Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-471/2021 07.05.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, İddiaçı və cavabdeh Q.Nağıyev adına Balakən rayonu Kortala kənd tam orta məktəbinin nümayəndəsi-direktoru Nümayəndə iştirakı ilə İddiaçı X1 cavabdehlər Q.Nağıyev adına Balakən rayon Kortala kənd tam orta məktəbinə və 5 saylı Ərazi X2rşı Q.Nağıyev adına Balakən rayon Kortala kənd tam orta məktəbinin 01 noyabr 2020 -ci il tarixli, 28 saylı əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Q.Nağıyev adına Balakən rayon Kortala kənd tam orta məktəbinə və 5 saylı Ərazi X2rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Q. Nağıyev adına Kortala kənd tam orta məktəbin 01 noyabr 2020-ci il tarixli, 28 saylı əmrinin ləğv edilməsi və məcburi proqul dövrü üçün vurulmuş zərərin (əmək haqqı) ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbinin həcmini artırıb, Q.Nağıyev adına Balakən rayon Kortala kənd tam orta məktəbinin 01 noyabr 2020-ci il tarixli, 28 saylı əmrinin ləğv edilməsi, həmin məktəbə ingilis dili müəllimi işinə bərpa edilməsi və məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bu ərizə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 53-cü maddəsinə əsasən icraata qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 53-cüı maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə iclasında İddiaçı iddiasını müdafiə edərək, onunla əsaslandırmışdır ki, 2008ci ildə X4 və Texnologiya Kollecində ingilis dili ixtisasına yiyələndikdən sonra 05.01.2011-ci il tarixdən əmək fəaliyyətinə Balakən rayon İtitala kənd uşaq bağçasında başlamışdır. 15 oktyabr 2013-cü il tarixdə Balakən rayon Kortala kənd tam orta məktəbinin 45 nömrəli əmri ilə məktəbə müddətsiz olaraq ingilis dili müəllimi təyin edilmişdir. Əmək kitabçasında qeyd edilən məktəbin 45 nömrəli əmrində Kortala kənd tam orta məktəbinə ingilis dili müəlliminin təyin edilməsi göstərilmişdir. Məktəb rəhbərliyi tərəfindən 09 mart 2021-ci il tarixdə təqdim edilmiş əmrdə qeyd edilir: Əlibəyeva (Nağıyeva) Aynurə Bədrəddin qızı- X4 və Texnologiya Kollecinin ingilis dili fakültəsinin məzunu 15 oktyabr 2013-cü il tarixdən müvəqqəti ingilis dili müəllimi təyin edilsin. Sistemə daxil edilmiş 29.09.2014-cü il tarixli N:xxxxxxx000100 olan Əmək Müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi Bildirişində iş yerinin “əsas” olduğu, 15.10.2013-cü il tarixdə bağladığı müqavilənin isə “müddətsiz” olduğu qeyd edilmişdir. Əmək Məcəlləsinin 45-ci maddəsində qeyd olunur: 45.1. Əmək müqaviləsi qabaqcadan müddəti qeyd edilmədən (müddətsiz) və ya 5 ilədək müddətə (müddətli) bağlanıla bilər. 45.2. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. 45.3. Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli müqavilə ilə əvəz edilə bilməz. 45.4. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. 45.5. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Qeyd edilən hüquq normalarından məlum olur ki, əmək funksiyasının verinə yetirilməsi daimi xarakterə malik olduğu iş yerlərində əmək müqaviləsi müddətsiz bağlanmalıdır. Məktəbin 01 fevral 2014-cü il tarixli əmri ilə həmin tarixdən analıq məzuniyyətinə buraxılmışdır. Eyni zamanda məktəbin 10 iyun 2014-cü il tarixli, 19 saylı əmri ilə həmin gündən analıq məzuniyyətindən qayıdıb işə başlamış və ardınca 56 günlük yay məzuniyyətinə buraxılmışdır. Yay məzuniyyətindən qayıtdıqdan sonra 2017-ci il 01 avqust tarixinədək məktəbdə əmək fəaliyyətini davam etdirmişdir. 01 avqust 2017-ci il tarixdən məktəbin 26 saylı əmri ilə 3-cü uşaqla bağlı 01 avqust 2017-ci il tarixdən 19 dekabr 2017-ci il tarixədək analıq məzuniyyətinə buraxılmışdır. Məktəbin 19 dekabr 2017ci il tarixli, 48 saylı əmri ilə 19.12.2017-ci il tarixdən 01.11.2020-ci il tarixədək qismən ödənilən məzuniyyətdə olmuşdür. 01.11.2020-ci il tarixdən qismən ödənilən analıq məzuniyyətimin vaxtı bitdiyi üçün işinə başlamaq üçün məktəbə getmişdir. Məktəb direktoru onu işə geri qaytarmaqdan imtina etmiş, onunla bağlanmış əmək müqaviləsinin müddətli müqavilə olduğunu, müqavilənin müddəti bitdiyi üçün onu geri işə qaytarmayacağını bildirmişdir. Məktəb rəhbəri onu geri işə qaytarmamış, eyni zamanda işdən çıxma əmrini də verməmişdir. Bildirmişdir ki, işdən çıxma əmrini sistemə daxil etdikdən sonra əmri və bildirişi verəcəkdir. Dəfələrlə işdən çıxarılma əmrini və.s. sənədləri götürmək üçün məktəbə getsə də, sənədlər verilməmiş, bəzi hallarda da məktəb direktoru yerində olmamışdır. Üç azyaşlı uşağı olduğu üçün, həm də Kovid-19-la bağlı tez-tez məktəbə gedə bilməmişdir. Nəticədə atasını sənədləri götürməyə göndərmiş, ən nəhayət atası əmək müqaviləsinə xitam verilməsi ilə bağlı “Bildirişi” 2021-ci il mart ayının 5-də Balakən rayon Təhsil Şöbəsindən əldə edə bilmişdir. Bundan sonra atası məktəb direktorundan əmək fəaliyyəti ilə bağlı yuxarıda qeyd edilən sənədləri əldə edə bilmişdir. Məktəb rəhbərliyi hətta əmək kitabçasında işdən çıxarılma əmrini belə yazmamışdır. Sistemə daxil edilmiş 18.01.2021-ci il tarixli və çap tarixi 19.02.2021 olan əmək müqavləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişində əmək müqaviləsinə 01 noyabr 2020-ci il tarixdə 28 saylı əmrlə Əmək Məcəlləsinin 68.2. b bəndinə əsasən əmək müqaviləsinin müddıtinin qurtarması ilə xitam verildiyi qeyd olunmuşdur. Eyni zamanda məktəbin əmr kitabında 01 noyabr 2020-ci il tarixli, 28 saylı əmrdən çıxarışda da əmək müqaviləsinin Əmək Məcəlləsinin 68.2.b bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması ilə xitam verildiyi göstərilmişdir. Əmək Məcəlləsinin 83.2-ci maddəsində qeyd olunur: əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Əmək müqaviləsinə xitam verilməsinin ən qusurlu halı odur ki, məzuniyyətdən qayıdıb işə qaytarılmadan işdən azad edilmişdir. İşə qaytarılmağı ilə bağlı əmək kitabçasında heç bir qeyd edilməyib. Müddətli əmək müqaviləsinə xitam verilməsi qaydası haqda Əmək Məcəlləsinin 73.2-cü maddəsində göstərilir: İşçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər. Məktəbin direktoru onu müqavilənin müddətinin qurtarması ilə bağlı Əmək Məcəlləsinin 68.2.b bəndi ilə işdən çıxararkən Əmək Məcəlləsinin “Müddətli Əmək müqaviləsinə xitam verilməsi qaydası“ haqda 73-cü maddəsində qeyd edilən normalara əsasən əmək müqaviləsinə xitam verə bilərdi. İşəgötürən olan Kortala kənd tam orta məktəbinin direktoru heç bir əsas olmadan onu müddətli əmək müqaviləsinin müddətinin bitməsi nəticəsində müqaviləsinə xitam vermişdir. Məktəb direktoru tərəfindən təsdiq edilərək verilmiş əmək kitabçasında işə qəbul edilməsi ilə bağlı qeyd edilmiş 15.10.2013-cü il tarixli, 45 nömrəli əmrdə, həmin əmrdən verilmiş çıxarışda, əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi Bildirişində iş yerinin “əsas və müddətsiz” olduğu yazılmışdır. İddia ərizəsinə əlavə etdiyi mötəbər sənədlərdə Kortala kənd tam orta məktəbi ilə bağladığı əmək müqaviləsinin “müddətli” olduğunu təsdiq edən hər hansı bir sənəd olmadığı halda, necə ola bilər ki, işəgötürən tərəfindən müqavilənin müddətinin qurtarması ilə bağlı işdən azad edilmişdir? Buna qəsd və qərəzlik deyirlər. İşdən azad edilməsi üçün heç bir əsas olmamışdır. Elə bu səbəb üzündən də işdən çixarılma haqda sənədlər vaxtında, işdən çıxarılan gün verilməmişdir. “Əmək Müqaviləsinin ləğv edilməsi haqqında əmrin məzmunu” haqda 84-cü maddəsinin 1-ci hissəsində əmək müqaviləsinin ləğv edilməsi haqda əmrdə bir sıra məlumatların göstərilməsinin vacibliyi qeyd edilmişdir: Bunlardan əhəmiyyət kəsb edəni: əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlərdir. 1. İşəgötürən əmək müqaviləsinin ləğv edilməsi əsası kimi Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndini göstərmişdir. Amma müddətli əmək müqaviləsinə xitam verilməsi haqda 73-cü maddəni və onun hissəsini göstərməmişdir. 2. Eyni zamanda işəgötürən tərəfindən əmrdə əmək müqaviləsinin ləğv edilməsi üçün əsas olan hər hansı bir sənəd (bağlanmış müddətli əmək müqaviləsini, müddətli işə götürülmə haqda əmr (onun nömrəsi, tarixi, nə vaxtdan hə vaxtadək işə götürülməsi) və. s göstərilməmişdir. 84.2-ci maddədə qeyd olunur: Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Qeyd edilənlərdən və iddia ərizəsinə əlavə edilən sənədlərdən məlum olur ki, işəgötürən tərəfindən bağlanmış müddətli əmək müqaviləsinin müddətinin bitməsi ilə bağlı işdən çıxarılması tam ədalətsiz və qanunsuz olmuşdur. Ona görə ki, işə qəbul edilərkən müddətsiz müqavilə əsasında işə qəbul olunmuşdur və müddətli əmək müqaviləsi bağlaması haqda heç bir qanuni sənəd yoxdur və olması da mümkün deyildir. Əmək Məcəlləsinin 76.2-ci maddəsində qeyd olunur: Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Həmin Məcəllənin 74.2-ci maddəsində izah olunur ki, əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə bərpa olunması haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır. Bu zaman işə bərpa edilən işçinin yerinə götürülmüş işçi ilə bağlanmış əmək müqaviləsinə bu Məcəllənin 71-ci maddəsinin birinci maddəsində nəzərdə tutulmuş müvafiq araşdırmalar aparılmaqla xitam verilə bilər. 2017-ci ildə analıq məzuniyyətinə çıxarkən 12 saat dərs yükü olub və həmin dərsləri müddətli olaraq digər ingilis dili müəllimlərinə verilmişdir. Əmək Məcəlləsinin 300.1-ci maddəsində qeyd olunur: əgər işəgötürən əmək müqaviləsininin bu Məcəllənin 68, 69, 70, 73, 74, 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, 79-cu maddədə nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxarır. Məhkəmə tərəfindən işinə bərpa olunması haqda qətnamə çıxarılıb qüvvəyə mindiyi andan işdən çıxarılıb məcburi proqula məruz qaldığı dövr üçün əmək haqqının ödəniməsi vəzifəsi Cavabdeh2 üzərinə düşür. Əmək Məcəlləsinin 301.1-ci maddəsində izah edilir: Fərdi əmək mübahisəsinin həlli barədə məhkəmə qərarı onun məzmununda başqa hal nəzərdə tutulmayıbsa, bu qərar qanuni qüvvəyə mindiyi gündə dərhal icra edilməlidir. Onu da bildirir ki, o, müddətsiz əmək müqaviləsinə dəyişiklik edilməsi barədə Balakən rayon Kortala kənd tam orta məktəbi ilə hər hansı müqavilə bağlamamış, bu dəyişikliyə razılığını verməmişdir. Ona görə də sistemə daxil edilməsi tarixi 09.01.2017-ci il göstərilən əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişi tamamilə qanunsuz və əsassızdır. Onun bu dəyişikliyə razılığı olmamışdır. Qeyd edilənləri nəzərə alıb, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh Q.Nağıyev adına Balakən rayon Kortala kənd tam orta məktəbinin nümayəndəsi-direktoru Nümayəndə iddianı qəbul etməyərək, verdiyi izahatında göstərmişdir ki, İddiaçı 15.10.2013-cü il tarixdə Balakən rayon Kortala kənd tam orta məktəbi ilə müvəqqəti əmək müqaviləsi bağlayaraq, müvəqqəti olaraq ixtisası üzrə məktəbə xarici dil (ingilis dili) müəllimi təyin edilmişdir. Texniki səhv olaraq İddiaçı ilə 15.10.2015-ci ildən müddətsiz müqavilə bağlandığı və bu müqavilənin elektron formada sistemə daxil edildiyi göstərilmişdir. Bu texniki səhv aradan qaldırılaraq, İddiaçı ilə müqavilə bağlanmadan və onun razılığı olmadan 15.10.2013-cü il tarixli müqaviləyə dəyişiklik edilmiş və həmin müqavilənin müddətli olması göstərilməklə bu barədə 09.01.2017-ci il tarixdə əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişi sistemə daxil edilmişdir. Yəni faktiki İddiaçı ilə müddətli əmək müqaviləsi bağlanmışdır. Q.Nağıyev adına Balakən rayon Kortala kənd tam orta məktəbinin 01 noyabr 2020-ci il tarixli, 28 nömrəli əmri ilə İddiaçı-məktəbin ingilis dili müəllimi kimi onunla bağlanmış müddətli əmək müqaviləsinin vaxtı bitdiyi üçün Əmək Məcəlləsinin 68.2.-ci maddəsinin b bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. Bu əmr tamamilə qanunidir. O, hazırki iş üzrə qanuni qərarın verilməsini xahiş edir. Cavabdeh 5 saylı Ərazi Maliyyə Hesablama Mərkəzi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzrlü səbəb olmadan onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdeh 5 saylı Ərazi Maliyyə Hesablama Mərkəzinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Q. Nağıyev adına Kortala kənd tam orta məktəbi üzrə 15 oktyabr 2013-cü il tarixli, 45 saylı əmrdən çıxarışdan görünür ki, Əlibəyeva (Nağıyeva) Aynurə Bədrəddin qızı-X4 və Texnologiya Kollecinin ingilis dili fakultəsinin məzunu (diplom:BB-İİ №076439) 15 oktyabr 2013-cü il tarixdən müvəqqəti ingilis dili müəllimi təyin edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Q. Nağıyev adına Kortala kənd tam orta məktəbi ilə Əlibəyeva (Nağıyeva) Aynurə Bədrəddin qızı arasında bağlanması göstərilən 15 oktyabr 2013-cü il tarixli əmək müqaviləsinin yazılı variantından görünür ki, həmin müqavilədə müqavilənin qüvvədə olma müddəti 15.10.2013-cü il tarixdən 16.06.2017-ci il tarixədək göstərilməklə Əlibəyevə (Nağıyeva) Aynurə Bədrəddin qızının imzası yoxdur. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş sistemə daxil edilməsi 29.09.2014-cü il tarix göstərilən əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişində həmin müqavilənin işəgötürən Balakən rayonu Kortala kənd əsas məktəbinin direktoru Nümayəndə ilə işçi İddiaçı arasında 15.10.2013-cü il tarixdən bağlandığı və müddətsiz olduğu göstərilmişdir. Həmin müqavilə ilə İddiaçı Balakən rayon Kortala kənd əsas məktəbinin ingilis dili müəllimi vəzifəsinə təyin edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş sistemə daxil edilməsi 09.01.2017-cı il tarix göstərilən əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişində həmin müqavilənin işəgötürən məktəb direktoru Nümayəndə Məhəmməd oğlu ilə işçi İddiaçı arasında 15.10.2013-cü il tarixdən 29.03.2017-ci il tarixədək bağlandığı və müddətli olduğu, müddətli əmək müqaviləsinin müddətinin qurtardığı tarixin 29.03.2017-ci il olduğu göstərilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Q. Nağıyev adına Kortala kənd tam orta məktəbi üzrə 01 fevral 2014-cu il tarixli, 05 saylı əmrdən çıxarışdan görünür ki, Əlibəyeva (Nağıyeva) Aynurə Bədrəddin qızı-ingilis dili müəllimi 01.02.2014-cü il tarixdən analıq məzuniyyətinə buraxılmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Q. Nağıyev adına Kortala kənd tam orta məktəbi üzrə 10 iyun 2014-cu il tarixli, 19 saylı əmrdən çıxarışdan görünür ki, Əlibəyeva (Nağıyeva) Aynurə Bədrəddin qızı-ingilis dili müəllimi analıq məzuniyyəti başa çatdığı üçün 10 iyun 2014-cü il tarixdən işə çağrılmış və növbəti 56 gün yay məzuniyyətinə buraxılmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Q. Nağıyev adına Kortala kənd tam orta məktəbi üzrə 01 avqust 2017-ci il tarixli, 26 saylı əmrdən çıxarışdan görünür ki, Əlibəyeva (Nağıyeva) Aynurə Bədrəddin qızı -məktəbin ingilis dili müəllimi 01.08.2017-ci il tarixdən 19.12.2017-ci il tarixədək analıq məzuniyyətinə buraxılmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Q. Nağıyev adına Kortala kənd tam orta məktəbi üzrə 19 dekabr 2017-ci il tarixli, 48 saylı əmrdən çıxarışdan görünür ki, Əlibəyeva (Nağıyeva) Aynurə Bədrəddin qızı -məktəbin ingilis dili müəllimi azyaşlı uşağı olduğu üçün 19.12.2017-ci il tarixdən 01.11.2020-ci il tarixədək qismən ödənilən sosial məzuniyyətə buraxılmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Q. Nağıyev adına Kortala kənd tam orta məktəbi üzrə 01 noyabr 2020-ci il tarixli, 28 saylı əmrdən çıxarışdan görünür ki, Əlibəyeva (Nağıyeva) Aynurə Bədrəddin qızı-məktəbin ingilis dili müəllimi sosial məzuniyyət müddəti başa çatdığı üçün 01 noyabr 2020-ci il tarixdən işə çağrılmış və 01.11.2020-ci il tarixdən Əmək Məcəlləsinin 68.2 b maddəsinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. Məhkəmə iddiaçının və cavabdeh Balakən rayon Kortala kənd tam orta məktəbinin nümayəndəsi-direktoru Nümayəndə izahatlarını dinləyib, iş materiallarını bilavasitə araşdıraraq hesab edir ki, iddia əsaslıdır və əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında işdə olan sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, sistemə daxil edilmə tarixi 29.09.2014-cü il göstərilən əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişində Q.Nağıyev adına Balakən rayon Kortala kənd tam orta məktəbi ilə İddiaçı arasında əmək müqaviləsinin 15.10.2013-cü il tarixdən müdətsiz bağlandığı göstərilmiş, həmin müqavilə ilə İddiaçı Bədrəddin qızı 15 oktyabr 2013-cü il tarixdən Q.Nağıyev adına Balakən rayon Kortala kənd tam orta məktəbində ixtisası üzrə ingilis dili müəllimi kimi iş fəaliyyətinə başlamışdır. Q.Nağıyev adına Balakən rayon Kortala kənd tam orta məktəbi üzrə 15 oktyabr 2013-cü il tarixli, 45 saylı əmrdən çıxarışda Əlibəyeva (Nağıyeva) Aynurə Bədrəddin qızının 15 oktyabr 2013-cü il tarixdən məktəbə müvəqqəti ingilis dili müəllimi təyin edilməsi göstərilsə də, Cavabdeh1 ilə Əlibəyeva (Nağıyeva) Aynurə Bədrəddin qızı arasında 15.10.2013-cü il tarixdən 16.06.2017-ci il tarixədək müddətli bağlanması göstərilən 15 oktyabr 2013-cü il tarixli əmək müqaviləsinə Əlibəyeva (Nağıyeva) Aynurə Bədrəddin qızı imza etməmişdir, yəni faktiki olaraq tərəflər arasında kağız variantında belə bir əmək müqaviləsi bağlanmamışdır. 09.01.2017-ci il tarixdə sistemə daxil edilməsi göstərilən əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişində isə İddiaçı ilə müqavilənin 15.10.2013-cü il tarixdən 29.03.2017-ci il tarixədək bağlandığı və müddətli olduğu göstərilmişdir. Halbuki tərəflərin izahatları ilə müəyyən olunur ki, İddiaçı onunla bağlanmış müddətsiz əmək müqaviləsinə onun (bu müqavilənin) müddətli olması ilə bağlı dəyişiklik edilməsinə razılıq verməmiş, Q.Nağıyev adına Kortala kənd tam orta məktəbi qanunun tələblərini pozaraq, qarşı tərəfin razılığı olmadan birtərəfli qaydada İddiaçı bağlanmış əmək müqaviləsinə dəyişiklik edərək, həmin müqavilənin müddətli-15.10.2013cü il tarixdən 29.03.2017-ci il tarixədək olması ilə bağlı 09.01.2017-ci tarixdə sistemə məlumat daxil etmişdir. Q. Nağıyev adına Kortala kənd tam orta məktəbi üzrə 01 fevral 2014-cu il tarixli, 05 saylı əmrlə Əlibəyeva (Nağıyeva) Aynurə Bədrəddin qızı 01.02.2014cü il tarixdən analıq məzuniyyətinə buraxılmış, 10 iyun 2014-cu il tarixli, 19 saylı əmrlə analıq məzuniyyəti başa çatdığı üçün 10 iyun 2014-cü il tarixdən işə çağrılmış və növbəti 56 gün yay məzuniyyətinə buraxılmış, 01 avqust 2017-ci il tarixli, 26 saylı əmrlə 01.08.2017-ci il tarixdən 19.12.2017-ci il tarixədək analıq məzuniyyətinə buraxılmış, 19 dekabr 2017-ci il tarixli, 48 saylı əmrlə 19.12.2017-ci il tarixdən 01.11.2020-ci il tarixədək qismən ödənilən sosial məzuniyyətə buraxılmışdır. Q.Nağıyev adına Balakən rayon Kortala kənd tam orta məktəbinin 01.11.2020-ci il tarixli, 28 nömrəli əmri ilə İddiaçı ilə bağlanmış müddətli əmək müqaviləsinin vaxtı bitdiyi üçün 01 noyabr 2020-ci il tarixdən Əmək Məcəlləsinin 68-ci maddəsinin b bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. İş materialları ilə müəyyən olunur ki, əslində İddiaçı ilə əmək münasibətlərinin yaranması üçün bir-birinə zidd olan 3 lokal sənəd qəbul edilmişdir. Belə ki, məktəb üzrə 15 oktyabr 2013-cü il tarixli, 45 saylı əmrdə Əlibəyova (Nağıyeva) Aynurə Bədrəddin qızının məktəbə müvəqqəti ingilis dili müəllimsi təyin edilməsi, iddiaçının imzasının olmadığı 15.10.2013-cü il tarixli yazılı əmək müqaviləsində bu müqavilənin 15.10.2013-cü il tarixdən 16.06.2017-ci il tarixədək müvəqqəti bağlandığı, sistemə daxil edilmə tarixi 29.09.2014-cü il göstərilən əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişində İddiaçı ilə 15.10.2013-cü il tarixdən müddətsiz müqavilənin bağlanması, iddiaçının razılığı olmadan əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişində (sistemə daxil edildiyi tarix 09.01.2017-ci ildir) isə İddiaçı ilə 15.10.2013-cü il tarixdə müqavilənin müddətli bağlandığı və 29.03.2017-ci il tarixdə qurtardığı göstərilmişdir. Məhkəmə hesab edir ki, 29.09.2014-cü il tarixdə sistemə daxil edilmiş Q.Nağıyev adına Balakən rayon Kortala kənd tam orta məktəbi ilə İddiaçı Sədrəddin qızı arasında 15.10.2013-cü il tarixdə müddətsiz əmək müqaviləsi bağlanması göstərilən əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi qanuni hesab edilməli və iddiaçı ilə cavabdeh məktəb arasında əmək münasibətlərinin yaranmasının əsası kimi qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2 və 2-1-ci bəndlərinə görə bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən (götürülən) işçilərlə işəgötürənlər arasında əmək münasibətləri əmək müqaviləsi kağız üzərində yazılı formada bağlandıqda yaranır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Əmək Məcəlləsinin 49-cu maddəsinin 2-ci bəndinə əsasən elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınması barədə 1 iş günündən gec olmayaraq sistem vasitəsilə işəgötürənə elektron qaydada məlumat göndərilir. Əmək Məcəlləsinin 49-cu maddəsinin 2-2-ci bəndinə əsasən bu maddənin 1-2-ci hissəsi ilə müəyyən olunmuş hallarda elektron informasiya sisteminə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınması barədə 1 iş günündən gec olmayaraq sistem vasitəsilə işəgötürənə və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) elektron qaydada məlumat göndərilir. Əmək Məcəlləsinin 49-cu maddəsinin 3-cü bəndinə əsasən siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən (götürülən) işçilərlə işəgötürənlər arasında bağlanılmış əmək müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, o, tərəflərin imzaladığı gündən hüquqi qüvvəyə minir. Həmin əmək müqaviləsinin hər hansı dövlət orqanında və ya digər qurumlarda qeydiyyata alınması, təsdiq edilməsi yolverilməzdir. İddiaçı ilə cavabdeh məktəb arasında müddətsiz əmək müqaviləsinin bağlanmasının qanuni və əsaslı olması o fakta da söykənir ki, məktəbdə müəllim işi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsində göstərilən əmək müqaviləsi müəyyən müddətə bağlanılan hallara aid edilməmişdir və əmək qanunvericiliyində də belə bir hal nəzərdə tutulmamışdır. Məhkəmə təhqiqatı zamanı göstərilənlər əsasında birmənalı olaraq müəyyən edilmişdir ki, əslində Q.Nağıyev adına Balakən rayon Kortala kənd tam orta məktəbi ilə İddiaçı arasında müddətli deyil, müddətsiz əmək müqaviləsi bağlanmışdır. Belə ki, 29.09.2014-cü il tarixdə sistemə daxil edilmiş əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişində iddiaçı ilə əmək müqaviləsinin müddətsiz olması göstərilmiş və bu əmək müqaviləsi bildirişi həmin elektron informasiya sistemində qeydiyyata alınmaqla bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilmiş və həmin müqavilə qanuni qüvvəyə minmişdir. 09.01.2017-ci il tarixli əmək müqaviləsinə dəyişiklik edilməsi, yəni müddətsiz müqavilənin müddətli müqaviləyə çevrilməsi isə qanunun tələbləri kobud şəkildə pozulmaqla, yəni tərəflərdən birinin-İddiaçı razılığı olmadan həyata keçirilmişdir ki, bunu da cavabdeh məktəbin direktoru məhkəmədə verdiyi izahatında təsdiq etmişdir. İddiaçı həmin 09.01.2017-ci il tarixdə sistemə daxil edilməsi göstərilən əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən xəbərinin olmaması, yəni həmin əmək müqaviləsinə ehtimal edilən dəyişikliyin iddiaçının razılığı olmadan cavabdeh məktəbin direktoru tərəfindən birtərəfli qaydada edilməsi, bu dəyişikliyin iddiaçının iradə ifadəsini əks etdirməməsi əmək müqaviləsinə bu dəyişikliyin qanunsuz olmasını və iddiaçı ilə müddətli deyil, müddətsiz əmək müqaviləsinin bağlanmasını göstərir və şübhəsizdir ki, qeyd olunanlar iddiaçı ilə müddətli əmək müqaviləsinin bağlanması qənaətinə gəlməyə əsas yarada bilməz. Ona görə də 09.01.2017-ci il tarixdə sistemə daxil edilmiş əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişi qanunsuz və əsassızdır və mötəbər sübut kimi qəbul oluna bilməz. Belə ki, qanun birmənalı müəyyən edir ki, müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin vəzifələrindən və prinsiplərindən bəhs edən həmin Məcəllənin 2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi, əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 42-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır.Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45-ci maddəsinin 1, 2, 3, 4 və 5-ci bəndlərinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır; əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir; müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz; əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır; müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 46-cı maddəsinin 1, 2, 3, 4, 5 və 6-cı bəndlərinə əsasən əmək müqaviləsi bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş əmək şəraitinin şərtləri, habelə tərəflərin razılaşdıqları əlavə şərtləri, işçinin əmək funksiyası və tərəflərin öhdəlikləri göstərilməklə fərdi qaydada bağlanılır; əmək müqaviləsi kollektiv qaydada da bağlanıla bilər. Müvafiq işlərin görülməsi, xidmətlərin göstərilməsi (tikinti-təmir, yükləmə-boşaltma, məişət, ticarət, əkin-biçin, heyvandarlıq işləri) iki və daha çox işçi qrupu tərəfindən kollektiv halında həyata keçirilməklə əmək müqaviləsinin bağlanması kollektivin (briqadanın, işçi qrupunun) hər bir üzvünün yazılı razılığı ilə yol verilir. Bu halda işçilər, işəgötürənlə kollektiv əmək müqaviləsi bağlamaq üçün bir nümayəndəsini müvəkkil edir; kollektiv əmək müqaviləsi bağlanılan hallarda işəgötürən kollektivin hər bir üzvü qarşısında bu Məcəllə və əmək müqaviləsi ilə müəyyən edilmiş öhdəliklərini yerinə yetirməlidir. Kollektiv əmək müqaviləsinə yalnız bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və müəyyən edilmiş qaydada xitam verilir; əmək müqaviləsi on beş yaşına çatmış fiziki şəxslərlə bağlanıla bilər. 15 yaşına çatmamış şəxslərlə bağlanılan əmək müqaviləsi etibarsız sayılır və belə müqaviləni bağlayan işəgötürən bu Məcəllənin 312-ci maddəsinə uyğun olaraq inzibati məsuliyyətə cəlb edilir. On beş yaşından on səkkiz yaşınadək olan şəxslərlə əmək müqaviləsi bağlanarkən onların valideynlərindən və ya övladlığa götürənlərdən (qəyyumlarından) birinin və yaxud qanunla onları əvəz edən şəxslərin yazılı razılığı alınmalıdır; bu Məcəllənin 43-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş şərtlərdən hər hansı biri göstərilmədən bağlanmış əmək müqaviləsi tərəflərdən birinin təşəbbüsü ilə etibarsız hesab edilə və ya yenidən tərtib edilməsi tələbi qoyula bilər. Həmin şərtin (şərtlərin) əmək müqaviləsində göstərilmədiyi aşkar olunduğu andan onlar işəgötürən tərəfindən əmək müqaviləsinə daxil edilməlidir. Bu halda tərəflərin arasında başqa razılıq olmamışdırsa, əmək müqaviləsi həmin şərtin (şərtlərin) daxil edildiyi tarixdən asılı olmayaraq bağlandığı və ya yazılı formada tərtib edildiyi gündən etibarlı hesab olunur; əmək müqaviləsinə dəyişikliklər yalnız tərəflərin razılığı ilə edilir. Razılaşdırılmış dəyişikliklər əmək müqaviləsinə daxil edilir. Həcmcə çox olduğuna görə dəyişiklikləri əmək müqaviləsinə daxil etmək mümkün olmadıqda ilkin əmək müqaviləsi yenidən tərtib edilir, yaxud həmin dəyişikliklər ayrılıqda tərtib edilib təsdiqlənirlər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinə əsasən aşağıdakı hallarda əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər: a) işçinin əmək qabiliyyətini müvəqqəti itirməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə iş yeri və vəzifəsi saxlanılmaqla qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda müəyyən səbəbdən müvəqqəti olaraq işə çıxmaması ilə əlaqədar onun əmək funksiyasının başqa işçi tərəfindən icrasının zəruriyyəti olduqda; b) təbii və iqlim şəraitinə və ya işin xüsusiyyətinə görə il boyu görülə bilməyən mövsümü işlərin yerinə yetirilməsi zamanı; c) işin həcminin və davamiyyətinin qısamüddətli olduğu təmir-tikinti, quraşdırma, yeni texnologiyanın tətbiqi və mənimsənilməsi, təcrübə-sınaq işlərinin aparılması və bu qəbildən olan digər işlərin görüldüyü hallarda; ç) müvafiq vəzifə (peşə) üzrə əmək funksiyasının mürəkkəbliyi, məsuliyyətliliyi baxımından işçinin əmək və peşə vərdişlərinin mənimsənilməsi, yüksək peşəkarlıq səviyyəsinin əldə edilməsi tələb olunan (stajkeçmə, rezidentura dövrləri) hallarda; d) işçinin şəxsi, ailə-məişət vəziyyəti ilə bağlı olan, o cümlədən işləməklə yanaşı təhsil aldığı, müəyyən səbəbdən müvafiq yaşayış məntəqəsində müvəqqəti yaşadığı, pensiya yaşına çatdıqda işləmək istəyi olduğu hallarda; e) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) göndərişi ilə haqqı ödənilən ictimai işlər görülərkən; ə) bu Məcəllənin 6-cı maddəsinin «c» bəndində göstərilən orqanlar istisna olmaqla seçkili orqanlarda (təşkilatlarda, birliklərdə) seçkili vəzifələrə seçilərkən; f) tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə; g) bu Məcəllənin 46-cı maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş qaydada işçilərlə briqada, işçi qrupu halında kollektiv əmək müqaviləsi bağlandıqda; ğ) qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar Azərbaycan Respublikası Əmək Məcəlləsinin işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsaslarını müəyyən edən 70-ci maddəsinə görə əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci bəndinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin 2-ci bəndinə əsasən işçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin 2-ci bəndinə əsasən əgər qanunsuz və əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək, o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır. Bu zaman işə bərpa edilən işçinin yerinə götürülmüş işçi ilə bağlanmış əmək müqaviləsinə bu Məcəllənin 71-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş müvafiq araşdırmalar aparılmaqla xitam verilə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 76-cı maddəsinin 2-ci bəndinə əsasən əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinin 1-ci bəndinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olaraq başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda, bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslarla və qaydalara müvafiq olaraq, əmək müqaviləsinin ləğv edilməsi işə götürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 84-cü maddəsinin 1 və 2-ci bəndlərinə əsasən əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: -müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; -işçinin adı, atasının adı və soyadı; -əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; -əmək müqaviləsinin ləğv edilməsinin əsası; -həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; -əmək müqaviləsi ləğv edilən gün, ay və il; -əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 84-cü maddəsinin 3-cü bəndinə əsasən əmək müqaviləsinin ləğv edilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) yalnız bu maddənin birinci hissəsində göstərilən məlumatlar olan sadə formada, həmçinin normativhüquqi aktlara uyğun formada-təsviri (giriş) hissəsindən və həmin məlumatlar göstərilən qərar hissəsindən ibarət formada tərtib edilə bilər. Məhkəmə iş üzrə müəyyən olunmuş hallara hüquqi qiymət verərək, hesab edir ki, İddiaçı ilə müddətsiz əmək müqavilə bağlanmasına və onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi üçün qanunda göstərilən əsasların olmamasına baxmayaraq, əsassız olaraq onunla bağlanmış əmək müqaviləsi müddətli hesab edilmiş və qanunsuz olaraq Əmək Məcəlləsinin 68-ci maddəsinin b bəndinə istinad edilməklə 01 noyabr 2020-ci il tarixli, 28 saylı əmrlə bu müqaviləyə xitam verilmişdir. Hətta həmin əmrdə əsas kimi iddiaçı ilə bağlanmış əmək müqaviləsinə belə istinad edilməmişdir. Qeyd olunan əmrdən görünür ki, orada əmək müqaviləsinin ləğv edilməsinin əsasından başqa əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər göstərilməmişdir. Bu da əmrin yuxarıda göstərilən qanun normalarının tələblərinə uyğun olmadığını aydın göstərir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı ilə müddətli deyil, müddətsiz əmək müqaviləsi bağlanmasına baxmayaraq, qanunsuz olaraq 01 noyabr 2020-ci il tarixli, 28 saylı əmrlə Əmək Məcəlləsinin 68.2-ci maddəsinin b bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verildiyindən və həmin əmr yuxarıda göstərilən əsaslara görə qanunvericiliyin tələblərinə uyğun olmadığından, Q.Nağıyev adına Balakən rayon Kortala kənd tam orta məktəbinin 01 noyabr 2020-ci il tarixli, 28 №-li əmri ləğv olunmalı, İddiaçı Bədrəddin qızı Q.Nağıyev adına Balakən rayon Kortala kənd tam orta məktəbinin ingilis dili müəllimi işinə bərpa edilməli və ona məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci bəndinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 301-ci maddəsinin 1-ci bəndinə əsasən fərdi əmək mübahisəsinin həlli barədə məhkəmə qərarı, onun məzmununda başqa hal nəzərdə tutulmayıbsa, bu qərar qanuni qüvvəyə mindiyi gündə dərhal icra edilməlidir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq olunan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutları tətbiq edilməli hüquq normalarına müvafiq qiymətləndirərək, işin hallarını, İddiaçı Q.Nağıyev adına Balakən rayon Kortala kənd tam orta məktəbinə müddətsiz əmək müqaviləsi bağlanılmaqla ingilis dili müəllimi vəzifəsinə qəbul edilməsini, onun razılığı və iradə ifadəsi olmadan onunla bağlanmış müddətsiz əmək müqaviləsinə məktəbin rəhbərliyi tərəfindən dəyişiklik edilərək, qanunsuz olaraq müddətli əmək müqaviləsi kimi müəyyən olunmasını, Q.Nağıyev adına Balakən rayon Kortala kənd tam orta məktəbinin 01 noyabr 2020-ci il tarixli, 28 nömrəli əmrinin Əmək Məcəlləsinin tələblərinə uyğun olmamasını, maddi hüquq normalarının tələblərini nəzərə alaraq, hesab edir ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin tələbləri kobud şəkildə pozulmaqla xitam verildiyindən, iddia təmin edilməli, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə Q.Nağıyev adına Balakən rayon Kortala kənd tam orta məktəbinin 01 noyabr 2020-ci il tarixli, 28 nömrəli əmri ləğv edilməli, İddiaçı Bədrəddin qızı Q.Nağıyev adına Balakən rayon Kortala kənd tam orta məktəbinin ingilis dili müəllimi işinə bərpa edilməli, İddiaçı məcburi işburaxma müddəti üçün hesablanmış əmək haqqı ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə Q.Nağıyev adına Balakən rayon Kortala kənd tam orta məktəbinin 01 noyabr 2020-ci il tarixli, 28 nömrəli əmri ləğv edilsin; İddiaçı Q.Nağıyev adına Balakən rayon Kortala kənd tam orta məktəbində ingilis dili müəllimi işinə bərpa edilsin və İddiaçı məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqı ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov
Məhkəmə qərarları › İş №2(019)-471/2021
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-471/2021
07.05.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr - Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver