Məhkəmə qərarları › İş №2(021)-141/2023

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-141/2023

04.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-141/2023 04.04.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3, İddiaçı ASC-nin nümayəndəsi X2, Cavabdeh1 iştirakları ilə, İdiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi tələbi barədə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti məhkəməyə iddia ərizəsi ilə müraciət edərək birgə borcalan Cavabdeh1 Himay oğlundan və Cavabdeh2 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 28 oktyabr 2009-cu il tarixli kredit müqaviləsi üzrə 17744.54 manat əsas, 9283.72 manat faiz, 395.02 manat cərimə olmaqla, ümumilikdə cəmi 27423.29 manat borcun, 172.27 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh1 mülkiyyətində olan Bərdə şəhəri Nizami küçəsində yerləşən, 91.5 kv.m ümumi sahədən, 29.6 kv.m yaşayış sahəsindən ibarət 1 nömrəli evin 6 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun Bərdə şəhəri Nizami küçəsində yerləşən, 91.5 kv.m ümumi sahədən, 29.6 kv.m yaşayış sahəsindən ibarət 1 nömrəli evin 6 nömrəli mənzilinin hərracdan satışdan əldə olunmuş vəsait hesabına İddiaçı ASC-nə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh1 mülkiyyətində olan Bərdə şəhəri Nizami küçəsində yerləşən, 91.5 kv.m ümumi sahədən, 29.6 kv.m yaşayış sahəsindən ibarət 1 nömrəli evin 6 nömrəli ev satıldıqdan 01 ay sonra Cavabdeh1 və digər şəxslərin həmin fərdi yaşayış evinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh1 və digər şəxslərin evindən çıxarılmaları, həmin əmlakın boşaldılması və banka təhvil verilməsi, Cavabdeh1 və Cavabdeh2 ilə "xxxx" ASC arasında bağlanmış 28 oktyabr 2009-cu il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsini onunla əsaslandırılmışdır ki, 28 oktyabr 2009-cu il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 və Cavabdeh2 "xxxx" ASC-dən illik 8 %-lə 216 ay müddətinə 25500 manat məbbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh1 mlükiyyətində olan Bərdə şəhəri Nizami küçəsində yerləşən, 91.5 kv.m ümumi sahədən, 29.6 kv.m yaşayış sahəsindən ibarət 1 nömrəli evin 6 nömrəli evi 28 oktyabr 2009-cu il tarixli alqı-satqı və ipoteka müqaviləsi ilə yüklü edilmişdir. Azərbaycan İpoteka Fondu ilə “Nikoyl İKB“ ASC arasında imzalanmış 17 fevral 2006-cı il tarixli 2 saylı Xidmət Müqaviləsiə 11 avqust 2015-ci il tarixli Əlavəyə əsasən Cavabdeh1 kredit portfeli "xxxx" İKB ASC-yə ötürülmüşdür. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. Cavabdeh1 və Cavabdeh2 28 oktyabr 2009-cu tarixli kredit müqaviləsi üzrə banka 17744.54 manat əsas, 9283.72 manat faiz, 395.02 manat cərimə olmaqla, ümumilikdə cəmi 27423.29 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh1 və Cavabdeh2 borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq cavabdeh bildirişə münasibətini bildirmir. Tərəflər arasında imzalanmış ipoteka müqaviləsində ipoteka predmetinin dəyəri tərəflər arasında qarşılıqlı razılaşmaya əsasən müəyyən olunmuşdur. Cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyi üçün bu öhdəliyin icrasını təmin etmək məqsədilə ipoteka predmeti olan əmlaka tutma yönəldilməli, həmin əmlak hərracda satılmalı və onun satışından əldə edilmiş pul vəsaiti borcun əvəzinə yönəldilməlidir. Bundan başqa, 29 mart 2022-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 və Cavabdeh2 28 oktyabr 2009-cu tarixli kredit müqaviləsi üzrə banka 17744.54 manat əsas, 9283.72 manat faiz, 395.02 manat cərimə olmaqla, ümumilikdə cəmi 27423.29 manat borcu vardır. 28 oktyabr 2009-cu il tarixli kredit müqaviləsi qüvvədə olduğu müddətdə və kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən hazırkı vaxta kimi cavabdeh tərəfindən götürülmüş kreditə görə öhdəliklər lazımi qaydada yerinə yetirilməmişdir. Bu səbəbdən də cavabdeh tərəfindən götürülmüş kreditə görə hesablanmış faizlər cavabdeh tərəfindən ödənilməlidir. Belə ki, kredit müqaviləsinin 9.3-cü bəndinə əsasən borc alan qoyulduğu öhdəlikləri yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi nəticəsində əldə etdiyi gəlir məbləğindən az olmayan miqdarda kreditorun əldən çıxmış faydası şəkilində zərər, qanunvericilikdə nəzərdə tutulmuş digər zərər Banka dəymiş və ödənilməli olan kimi göstərilmişdir. Qeyd olunanları nəzərə alaraq, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyini icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının, həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edir. Qeyd olunmalıdır ki, banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur. Məhkəmə iclasında İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X5 iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddianı qismən qəbul edərək, banka borcu olduğunu, borcunu hissə-hissə ödəyəcəyini göstərmişdir. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin heç bir üzürlü səbəb olmadan cavabdehlər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddədə qeyd edilmişdir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə mülki işin materialları üzrə sübutları araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 28 oktyabr 2009-cu il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 və Cavabdeh2 illik 8 faizlə 216 ay müddətinə 25500 manat borc almışdır. İş materiallarında olan 28 oktyabr 2009-cu il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh1 mülkiyyətindəki Bərdə şəhəri Nizami küçəsində yerləşən, 91.5 kv.m ümumi sahədən, 29.6 kv.m yaşayış sahəsindən ibarət 1 nömrəli evin 6 nömrəli mənzili ipoteka müqaviləsi ilə yüklü edilmişdir. İş materiallarında olan maliyyə arayışından müəyyən olunur ki, Cavabdeh1 və Cavabdeh2 28 oktyabr 2009-cu il tarixli kredit müqaviləsi üzrə banka 17744.54 manat əsas, 9283.72 manat faiz, 395.02 manat cərimə olmaqla, ümumilikdə cəmi 27423.29 manat məbləğində borcu yaranmışdır. İş materiallarında olan xəbərdarlıq məktubunun surətindən müəyyən olunur Cavabdeh1 və Cavabdeh2 banka olan bütün borcunu gecikdirilmiş ödəniş məbləğini banka qaytarmasa, kredit müqaviləsinə vaxtından əvvəl xitam veriləcək və banka borclu olduğu məbləği, hesablanacaq faiz və cərimə məbləğlərinin məcburi alınması, əks təqdirdə bütün borc məbləğinin və onun qaytarılması üçün çəkilən xərclərin tam olaraq qaytarılması ilə əlaqədar iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Məhkəmə tərəfindən iş üzrə 08 iyun 2022-ci il tarixli, 2(021)-1650/2022 saylı qərardadladla məhkəmə mühasibatlıq ekspertizası təyin edilmişdir. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 26 dekabr 2022-ci il tarixli, 9/5177 nömrəli ekspert rəyi ilə Cavabdeh1 və Cavabdeh2 28 oktyabr 2009-cu il tarixli, 002 saylı kredit müqaviləsinə əsasən 29 mart 2022-ci il tarixə əsas borcu 17744.54 manat əsas, 9283.72 manat faiz, 395.02 manat cərimə olmaqla, ümumilikdə cəmi 27423.29 manat təşkil edir. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH Seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, Bərdə şəhəri Nizami küçəsində yerləşən, 91.5 kv.m ümumi sahədən, 29.6 kv.m yaşayış sahəsindən ibarət 1 nömrəli evin 6 nömrəli mənzilinə "xxxx" ASC-yə ipoteka hüququ verilmişdir. Mülki işə əlavə edilmiş 14 fevral 2022-ci il tarixli bildirişin surətindən müəyyən olunur ki, Cavabdeh1 ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında məlumat verilmişdir. Mülki işə əlavə edilmiş "xxxx" ASC tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı ərazi İdarəsinə ünvanlanmış ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizənin surətindən görünür ki, ipoteka predmeti olan Bərdə şəhəri Nizami küçəsində yerləşən, 91.5 kv.m ümumi sahədən, 29.6 kv.m yaşayış sahəsindən ibarət 1 nömrəli evin 6 nömrəli mənzilinə tutmanın yönəldilməsi haqqında ipoteka qoyan Cavabdeh1 göndərilmiş bildirilişin ünvana çatdırılmasını diqqətə çatdıraraq tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasını xahiş etmişdir. Məhkəmə tərəfindən iş üzrə 08 iyun 2022-ci il tarixli, 2(021)-2061/2021 saylı qərardadladla məhkəmə əmtəşünaslıq ekspertizası təyin edilmişdir. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 10 oktyabr 2022-ci il tarixli, 10/4481-9/5834 saylı ekspert rəyinə əsasən Cavabdeh1 məxsus olan Bərdə şəhəri Nizami küçəsində yerləşən, 91.5 kv.m ümumi sahədən, 29.6 kv.m yaşayış sahəsindən ibarət 1 nömrəli evin 6 nömrəli mənzilinin bazar dəyəri 30.000 manat, likvid dəyəri 25.500 manat təşkil edir. İş materiallarında olan mədaxil qəbzindən müəyyən olunur ki, iddiaçı "xxxx" ASC məhkəmədə iddia qaldırmaq üçün 172.27 manat məbləğində dövlət rüsumu ödəmişdir. İş materiallarında olan dövlət rüsumunun ödənilməsi barədə qəbzindən müəyyən olunur ki, iddiaçı "xxxx" ASC tutmanın ipoteka predmetinə yönəldilməsi haqında bildirişin qeydə alınmasına görə 15 manat məbləğində dövlət rüsumu ödəmişdir. İş materiallarında olan mədaxil qəbzindən müəyyən olunur ki, iddiaçı "xxxx" ASC 30 manat məbləğində xidmət haqqı ödəmişdir. Hazırki iddia tələbinin predmetini aşağıdakı tələblər təşkil edir:

1. Cavabdeh1 və Cavabdeh2 "xxxx" ASC-yə olan 17744.54 manat əsas, 9283.72 manat faiz, 395.02 manat cərimə olmaqla, ümumilikdə cəmi 27423.29 manat borc, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının tutulması;

2. Tutmanın Cavabdeh1 məxsus olan Bərdə şəhəri Nizami küçəsində yerləşən, 91.5 kv.m ümumi sahədən, 29.6 kv.m yaşayış sahəsindən ibarət 1 nömrəli evin 6 nömrəli mənzilinə yönəldilməsi, əmlakın açıq hərracda satılması, satışdan əldə edilən vəsait hesabına tələb edilən borcun ödənilməsi, ipoteka predmetinin satışından əldə edilmiş vəsait borcun ödənilməsinə kifayət etmədikdə, qalıq borcun ümumi qaydada tutulması;

3. İpoteka qoyulmuş yaşayış evinə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan Cavabdeh1 və digər şəxslərin Bərdə şəhəri Nizami küçəsində yerləşən, 91.5 kv.m ümumi sahədən, 29.6 kv.m yaşayış sahəsindən ibarət 1 nömrəli evin 6 nömrəli mənzilindən çıxarılmaları, həmin mənzilin boşaldılması və Banka təhvil verilməsi.

4. Birgə borcalan Cavabdeh1, Cavabdeh2 ilə "xxxx" ASC arasında bağlanmış 28 oktyabr 2009-cu il tarixli kredit müqaviləsinin ləğv edilməsi. Məhkəmə mübahisəli hüquq münasibətinə maddi hüquq normalarının tətbiq edilməsi ilə əlaqədar aşağıdakıları qeyd edir: Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər; Həmin Məcəllənin 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Göründüyü kimi 28 oktyabr 2009-cu il tarixli, 002 saylı kredit müqaviləsinin şərtlərinə uyğun olaraq Cavabdeh1, Cavabdeh2 illik 08 faizlə 216 ay müddətinə "xxxx" ASC- ilə bağlanış kredit müqaviləsnə əsasən 25500 manat məbləğində kredit verilmişdir. Yuxarıda göstərilən müqavilə üzrə öhdəliklərin icrasının təmin edilməsi üçün "xxxx" ASC-dən ASC ilə ipoteka qoyan Cavabdeh1 arasında bağlanmış ipoteka müqaviləsi MH Seriyalı, ******* nömrəli çıxarışla təsdiqlənmişdir. 28 oktyabr 2009-cu il tarixli, 002 saylı kredit müqaviləsinin şərtlərinə uyğun olaraq Cavabdeh1 və Cavabdeh2 iddiaçıya 17744.54 manat əsas, 9283.72 manat faiz, 395.02 manat cərimə olmaqla, ümumilikdə cəmi 27423.29 manat borcu vardır. Məhkəmə kredit müqaviləsi üzrə iddiaçı tərəfindən hesablanmış əsas və faiz borcunu ayrı-ayrılıqda nəzərdən keçirib hesab edir ki, iddia tələbi, əsas məbləğə və faiz borcuna münasibətdə iddia tələbi və ekspert rəyini nəzərə almaqla əsaslı olduğundan təmin edilməli və Cavabdeh1, Cavabdeh2 oğlundan 28 oktyabr 2009-cu il tarixli, 002 saylı kredit müqaviləsinə əsasən 17744.54 manat əsas, 9283.72 manat faiz borcu iddiaçının xeyrinə ödənilməlidir. Məhkəmə iddianın dəbbə puluna aid hissəsinə münasibət bildirərək onu qeyd etməyi zəruri hesab edir ki, dəbbə pulu məbləği tənasübsüz şəkildə yüksək məbləğdə qeyd edildiyindən həmin məbləğ azaldılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qanunun mənasına görə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəklində bağlanmış müqavilə ilə müəyyənləşdirilir. Bununla yanaşı Azərbaycan Respublikasının Mülki Məcəllənin 467-ci maddəsi tərəflər arasında müəyyənləşdirilmiş dəbbə pulunun məhkəmə tərəfindən azaldılmasını nəzərdə tutmuşdur. Həmin normada istənilən dəbbə pulun deyil, yalnız tənasübsüz surətdə yüksək olan dəbbə pulun azaldılması göstərilmişdir. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə məhkəmə işin hallarını və tənasüb müəyyənləşdirilərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə almalıdır. Məhkəmə işin hallarını, yəni cavabdeh tərəfindən götürülən kredit məbləğini, kreditin verilmə tarixini və müqavilənin bitmə tarixini müqayisə edərək, həmçinin aparılmış ödənişləri, kreditə görə hesablanan faizləri nəzərə alır və iddiaçı kredit müqaviləsinə əsasən 395.02 manat məbləğində cərimənin tutulması hissəsinə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, cərimə təyin edilərkən tənasüblük qorunmamış, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınmaqla, yüksək hesablanmış dəbbə pulu azaldılmalı və cavabdehdən dəbbə pulu olaraq 15.02 manat məbləğində pul tutulmalıdır. İddianın tutmanın Bərdə şəhəri Nizami küçəsində yerləşən, 91.5 kv.m ümumi sahədən, 29.6 kv.m yaşayış sahəsindən ibarət 1 nömrəli evin 6 nömrəli mənzilinə yönəldilməsi, əmlakın açıq hərracda satılması, satışdan əldə edilən vəsait hesabına tələb edilən borcun ödənilməsi, ipoteka predmetinin satışından əldə edilmiş vəsait borcun ödənilməsinə kifayət etmədikdə, qalıq borcun ümumi qaydada tutulmasına münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 269.1-ci və 269.7-ci maddələrinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın; Həmin Məcəllənin 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. İpoteka haqqında Azərbaycan Respublikasının Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. İpoteka haqqında Azərbaycan Respublikasının Qanununun 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması yaxud ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsidir. İpoteka haqqında Azərbaycan Respublikasının Qanununun 36.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana verildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. İpoteka haqqında Azərbaycan Respublikasının Qanununun 47.4-cü maddəsinə əsasən bu qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır. Məhkəmə tərəfindən həmçinin müəyyən edildi ki, tərəflər arasında bağlanmış 28 oktyabr 2009-cu il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh1 və Cavabdeh2 verilmiş kredit və ona hesablanmış faizlərin, habelə qanunvericiliklə və bu müqavilə ilə nəzərdə tutulmuş digər ödənişlərin qaytarılmasının təminatı kimi mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus Bərdə şəhəri Nizami küçəsində yerləşən, 91.5 kv.m ümumi sahədən, 29.6 kv.m yaşayış sahəsindən ibarət 1 nömrəli evin 6 nömrəli mənzili ipoteka müqaviləsi ilə yüklü edilmişdir. İpoteka müqaviləsinə əsasən ipoteka saxlayanın tələblərinin ödənilməsi üçün tutma, ipoteka ilə təmin edilmiş öhdəliyi ipoteka verən yerinə yetirmədikdə və ya lazımınca yerinə yetirmədikdə ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi barədə tərəflər razılığa gəlmişlər. Cavabdeh həmin kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi müəyyən edilmiş vaxtda və qaydada icra etməmiş və iddiaçı (ipoteka saxlayana) ipotekaya tutma yönəltmək hüququndan istifadə etmişdir. İddiaçı cavabdehə kredit müqaviləsinə əsasən ödəmədiyi kredit borcuna görə tələbin ona Bərdə şəhəri Nizami küçəsində yerləşən, 91.5 kv.m ümumi sahədən, 29.6 kv.m yaşayış sahəsindən ibarət 1 nömrəli evin 6 nömrəli mənzilinə məhkəmə qaydasında tutmanın yönəldilməsinin başlanması barədə bildiriş göndərmiş, həmin bildiriş Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX- nin 7 saylı Ərazi İdarəsində qeydə alınmışdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 10 oktyabr 2022-ci il tarixl, 10/4481-9/4871 saylı rəyinə əsasən Bərdə şəhəri Nizami küçəsində yerləşən, 91.5 kv.m ümumi sahədən, 29.6 kv.m yaşayış sahəsindən ibarət 1 nömrəli evin 6 nömrəli mənzilinin bazar dəyəri 30.000 manat, likvid dəyəri 25.500 manat müəyyən edilmişdir. Beləliklə, təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçı “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən, ipoteka predmetinə tutmanın yönəldilməsi proseduruna əməl etmişdir. Borclu iki dəfədən artıq əsas öhdəlik üzrə faizlərin və əsas borcun ödənilməsi müddətlərini pozmuş, bununla da ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəldilməsi hüququ yaranmışdır. İddiaçı (ipoteka saxlayan) hazırda tutmanın ipoteka predmetinə yönəldilməsini və ipoteka predmetinin açıq hərracdan satılmasını tələb edir. Məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə də təmin edilməli, öhdəlik icra edilmədiyindən kredit borcu üzrə tutma borcun təminatı olaraq ipoteka ilə yüklü edilmiş cavabdehə məxsus olan Bərdə şəhəri Nizami küçəsində yerləşən, 91.5 kv.m ümumi sahədən, 29.6 kv.m yaşayış sahəsindən ibarət 1 nömrəli evin 6 nömrəli mənzilinə yönəldilməli, mənzilin likvid dəyəri 25.500 manat müəyyən edilməklə həmin mənzil açıq hərracda satılmalı, satışdan əldə ediləcək pul vəsaiti yuxarıda göstərilən pul tələbinin təmin edilməsi üçün iddiaçıya ödənilməlidir. Məhkəmə iddia tələbinin ipoteka qoyulmuş yaşayış evinə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan Cavabdeh1 və digər şəxslərin tutduğu yaşayış sahəsinin ən geci bir ay ərzində tərk etməsi, evin boşaldılması və evə istifadə hüququnun itirilməsinə aid hissədə qeyd edir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1.1-ci maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsasdır. Həmin Qanunun 39.3.3-cü maddəsinə müvafiq olaraq, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qanunun 59.1-ci maddəsinə əsasən, yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda, ona tutma yönəldildikdə və o satıldıqda bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir. Həmin Qanunun 59.3-cü maddəsinə əsasən, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Həmin Qanunun 59.4-cü maddəsinə görə, bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Belə olduğu təqdirdə məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə də əsaslı olduğundan təmin edilməli və ipoteka qoyan Cavabdeh1 ipoteka predmeti olan Bərdə şəhəri, Bərdə şəhəri Nizami küçəsində yerləşən, 91.5 kv.m ümumi sahədən, 29.6 kv.m yaşayış sahəsindən ibarət 1 nömrəli evin 6 nömrəli mənzili satıldıqdan sonra 1 (bir) ay müddətində həmin mənzili boşaltmaqla tərk etməlidir. İddia tələbinin ipoteka qoyan cavabdeh Bərdə şəhəri Nizami küçəsində yerləşən, 91.5 kv.m ümumi sahədən, 29.6 kv.m yaşayış sahəsindən ibarət 1 nömrəli evin 6 nömrəli mənzilinə olan istifadə hüququnun itirilməsinə münasibətdə isə məhkəmə qeyd edir ki, ipoteka predmeti açıq hərracdan satıldıqdan sonra əvvəlki mülkiyyətçinin istifadə hüququnun xitam verilməsi hüququna yeni mülkiyyətçi məxsus olduğundan iddia tələbi bu hissədə təmin edilə bilməz. İddia tələbinin birgə borcalan Cavabdeh1 və Cavabdeh2 ilə "xxxx"ASC arasında bağlanmış 28 oktyabr 2009-cu il tarixli kredit müqavilənin ləğv edilməsinə münasibətdə isə məhkəmə qeyd edir ki, Cavabdeh1 və Cavabdeh2 ilə "xxxx"ASC arasında bağlanmış 28 oktyabr 2009-cu il tarixli kredit müqaviləsi ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 421.3-cü maddəsinə əsasən, müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Həmin Məcəllənin 424-cü maddəsinə əsasən müqavilə dəyişdirilərkən tərəflərin öhdəlikləri dəyişdirilmiş şəkildə saxlanılır. Müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. Müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi müqavilənin ləğvi hissəsində də təmin edilməlidir. Həmçinin iddia tələbinin ipoteka predmetinin İddiaçı ASC-nə təhvil verilməsi hissəsində də iddia tələbi təmin edilə bilməz. Belə ki, həmin ipoteka predmeti açıq hərracdan satılması nəzərdə tutulduğundan, yeni mülkiyyətçinin kənar şəxs ola bilmə ehtimalını nəzərə alaraq məhkəmə iddia tələbini bu hissədə də əsaslı və qanuni hesab etmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, təyin edilmiş ekspertiza tədqiqatlarının ümumi dəyəri 250 manat təşkil edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bundan başqa Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 28 oktyabr 2009-cu il tarixli 002 nömrəli kredit müqaviləsi üzrə 17744.54 manat əsas, 9283.72 manat faiz manat, cərimə borcu 15.02 manat olmaqla, cəmi 27043,28 (iyirmi yeddi min qırx üç manat iyirmi səkkiz qəpik) manat borc, 172.27 manat dövlət rüsumu, daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumu və 30 manat xidmət haqqı İddiaçı ASC-nin xeyrinə tutulsun. Tutma Cavabdeh1 mülkiyyət hüququ ilə məxsus Bərdə şəhəri Nizami küçəsində yerləşən, 91.5 kv.m ümumi sahədən, 29.6 kv.m yaşayış sahəsindən ibarət 1 nömrəli evin 6 nömrəli mənzilinə yönəldilsin. Mənzil açıq hərracdan satılsın. Mənzilin ilkin satış qiyməti 25.500 (iyirmi beş min beş yüz manat) manat müəyyən edilsin. Qeyd olunan əmlak satıldıqdan sonra 1 (bir) ay müddətində Cavabdeh1 və digər şəxslər mənzili boşaltmaqla mənzili tərk etsin. Satışdan əldə olunan pul vəsaiti hesabına ümumi borc məbləği İddiaçı ASC-yə ödənilsin. Satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilsin. Satışdan əldə olunan vəsaitin qətnamənin icrasından artıq qalan hissəsi ipoteka qoyan Cavabdeh1 qaytarılsın. Cavabdeh1 və Cavabdeh2 ilə "xxxx"ASC arasında bağlanmış 28 oktyabr 2009cu il tarixli, 002 saylı kredit müqaviləsi ləğv edilsin. Aparılmış ekspertiza tədqiqatlarının 250 (iki yüz manat) manat dəyəri cavabdehlər Cavabdeh1 və Cavabdeh2 aid edilsin və 250 (yüz) manat ekspertiza xərci cavabdehlərdən müştərək qaydada tutularaq X4 ( keçiriləcək hesab: Büdcə təsnifatı kodu 141319, büdcə cəviyyəsinin kodu 3, SAP( XİİS) hesabı X1, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34 CTRE********************) ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Elsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar