Məhkəmə qərarları › İş №2(018)-1278/2025

Astara Rayon Məhkəməsi Qərardad — İş №2(018)-1278/2025

11.07.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Astara rayonu İş № 2(018)-1278/2025 11.07.2025 ASTARA RAYON MƏHKƏMƏSİ Mən, Astara Rayon Məhkəməsinin hakimi Meybullayeva Şəfiqə Eldar qızı, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “əmlak” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “əmlak” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia ərizəsində adları qeyd olunmuş ona məxsus cehiz əşyalarını, qızıl-zinət əşyalarını və yaxud onların dəyərini ümumilikdə təşkil edən 22592 manat, həmçinin 205 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edirəm ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün dövlət rüsumu ödənilməmiş, iddia ərizəsinə əlavə edilmiş qəbz isə Lənkəran 1 saylı Mediasiya Təşkilatına ödənilmiş rüsumdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.5-ci maddəsinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.1.6-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəlləsinin 4.6-cı maddəsinə əsasən Ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Həmin Məcəllənin 112.1.2-ci maddəsinə əsasən iddianın qiyməti əmlakın tələb edilməsi haqqındakı iddialarda tələb edilən əmlakın dəyəri ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Qanunun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. “Dövlət rüsumu haqqında” Qanunun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 15 iyul tarixli 308 nömrəli Qərarı ilə ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqqın və digər xərclərin məbləği ailə münasibətlərindən irəli gələn mübahisələr üzrə 50 manat, ilkin mediasiya sessiyasının təşkil edilməsi ilə bağlı mediator və ya mediasiya təşkilatının çəkdiyi poçt, kargüzarlıq və digər cari xərclərin məbləği təsdiqedici sənədlər əsasında 10 manatdan çox olmayaraq müəyyən edilmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri tədqiq edərək müəyyən etmişdir ki, iddiaçı tərəfindən ilkin mediasiya sessiyasında iştirak zamanı 205 manat İMS xərci ödənilmiş və buna dair qəbz iddia ərizəsinə əlavə edilmiş və məhkəməyə iddia ərizəsi ilə müraciət edilməsi üçün rüsum ödənilməmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 15 iyul tarixli 308 nömrəli Qərarı ilə ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqqın və digər xərclərin məbləği ailə münasibətlərindən irəli gələn mübahisələr üzrə ümumilikdə 60 manatdan çox olmayaraq müəyyən edilmişdir. Mediasiya xərclərini ödəmiş tərəf çəkdiyi həmin xərc qədər dövlət rüsumunu ödəməkdən azaddır. Mediasiya sessiyası zamanı iddiaçı tərəfindən Qanunla müəyyən edilmiş mediasiya xərcindən artıq xərcin ödənilməsi isə iddiaçını məhkəməyə iddia ərizəsi təqdim edərkən çəkdiyi artıq xərc qədər də dövlət rüsumu ödəməkdən azad etmir. Beləliklə, məhkəmə hesab edir ki, məhkəməyə müraciət etmək üçün qanunla müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilmədiyindən ərizənin icraata qəbul olunaraq baxılması mümkün deyildir. Odur ki, ərizə geri qaytarılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “əmlak” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçıya qərardadın təsviri hissəsində göstərilən çatışmazlıq aradan qaldırıldıqdan sonra məhkəməyə yenidən müraciət etmək hüququnun olması izah olunsun. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) müddətində Astara Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şəfiqə Meybullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar