Məhkəmə qərarları › İş №2(019)-201/2022

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-201/2022

18.02.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-201/2022 18.02.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, İddiaçı Nürəddin oğlunun iştirakı ilə, İddiaçı Nürəddin oğlunun cavabdeh "xxxx" İstehsalat Birliyinə qarşı cərimənin ləğv edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Nürəddin oğlu cavabdeh "xxxx" İstehsalat Birliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Azəriqaz “X1 X5 İdarəsinin mütəxəssisləri tərəfindən hesablanmış 432 (dörd yüz otuz iki) manat cərimənin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 36.9-cu maddəsinə əsasən istehlakçının hüquqlarının müdafiəsi haqqında iddialar iddiaçının yaşadığı yerə görə verilə bilər. Ona görə də qanun normasının tələbinə əsasən hazırki iddiaya Balakən Rayon Məhkəməsi tərəfindən baxılması qanunamüvafiqdlir. İddiaçı Nürəddin oğlu iddiasını onunla əsaslandırmışdır ki, Balakən rayonunun Qaysa kəndində ailəsi ilə birlikdə yaşayır. Ailəsi qaz istehlakçısıdır. Bütün qaz istifadəçilərində olduğu kimi onların da yaşadıqları evə qaz qaz sayğacından gəlir. Qaz sayğacı rayon Qaz İstismarı idarəsinin işçiləri tərəfindən yaşayış evinin hasarı üzərində yol tərəfdən yerləşdirilmişdir. 08 oktyabr 2021-ci il tarixdə "xxxx" İB Zaqatala X4 idarəsinin mütəxəssisləri tərəfindən istifadələrində olan G-4 markalı ******* nömrəli qaz sayğacı götürülərək əvəzinə yeni qaz sayğacı quraşdırılmışdır. Qaz sayğacı quraşdırılan zaman mütəxəssislər tərəfindən istifadələrində olmuş sayğacın növbəti dövlət yoxlamasına göndərilməsi üçün götürüldüyü bildirilmişdir. Qaz sayğacı dəyişdirilərkən o, tərtib olunmuş Aktı imzalamışdır. Əvvəl istifadəsində olan sayğac çıxarılarkən sayğacda hər hansı xətanın olması barədə ona bildirilməmişdir. 12 noyabr 2021-ci il tarixdə istifadəsində olmuş G-4 markalı ******* nömrəli qaz sayğacı dövlət yoxlamasından keçirilmiş və laboratoriya rəyi verilmişdir ki, sayğacın hesablama mexanizminin qoruyucu qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarında əzik-cızıq izləri var. Bu barədə 17 noyabr 2021-ci tarixdə ******* saylı Akt tərtib edilmişdir. 2021-cu ilin dekabr ayının əvvəllərində ona məlum olmuşdur ki, barəsində belə bir Akt var və o, 432 manat cərimə olunmuşdur. Cərimə olunduğunu bildikdən sonra o, qaz idarəsinin məsul işçilərinə bildirmişdir ki, G-4 markalı ******* nömrəli qaz sayğacina onun və ailə üzvləri tərəfindən heç bir müdaxilə olunmamışdır. Müntəzəm olaraq onlar qaz ödənişlərini etmişlər. Qaz sayğacı həyətyanı sahəsinin daş hasarının üzərində yol tərəfdən yerləşdirilmişdir. Onun mühafizəsinə o və ailə üzvləri cavabdeh deyildir. Cərimə olunması qanunsuzdur. Cərimənin silinməsini "xxxx" İB Balakən rayon şöbəsindən tələb etsə də, bu mümkün olmamışdır. Buna görə də cərimənin ləğv edilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Qaz paylayıcısı qanunvericilikdə nəzərdə tutulmuş qaydaların heç birinə riayət etməmiş, qanunsuz olaraq onu cərimə etmişdir. Qaz sayğacı yol tərəfdədir və onu mühafizə etmək iqtidarında deyildir. Sayğacı mühafizə etmək Qaz İstismarı idarəsinin borcudur. Məhkəmə iclasında İddiaçı Nürəddin oğlu iddiasını müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh "xxxx" ASC məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, həmçinin iddiaya hər hansı etirazını məhkəməyə göndərməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş 27 iyul 2020-ci il tarixli, 22469 nömrəli Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqı müqaviləsindən görünür ki, həmin müqavilə paylayıcı "xxxx" X1 RQİİ ilə istehlakçı Balakən rayonu Qaysa kənd sakini İddiaçı Nürəddin oğlu arasında bağlanmış, tərəflər təbii qazın istehlakçıya verilməsi, onun dəyərinin ödənilməsi və sair şərtlərlə bağlı öz üzərinə öhdəlik götürmüşlər. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş "xxxx" İstehsalat Birliyinin işçilərinin tərtib etdiyi Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 08.10.2021-ci il tarixli ******* nömrəli aktından görünür ki, İddiaçı Nürəddin oğlunun evində qaz sayğacı növbədənkənar dövlət yoxlamasına göndərilir və yenisi ilə əvəz olunur. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş "xxxx" X1 RQİİ-nin mütəxəssisləri tərəfindən tərtib olunmuş Təbii X3nın pozulması haqqında 17.11.2021-ci il tarixli, ******* nömrəli aktda göstərilir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "xxxx" İB-nin İddiaçı Nürəddin oğluna aid qaz sayğacının yoxlanması barədə 29/1710-044014-1 nömrəli aktına əsasən sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarında əzik-cızıq izləri var. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş 29.11.2021-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, 17.11.2021-ci il tarixli, ******* №-li akt üzrə İddiaçı Nürəddin oğluna 4320 m3 (432 manat) sayğacdankənar təbii qaz sərfiyyatı hesablanmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş İddiaçı Nürəddin oğlunun **********03450 nömrəli abonent saldosundan görünür ki, həmin 432 manat borc kimi qalıq və aktlar qrafasında həmin abonentin- İddiaçı Nürəddin oğlunun abonent hesabına daxil edilmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, işdə olan sübutları tədqiq edərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan sübutların tədqiqi zamanı müəyyən olunmuşdur ki, paylayıcı "xxxx" X1 RQİİ ilə istehlakçı Balakən rayonu Qaysa kənd sakini İddiaçı Nürəddin oğlu arasında 27 iyul 2020-ci il tarixli, 22469 nömrəli Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqı müqaviləsi bağlanmış, tərəflər təbii qazın istehlakçıya verilməsi, onun dəyərinin ödənilməsi və sair şərtlərlə bağlı öz üzərinə öhdəlik götürmüşlər. Qaz sayğacı istehlakçı İddiaçı Nürəddin oğlunun Balakən rayonunun Qaysa kəndində yerləşən yaşayış evinin hasarı üzərində yol tərəfdən yerləşdirilmişdir və həmin yer ictimai yer hesab olunur. "xxxx" İstehsalat Birliyinin işçilərinin tərtib etdiyi Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 08.10.2021-ci il tarixli, ******* nömrəli aktla İddiaçı Nürəddin oğlunun evində qaz sayğacı növbədənkənar dövlət yoxlamasına göndərilmiş və yenisi ilə əvəz olunmuşdur. "xxxx" X1 RQİİ-nin mütəxəssisləri tərəfindən Təbii X3nın pozulması haqqında 17.11.2021-ci il tarixli, ******* nömrəli akt tərtib edilərək, həmin aktda Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "xxxx" İB-nin İddiaçı Nürəddin oğluna aid qaz sayğacının yoxlanması barədə 29/1710-044014-1 nömrəli aktına əsasən sayğacın hesablama mexanizminin qapağının yan tərəfdən əzilməsi və daxili qulaqcıqlarında əzik-cızıq izlərinin olması göstərilmiş, 29.11.2021-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamə əsasında 17.11.2021-ci il tarixli, ******* №-li akt üzrə İddiaçı Nürəddin oğluna 4320 m3 (432 manat) sayğacdankənar təbii qaz sərfiyyatı hesablanmış və həmin 432 manat borc kimi qalıq və aktlar qrafasında qeyd edilməklə İddiaçı Nürəddin oğlunun **********03450 nömrəli abonent hesabına daxil edilmişdir və ondan tələb edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etiməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.1 və 427.2-ci maddələrinə əsasən əgər öhdəliyin icra müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər; əgər öhdəliyin icra müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəlyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1 və 443.2-ci maddələrinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur; zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilməyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 459.1-ci maddəsinə əsasən zərərin əvəzini ödəməyə borclu olan şəxs əvəz ödəməyə borclu edən hal baş verməsəydi, mövcud olacaq vəziyyəti bərpa etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 459.5-ci maddəsinə əsasən əgər ilkin vəziyyətin bərpası yolu ilə zərərin əvəzinin ödənilməsi mümkün deyildirsə və ya bunun üçün tənasübsüz surətdə böyük xərclər zəruridirsə, kreditora pul əvəzi verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonradan aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı, 12 may 2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş «X3»nı 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində SMRDK-nin (Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və X7 Komitəsinin) və qaz paylayıcısının plombu olmalıdır. Həmin Qaydaların 4.7-ci bəndinə görə sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fizik şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlamasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir. Yenə də həmin Qaydaların 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya hesab təqdim etməlidir. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Göründüyü kimi, fiziki şəxslərin evlərinə quraşdırımış qaz sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə qaz paylayıcısı cavabdehlik daşıyır. İş materiallarından görünür ki, İddiaçı Nürəddin oğlunun yaşayış evinə qaz sayğacı bu yaşayış evinin içində deyil, evdən kənarda-yolda quraşdırılmışdır ki, həmin yer də ictimai yer hesab olunur. Qaz sayğacına müdaxilə ilə bağlı Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 08.10.2021-ci il tarixli, ******* nömrəli akt, Təbii X3nın pozulması haqqında 17 noyabr 2021-ci il tarixli, ******* akt tərtib olunarkən, həmçinin həmin akt əsasında 4320 kub metr itirilmiş qaz itkisi ilə bağlı 29.11.2021-ci il tələbnamə verilərkən qaz sayğacına müdaxilənin iddiaçı tərəfindən edilməsi araşdırılmalı və sübuta yetirilməli idi. Lakin İddiaçı Nürəddin oğlu tərəfindən qaz sayğacına müdaxilə olunmasına-sayğacın hesablama mexanizminin qapağının yan tərəfdən əzilməsinə və daxili qulaqcıqların zədələnməsinə dair iş materiallarında heç bir sübut yoxdur. İş üzrə cavabdeh "xxxx" İstehsalat Birliyi tərəfindən də İddiaçı Nürəddin oğlu tərəfindən qaz sayğacına müdaxilə olunması, həmçinin 08.10.2021 il tarixli, ******* saylı aktın, 17.11.2021 il tarixli,0329552 nömrəli aktın və 29.11.2021-ci il tarixli tələbnamənin həqiqəti əks etdirməsi və əsaslı olması barədə məhkəməyə heç bir sübut təqdim olunmamış, iddia tələbinə olan etirazın əsaslandırılmalı olduğu hallar sübut olunmamışdır. Məhkəmə, 08.10.2021 il tarixli, ******* saylı aktın, 17.11.2021 il tarixli, ******* nömrəli aktın və 29.11.2021-ci il tarixli tələbnamənin həqiqəti əks etdirməyi, əsaslı olmadığı, işin həqiqi halları ilə ziddiyət təşkil etdiyi üçün iddia tələbini təkzib edən hallarla bağlı mötəbər sübut kimi qəbul etmir. Həmçinin cavabdeh "xxxx" İstehsalat Birliyi tərəfindən iddia tələbinə etirazın əsaslandırıldığı hallar kimi İddiaçı Nürəddin oğlunun qaz sayğacına ehtimal olunan müdaxilə etməklə qanunazidd hərəkəti nəticəsində ona 4320 kub metr qaz itkisi olmaqla 432 manat məbləğində zərər vurulması, bu zərərlə iddiaçının ehtimal olunduğu qanunazidd hərəkəti arasında səbəbli əlaqənin olması və bu zərərin vurulmasında iddiaçının təqsirli olmasını təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmiş, iddia tələbinə etirazın əsaslandırıldığı həmin hallar sübut olunmamışdır. Halbuki qanuna görə iddia tələbinə etirazın əsaslandırıldığı halları sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Belə ki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası MPM-nin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və videoyazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Azərbaycan Respublikası MPM-nin 78.1-1-ci maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatı zamanı işdə iştirak edən şəxslər yazılı sübutları yalnız “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə təqdim edirlər. Bununla belə bu qaydada təqdim olunmuş yazılı sübutun həqiqiliyi şübhə doğurarsa, məhkəmə həmin yazılı sübutun əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edə bilər. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübut etmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir.“Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 19-cu maddəsinə əsasən dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxslərin mülki hüquqlarını və qanunla qorunan mənafeyini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. Bundan başqa, iş üzrə müəyyən edilmişdir ki, təhlükəsiz şəraitdə saxlanması üçün qaz sayğacı qaz paylayıcısı tərəfindən xüsusi qutuya yerləşdirilməmişdir. Bu isə həmin sayğaca istənilən şəxs tərəfindən müdaxiləni və ya təbii hadisələrin (zəlzələ, güclü külək, qasırğa nəticəsində və sair səbəblərdən kənar predmetlərin dəyməsi, qaz sayğacının dəyişdirilməsi və sair) təsiri nəticəsində müdaxilə olunmasını istisna etmir. Qeyd olunanlar əsasında məhkəmə belə nəticəyə gəlir ki, cavabdeh təşkilat tərəfindən iddiaçıya 432 manat cərimə borcu əsassız hesablanmış və əsassız olaraq da həmin cərimə borcu iddiaçının abonent hesabına daxil edilməklə ondan tələb edilir. Bu da qaz istehlakçısı kimi iddiaçının hüquqlarının pozulmasına gətirib çıxarmışdır. Ona görə də iddiaçının hüquqları bərpa olunmalı və həmin 432 manat cərimə borcu ləğv edilməklə iddiaçının abonent hesabından silinməlidir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək, işin hallarını, iddiaçının evinə aid qaz sayğacının küçədə yerləşməsini, cavabdeh tərəfindən qaz sayğacına ehtimal olunan müdaxilənin iddiaçının təqsiri üzündən baş verməsinə və bunun iddiaçı tərəfindən törədilməsinə dair heç bir sübut təqdim edilməməsini nəzərə alaraq, hesab edir ki, iddia təmin edilməli, "xxxx" İB-nin Zaqatala X5 İdarəsinin mütəxəssisləri tərəfindən İddiaçı Nürəddin oğluna əsassız hesablanmış 432 (dörd yüz otuz iki) manat cərimə borcu ləğv edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatadək olduqda iddia ərizələrindən 30 manat dövlət rüsumu tutulur. İş materiallarından görünür ki, hazırki iddianın qaldırılması üçün İddiaçı Nürəddin oğlu dövlət rüsumunu ödəməkdən azad olunduğuna görə, dövlət rüsumu ödəməmişdir. Ona görə iddia təmin edildiyi üçün məhkəmə həmçinin hesab edir ki, cavabdeh "xxxx" İstehsalat Birliyindən 30 manat dövlət rüsumu alınaraq, Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. "xxxx" X2 X4 İdarəsinin mütəxəssisləri tərəfindən İddiaçı Nürəddin oğluna əsassız hesablanmış 432 (dörd yüz otuz iki) manat cərimə borcu ləğv edilsin; cavabdeh "xxxx" İstehsalat Birliyindən 30 manat dövlət rüsumu alınaraq, Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin. Qətnamədən, qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən:Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar