Məhkəmə qərarları › İş №2(020)-598/2025

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-598/2025

04.06.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-598/2025 04.06.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Hakim Cabbarlı Xatın Mahir qızının sədrliyi, Abbasov Zaur Alı oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “qızıl-zinət əşyalarının qaytarılması və yaxud onların ümumi dəyərinin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı “qızıl-zinət əşyalarının qaytarılması və yaxud onların ümumi dəyərinin ödənilməsi” tələbinə dair iddia ərizəsi və iddia ərizəsinin həcminin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh hədiyyə şəklində ona verilmiş və ümumi birgə əmlaka daxil olmayan xüsusi mülkiyyəti sayılan zinət əşyalarının üzük, qolbağ, boyunbağı və 1 cüt sırğadan ibarət, 583 əyarlı qızıldan, 28 qram çəkili, 2 000 manat dəyərində komplekt, 8 qram çəkidə, 585 əyarlı qızıldan qaşlı nişan üzüyü, 2 qram çəkidə, 583 əyarlı qızıldan 100 manat dəyərində uşaq üçün qaşlı sırğa, 7 qram çəkidə, 585 əyarlı qızıldan 500 manat dəyərində qaşlı üzük cəmi 3300 manat dəyərində qızıl zinət əşyalarının alınıb ona qaytarılmasını, habelə mediasiya üçün ödədiyi 60 manat xərcin və dövlət rüsumu kimi ödədiyi 122,15 manat pulun əvəzinin cavabdehdən alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Beyləqan rayonun Mayak kəndində qeydiyyatda olan və həmin kənddə yaşayan Cavabdeh ilə rəsmi nikah münasibətlərinə girərək ailə qurmuşlar. Birgə ailə münasibətləri dövründə 25 iyul 2020-ci il təvəllüdlü Aycan adlı qızı və 18 fevral 2022-ci il təvəllüdlü Sərxan adlı oğlan övladları doğulmuşlar. Nikahları pozulmuşdur. Nikah bağlayarkən ona hədiyyə edilmiş qızıl-zinət əşyalarını Cavabdeh könüllü surətdə qaytarmır. Odur ki, əmlak tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Cavabdeh ilə mediasiya sessiyasında hər hansı bir razılıq əldə olunmamışdır. Cavabdehda qalan qızılı olan üzük, qolbağ, boyunbağı və 1 cüt sırğadan ibarət, 583 əyarlı qızıldan, 28 qram çəkili, 2 000 manat dəyərində komplekt, 8 qram çəkidə, 585 əyarlı qızıldan qaşlı nişan üzüyü, 2 qram çəkidə, 583 əyarlı qızıldan 100 manat dəyərində uşaq üçün qaşlı sırğa, 7 qram çəkidə, 585 əyarlı qızıldan 500 manat dəyərində qaşlı üzük cəmi 3300 manat dəyərində qızıl zinət əşyalarının alınıb ona qaytarılmasını, habelə mediasiya üçün ödədiyi 60 manat xərcin və dövlət rüsumu kimi ödədiyi 122,15 manat pulun əvəzi cavabdehdən alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Həmçinin suallara cavab olaraq bildirmişdir ki, ilk dəfə cavabdehlə yaşadıqları evdən 2022-ci ildən çıxıb getmiş, həmin zaman özü ilə heç bir qızıl-zinət əşyalarını özü ilə aparmamışdır və 2023-cü ildə cavabdehlə barışıb, bir müddət bir yerdə yaşamışlar, barışdığı üçün qızıl-zinət əşyalarını qarşı tərəfdən tələb etməmişdir. Lakin ayrıldıqdan sonra tələb etsə də, cavabdeh həmin qızılları ona verməkdən imtina etmişdir. O, cavabdeh tərəfindən yaşadıqları evdən qovulmamış, yalnız evdən gedərkən heç bir əşyasını özü ilə götürməmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X2 iddia tələbini qəbul etmədiyini bildirib, öz izahatında göstərmişdir ki, Cavabdeh onun oğludur, İddiaçı isə onun keçmiş gəlinindir. Onlar ayrılan zaman, və İddiaçı evdən gedən zaman qızıl zinət əşyaların özü ilə aparmışdır. Ona görə də iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(020)-5092/2022 saylı qətnaməsindən görünür ki, Cavabdeh ile İddiaçı arasında olan Beyləqan rayon Qeydiyyat şöbəsində 09 sentyabr 2020-ci il tarixdə bağlanmış və 142 nömrə ilə qeyd edilmiş nikah qeydinin pozulması, nikahın pozulmasından sonra tərəflərin birgə nikahlarından olan xx.xx.2020-ci il təvəllüdlü X4 və xx.xx.2022-ci il təvəllüdlü X3 anaları - İddiaçı himayəsində saxlanılmaları, Cavabdeh xx.xx.2020-ci il təvəllüdlü X4 və xx.xx.2022-ci il təvəllüdlü X3 yetkinlik yaşlanna çatanadək hər ay hər uşağa 150 (bir yüz əlli) manat olmaqla, ümumilikdə 300 (üç yüz) manat sabit pul məbləğində alimentin xx.xx.2022-ci il tarixdən başlayaraq tutulub İddiaçı verilməsi qət edilmişdir. AZ-İ seriyalı 482752 №-li Nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında nikaha 12 oktyabr 2022-ci il tarixdə Sumqayıt şəhəri Qeydiyyat şöbəsində xitam verilmiş və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 05 iyul 2023-cü il tarixdə 05 № ilə qeyd edilmişdir. xx.xx.2025-ci il tarixli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, ilkin mediasiya sessiyasında İddiaçı və Cavabdeh iştirak etmişlər, lakin Cavabdeh mediasiya sessiyasını davam etdirməyə razılıq verməmişdir. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 60 manat məbləğində mediasiya xərci ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək, və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə görə nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, iddiaçı ilə cavabdeh 09 sentyabr 2020-ci il tarixdə nikaha daxil olmuşdur. Daha sonra Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(020)-5092/2022 saylı qətnaməsi ilə tərəflər arasında bağlanmış rəsmi nikah pozulmuşdur. Hazırda iddiaçı iddia ərizəsində qızıl-zinət əşyalarının cavabdehdən alınıb ona qaytarılmasını xahiş edir, cavabdeh tərəf isə həmin qızıl zinət əşyalarının onlarda olmadığını bildirir. Məhkəmə ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Təsvir edilənlərə əsasən məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsində qızıl-zinət əşyaların hamısının cavabdehdə olduğunu bildirərək, həmin əşyaları cavabdehdən tələb etsə də, onların cavabdehdə olduğu barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Halbuki, işin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi sübuta yetirilmədiyindən təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı Cavabdeh qarşı “qızıl-zinət əşyalarının qaytarılması və yaxud onların ümumi dəyərinin ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə Beyləqan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Xatın Cabbarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar