Məhkəmə qərarları › İş №2(018)-1221/2025

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-1221/2025

03.07.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-1221/2025 03.07.2025 ASTARA RAYON MƏHKƏMƏSİ Hakim Meybullayeva Şəfiqə Eldar qızının sədrliyi, Məmmədzadə Zahid Zahir oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X1 iştirakları ilə, Ərizəçi mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə Astara rayon Məhkəməsinə müraciət edərək, Maraqlı şəxs ilə aralarında Lənkəran 1 saylı Mediasiya Təşkilatında bağlanmış xx.xx.2024-cü il tarixli, MŞL/MT014/2024-01006 saylı barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, Maraqlı şəxs ilə borc pulun verilməsi barədə Lənkəran 1 saylı Mediasiya təşkilatına müraciət etmişdir. Maraqlı şəxs ilə Lənkəran 1 saylı Mediasiya təşkilatında mediasiya prosesi zamanı xx.xx.2024-cü il tarixində qarşılıqlı razılığa gələrək MŞL/MT014/2024-01006 saylı barışıq sazişi imzalamışlar. xx.xx.2024-cü il tarixli, MŞL/MT014/2024-01006 saylı barışıq sazişinin 3-cü bəndinə əsasən, ikinci tərəf Maraqlı şəxs Tarıf oğlu bu sazişi imzalamaqla Ərizəçi 4800 manat pulu har ay, yəni xx.xx.2024-cü ildə 300 manat, xx.xx.2024-cü ildə 300 manat, xx.xx.2024-cü ildə 300 manat, xx.xx.12024-cü ildə 300 manat, xx.xx.2024-cü il 300 manat olmaqla ödəməsinə, sonuncu ay yəni xx.xx.2025-ci ildə 3300 (üç min üç yüz) manat pulu Ərizəçi ödəməsinə dair öhdəlik götürmüşdür. xx.xx.2024-cü il tarixli, MŞL/MT014/2024- 01006 saylı barışıq sazişinin 4-cü bəndinə əsasən, ikinci tərəf Maraqlı şəxs bu sazişi imzalamaqla Ərizəçi ödəyəcəyi aylıq 300 manat pulu bu sazişin 3-cü bəndində göstərilmiş müddətdə ödəmədiyi halda, həmin müddətdən sonrakı gün ödədiyi halda ayıq ödənilməsi nəzərdə tutulan 300 manat pulun 2 qat hissəsini yəni, gecikmiş ay üzrə 600 manat ödəyəcəyini öhdəlik götürmüşdür. Lakin barışıq sazişi üzrə ikinci tərəf Maraqlı şəxs öhdəliklərindən boyun qaçırmış, barışıq sazişində qeyd olunan prosedurların heç birini həyata keçirməmişdir. Qeyd etdikləriənə görə məhkəməyə müraciət etməyinə zərurət yaranmışdır. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək, ərizənin məzmununa uyğun izahat vermiş və ərizəsinin təmin olunmasını, barışıq sazişinin təsdiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Maraqlı şəxs etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X5 tələbi qəbul etməyərək mediasiya sessiyasında borc müqaviləsi bağlanarkən 4800 manat deyil də, 3000 manat ərizəçi tərəfindən borc verildiyini, 1800 manatın isə faiz olduğunu bildirmiş, 3000 manat hissəsində tələbi qəbul etdiyini, 3000 manatın da, 1800 manatının ödənildiyini, 1200 manat borc qaldığını bildirmişdir. Məhkəmə ərizəçinin və maraqlı şəxsin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edərək hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Lənkəran 1 saylı Mediasiya Təşkilatında Ərizəçi ilə Maraqlı şəxs ilə arasında bağlanmış xx.xx.2024-cü il tarixli MŞL/MT014/2024-01006 saylı “Mediasiya haqqında” AR Qanununun 33-cü maddəsinə əsasən hazırlanmış barışıq sazişindən görünür ki, sözügedən barışıq sazişinin 2-ci bəndinin 5-ci hissəsində mübahisənin növü “Mülki”, 6-cı hissəsində isə mübahisənin predmeti “Pul tələbi” olaraq qeyd edilmiş, Birinci tərəf Ərizəçi bu Saziş imzalandıqdan sonra 4800 manat (dörd min səkki yüz) pulu 6 ay müddətinə ikinci tərəf X2 borc verir, 2-ci bəndin 9-cu hissəsində isə “mübahisənin həlli istiqamətində tərəflərin qəbul etdiyi şərtlər, həmin şərtlərin yerinə yetirilməsinin üsul və müddətləri” başlığı altında tərəflərin aşağıdakı məzmunda iradə ifadəsi öz əksini tapmışdır:

1. Birinci tərəf Ərizəçi bu Saziş imzalandıqdan sonra 4800 manat (dörd min səkki yüz) pulu 6 ay müddətinə ikinci tərəf X2 borc verir.

2. İkinci tərəf X3 bu Sazişi imzalamaqla Ərizəçi aldığı 4800 manat (dörd min səkkiz yüz) pulu 6 ay müddətinə Birinci tərəf Ərizəçi qaytarmağa öhdəlik götürür.

3. İkinci tərəf X3 bu Sazişi imzalamaqla Ərizəçi aldığı 4800 manat pulu hər ay yəni, xx.xx.2024-cü ildə 300 manat, xx.xx.2024-cü ildə 300 manat, xx.xx.2024-cü ildə 300 manat, xx.xx.2024-cü ildə 300 manat, xx.xx.2024-cü ildə 300 manat olmaqla ödəməsinə, sonuncu ay yəni, xx.xx.2025-ci ildə 3300 (üç min üç yüz) manat pulu Ərizəçi ödəməsinə öhdəlik götürür.

4. Tərəflər borc münasibətlərinə faiz müəyyən etmirlər.

5. İkinci tərəf X4 bu Sazişi imzalamaqla Ərizəçi ödəyəcəyi aylıq 300 manat pulu bu sazişin 3-cü bəndində göstərilmiş müddətdə ödəmədiyi halda, həmin müddətdən sonrakı gün ödədiyi halda aylıq ödənilməsi nəzərdə tutulan 300 manat pulun 2 qat hissəsini, yəni geçikmiş ay üzrə 600 manat ödəyəcəyinə öhdəlik götürür.

6. İkinci tərəf X3 bu Sazişdə nəzərdə tutulmuş günlərdə və ya öhdəliyin son müddətində icra etmədiyi və ya vaxtında icra etmədiyi halda Birinci tərəf Ərizəçi borc məbləğini tam olaraq və bu müqavilənin 4-cü bəndində nəzərdə tutulmuş qaydada tələb etmək hüququ yaranır.

7. Tərəflər borc vermək anını video çəkilişlə qeyd edilməsinə razılaşırlar. Video çəkiliş saziş bağlandığ gün borc verildiyi an tətbiq edilir. Video çəkiliş bu sazişə əlavə edilir.

8. İkinci tərəf X4 bu Sazişdə nəzərdə tutulmuş ödənişləri birinci tərəf Ərizəçi 5239- 1517-8375-0139 saylı bank kartına ödəməsinə öhdəlik götürür. Azərbaycan Respublikası Mülki Məcəllləsinin 881.1-ci maddəsinə əsasən barışıq razılaşması haqqında müqaviləyə görə tərəflər öz aralarında hüquqlar və ya iddialar barəsində mübahisəni və ya qeyri-müəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər. Həmin Məcəllənin 881.2 -ci maddəsinə əsasən barışıq razılaşmasının qüvvəsi ondan ibarətdir ki, əvvəllər mübahisəli və ya qeyri-müəyyən olmuş hüquqlara və iddialara istinad edilməsi həmin razılaşmaya əsasən istisna edilir və hüquqi statusundan asılı olmayaraq iştirakçılar üçün yalnız barışıq razılaşmasında təsbit edilənlər etibarlı olur. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən mediasiya – mediatorun (mediatorların) vasitəçiliyi ilə tərəflər arasında yaranmış mübahisənin qarşılıqlı razılıq əsasında həlli ilə bağlı bu Qanunla müəyyən olunan prosesdir. Həmin Qanununun 1.0.7-ci maddəsinə əsasən barışıq sazişi – tərəflər arasında mediasiya prosesi nəticəsində əldə edilən yazılı razılaşmadır. Həmin Qanununun 3.1-ci maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələri (xarici elementli mübahisələr də daxil olmaqla); ailə münasibətlərindən irəli gələn mübahisələr; əmək münasibətlərindən irəli gələn mübahisələr; inzibati hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə mediasiya tətbiq edilir. Həmin Qanununun 4.1-ci maddəsinə əsasən mediasiya tərəflər arasında münaqişə səviyyəsinin azaldılması və onları razı salacaq şəkildə mübahisənin həllini təmin etmək məqsədini daşıyır. Həmin Qanununun 21.1-ci maddəsinə əsasən mediasiya prosesi tərəflər arasında bağlanan “mediasiya prosesinin tətbiqi barədə müqavilə” əsasında və ya bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq ilkin mediasiya sessiyasında iştirak etməklə həyata keçirilir. Həmin Qanununun 28.1-ci maddəsinə əsasən ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. Tərəflər mediasiya sessiyasında iştirak etmək üçün birlikdə müraciət etdikdə ilkin mediasiya sessiyasının keçirilməsi tələb olunmur. Həmin Qanununun 29.1-ci maddəsinə əsasən Mediator ilkin mediasiya sessiyasında iştirak etmək üçün müraciət edən tərəflərə mediasiya prosesinin mahiyyətini, üstünlüklərini və qaydalarını izah edir, tərəflərlə birgə və ayrılıqda görüşlər keçirir. Həmin gün və ya tərəflərin müraciəti ilə mediatorun təyin etdiyi başqa gün tərəflər sonrakı mediasiya sessiyalarında iştirak etmək istəyib-istəmədiklərinə dair qərar verməlidirlər. Həmin Qanununun 33.1-ci maddəsinə əsasən barışıq sazişi tərəflər arasında yazılı formada bağlanır. Barışıq sazişində aşağıdakı məlumatlar göstərilir: 33.1.1. müqavilənin tarixi və tərtib olunduğu yer; 33.1.2. tərəflər haqqında məlumat; 33.1.3. mübahisənin predmeti; 33.1.4. mediator (mediatorlar) və mediasiya prosesi mediasiya təşkilatı vasitəsilə həyata keçirildikdə mediasiya təşkilatı haqqında məlumatlar; 33.1.5. mübahisənin həlli istiqamətində tərəflərin qəbul etdiyi şərtlər, həmin şərtlərin yerinə yetirilməsinin üsul və müddətləri; 33.1.6. barışıq sazişinin şərtlərinin icra edilməməsinin və ya düzgün icra edilməməsinin nəticələri; 33.1.7. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, bu Qanuna və digər normativ hüquqi aktlara uyğun olaraq başqa şərtlər. Həmin Qanunun 33.3-cü maddəsinə əsasən barışıq sazişi Qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il tarixli Qərarının təsviri-əsaslandırıcı hissəsində qeyd edilir ki, mülki prosesdə iddianın predmeti dedikdə, iddiaçının cavabdehə qarşı irəli sürdüyü və mübahisəli hüquq münasibətindən irəli gələn maddi hüquqi tələbi başa düşülür. İddianın predmetinə qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətlərini aid etmək olar. İddianın əsası dedikdə isə iddiaçının öz tələbini təsdiq etmək üçün irəli sürdüyü hallar, yəni tərəflər arasındakı maddi-hüquq münasibətlərinin yaranması, dəyişməsi və xitamının bağlı olduğu hallar başa düşülür. İddianın faktiki əsasına iddiaçının cavabdehə qarşı olan tələbini əsaslandırdığı hüquqi faktlar, iddianın hüquqi əsasına isə iddiaçının cavabdehə qarşı olan tələbinin hüquqi cəhətdən əsaslandırılması aiddir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 avqust 2012-ci il tarixli Qərarının təsviri-əsaslandırıcı hissəsində qeyd edilir ki, iddianın faktiki əsasını göstərməklə yanaşı, iddiaçı qanuna və digər normativ-hüquqi aktlara, cavabdeh tərəfindən pozulduğunu güman etdiyi hüquq normasına istinad etməyə də haqlıdır. Bu iddianın hüquqi əsasını təşkil edir. İddiaçı tələblərini tətbiq edilməli olmayan hüquq norması ilə əsaslandırdığı zaman məhkəmə qarşısında hansı hərəkətlərin edilməli olması məsələsi ortaya çıxa bilər. Burada ilk növbədə nəzərə almaq lazımdır ki, iddianın hüquqi əsaslandırılması onun faktiki əsası ilə eyniləşdirilməməlidir. İddianın hüquqi əsasının dəyişdirilməsi dedikdə, iddiaçının cavabdehə olan tələblərini əsaslandırdığı halların dəyişdirilməsi nəzərdə tutulur. O da nəzərə alınmalıdır ki, məhkəmə aktının əsaslandırıcı hissəsində digər hüquq normalarına istinad etdikdə məhkəmə iddianın predmetini və ya əsasını dəyişmir, mövcud normativ hüquqi aktları rəhbər tutaraq mübahisənin mahiyyəti üzrə qərar qəbul edir. Məhkəmənin belə hərəkətləri qanunçuluğun maraqlarına uyğun olan hesab edilməlidir. Baxılan iş üzrə Azərbaycan Respublikası Konstitusiyasının müddəalarının, qanunlarının və digər normativ-hüquqi aktlarının düzgün tətbiqinin təmin olunması məhkəmənin vəzifəsi olduğundan bu vəzifənin məhkəmə tərəfindən yerinə yetirilməsi işdə iştirak edən şəxsin hüquqi mövqeyindən asılı ola bilməz. Hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından tərəflərin hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Həmin Məcəllənin 355-26.1-ci maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Həmin Məcəllənin 355-26.2-ci maddəsinə əsasən barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Məhkəmə iclasında işdə olan sübutların tədqiqi əsasında müəyyən olunmuşdur ki, Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya sessiyasında borc müqaviləsi bağlanmışdır. Ərizəçi 4800 manat məbləğində pulu 6 ay müddətinə ödəmək şərtilə Maraqlı şəxs borc vermişdir. Məhkəmə iclasında Maraqlı şəxs tərəfindan borcundan 1800 manat məbləğində pulun ödənilməsi tərəflərin etirafı ilə işin mübahisəsiz halı kimi müəyyən olunmuşdur. Borcun məbləği isə mübahisələndirilmişdir. Sadalanan qanunvericilik normalarına əsasən, məhkəmə qeyd edir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun preambulasında bu Qanunun məqsədinin mübahisələrin alternativ həlli üsullarından olan mediasiyanın təşkili sahəsində ictimai münasibətləri tənzimləmək, mediasiyanın məqsədlərini, prinsiplərini, həyata keçirilməsi qaydalarını və mediatorların statusunu müəyyən etmək olduğu müəyyən edilmişdir. Belə ki, mediasiya – mediatorun (mediatorların) vasitəçiliyi ilə tərəflər arasında yaranmış mübahisənin qarşılıqlı razılıq əsasında həlli ilə bağlı müəyyən olunan prosesdir. Mediasiya mülki işlər və kommersiya mübahisələri (xarici elementli mübahisələr də daxil olmaqla); ailə münasibətlərindən irəli gələn mübahisələr; əmək münasibətlərindən irəli gələn mübahisələr; inzibati hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə tətbiq edilir və mediasiya tərəflər arasında münaqişə səviyyəsinin azaldılması və onları razı salacaq şəkildə mübahisənin həllini təmin etmək məqsədini daşıyır. Mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi isə tərəflər arasında yaranmış mübahisənin qarşılıqlı razılıq əsasında həlli nəticəsində əldə edilən yazılı razılaşma olmalıdır. Göründüyü kimi, hazırki iş üzrə tərəflər mediatorun vasitəsilə barışıq sazişi adı altında borc müqaviləsi bağlamışdılar ki, bu da qanunun tələbinə ziddir. O halda, mediator tərəflər arasında barışıq sazişini təsdiq edə bilərdi ki, tərəflər arasında artıq mövcud olan borc müqaviləsindən yaranmış bir mübahisə olardı və bu mübahisənin tərəflər arasında bağlanan “mediasiya prosesinin tətbiqi barədə müqavilə” əsasında mediasiya prosessi tətbiq edilməklə həll edilməsi razılaşdırılardı. Mediator isə “Mediasiya haqqında” AR Qanununun 33-cü maddəsinə əsaslanaraq tərtib etdiyi “Barışıq Sazişi”-də tərəflər arasında borc müqaviləsi bağlamaqla və onu təsdiq etməklə qanunun tələbindən kənara çıxmış, qanunun mahiyyətinə zidd hərəkət etmişdir. Beləliklə, barışıq sazişi qanuna uyğun olmadığından barışıq sazişinin təsdiq edilməsindən imtina edilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən, qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat dövlət rüsumu ödənilməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə hesab edir ki, ərizə rədd edildiyindən məhkəməyə müraciət etmək üçün ödənilmiş olan 100 manat dövlət rüsumu Ərizəçi aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessaul Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 355-25-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏTETDİ:

Ərizə təmin edilməsin. Lənkəran 1 saylı Mediasiya Təşkilatında Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2024-cü il tarixli MŞL/MT014/2024-01006 saylı barışıq sazişinin təsdiq edilməsindən imtina edilsin. Ərizəçi tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şəfiqə Meybullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar