Məhkəmə qərarları › İş №2(018)-378/2025

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-378/2025

16.04.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-378/2025 16.04.2025 ASTARA RAYON MƏHKƏMƏSİ Hakim Meybullayeva Şəfiqə Eldar qızının sədrliyi, Həbibov Elnar Elman oğlunun katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2 Yadulla qızının, Cavabdeh X5 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Yadulla qızının Astara rayon Notariat ofisi 3-cü şəxs qismində cəlb edilməklə cavabdehlər Cavabdeh1 və X8 qarşı «birgə nikah dövründə əldə edilən əmlakda miras payın müəyyən edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Astara Rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və Babayeva X20 rayon Notariat ofisi 3-cü şəxs qismində cəlb edilməklə cavabdehlər Cavabdeh1 və X8 qarşı «birgə nikah dövründə əldə edilən əmlakda miras payın müəyyən edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və X9 arasında MERCEDES BENZ E 220 CDİ markalı, buraxılış ili 1999-cu il, qara metalik, (əvvəlki nömrəsi **-CL-***) hal-hazırda **-BK-*** dövlət nömrə nişanlı avtomaşına dair bağlanmış xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, X16 və X5 birgə nikah dövründə əldə edilən və S.Həsənzadənin mülkiyyətində olmuş MERCEDES BENZ E 220 CDİ markalı, buraxılış ili 1999-cu il, qara metalik, (ovvəlki nömrəsi **-CL-***) hal-hazırda **-BK-*** dövlət nömrə nişanlı avtomaşından vəfat etmiş oğulları X14 düşən 1/2 hissəsi üzrə payına onun vəfatından sonra vərəsəlik qaydasında onlara keçməli olan 1/2 hissədə olan payına onların vərəsəlik hüquqlarının tanınması, MERCEDES BENZ E220 CDİ markalı, buraxılış ili 1999-cu il, qara metalik, **-BK-*** (əvvəlki nömrəsi **-CL-***) dövlət nömrə nişanlı avtomaşının satışından əldə edilən 16.000 manat pulun yarısı 8.000 manatın, habelə ödədikləri 100 manat dövlət rüsumunun cavabdeh X4 alınaraq onlara verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, oğlu X16 cavabdeh X9 ilə qanuni nikaha daxil olaraq ailə qumuşlar, onların birgə ailə həyatından iki uşaqları vardır. Oğlu həyat yoladaşı ilə birgə nikah dövründə MERCEDES BENZ E 220 CDİ markalı, buraxılış ili 1999-cu il, qara metalik, **-CL-*** dövlət nömrə nişanlı avtomaşını xx.xx.2022-ci iİ tarixdə etibarnamə əsasında pul verib almış, sonra isə xx.xx.2022-ci il tarixdə həyat yoldaşı iş üzrə cavabdeh X5 adına qeydiyyata aldırmışdır. Həmin tarixdən avtomaşın sonuncunun adına olmuşdur. X26 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Oğlunun vəfatından sonra cavabdeh həmin avtomaşından onlara düşən payı verməmiş və onların xəbəri olmadan gizlincə xx.xx.2024-cü il tarixdə Cavabdeh1 satmışdır. Hal-hazırda avtomaşın Cavabdeh1 mülkiyyətindədir. Avtomaşın onun adına keçmişdir. Avtomaşının yeni nömrəsi **-BK-*** dövlət nömrə nişanlıdır. Lakin avtomaşını hal-hazırda cavabdeh X17 etibarnamə əsasında idarə edir. Ona görə də hesab edirlər ki, sözügedən avtomaşın oğlunun birgə nikah dövründə alındığından və oğlu vəfat etdikdən sonra həmin avtomaşının 1/2 hisəsinə oğlunun pay hüququ olduğundan və oğlunun vəfatından sonra həmin 1/2 pay onlara vərəsəlik qaydasında keçməli olduğundan onların həmin avtomaşına vərəsəlik qaydasında pay hüququ tanınmalı və həmin avtomaşından onlara 1/2 pay verilməlidir. Oğlundan miras qalan 1/2 payın onlara verilməsi ilə bağlı Astara rayonu notariat ofisinə ərizə ilə müraciət etmişlər, lakin avtomaşının oğlunun adına olmaması səbəbindən onlara vərəsəliyin açılmasından imtina edilmişdir. Cavabdeh X9 həmin avtomaşını 16.000 manat pula satmışdır. Həmin pulun yarısı onlara ödənməlidir. Cavabdeh S.Həsənzadə həmin pulu onlara ödəmədiyindən onlar məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət edirlər. Hesab edirlər ki, Cavabdeh1 və X9 arasında MERCEDES BENZ E 220 CDİ markalı, buraxılış ili 1999-cu il, qara metalik, (əvvəlki nömrəsi **-CL-***) hal-hazırda **-BK-*** dövlət nömrə nişanlı avtomaşına dair bağlanmış xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilməlidir. Məhkəmə iclasında iddiaçılar İddiaçı1 və İddiaçı2 Yadulla qızı hər biri ayrı-ayrılıqda iddia ərizisinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında cavabdeh X9 iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 Yadulla qızının ona qarşı qaldırdıqları iddia tələbi əsassızdır. Belə ki, o X16 ilə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuş və onların bu nikahdan iki uşaqları vardır. Onlar birgə nikah dövründə MERCEDES BENZ E 220 CDİ, buraxılış ili 1999-cu il, qara metalik, markalı, **-CL-*** dövlət nömrə nişanlı avtomobil almışlar və həmin avtomobil onun adına sənədləşdirilmişdir. Həyat yoldaşı Orxan Babayev xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Yoldaşı vəfat etdikdən sonra həmin avtomobili satmışdır. Avtomobil öz adına olsa belə avtomobili satdıqdan sonra yenə də iddiaçılara həmin pulun müəyyən hissəsini vermişdir. İddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, digər Cavabdeh1 və 3-cü şəxs Astara rayon Notariat ofisinin nümayəndəsi heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Bu halda məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materialında olan notariat hərəkətini aparmaqdan imtina edilməsi barədə 18 dekabr 2024-cü il tarixli qərardan görünür ki, miras qoyan xx.xx.2024-cü il tarixdə vəfat etmiş X10 “Mercedes Benz E220 CDİ” minik markalı, 77CL897 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə notariat hərəkətinin aparılmasından imtina edilmiş və imtinanın əsası kimi həmin əmlakın X14 məxsus olması barədə hər hansı sənəd təqdim edilməmişdir. İş materiallarında olan Baş Dövlət Yol Polisi İdarəsinin 22 noyabr 2024-cü il tarixli məktubundan görünür ki, DİN Baş Dövlət Yol Polisi İdarəsi Qeydiyyat-İmtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən sorğu etdilmiş “Mercedes Benz E220 CDİ” minik markalı, 77CL897 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2022-ci il tarixdə X5 adına qeydiyyata alınmış, xx.xx.2024-cü il tarixdə alqı-satqı müqaviləsi əsasında onun adından qeydiyyatdan çıxarılmış və nəqliyyat vasitəsinə yeni **-BK-*** dövlət qeydiyyat nişanı təhkim olunaraq Cavabdeh1 adına rəsmiləşdirilmişdir. İş materiallarında olan AZ-İİ 407443 saylı Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X16 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. İş materiallarında olan Astara rayon Şöbəsi tərəfindən verilmiş 24 avqust 2024-cü il tarixli arayışdan görünür ki, xx.xx.1986-cı ildə Astara şəhərində anadan olmuş X11 atası İddiaçı1, anası İddiaçı2dır. İş materiallarında olan 28 dekabr 2022-ci il tarixli Nəqliyyat vasitəsinin alqı-satqı Müqaviləsindən görünür ki, X9 “Mercedes Benz E220 CDİ” minik markalı, 77CL897 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini X15 almışdır. İş materialında olan xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı1 tərəfindən iddia rəizənin verilməsi üçün 100 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsinə görə, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 213.5-ci maddəsinə əsasən birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Həmin Məcəllənin 222.1-ci maddəsinə əsasən birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin iştirakçıları birgə mülkiyyətin mülkiyyətçiləridir. Əgər birgə mülkiyyətin mülkiyyətçiləri arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onlar ümumi əmlaka birgə sahiblik edir və ondan birgə istifadə edirlər. Həmin Məcəllənin 222.2-ci maddəsinə əsasən birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir. Həmin Məcəllənin 223-cü maddəsinə əsasən birgə mülkiyyət hüququna əşyanın özgəninkiləşdirilməsi və ya birgə mülkiyyətin əmələ gəlməsinə əsas vermiş ümumiliyin mövcudluğuna son qoyulması ilə xitam verilir. Birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər. Ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Həmin Məcəllənin 1133-cü maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1151-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Ailə Məcəlləsinin 33.2-ci maddəsinə əsasən ər-arvadın rəsmi reyestrdə qeydə alınmalı olmayan ümumi daşınar əmlakı üzərində sərəncam əqdini onlardan biri həyata keçirirsə, bu halda güman edilir ki, o, digərinin razılığı ilə hərəkət edir. Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın 111-ci maddəsinə əsasən notarius ər-arvadın birgə yazılı ərizəsi əsasında onların birinə və ya hər ikisinə birgə nikah dövründə əldə edilmiş ümumi əmlakdakı paya görə mülkiyyət hüququ haqqında şəhadətnamə verir. Həmin Təlimatın 115-ci maddəsinə əsasən mülkiyyət hüququ haqqında şəhadətnamə ərarvadın yalnız əmlakdakı paya mülkiyyət hüququnu təsdiq edir. Həmin Təlimatın 116-cı maddəsinə əsasən ər-arvadın biri öldükdə, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında şəhadətnaməni sağ qalmış ərin (arvadın) ərizəsinə əsasən yalnız mirasın açıldığı yerin notariusu verməli və bu barədə miras qoyanın mirası qəbul etmiş vərəsələrinə məlumat göndərməlidir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarının 23-cü bəndində göstərilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsində təsdiq edilmişdir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət toxunulmazlığı təkcə başqalarının şəxsin subyektiv hüquqlarına qəsd etməməsini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyəti qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il tarixli Qərarının təsviri-əsaslandırıcı hissəsində qeyd edilir ki, mülki prosesdə iddianın predmeti dedikdə, iddiaçının cavabdehə qarşı irəli sürdüyü və mübahisəli hüquq münasibətindən irəli gələn maddi hüquqi tələbi başa düşülür. İddianın predmetinə qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətlərini aid etmək olar. İddianın əsası dedikdə isə iddiaçının öz tələbini təsdiq etmək üçün irəli sürdüyü hallar, yəni tərəflər arasındakı maddi-hüquq münasibətlərinin yaranması, dəyişməsi və xitamının bağlı olduğu hallar başa düşülür. İddianın faktiki əsasına iddiaçının cavabdehə qarşı olan tələbini əsaslandırdığı hüquqi faktlar, iddianın hüquqi əsasına isə iddiaçının cavabdehə qarşı olan tələbinin hüquqi cəhətdən əsaslandırılması aiddir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 avqust 2012-ci il tarixli Qərarının təsviri-əsaslandırıcı hissəsində qeyd edilir ki, iddianın faktiki əsasını göstərməklə yanaşı, iddiaçı qanuna və digər normativhüquqi aktlara, cavabdeh tərəfindən pozulduğunu güman etdiyi hüquq normasına istinad etməyə də haqlıdır. Bu iddianın hüquqi əsasını təşkil edir. İddiaçı tələblərini tətbiq edilməli olmayan hüquq norması ilə əsaslandırdığı zaman məhkəmə qarşısında hansı hərəkətlərin edilməli olması məsələsi ortaya çıxa bilər. Burada ilk növbədə nəzərə almaq lazımdır ki, iddianın hüquqi əsaslandırılması onun faktiki əsası ilə eyniləşdirilməməlidir. İddianın hüquqi əsasının dəyişdirilməsi dedikdə, iddiaçının cavabdehə olan tələblərini əsaslandırdığı halların dəyişdirilməsi nəzərdə tutulur. O da nəzərə alınmalıdır ki, məhkəmə aktının əsaslandırıcı hissəsində digər hüquq normalarına istinad etdikdə məhkəmə iddianın predmetini və ya əsasını dəyişmir, mövcud normativ hüquqi aktları rəhbər tutaraq mübahisənin mahiyyəti üzrə qərar qəbul edir. Məhkəmənin belə hərəkətləri qanunçuluğun maraqlarına uyğun olan hesab edilməlidir. Baxılan iş üzrə Azərbaycan Respublikası Konstitusiyasının müddəalarının, qanunlarının və digər normativ-hüquqi aktlarının düzgün tətbiqinin təmin olunması məhkəmənin vəzifəsi olduğundan bu vəzifənin məhkəmə tərəfindən yerinə yetirilməsi işdə iştirak edən şəxsin hüquqi mövqeyindən asılı ola bilməz. Hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından tərəflərin hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil. Beləliklə, işin həqiqi halları, işdə iştirak edən şəxslərin izahatları və işin materialları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, 28 dekabr 2022-ci il tarixdə X9 “Mercedes Benz E220 CDİ” minik markalı, 77CL897 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini X15 almışdır. Sözügedən nəqliyyat vasitəsini əldə edərkən X2 Orxan Qəribxan oğlu ilə rəsmi nikah münasibətində olmuşdur. Birgə nikah dövründə sözügedən avtomobil istifadə edilməsi üçün müxtəlif şəxslərə etibarnamə verilmiş, 04 mart 2024-cü il tarixdə X16 vəfat etmiş, xx.xx.2024-cü il tarixdə isə avtomobil üzərində sərəncam vermək hüququnu həyata keçirməsi üçün X9 tərəfindən X12 etibarnamə verilmiş və avtomobil Cavabdeh1 satılmışdır. Sadalanan qanunvericilik normalarına əsasən, məhkəmə qeyd edir ki, hazırki iddianın predmetini birgə nikah dövründə əldə edilmiş əmlaka vərəsəlik hüququnun tanınmasından irəli gələn münasibətlər, qanuni əsasını isə miras əmlak, miras əmlakda qanun üzrə vərəsəlik zamanı pay hüququnun müəyyən edilməsi, birgə mülkiyyətdə olan əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam verilməsi zamanı tətbiq edilməli olan normalar təşkil edir. Miras dedikdə miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqları və vəzifələri başa düşülür. Mülki Məcəlləyə əsasən mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Ümumi mülkiyyət isə paylı və ya birgə mülkiyyət ola bilər. Hazırki mübahisə isə birgə mülkiyyətdə olan əmlaka qanun üzrə vərəsəlik zamanı pay hüququnun müəyyən edilməsi ilə bağlı olduğundan məhkəmə birgə nikah dövründə əldə edilmiş miras qoyanın öz adına rəsmiləşdirilməyən əmlakda miras qoyanın sağlığında payların müəyyən edilib-edilmədiyini araşdırmağı zəruri hesab edir. Belə ki, birgə mülkiyyətdə olan əmlak üzərində tərəflər öz paylarını müəyyənləşdirmədən onun üzərində sahiblik edir, ondan istifadə edir və onun üzərində sərəncam verirlər. Bütün bu hüquqlarından istifadə etdikləri zaman digərinin razılığı olduğu ehtimal edilir. Mərhum X1 ümumi əmlakda olan payının müəyyən edilməsi üçün hər hansı addım atmamış, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında şəhadətnamə almamış, birgə nikah dövründə arvadının adına əldə edilmiş əmlakda paya hüququnu təsdiq etməmiş, belə bir niyyətini ifadə edən hər hansı hərəkət göstərməmiş, aralarında pay ilə bağlı mübahisə olmamışdır. Əksinə, sözügedən avtomobil cavabdeh X6 adına rəsmiləşdirilməklə onların birgə istifadəsində və sərəncamında olmuş, bu razılığın olması ehtimal edilmişdir. X11 ölümü ilə isə birgə mülkiyyət hüququna birgə mülkiyyətin əmələ gəlməsinə əsas vermiş ümumiliyin mövcudluğuna son qoyulması ilə xitam verilmişdir. Belə ki, sözügedən mübahisəli əmlak üzərində birgə mülkiyyətin əmələ gəməsi əsası kimi nikah çıxış etmişdir ki, Ailə Məcəlləsinin 14.1-ci maddəsinə əsasən də X11 ölümü ilə X9 ilə arasındakı nikaha xitam verilmişdir. Beləliklə məhkəmə hesab edir ki, birgə nikah dövründə əldə edilmiş əmlakda mərhum X3 öz payını müəyyən etmədiyindən, payının müəyyən edilməsinə dair niyyətini ifadə edən sübutlar məhkəməyə təqdim edilmədiyindən, əksinə mübahisəli avtomobil arvadı olan cavabdeh X6 adına rəsmiləşdirilməklə avtomobil üzərində bütün sərəncamçılıq hüquqlarını ona verməsinə dair razılığı ehtimal edildiyindən və ölümü ilə birgə mülkiyyətin əmələ gəlməsinə əsas vermiş ümumiliyin mövcudluğuna son qoyulması ilə birgə mülkiyyətə xitam verildiyindən hazırda iddiaçıların cavabdehin adına rəsmiləşdirilmiş birgə nikah dövründə əldə edilən əmlakdan miras pay tələb etməsi əssassızdır. Qeyd olunanlara əsasən iddia tələbi təmin edilməməli, rədd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Yadulla qızının Astara rayon Notariat ofisi 3-cü şəxs qismində cəlb edilməklə cavabdehlər Cavabdeh1 və X8 qarşı «birgə nikah dövründə əldə edilən əmlakda miras payın müəyyən edilməsi» tələbinə dair iddia tələbi təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şəfiqə Meybullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar