Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-71/2024 19.01.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3 oğlunun katibliyi və Cavabdeh1 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «daşınar və daşınmaz əmlakların, mal-qaranın və ya onların dəyərinin qaytarılması» tələbinə dair mülki işə Astara Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ilə birgə yaşadığı dövr ərzində mağazanın inşası üçün 12000 (on iki min) manat, tövlənin inşası üçün 6000 (altı min) manat, fərdi yaşayış evinin təmiri üçün 3000 (üç min) manat, daş hasarın inşası üçün 2300 (iki min üç yüz) manat, dəmir darvazanın qoyulması üçün 600 (altı yüz) manat, dörd ədəd su nasoslarının alınması üçün 400 (dörd yüz) manat, su quyusunun 390 (üç yüz doxsan) manat, su anbarının tikilişi üçün 300 (üç yüz) manat, bir baş inək və onun balası alınması üçün 1600 (min altı yüz) manat, həmçinin televizor su qızdırıcı (beş dəqiqə) onların ümumi dəyərini 28,890 (iyirmi səkkiz min səkkiz yüz doxsan) manat və 176,67 (yüz yetmiş altı manat, altmış yeddi qəpik) manat dövlət rüsumunun ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsinin məzmunundan görünür ki, İddiaçı 2009-cu il tarixdə Cavabdeh2 ilə el adəti ilə ailə qurmuş, nikahlarini 06 aprel 2010-cu il tarixdə rəsmiləşdirmişlər. Digər Cavabdeh1 onun keçmiş qayınatasıdır. Ailə qurduqdan sonra cavabdehlərin yaşadıqları Astara rayonun Ərçivan qəsəbəsində yaşamağa başlamışlar. Yaşadıqları müddət ərzində təsərüfatı birgə idarə etmişlər. Bu müddət ərzində cavabdehlər üçün üç mərtəbəli mağaza, tövlə, daş hasar tikdirmişdir. Mağazanın inşası üçün 12000 (on iki min) manat, tövlənin inşası üçün 6000 (altı min) manat, fərdi yaşayış evinin təmiri üçün 3000 (üç min) manat, daş hasarın inşası üçün 2300 (iki min üç yüz) manat, dəmir darvazanın qoyulması üçün 600 (altı yüz) manat, dörd ədəd su nasoslarının alınması üçün 400 (dörd yüz) manat, su quyusunun 390 (üç yüz doxsan) manat, su anbarının tikilişi üçün 300 (üç yüz) manat pul xərcləmişdir. Bundan əlavə bir baş inək və onun balası alınması üçün 1600 (min altı yüz) manat, həmçinin qiymət 800 (səkkiz yüz) manat olan televizor və qiyməti 200 (iki yüz) manat su qızdırıcı (beş dəqiqə) almışdır. Daha sonra Cavabdeh2 ilə münasibətləri pisləşdiyi üçün aralarında nikah məhkəmə qaydasında pozulmuşdur. Nikahları pozulduqdan sonra cavabdehlərdən xərclədiyi pulu geri tələb etsə də, lakin onlar xərclədiyi pulu geri qaytarmaqdan imtina etmişlər. Odur ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ilə birgə yaşadığı dövr ərzində mağazanın inşası üçün 12000 (on iki min) manat, tövlənin inşası üçün 6000 (altı min) manat, fərdi yaşayış evinin təmiri üçün 3000 (üç min) manat, daş hasarın inşası üçün 2300 (iki min üç yüz) manat, dəmir darvazanın qoyulması üçün 600 (altı yüz) manat, dörd ədəd su nasoslarının alınması üçün 400 (dörd yüz) manat, su quyusunun 390 (üç yüz doxsan) manat, su anbarının tikilişi üçün 300 (üç yüz) manat, bir baş inək və onun balası alınması üçün 1600 (min altı yüz) manat, həmçinin televizor su qızdırıcı (beş dəqiqə) onların ümumi dəyərini 28,890 (iyirmi səkkiz min səkkiz yüz doxsan) manat və 176,67 (yüz yetmiş altı manat, altmış yeddi qəpik) manat dövlət rüsumunun ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahat verərək bildirdi ki, iddia tələbini qəbul etmir. Belə ki, iddiaçı tərəfindən ona qarşı qaldırılmış iddia tam əsassızdır. İddiaçının iddia etdiyi həyətyanı torpaq sahəsindəki daş hasar, tövləni və mağaza onun özünə məxsusdur. Həmin həyəti 40 ildir ki, tikmiş və ailəsi ilə birlikdə orada yaşayır. Mağazanın, tövlənin və daş hasarın inşasına görə guya iddiaçının ona 25000 manatdan artıq pul verməsi tamamilə yalan, şər və böhtandır. Bundan başqa onun bir baş inək və onun balasını, su nasosu, televizor və beşdəqiqə apparatı alması hamısı cəfəngiyyat və yalandır. İddiaçı onun qızı Cavabdeh2 boşanmış və məhkəmə qətnaməsi ilə ona aliment kəsilmişdir. İddiaçı aliment ödəməkdən yayınması üçün bu iddia ilə məhkəməyə müraciət etmişdir. Qeyd olunanları nəzərə alaraq onlara qarşı qaldırılmış iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş edir. Mülki iş üzrə İddiaçı və digər Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi xəbərdarlıq edilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş və gəlməməsi səbəbləri barədə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Əvvəlki məhkəmə baxışı iclasında iştirak edən İddiaçı izahatında iddia ərizəsində göstərilən xüsusatları göstərərək iddia tələbini müdafiə etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, məhkəmə iclasında Cavabdeh1 tərəfindən şahid kimi dindirilən X1 izahatında göstərdi ki, Cavabdeh1 onun qonşusudur. İddiaçı 10 il olar ki, Cavabdeh1 kürəkənidir. Cavabdeh1 çox zəhmətkeş insandır. Səməd həm bənnalıq, həm özünə məxsus texnikası ilə məşğul olaraq ailəsinin təminatını təmin etmişdir. Cavabdeh1 evi də, tövləni də, evinin daş hasarını da özü tikdirmiş və hazırda da orada yaşayır. İddiaçı iddiasında göstərdikləri hamısı yalandır. Məhkəmə iclasında Cavabdeh1 tərəfindən şahid kimi dindirilən Şahid4 izahatında bildirdi ki, Cavabdeh1 onun qayınatasıdır. İddiaçı ilə isə bacanaq olmuşdur. Əvvəllər münasibətləri çox yaxşı olmuş, İddiaçı ailəsindən ayrıldıqdann sonra əlaqələri kəsilmişdir. Cavabdeh1 öz zəhməti ilə ev tikmiş, həyətində mal-qaranın saxlanılması üçün tövlə tikmiş, bundan əlavə bənna olduğu üçün daş hasarı özü öz xərci ilə tikmişdir. Heç kim ona bu işlərin görülməsində dəstək olmamışdır. Məhkəmə iclasında Cavabdeh1 tərəfindən şahid kimi dindirilən Şahid1 izahatında bildirdi ki, Cavabdeh1 45-50 ilə yaxındır ki qonşuluq edir. Bu vaxta qədər ondan heç kim narazı olmayıb. Öz zəhməti ilə ailəsini uşaqlarını saxlayıb. Evin, tövlənin və daş hasarın tiktintisinə gəlincə Cavabdeh1 öz zəhməti ilə bu işləri hissə-hissə görmüşdür. İddiaçı ona böhtan atır. Məhkəmə iclasında Cavabdeh1 tərəfindən şahid kimi dindirilən Şahid2 izahatında bildirdi ki, Cavabdeh1 tanıyır, onun qonşusudr. Cavabdeh1 zəhmətkeş insandır. Sözügedən evin, tövlənin daş hasarın, eləcə də dükanın tikintisi öz zəhməti hesabına görmüşdür. İddiaçı qeyd etdikləri hamısı yalandır.
1. Mülki işə əlavə edilmiş şəxsiyyət vəsiqəsinin sürətindən və Bakı şəhər İcra hakimiyyəti Mənzil Kommunal Təsərüfat Departamenti tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı 19 sentybar 1969-cu il tarixdə Cəbrayıl rayonunda anadan olmuş, Bakı şəhəri, Neapol küçəsi 19 da qeydiyyata olmaqla, Füzuli rayonun, Yuxarlı Alxanlı kəndində yaşayır.
2. Mülki işə əlavə edilmiş şəxsiyyət vəsiqəsinin sürətindən və Astara Rayon İHB-nin Ərçivan qəsəbə İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh1 12 mart 1955-ci il tarixdə Astara rayonu, Ərçivan qəsəbəsində anadan olmaqla, həmin ünvanda yaşayır.
3. Mülki işə əlavə edilmiş Astara Rayon İHB-nin Ərçivan qəsəbə İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh2 xx xxxxxx 1984-cü il tarixdə Astara rayonu, Ərçivan qəsəbəsində anadan olmaqla, həmin ünvanda yaşayır.
4. Mülki işə əlavə edilmiş Astara Rayon Məhkəməsinin 25 aprel 2023-cü il tarixli, 2(018)-383/20238 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı «nikahın pozulması, uşağın ananın himayəsində saxlanılması və aliment tələbi»nə dair iddiası qismən olunaraq, tərəflər arasında nikah pozulmuş, azyaşlı uşaqlar Cavabdeh2 himayəsində saxlanılmış, cavabdeh İddiaçı hər ay hər uşaq üçün 160 (yüz altmış) manat, ümumilikdə iki uşağa görə 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Cavabdeh2 ödənilməsi qət olunmuşdur.
5. Mülki işə əlavə edilmiş ödəniş qəbzindən görünür ki, iddiaçı məhkəməyə müraciət etmək üçün 176,67 (yüz yetmiş altı manat, altmış yeddi qəpik) manat məbləğindəki dövlət rüsumunu dövlət büdcəsinə ödəmişdir. İddiaçı iddia tələblərinin hüquqi əsası kimi Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 34-37-ci maddələrinə (ər-arvadın hər birinin mülkiyyəti, onların birgə mülkiyyəti, ər-arvadın ümumi əmlakının bölünməsi və payların müəyyən edilməsi) istinad etmişdir. İddiaçı Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 34-37-ci maddələrinə istinad etsə də, iddia ərizəsində və məhkəmə çıxışı zamanı keçmiş arvadı Cavabdeh2 ilə birgə nikah dövründə konkret olaraq hansı bir əmlakı aldıqlarını və həmin əmlakın onların birgə mülkiyyəti olmasını təsdiq edən hər-hansı bir sənəd təqdim etməmişdir. Qanunvericilik aktının qeyd olunan normalarından da göründüyü kimi hazırki mülki iş üzrə İddiaçı və Cavabdeh2 nikahda olduqları dövrdə konkret olaraq əmlak almalı, həmin əmlak onların birgə mülkiyyətində olmalı və bundan sonra həmin əmlakın bölünməsi ilə bağlı tərəflərdən biri ümumi əmlakın bölünməsi tələbi ilə iddia ərizəsi ilə müraciət etməlidir. Göründüyü kimi həm in iddia tələbinin maddi əsasları mövcud deyildir, ona görə də İddiaçı Cavabdeh2 qarşı iddiası təmin oluna bilməz. Məhkəmə iddianın Cavabdeh1 qarşı olan hissəsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri və əsaslı hesab edir. İddiaçı özünün verdiyi iddia ərizəsində və izahatında bildirmişdir ki, yaşadıqları müddətdə cavabdehlər üçün üç mərtəbəli mağaza, tövlə, daş hasar tikdirmişdir. Ancaq iddiaçı bunu nəyə görə etdiyini, aralarında hər-hansı bir müqavilə olmasını göstərməmiş, hansı şərtlərlə tikməsini əsaslandırmamışdır. Göründüyü kimi hazırda iddiaçının cavabdehdən tələb etdiyi əmlaklar Cavabdeh1 qanunsuz sahibliyində deyildir. Digər tərəfdən həmin daşınmaz əmlakların tikintisində İddiaçı iştirak etməsi və ya oraya hansısa pul qoyması iş materialları ilə təsdiq edilmir. Nəzərə alınmalıdır ki, sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Məhkəmə tikinti üçün xərclənmiş pulun qaytarılması barədə iddiaçının dəlilləri ilə razılaşmır və onu qeyd etməyi zəruri hesab edir ki, əgər iddiaçı tərəfindən tikinti üçün xərc çəkilmişdirsə, bu xərcin çəkilməsi ilə əlaqədar tərəflərin arasında öhdəlik hüquq münasibəti yaranmamışdır. Pul ödəmək vəzifəsi öhdəlik hüquq münasibətinin tərkib hissəsidir, öhdəlik hüquq münasibəti yaranmadan pul ödəmək vəzifəsi yarana bilməz. Öhdəliklər əmələ gəlmə əsaslarına görə 3 yerə bölünür: müqavilədən əmələ gələn öhdəliklər; qanundan əmələ gələn öhdəliklər; mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər. Mülki Məcəlləsinin xüsusi hissəsinin quruluşunda da bu qayda öz əksini tapmışdır. Habelə, Mülki Məcəllənin “Öhdəliklərin əmələ gəlmə əsasları” adlı 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Odur ki, mülki hüquq münasibətinin bir növü kimi hər hansı öhdəlik hüquq münasibəti yalnız müqavilə bağlandıqda və ya qanunda nəzərdə tutulmuş hallar baş verdikdə (özgə işləri tapşırıqsız aparıldıqda və əsassız varlanma baş verdikdə) və yaxud mülki hüquq pozuntusu (delikt) törədildikdə yarana bilər. İddiaçı ilə cavabdeh arasında mağaza, tövlə və daş hasarın tikintisi ilə bağlı öhdəlik hüquq münasibətinin yaranması üçün yuxarıda qeyd olunan əsasların heç biri mövcud olmamışdır. Hansı ki, iddiaçı hazırki tələblə çıxış edirsə, burada müqavilə təqdim etməli idi. Hazırki işdə də müqavilənin bağlanmadığı şəksizdir. Tərəflərin heç biri müqavilənin bağlandığını iddia etmir. Digər tərəfdən, təmir işlərinin görüldüyü zaman təmir edilən cavabdehə aid olan tövlə, mağaza və daş hasarda iddiaçının tikinti işləri görməsi üçün onunla podrat, tapşırıq və ya digər müqavilə bağlaması ağlabatan deyil. İddiaçı özgə işlərini tapşırıqsız aparan şəxs sayılmayıb. İddiaçı əgər tikinti xərci çəkibsə də, onu öz şəxsi maraqları naminə çəkib. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə, toplanmış sübutlara və onların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, mövcud sübutlar iddianın rədd edilməsi üçün əsasdır. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «daşınar və daşınmaz əmlakların, mal-qaranın və ya onların dəyərinin qaytarılması» tələbinə dair iddiası əsassız olduğundan rədd edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən apelyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Zamin İbrahimov.