Məhkəmə qərarları › İş №2(020)-1053/2023

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-1053/2023

14.08.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-1053/2023 14.08.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maşın tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən onun mülkiyyətində olan və dəyəri 3500 manat olan “Mersedes Benz 230” markalı ** DE *** dövlət qeydiyyat nişanlı avtomaşının və ona dair sənədlərin, avtomaşın olmadıqda isə onun dəyəri kimi 3500 manat məbləğində pulun, 56,40 manat dövlət rüsumun, 35 manat və 80 manat cərimələrin və 71 manat hüquqi yardımla bağlı köçürdüyü vəsaitin alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəni əsaslandıraraq izahatında göstərmişdi ki, o, xx.xx.2016-cı ildə mülkiyyətində olan Mersedes Benz 230” markalı ** DE *** dövlət qeydiyyat nişanlı avtomaşını Cavabdeh 1 il müddətinə notariat kontorunda rəsmləşdirilmiş etibarnamə əsasında vermişdir və həmin etibarnamənin müddəti xx.xx.20017-ci ildə başa çatmışdır. O, avtomaşını cavabdehdən geri tələb etmişdir, lakin cavabdeh hər dəfə bir bəhanə gətirməklə əmlakını ona qaytarmamışdır. O, həmin avtomaşını axtarışı ilə bağlı AR DİN-nin Baş DYPİ-nə dəfələrlə müraciət etmişdir və maşının axtarışda olması, onun saxlanılaraq mühafizə olunan duracağa yerləşdirilməsi barədə qərar qəbul edilmişdir. Cavabden onunla telefon əlaqəsini kəsmiş, nömrəsini dəyişmiş və o bu səbəbdən də ona mülkiyyət hüququ əsasında məxsus olan avtomaşınının cavabdehdən alınaraq ona qaytarılması barədə məhkəməyə müraciət etmişdir. Cavabdeh onan avtomaşını ilə yol nəqliyyat qaydalarını pozmuş və o məcbur olaraq həmin cərimələri cavabdehin yerinə ödəmişdir. O, hazırkiiddia ilə məhkəməyə müraciət etməyi ilə bağlı da dövlət rüsumları, hüquqi yardımla bağlı rüsumlar ödəmişdir ki, həmin vəsaitin də cavabdehdən onun nəfinə tutulmalıdır. Odur ki, cavabdehdən onun mülkiyyətində olan və dəyəri 3500 manat olan “Mersedes Benz 230” markalı ** DE *** dövlət qeydiyyat nişanlı avtomaşının və ona dair sənədlərin, avtomaşın olmadıqda isə onun dəyəri kimi 3500 manat məbləğində pulun, 56,40 manat dövlət rüsumun, 35 manat və 80 manat cərimələrin və 71 manat hüquqi yardımla bağlı köçürdüyü vəsaitin alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə göndərərək məhkəmə iclasında səhəti ilə bağlı iştirak edə bilməyəcəyinə görə işə onun iştirakı olmadan baxılmasını və iddianın tam təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişləri göndərilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. İşdə olan Beyləqan rayon İHB-nın Kəbirli kənd İƏD üzrə nümayəndəsinin arayışından görünür ki, Hacıyev X1 rayonunun Kəbirli kəndində qeydiyyatda olmasına baxmayaraq, hal-hazırda ərazidə yaşamır. Azərbaycan Respublikası MPM-nin 147-ci maddəsinə əsasən cavabdehin faktiki olduğu yer məlum olmadıqda, məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduqdan sonra işə baxmağa başlayır. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış cavabdeh gəlmədiyindən məhkəmə cavabdehin iştirakı olmadan işə baxmağı mümkün hesab edir. Məhkəmə, iş materiallarını nəzərdən keçirib, şərh edilənlərə obyektiv hüquqi qiymət verərək belə qərara gəlir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş məlumatdan görünür ki, “Mersedes Benz 230” markalı ** DE *** dövlət qeydiyyat nişanlı avtomaşının sahibi İddiaçıdur. Mülki işdə olan AR DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2023-cü il tarixli, 2-B-37797 nömrəli məktubdan görünür ki, İddiaçı mülkiyyətçisi olduğu “Mersedes Benz 230” markalı ** DE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmədiyi halda barəsində inzibati tənbeh vermə haqqında elektron qərarın çıxarılması ilə bağlı DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinə ünvanladığı müraciətinə baxılmışdır və məsələnin həlli üçün həmin nəqliyyat vasitənin saxlanılaraq mühafizə olunan duracağa yerləşdirilməsi barədə qərar qəbul olunmuşdur. İş materiallarına əlavə edilmiş AR DİN BDYPİ-nin xx.xx.2023-cü il tarixli, 3-13-16-8/2-97 nömrəli məktubdan görünür ki, İddiaçı adına mərkəzi informasiya sistemində “Mersedes Benz 230” markalı ** DE *** dövlət qeydiyyat nişanlı avtomaşın qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş etibarnamədən görünür ki, İddiaçı mülkiyyətində olan “Mersedes Benz 230” markalı ** DE *** dövlət qeydiyyat nişanlı avtomaşınını Cavabdeh 1 il müddətinə xx.xx.2017-ci il tarixədək etibarnamə əsasında vermişdir. İşdə olan Azərbaycan qiymətləndirmə və konsaldinq xidmətinin xx.xx.2023-cü il tarixli, AV 04- 12/23 nömrəli arayışından görünür ki, aparılmış təhlil və hesablamalar nəticəsində “Mersedes Benz 230” markalı ** DE *** dövlət qeydiyyat nişanlı buraxılış ili 1987-ci il, rəngi qara, mühərrik nömrəsi **********10071859, ban nömrəsi WDB1240231A535122 olan avtomobilin bazar dəyəri qiymətləndirilmə tapşırığına uyğun olaraq manatla ifadədə hesablanmış orta bazar dəyəri xx.xx.2023-cü il tarixə 3350 manat təşkil edir. İşdə olan "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli qəbzlərindən görünür ki, İddiaçı yol hərəkəti qaydaları və hərəkəti təhlükəsialiyinin təmin edilməsi və avtomobil yollarında inzibati xətaya görə, cəmi 115 manat köçürmə etmişdir. Beləlik ki, məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı xx.xx.2016-cı ildə mülkiyyətində olan “Mersedes Benz 230” markalı ** DE *** dövlət qeydiyyat nişanlı avtomaşını Cavabdeh 1 il müddətinə notariat kontorunda rəsmləşdirilmiş etibarnamə əsasında vermişdir və həmin etibarnamənin müddəti xx.xx.2017-ci ildə başa çatmışdır. Cavabdeh isə bundan sonra həmin avtomaşını geri qaytarmamışdır. Ona görə də, iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Adı çəkilən Məcəllənin 217.4-cü maddasinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iclasında müəyyən edildi ki, cavabdeh iddiaçının avtomobilini ona qaytarmamış və hazırda həmin avtomobilin harada olmasına dair iddiaçıda hər hansı bir məlumat yoxdur. Həmçinin cavabdeh də ona bu barədə məlumat verməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı mülkiyyətində olan “Mersedes Benz 230” markalı ** DE *** dövlət qeydiyyat nişanlı avtomobil və ya həmin avtomobilin dəyəri 3350 manat Cavabdeh alınıb ona verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233.1 və 234-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh “Mersedes Benz 230” markalı ** DE *** dövlət qeydiyyat nişanlı avtomobil və ya həmin avtomobilin dəyəri 3350 (üç min üç yüz əlli) manat, dövlət rüsumuna görə 50 (əlli) manat, ödənilmiş cərimələrə görə 115 (bir yüz on beş) manat və hüquqi yardıma görə ödədiyi 71 (yetmiş bir) manat alınıb İddiaçı verilsin. İddiaçı tərəfindən dövlət rüsumina görə ödənilmiş 6,40 (altı manat qırx qəpik) manat iddiaçıya aid edilsin. Qətnamədən tərəflər onun surətni rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərizində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar