Məhkəmə qərarları › İş №2(020)-1461/2025

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-1461/2025

18.11.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-1461/2025 18.11.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, İddiaçı- Mirhəşimova (Mirzəyeva) Aydan Mürşüd qızının, Cavabdeh və digər Cavabdeh1 vəkalətli nümayəndəsi Cavabdeh2 iştirakı ilə, İddiaçı Mirhəşimova (Mirzəyeva) Aydan Mürşüd qızının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı qızıl-zinət, cehiz əşyaları və pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İddiaçı Mirhəşimova (Mirzəyeva) X2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1n və Cavabdeh2 ona məxsus olan qızıl-zinət əşyalarının və cehiz əşyalarının dəyəri olan 3258 (üç min iki yüz əlli səkkiz) manat məbləğində pulun, mətbəx mebelinin alınması üçün cavabdehin ABB bankına məxsus plastik kart hesabına göndərdiyi 1100 (bir min yüz) manat məbləğində pulun, eyni zamanda qiymətləndirmə rəyi üçün ödənilmiş 250 (iki yüz əlli) manat, dövlət rüsumu üçün ödənilmiş 64 (altmış dörd) manat, “166 yükdaşıma xidməti”nə ödədiyi 260 (iki yüz altmış) manat xidmət haqqının alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı Mirhəşimova (Mirzəyeva) Aydan Mürşüd qızı iddiasını müdafiə etdi və izahatında göstərdi ki, Cavabdeh1 ilə 28 sentyabr 2022-ci il tarixdə 3 saylı Bakı Asan Xidmət X1 nikahlarını rəsmi qeyd etdirməklə ailə qurmuş, birgə nikahlarından uşaqları olmamışdır. O, Zohrabi və onun ailəsi ilə birlikdə Abşeron rayonu, Digah qəsəbəsində Zöhrabinin valideynlərinin və ya özünün olan evində yaşamışlar. Ailədə olan söz-söhbətlər səbəbindən iki dəfə müxtəlif vaxtlarda kirayədə yaşamışlar. Sonuncu dəfə Zöhrabi ilə aralarında yaranmış mübahisədən sonra o, valideyinlərinin evinə qayıtmışdır. Onun cehiz əmlakları, geyimləri və qızıl- zinət əşyaları cavabdehlərin evində qalmışdır. Beyləqan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(020)-676/2025 saylı qətnaməsinə əsasən Cavabdeh1 ilə aralarında olan nikah pozulmuşdur. O, xx.xx.2025-ci ildə özünə məxsus əmlaklarını yaxın qohumları ilə birgə cavabdehlərə məxsus evdən götürməyə gedərkən qızıl-zinət əşyalarının yerində olmadığını, cehizlərinin yararsız hala salındığını görmüşdür. Bundan başqa onun cehiz əmlakları cavabdehlərin yaşadığı evə getməzdən əvvəl mətbəx üçün mebelin alınmasına görə Zöhrabinin ABB banka aid plastik kart hesabına 1100 manat pul göndərmişdir ki, Bakı şəhərindən mətbəx mebeli sifariş edilsin. Mətbəx mebelini onun göndərdiyi pulun dəyərində yox ucuz qiymətə aldıqlarından o, həmin mətbəx mebelini cehiz əmlaklarını götürən zaman götürməmişdir. Bundan başqa cehiz əmlaklarından stul, paltaryuyan maşın, mətbəx hava sorucusu və qaz sobası istifadəyə yararsız halda olduğu üçün götürməmiş və cavabdehlərə məxsus evdə qalmışdır. Digər qalan mebel və geyim əşyalarını “166 yük daşıma” xidmətinə 260 manat məbləğində xidmət haqqı ödənişi edərək evdən çıxarmışdır. Cavabdeh2 onun qızıllarını Lombarda qoyub pul götürmüş, lakin sonra pulu ödəyib qızılları götürmüşdür. Sonra isə qızılları cavabdehlər tərəfindən satılmışdır. Onlar kirayəyə çıxanda yaşadıqları evdən heç bir əmlak aparmamışlar. Onun qızıllarını Cavabdeh2 lombarda qoymuş, sonra onların sözsöhbətləri olarkən Cavabdeh2 qızılları lombarddan çıxarıb gətirmişdir. Ondan sonra Zöhrabinin valideyinləri Zöhrabiyə zəng vuraraq onlara pul lazım olduğunu bildirmişlər. Zöhrabi qızılları aparıb satmış və pul götürüb valideyinlərinə vermişdir. O, Zöhrabinin qızılları satmasına razı olmamışdır. Lakin Zöhrabi qızılları satanda ondan da yaxşısını alacağını ona bildirmişdir. O, da bir söz deməmişdir. Sonradan qızıllarını və əmlaklarını istəyəndə Zöhrabi hamısını qaytaracağını bildirmişdir. Bu barədə telefonda Zöhrabinin səs yazıları vardır. Mətbəxt mebelini cavabdehlərin evinə özü cehiz kimi aparmamış, həmin mebelin alınması üçün pul vermişdir. Tələb etdiyi stul cavabdehlərin evindədir, həmin stulu cavabdehlər qırdıqlarına görə götürməmişdir. Paltaryuyan maşını və digər məişət əşyalarını cavabdehlər istifadə edərək qırmışlar. O, “Kapital Bank” kartından mətbəx üçün mebelin alınması görə həyat yoldaşı Zöhrabinin ABB banka aid plastik kart hesabına 1100 manat göndərmişdir. Lakin həmin qiymətə deyil, ucuz qiymətə mətbəx mebeli alınmışdır. Dəfələrlə cavabdehlərdən əmlaklarını, qızıllarını və pulunu tələb etsə də, heç bir nəticəsi olmamışdır. Ona görə hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Ona görə də cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ona məxsus olan qızıl-zinət əşyalarının və cehiz əşyalarının dəyəri olan 3258 manat məbləğində pulun, mətbəx mebelinin alınması üçün cavabdehin ABB bankına məxsus plastik kart hesabına göndərdiyi 1100 manat məbləğində pulun, eyni zamanda qiymətləndirmə rəyi üçün ödənilmiş 250 manat, dövlət rüsumu üçün ödənilmiş 64 manat, “166 yükdaşıma xidməti”nə ödədiyi 260 manat xidmət haqqının alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında izahat verən cavabdeh və digər Cavabdeh1 vəkalıtli nümayəndəsi Cavabdeh2 iddianı qəbul etmədi və göstərdi ki, İddiaçı ilə oğlu Cavabdeh1 28 sentyabr 2022-ci il tarixdə ailə həyatı qurmuşlar. Onlar birlikdə Bakı şəhərində yerləşən evlərində yaşamışlar. Beyləqan Rayon Məhkəməsinin qətnaməsinə əsasən İddiaçı ilə oğlu Cavabdeh1 arasınızda olan nikah rəsmi qaydada pozulmuşdur. Qızılları İddiaçı ilə oğlu Zöhrabi kirayəyə çıxdıqdan sonra Bakı şəhərində yerləşən qızıl mağazasında satmışlar. İddiaçıya məxsus digər əmlakları mətbəx mebelini, “Samsung” markalı paltaryuyan maşını, mətbəx hava sovrucusu və qaz sobasını cehiz əmlaklarını aparanda həmin əşyaları da aparmalarını təklif etmişdir. İddiaçı və xalası evlərinə gələrək cehizləri yığıb aparmışlar. Lakin hazırda tələb etdiyi əmlakları aparmaqdan imtina etmişlər. Ona bildirmişlər ki, “səndən həmin əmlakların pulunu alacayıq”. Həmin əmlaklar hal-hazırda onun evindədir və gəlib aparmalarına etiraz etmir. İddiaçı tələb etdiyi qızılzinət əşyalarını özü 1400 manata Beyləqan şəhərində yerləşən qızıl mağazasından almışdır. Həmin qızıl-zinət əşyalarını iddiaçı ilə oğlu satıb və özləri həmin pulu xərcləmişlər. Ona isə kirayədə yaşadıqlarını, maddi durumlarının aşağı olduğunu və buna görə qızlları satdıqlarını bildirmişlər. Mətbəx mebelinin alınması üçün 1100 manatı iddiaçı oğlunun bank kartına köçürmüşdür. O, özü həmin pulla mətbəx mebeli sifariş etmiş və həmin mətbəx mebeli üçün 950 manat pul vermişdir. Puldan 150 manat qalmış, o, həmin pulu iddiaçıya qaytara bilər. O, oğlundan bir ana kimi pul istəmiş, lakin oğluna qızılzinət əşyalarını satıb pulunu öna verməyi deməmişdir. Oğlundan 750 manat pul istəməmişdir. Belə ki, onun əri işləyir, oğlu düşəndə ayda ildə bir dəfə ona 200 manat pul vermişdir. İddiaçı istədiyi vaxt gəlib evində olan əmalarını apara bilər. Ona görə də iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iş üzrə toplanmış materialları nəzərdən keçirib, iddiaçının və cavabdehin vəkalətli nümayəndəsinin izahatlarını dinləyib hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Beyləqan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(020)- 676/2025 saylı qətnaməsindən görünür ki, Mirhəşimova (Mirzəyeva) Aydan Mürşüd qızı ilə Cavabdeh1 arasında olan nikah pozulmuşdur. Məhkəmə iclasında müəyyən oldu ki, tərəflər arasında olan ailə münasibətləri pozulduğundan onlar ayrılmışlar. İddiaçı cavabdehlərin evlərində olan əmlaklarını götürsə də, qızıl zinət əşyaları, 7 kqlıq “Samsung” markalı paltaryuyun maşını, mətbəx hava suvurucusu, qaz sobası, 1 ədəd oturacaq stulu və mətbəx mebeli cavabdehlərin evində qalmışdır. Məhkəmədə müəyyən edildi ki, toy hədiyyəsi olaraq iddiaçı üçün 2018 manat dəyərində 1 dəst 15.53 qram olan qarnitur(sırğa, üzük, boyunbağı, bilərzik) qızıl-zinət əşyaları almışlar. Cavabdeh həmin qızıl-zinət əşyalarının 1400 manata alınmasını göstərsə də, mütəxəssis rəyi ilə onların 2018 manat dəyərində, yəni iddiaçının göstərdiyi dəyərdə olması müəyyən edilmişdir. Digər tərəfdən iddiaçı cavabdehlərə mətbəx mebeli almaqdan ötürü 1100 manat versə də, həmin mebelin 950 manat dəyərində olması müəyyən edilmişdir. Həmin faktı Cavabdeh2 izahatında təsdiq etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.2-ci maddəsinə görə nikaha girənədək ərarvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və vərəsəlik qaydasında aldığı əmlak onun mükiyyətidir. Həmin Məcəllənin 225.3-cü maddəsinə görə daş-qaş və digər zinət şeyləri istisna olmaqla, fərdi istifadədə olan əmlak (paltar, ayaqqabı və nikah dövründə ərlə arvadın ümumi vəsaiti hesabına əldə edilmiş olsa da, ondan istifadə etmiş arvadın (ərin) mülkiyyəti sayılır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34-cü maddəsinə görə nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.3-cü maddəsinə görə mübahisə olduqda, ərarvadın ümumi əmlakının bölünməsi, eləcə də, bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəllənin 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Həmin Məcəllənin 668.1.3-cü maddəsinə əsasən daşınar əşyaların bağışlanması zamanı hədiyyə verən əşyanı hədiyyə alana verdikdə bağışlama etibarlıdır. İddiaçının tələb etdiyi qızıl-zinət əşyalarının əvvəlcə Cavabdeh2 tərəfindən lombarda qoyulması, sonra isə Cavabdeh1 tərəfindən satılaraq pulunun anasına verilməsi müəyyən edilmişdir. Bu hal idddiaçı ilə cavabdehlərdən Cavabdeh1 arasında aparılan telefon danışıqları zamanı sübuta yetmiş, Cavabdeh1 həmin əmlakların dəyərini ödəyəcəyi barədə iddiaçıya söz vermişdir. Ona görə də məhkəmə iddianın qızıl-zinət əşyaları tələbinə dair hissəni əsaslı hesab edir. Lakin məhkəmə mətbəx mebelinə görə 1100 manat pul tələbini əsaslı hesab etmir. Çünki həmin mebel 950 manata alınmış, iddiaçı gəlin köçdükdən sonra həmin mebeli görmüş, iki ildən artıq müddət keçməsinə baxmayaraq heç bir narazılıq bildirməmişdir. Ona görə dəməhkəmə hesab edir ki, həmin mebel cavabdehlərdən alınıb iddiaçıya verilməlidir. Həmçinin cavabdehin də məhkəmədə etiraf etdiyi kimi mətbəx mebeli 950 manata alındığından cavabdehlərdən əlavə olaraq 150 manat alınıb iddiaçıya verilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88.1-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Beləliklə iddiaçının iddia tələbi qismən sübuta yetdiyindən məhkəmə iddianın qismən təmin edilməsini əsaslı hesab edir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçının dövlət rüsumu kimi və mütəxəssis rəyi alınması üçün ödədiyi pul da cavabdehlərdən alınıb ona verilməlidir. Lakin iddiaçı öz cehiz əmlakını cavabdehlərin evindən aparmağa görə avtomobilə ödədiyi xərcin cavabdehlərdən tələb etməsini əsaslı hesab etmir. Həmin xərc cavabdehlərin üzərinə qoyula bilməz. Çünki iddiaçı özünə məxsus əmlakları cavabdehlərin evindən aparmış və həmin yükün daşınması üçün avtomobilə çəkilən xərci də özü ödəməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 212-220, 227, 233.1 və 234-cü maddələrini rəhbər tutaraq məhkəmə, Q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçı Mirhəşimova (Mirzəyeva) Aydan Mürşüd qızına məxsus olan 2018 (iki min on səkkiz) manat dəyərində 1 dəst 585 əyarlı 15.53 qram çəkidə qızıl-zinət əşyaları (Qarnitur), 950 (doqquz yüz əlli) manat dəyərində mətbəx mebeli, 40 manat dəyərində 1 ədəd stul, 900 (doqquz yüz) manat dəyərində 7 kq-lıq “Samsung” markalı paltaryuyan maşın, 150 (yüz əlli) manat dəyərində mətbəx hava sovurucu, 150 manat dəyərində bir ədəd qaz sobası, həmin əmlaklar olmadıqda onların dəyəri, mətbəx mebeli alınması üçün verilmiş 150 (yüz əlli) manat pul, qiymətləndirmə rəyi almaq üçün ödənilmiş 250 (iki yüz əlli) manat və dövlət rüsumu kimi ödənilmiş 64 (altmış dörd) manat pul alınıb iddiaçı Mirhəşimova (Mirzəyeva) Aydan Mürşüd qızına verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Beyləqan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərzində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar