadığından və maraqlı şəxs onun icrasından imtina etdiyindən həmin barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən, qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat dövlət rüsumu ödənilməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə hesab edir ki, ərizə tam təmin edildiyindən məhkəmə müraciət etmək üçün ödənilməli olan 100 manat dövlət rüsumu Maraqlı şəxs alınaraq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessaul Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 355-25-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs birgə nikahlarından anadan olmuş 01 iyun 2015-ci il təvəllüdlü X4, 12 iyul 2017-ci il təvəllüdlü X6 və 12 mart 2019-cu il təvəllüdlü X5 18 yaşına çatanadək saxlanmaları üçün hər ayın 25-30-u arasında olmaqla razılaşdırılmış qaydada, təqdim edilən hər hansı bank kartına hər uşaq üçün 100 manat olmaqla, cəmi 300 manat məbləğində alimentin Maraqlı şəxs tərəfindən Ərizəçi ödənilməsinə dair xx.xx.2025-ci il tarixdə bağlanmış MŞL/MT/014/2025-00379 saylı barışıq sazişi təsdiq edilsin. Maraqlı şəxs 100 manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şəfiqə Meybullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar