Məhkəmə qərarları › İş №2(021)-1184/2022

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-1184/2022

09.03.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-1184/2022 09.03.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Mən, Bərdə Rayon Məhkəməsinin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyev Ərizəçi Bərdə rayonu Mirzalıbəyli kəndində yaşayan Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizəsini nəzərdən keçirib MÜƏYYƏN ETDİM: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 15.01.1958-ci il tarixdə anadan olmuş mərhum bacısı X1 09 fevral 2022-ci il tarixdə Yevlax şəhərində vəfat etməsi faktının təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib belə hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən ərizəsi geri qaytarılmalıdır. Belə ki, ərizədən və ona əlavə edilmiş sənədlərdən görünür ki, ərizə Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsinin tələbləri pozulmaqla tərtib edilmiş, ərizəyə maraqlı şəxsə təqdim edilməsi üçün sənədlərin surətləri əlavə edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 149.2.2-ci maddəsinə görə ərizəyə iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda-iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir. Həmin Məcəllənin 149-cu maddəsi ilə iddia ərizəsinin müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bundan başqa Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 150.0 və 150.0.7-ci maddələrinə əsasən ərizəyə maraqlı şəxslə mübahisənin məhkəməyə qədər və ya pritenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd əlavə edilir. Ərizəçi ərizəsinə Yevlax rayon Qeydiyyat şöbəsinin 18 fevral 2022-ci il tarixli maraqlı şəxslə mübahisənin məhkəməyə qədər və ya pritenziya qaydasında nizama salınmasına riayət edilməsinə dair məktub əlavə etsə də, həmin təşkilatı maraqlı şəxs qismində işə cəlb etməmişdir. Göründüyü ki, ərizəçi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 150.0 və 150.0.7-ci maddələrin tələblərinə əməl etməyərək, mübahisənin məhkəməyə qədər və ya pritenziya qaydasında nizama salınmasına riayət edilməsini, yəni hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi ilə bağlı Bərdə rayon Qeydiyyat şöbəsinə müraciət etməsini təsdiq edən sənədi ərizəsinə əlavə etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1 və 152.1.6-cı maddələrinə əsasən iddiaçı iddia ərizəsinə cavabdehlə mübahisənin məhkəməyə qədər (pritenziya) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Göstərilən Məcəllənin 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. Göstərilən maddələrin tələblərinə əsasən Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizəsi geri qaytarılmalıdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikasının MPM-nin 149-152-ci maddələrini rəhbər tutaraq QƏRAR VERDİM : Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizəsi geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar