Məhkəmə qərarları › İş №2(020)-51/2024

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-51/2024

23.09.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-51/2024 23.09.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, İddiaçı- İddiaçı və onun nümayəndəsi Beyləqan rayon Vəkil bürosunun vəkili Vəkil Cavabdeh- Cavabdeh və onun nümayəndəsi Beyləqan rayon Vəkil bürosunun vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı qanunsuz tikililərin sökülməklə torpaq sahəsindən çıxarılma və zərər tələbinə dair mülki işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ailə üzvlərinin mülkiyyətində olan torpaq sahəsinin bir hissəsini zəbt etməklə qanunsuz inşa etdiyi tikililərin onun hesabına sökülməklə torpaq sahəsindən çıxarılması və hüquqi yardım üçün ödədiyi 100 manat, iddianın təmin tədbiri üçün ərizəyə baxılamsına görə ödədiyi 50 manat, dövlət rüsumu kimi ödədiyi 101 manat pulun, cəmi 251 manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iazahat verən İddiaçı iddia tələbini müdafiə etdi və izahatında göstərdi ki, Beyləqan rayon Şəfəq qəsəbəsində ailə üzvlərinə məxsus olan və mülkiyyət hüquqmunu təsdiq edən JN 0066 KOD 60701018 saylı Dövlət Aktı ilə rəsmiləşdirilmiş 4.84 ha torpaq sahəsi vardır. Həmin torpaq sahəsi onun istifadəsində olmaqla, torpaq sahəsində mövsümi bitkilər əkməklə yaşayış üçün lazım olan tələbatlarının bir hissəsini təmin edirlər. Onların xausi mülkiyyətində olan torpaq sahəsinin bir hissəsi cavabdeh tərəfindən zəbt edilərək şadlıq sarayı tikilmişdir. Dəfələrlə tələb etməyinə baxmayaraq həmin torpaq sahəsini zəbtdən azad etmir. Kral şadlıq sarayının tikintisi üçün heç kimə torpaq sahəsi ayrılmamışdır. Hal-hazırda əvvəlcədən zəbt edilmiş torpaq sahəsindən başqa, əlavə olaraq yeni torpaq sahəsi zəbt edərək tikintini davam etdirirlər. İş üzrə alınmış ekspert rəyi ilə razı deyildir. Onun vəkilinin sorğusu əsasında onlara bildirmişlər ki, Beyləqan rayonunun Şəfəq qəsəbəsi ərazisində bələdiyyəyə məxsus torpaq sahəsi yoxdur, bütün torpaqlar vətəndaşlara məxsusdur və şadlıq sarayının torpaqla bağlı heç bir sənədi yoxdur. Ona görə də, Cavabdeh və onun ailə üzvlərinin mülkiyyətində olan torpaq sahəsinin bir hissəsini zəbt etməklə qanunsuz inşa etdiyi tikililərin onun hesabına sökülməklə torpaq sahəsindən çıxarılması və hüquqi yardım üçün ödədiyi 100 manat, iddianın təmin tədbiri üçün ərizəyə baxılamsına görə ödədiyi 50 manat, dövlət rüsumu kimi ödədiyi 101 manat pulun, cəmi 251 manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə etdi və göstərdi ki, ekspertizanın rəyi X3 İnformasiya Sisiteminə əsasən düzgün verilməmişdir. İddiaçı torpağa mülkiyyət hüququnu təsdiq edən sənəd olan Dövlət Aktını məhkəməyə təqdim etmişdir. Mütəxəssislər tərəfindən həmin Dövlət Aktına əsasən ölçmə işləri aparılmalı idi. Onun əvvəlki sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti iddiaçıya məxsus torpağın zəbt olunmasını göstərmişdir. Cavabdeh onların sorğusuna “Kral” şadlıq sarayının adından cavab verdiyinə görə onu cavabdeh kimi qeyd etmişlər. Gələcəkdə cavabdehin əsl cavabdehlə əvəz olunmasına dair müraciət edəcəkdir. Qanuni qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh iddianı qəbul etmədi və məhkəmə iclasında izahat verərək göstərdi ki, iddiaçının tələb etdiyi torpaq sahəsini o, zəbt etməmişdir. “Kral” şadlıq sarayı da ona məxsus deyildir və onun sözügedən ərazidə torpaq sahəsi yoxdur. Lakin o, “Kral” şadlıq sarayında mühasib işləyir və etibarnamə əsasında oranın bütün işlərini görür. Kral şadlıq evinin və onun yaxınlığında yerləşən otelin torpaq sahəsi bələdiyyə mülkiyyətinə aiddir. İddiaçı tərəfindən onların torpaq sahəsi zəbt olunmuş və istifadə edilir. İddiaçı onlara ziyan vurur, gələcəkdə bu barədə məhkəməyə müraciət edəcəkdir. Hazırkı iddia tam əsassızdır. Ona görə də iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Beyləqan rayon Vəkil bürosunun vəkili Nümayəndə iddia əsassız olduğundan rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, iş materiallarını nəzərdən keçirib, tərəflərin izahatlarını dinləyib, şərh edilənlərə obyektiv hüquqi qiymət verərək belə qərara gəlir ki, iddia rədd edilməlidir. İş materiallarına əlavə edilmiş JN 0066 KOD 60701018 saylı Dövlət Aktından görünür ki, Beyləqan rayon Aqrar İslahat Komissiyasının 05 sentyabr 2001-ci il tarixli qərarına əsasən İddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə 4.89 ha torpaq sahəsi verilmişdir. İşin obyektiv həll edilməsi üçün iddiaçının nümayəndəsinin vəsatəti əsasında məhkəmənin 11 dekabr 2023-cü il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, mülki iş materialları rəy verilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə göndərilmişdir. İş üzrə alınmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 avqust 2024-cü il tarixli 3-16-16/2-10/4101 nömrəli ekspert rəyindən görünür ki, Beyləqan rayonu Şəfəq qəsəbəsində yerləşən İddiaçı və ailə üzvlərinə məxsus “ Torpağa mülkiyyət hüququna dair “JN- 66 saylı Dövlət aktı ilə, mülkiyyətində olan 4.85 ha torpaq sahəsinin sərhədlərini naturada müəyyən etmək üçün araşdırma aparan zamanı müəyyən olunmuşdur ki, qeyd edilən torpaq sahəsi 2.68 ha (JN 66 üzrə) və 2.17 ha (JN 66 A üzrə) olmaqla 2 hissədən ibarət olmuşdur. Beyləqan rayonu Şəfəq qəsəbəsində yerləşən İddiaçı və ailə üzvlərinə məxsus 4.85 ha torpaq sahəsinin 2.17 ha (JN 66A üzrə) hissəsi mübahisəli ərazidə yerləşmədiyi və mübahisə predmeti olmadığı üçün mübahisə predmeti olan 2.68 ha (JN 66 üzrə) hissəsinin yerləşdiyi ərazidə tədqiqat aparılmışdır. İddiaçı və ailə üzvlərinin faktiki istifadəsində olan və X1 X2 (TEKUİS-ə) əsasən JN-66 saylı Dövlət aktı ilə İddiaçı və ailə üzvlərinin mülkiyyətində olan 2.68ha (JN 66 üzrə) torpaq sahəsinin sərhədləri naturada müəyyən edilmişdir. X1 uçotu məlumatları əsasında “Kral” şadlıq sarayının və ona bitişik otelin yerləşdiyi 0.57 ha torpaq sahəsinin naturada sərhədləri müəyyən edilmişdir. Mövcud baza məlumatlarının əks olunduğu X1 X2 (TEKUİS-ə) əsasən həmin 0.57 ha torpaq sahəsi bələdiyyə mülkiyyətinə aid torpaq sahəsidir. Cavabdeh torpağa mülkiyyət hüququnu təsdiq edən sənəd təqdim etmədiyi üçün ona məxsus torpaq sahəsinin sərhədlərini naturada müəyyən etmək mümkün olmamışdır. X1 X2 (TEKUİS-ə) əsasən JN-66 saylı Dövlət aktı ilə İddiaçı və ailə üzvlərinin mülkiyyətində olan 2.68ha (JN 66 üzrə) torpaq sahəsi zəbt edilməmişdir və İddiaçı və ailə üzvləri tərəfindən istifadə edilir. X1 X2 (TEKUİS-ə) əsasən JN-66 saylı Dövlət aktı ilə İddiaçıLətif qızının və ailə üzvlərinin mülkiyyətində olan 2.68ha (JN 66 üzrə) torpaq sahəsi ilə “Kral” şadlıq sarayının və ona bitişik otelin yerləşdiyi 0.57 ha torpaq sahəsi üst-üstə düşmür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 238.1-ci maddəsinin tələbinə görə daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci hissəsinin tələbinə görə torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1-ci maddəsinin tələbinə görə mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunda deyilir: «Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynalxalq və beynalxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz». Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ bəndinin tələbinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konistitutsiyasının 60-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 67-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Məcəllənin 67-ci maddəsinin 3-cü bəndinə əsasən Dövlət və Bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Həmin Məcəllənin 84-cü maddəsinin 1-ci bəndinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası MPM-nin 9.3-cü maddəsinə əsasən hakim öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərininvə etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə mülki işin məhkəmə iclasında tədqiq edilmiş və yuxarıda sadalanmış hallarını nəzərə alaraq, hesab edir ki, iddiaçı öz iddia tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Əksinə iddianın əsassız olması işin məhkəmə iclasında araşdırılmış halları ilə kifayət qədər sübut olunmuşdur. Məhkəmədə müəyyən olunmuşdur ki, İddiaçı ona və ailə üzvlərinə məxsus “ Torpağa mülkiyyət hüququna dair “JN-66 saylı Dövlət aktı ilə, mülkiyyətində olan 4.85 ha torpaq sahəsinin bir hissəsinin cavabdeh tərəfindən zəbt edilərək həmin ərazidə “Kral” şadlıq sarayı tikdirməsini bildirmişdir. Lakin iş üzrə alınmış ekspertiza rəyindən müəyyən edildi ki, X1 uçotu məlumatları əsasında “Kral” şadlıq sarayının və ona bitişik otelin yerləşdiyi 0.57 ha torpaq sahəsinin naturada sərhədləri müəyyən edilmişdir. Mövcud baza məlumatlarının əks olunduğu X1 X2 (TEKUİS-ə) əsasən həmin 0.57 ha torpaq sahəsi bələdiyyə mülkiyyətinə aid torpaq sahəsidir. X1 X2 (TEKUİS-ə) əsasən JN-66 saylı Dövlət aktı ilə İddiaçı və ailə üzvlərinin mülkiyyətində olan 2.68ha (JN 66 üzrə) torpaq sahəsi zəbt edilməmişdir və İddiaçı və ailə üzvləri tərəfindən istifadə edilir. X1 X2 (TEKUİS-ə) əsasən JN-66 saylı Dövlət aktı ilə İddiaçı və ailə üzvlərinin mülkiyyətində olan 2.68ha (JN 66 üzrə) torpaq sahəsi ilə “Kral” şadlıq sarayının və ona bitişik otelin yerləşdiyi 0.57 ha torpaq sahəsi üst-üstə düşmür. Belə olan halda məhkəmə hesab edir ki, iddia əsassızdır və təmin edilə bilməz. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyinə görə ekspertiza tədqiqinin dəyərini təşkil edən 50 (əlli) manat məbləğində pul İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213-220, 227, 233.1 və 234-cü maddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi: İddia təmin edilməsin. İddiaçı Cavabdeh qarşı qanunsuz tikililərin sökülməklə torpaq sahəsindən çıxarılma və zərər tələbinə dair iddiası əsassız olduğundan rədd edilsin. Ekspertiza tədqiqinin dəyərini təşkil edən 50 (əlli) manat məbləğində pul İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulsun. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərzində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar