Məhkəmə qərarları › İş №2(021)-1226/2021

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1226/2021

30.03.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1226/2021 30.03.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Əhməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi Bayramov Orxan Elşən oğlunun, İddiaçı İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bərdə rayon Mərkəzi Xəstəxanasının nümayəndəsi X7 iştirakları ilə, İddiaçı cavabdeh Bərdə rayon Mərkəzi Xəstəxanasına və Bərdə şəhər Poliklinkasına qarşı işə bərpa tələbinə dair mülki işə açıq məhkəmə iclasında məhkəmənin inzibati binasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Göyüşova Nəsibə Əhəd qızı məhkəmədə iddia qaldıraraq, Bərdə rayon Mərkəzi Xəstəxanası ilə onun arasında bağlaanmış 21 aprel 2008-ci il tarixli əmək müqaviləsinə xitam verilməsinə dair Bərdə şəhər Poliklinikasının 16 saylı 01 fevral 2011ci il tarixli işdən çıxarılması barədə əmrin ləğv edilməsi və öz işinə bərpa edilməsi barədə məhkəmə aktı çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, 2005-ci il tarixdə Naxçıvan tibb məktəbinə daxil olmuşdur, 2007-ci il tarixdə məktəbi bitirmişdir, 2008-ci iil tarixdə itisasına uyğun olaraq Bərdə Mərkəzi Xəstəxanasına müraciət etmiş, 2008-ci il tarixdə Bərdə rayon Mərkəzi Xəstəxanası ilə 5 illik əmək müqaviləsi bağlamış, Fizoterapiya Şöbəsində tibb bacısı kimi iş fəaliyyətinə başlamış, 2011-ci il tarixdə xəstəxana tərəfindən kursa göndərilmiş və imtahan verib qəbul olunmuş, lakin iş yerinə gələn vaxtı bildirilib ki, diplomu saxtadır, diplomu Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə göndərilib, Səhiyyə Nazirliyi isə diplomun saxta olub-olmaması yoxlanılması üçün Baş Prokuror Yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə göndərilmiş və bir neçə il diplomun axtarışı ilə əlaqədar Bərdə rayon Mərkəzi Xəstəxanasına, Səhiyyə Nazirliyi və aidiyyatı qurumlara, Baş Prokuror yanında Korrupsiya idarəsinə müraciət etmiş, məlum olmuşdur ki, diplomu saxta deyil, diplomla işini davam etdirmək olar, bu səbəbdən də işə bərpa olunması, Əmək Məcəlləsinin 70-ci maddəsi ilə işdən azad edilməsi, həmin işdən azad edilməsi barədə 01 fevral 2011-ci i tarixli 11 nömrəli əmrin ləğv edilməsi üçün məhkəmə qətnaməsinə ehtiyacı vardır. Məhkəmə iclasında iddiaçı Göyüşova Nəsibə Əhəd qızı iddianı müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bərdə rayon Mərkəzi Xəstəxanasının nümayəndəsi X10 iddianı qəbul etməyərək izahatında göstərdi ki, İddiaçı ilə əmək müqaviləsinə 01 fevral 2011-ci il tarixdən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəlikləri yerinə yetirmədiyindən onunla bağlı görə xitam verilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Bərdə rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin S (11) saylı 01 fevral 2011-ci il tarixli əmrinin qanuni olduğunu qeyd edərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3.-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 76.1.-ci maddəsinə əəsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. İş materiallarında olan Bərdə regional “ASAN xidmət” mərkəzi tərəfindən verilmiş AZE ******** seriyalı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı Əhəd qızı xx xxx 1983-cü ildə Bərdə rayonu Lək kəndində doğulmuş, Bərdə rayonu Lək kəndində qeydiyyatdadır. İş materiallarında olan AB-İ 006110 nömrəli dipolun surətindən görünür ki, İddiaçı 2005-ci ildə Azərbaycan Respublikası Naxçıvan Tibb Məktəbinə daxil olmuş, 2007-ci ildə həmin məktəbi bitirmiş, ona tibb bacısı ixtisası verilmişdir. İş materiallarında olan 21 aprel 2008-ci il tarixli “Əmək müqaviləsi”nin surətindən göünür ki, İddiaçı ilə Bərdə Mərkəzi rayon Xətəxanası arasında əmək müqaviləsi bağlanmış və İddiaçı Mərkəzi Rayon Xəstəxnasında fizoterapiya kabinetində tibb bacısı işinə qəbul edilmişdir. İş materiallarında olan, ******* nömrəli əmək kitabçasının surətindən müəyyən olunur ki, İddiaçı 21 aprel 2008-ci ildən 01 fevral 2011-ci ilə kimi Bərdə rayon Mərkəzi Xəstəxanasının tibb bacısı işləmiş, 01 fevral 22011-ci il tarixdən Bərdə rayon Mərkəzi Xəstəxanasının İddiaçı Əhəd qızı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarında olan X3 21 aprel 2008-ci il tarixli, 66 nömrəli əmrinin surətindən görünür ki, İddiaçı Bərdə Rayon Xəstəxanasında fizoterpiya şöbəsində 0,5 oklad tibb bacısı işinə təyin edilmiş, “Terapiya Şöbəsi”ndə palata tibb bacısı kimi istifadə edilsin. İş materiallarında olan Bərdə Mərkəzi Rayon Xəstəxanasının 51 S (2) saylı əmrinin surəti ilə müəyyən olunur ki, İddiaçı 03 may 2010-cu il tarixdən 03 iyun 2010-cu il tarixədək Bakı şəhər 2 saylı Baza tibb Məktəbinin orta tibb işçilərinin təkmilləşdirmə kursuna ezam olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Bərdə Rayon Mərkəzi Xəstəxanası” S(11) 16 nömrəli, 01 fevral 2011-ci il tarixli əmrinin surətindən müəyyən olunur ki, Bərdə Rayon Mərkəzi Xəstəxanasının İddiaçı ilə bağlanmış əmək müqaviləsinə 01 Fevral 2011-ci il tarixdən xitam verilmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı 21 aprel 2008-ci ildən 01 fevral 2011-ci ilə kimi Bərdə rayon Mərkəzi Xəstəxanasının tibb bacısı işləmiş, 01 fevral 2011-ci il tarixdən Bərdə rayon Mərkəzi Xəstəxanasının İddiaçı Əhəd qızı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı isə 10 il 01 aydan sonra iddia ərizəsi ilə məhkəməyə müraciət edərək işə bərpa edilməsini xahiş etmişdir. Azərbаycаn Respublikаsı Əmək Məcəlləsinin 2-ci mаddəsinin 3-cü hisəsinə görə, Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, əsаsən əmək müqаviləsi üzrə öhdəliklərin icrаsınа hüquqi təminаt yаrаdılmаsı prinsipinə əsаslаnır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin “işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları” başlıqlı 70-ci maddəsinin “ç” bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Əmək Məcəlləsinin “işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilərkən hökmən nəzərə alınmalı olan zəruri şərtlər və qaydalar” başlıqlı 71-ci maddəsinə müvafiq olaraq, bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Əmək Məcəlləsinin 72-ci maddəsində əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar sadalanmış, özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi, işçinin təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması və əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi, əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması, habelə, iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi belə halların sırasında göstərilmişdir. İş materiallarında olan Bərdə şəhər Poliklinikasının baş həkimi M.Mehdizadə tərəfindən Bərdə Rayon Xəstəxanasına ünvanlanmış 21 yanvar 2011-ci il tarixli, 58 nömrəli məktubla müraciət edərək Bərdə şəhər Poliklinikasının tibb bacısı işləyən İddiaçı Əhəd qızının 01 may 2010-cu il tarixdə MRX-si tərəfindən kursa kursa göndərildikdən sonra bir daha işə qayıtmaması, onun haqqında tədbir görülməsi göstərilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 80-ci maddəsinə görə isə, bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. İş materiallarına əlavə edilmiş X2 İttifaqının Bərdə Rayon X2 İttifaqı Şurasının 28 yanvar 2011-ci il tarixli 02 saylı X1 görünür ki, əmək intizamını və müəssisədaxili intizam qaydalarını pozduğuna görə Bərdə şəhər poliklinikasının Terapiya şöbəsində tib bacısı işləyən İddiaçı ilə bağlanmış əmək müqavləsinə xitam verməyi nəzərdə tutan müdiriyyətin qərarının məqsədəuyğun olduğu tövsiyə edilmişdir. Bunda başqa məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bərdə rayon Mərkəzi Xəstəxanasının nümayəndəsi X10 ərizə ilə məhkəməyə müraciət edərək hazırki mübahisə üzrə iddia müddətinin tətbiq edilməsni xahiş etmişdir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 294-cü maddəsinə əsasən bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. Kollektiv müqavilələrdə nəzərdə tutulmuş hallarda müəssisələrdə həmkarlar ittifaqları təşkilatının nəzdində fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqanın yaradılması nəzərdə tutula bilər. Bu orqanın yaradılması və fəaliyyət qaydası kollektiv müqavilələrlə nizama salınır. Əmək müqaviləsində fərdi əmək mübahisələrinin bu Məcəllə ilə müəyyən edilmiş həlli qaydalarından fərqli olan, tərəflərin hüquq bərabərliyi prinsipini və bu Məcəllə ilə nəzərdə tutulmuş əmək, sosial və iqtisadi hüquqlarını pozmayan qaydalar nəzərdə tutula bilər. Məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın çıxardığı qərar işçini və ya işəgötürəni qane etməzsə, həmin mübahisənin həlli üçün onlar məhkəməyə müraciət edə bilərlər. Bu halda məhkəməyə müraciət etmək üçün müəyyən edilmiş iddia müddəti məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın müvafiq qərar qəbul etdiyi gündən başlanır. Həmin Məcəllənin 296-cı maddəsinə əsasən bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. İddiaçının «yaxın qohumu» dedikdə, işçinin atası, anası, babası, nənəsi, əri (arvadı), uşaqları, bacıları, qardaşları, qudaları, ərinin (arvadının) valideynləri, qardaşları, bacıları başa düşülməlidir. İşçinin digər qohumlarının vəfatı ilə əlaqədar iddia müddətinin ötürülməsini hakim üzürlü hal hesab edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375-ci maddəsinin tələblərinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Lakin iş materiallarında buraxılmış müddətin üzürlü hesab edilməsini təsdiq edən heç bir sənəd mövcud deyil, eləcə də, iddiaçı özü bununla bağlı vəsatət verməmiş, əksinə olaraq cavabdehin nümayəndəsi iddia müddətinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Bundan başqa məhkəmə qeyd edir ki, müddətin 10 il 01 ay ötürülməsi müddətin üzürlü hesab edilməsi üçün əsas ola bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT E T D İ: İddiaçı Göyüov Nəsibə Əhəd qızının cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bərdə rayon Mərkəzi Xəstəxanasına və Bərdə şəhər Poliklinkasına qarşı işə bərpa tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən 01 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar