Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1532/2025 27.02.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Ziya Yaşar oğlu Abdullayevin sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Aypara Adil qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək məhkəmədən barışıq sazişinin könüllü icrasından imtina etdiyi üçün Maraqlı şəxs ilə aralarında bağlanmış xx.xx.2025-ci il tarixli “barışıq sazişinin” təsdiq edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi iddia tələbini onunla əsaslandırmışdır ki, o Bərdə rayonu Əliyanlı kəndində 0.12 ha həyətyanı torpaq sahəsi və üzərində yerləşən iki mərtəbəli, ümumi sahəsi 235.8 kv/m fərdi yaşayış evi əvvəllər onun mülkiyyətində olmuşdur. Hazırki iş üzrə Maraqlı şəxs ilə iş birliyi olmuşdur və 2009-cu ildə ona 13000 manat borcu yaranmışdır. Pulu verə bilmədiyindən Maraqlı şəxs ona qarşı pul tələbinə dair məhkəmədə iddia qaldırmışdır. Bərdə rayon məhkəməsinin 2(021)-969/2009 saylı, xx.xx.2009-cu il tarixli qətnaməsi ilə ondan Maraqlı şəxs xeyrinə 13000 manat pulun alınıb ona verilməsi qət edilmişdir. Məhkəmə qətnaməsi ilə qət edilmiş pulu verə bilmədiyindən, Maraqlı şəxslə aralarında xx.xx.2010-cu il tarixli Bərdə rayonu Əliyanlı kəndində 0.12 ha həyətyanı topaq sahəsi və üzərində yerləşən iki mərtəbəli, ümumi sahəsi 235.8 kv/m fərdi yaşayış evinin alqı-satqı müqaviləsini formal olaraq bağlamışlar. Aralarında olan razılaşmaya əsasən o borcunu, yəni 13000 manatı hər il 1000 manat olmaqla 2011-ci ildən başlayaraq ödəməyi öhdəsinə götürmüşdür, o isə 13000 manatı ödəyib qurtardıqdan sonra evi yenidən adına keçirəcəyinə razılaşmışdır. Hər il 1000 manat pulu ödəyib 2024-cü il tarixdə olan borcunu bitirmişdir. Ancaq maraqlı şəxs hələdə evi onun adına keçirməmişdir. Bu barədə mediasiya təşkilatına müraciət etmişdir. Nəticəsi olmadığından məhkəməyə müraciət etmək məcburiyyətndə qalmışdır. Ərizəçi məhkəmə icasında ərizəsini müdafiə edərək məhkəmədən təmin edilməsini xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, barışıq sazişi təsdiq edilməməlidir. Belə ki, mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Seriya AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1975-ci il tarixdə Bərdə şəhərində anadan olmuşdur. Bərdə şəh, Təbriz küçəsi ev 11-də yaşayır. xx.xx.2025-ci il tarixli Barışıq sazişindən görünür ki, birinci tərəf Ərizəçi Abas oğlu, ikinci tərəf Maraqlı şəxs olaraq: Birinci tərəf bildirmişdir ki, Bərdə rayonu Əliyanlı kəndində 0.12 ha həyətyanı torpaq sahəsi və üzərində yerləşən iki mərtəbəli, ümumi sahəsi 235.8 kv.m fərdi yaşayış evi əvvəllər onun mülkiyyətində olmuşdur. İkinci tərəf ilə iş birliyi olmuş və 2009-cu ildə ona 13000 manat borcu yaranmışdır. Pulu verə bilmədiyindən Maraqlı şəxs ona qarşı pul tələbinə dair məhkəmədə iddia qaldırmış və Bərdə Rayon Məhkəməsinin 2(021)-969/2009 saylı, xx.xx.2009-cu il tarixli qətnaməsi ilə ondan Maraqlı şəxs xeyrinə 13000 manat pulun alınıb verilməsi qət edilmişdir. Birinci tərəf məhkəmə qətnaməsi ilə qət edilmiş pulu verə bilmədiyi üçün mülkiyyətində olan Bərdə rayonu Əliyanlı kəndində 0.12 ha həyətyanı torpaq sahəsi və üzərində yerləşən iki mərtəbəli, ümumi sahəsi 235.8 kv.m fərdi yaşayış evini xx.xx.2010-cu il tarixli, alqı-satqı müqaviləsi ilə Maraqlı şəxs formal olaraq satmışdır. Aralarında olan razılaşmaya görə birinci tərəf, ikinci tərəfə olan borcunu, yəni 13000 manatı hər il 1000 manat olmaqla, 2011-ci ildən başlayaraq ödəməyi öhdəsinə götürüb, ikinci tərəf isə razılaşıb ki, 13000 manatı ödəyib qurtardıqdan sonra evini yenidən adına keçirəcəkdir. Şərtlərə əməl edərək hər il Maraqlı şəxs 1000 manat pulu vermişdir. Beləliklə hər il 1000 manat ödəməklə 2024-ci ilin may ayında borcu qurtarmışdır.
2. Mediasiya aparılmış söhbət zamanı tərəflər qarşılıqlı razılaşaraq bildirmişlər ki, aralarında formal olaraq bağlanmış xx.xx.2010-cu il tarixli Bərdə rayon Əliyanlı kəndində 0.12 ha həyətyanı torpaq sahəsi və onun üzərində yerləşən iki mərtəbəli, ümumi sahəsi 235.8 kv.m fərdi yaşayış evinin alqı-satqı müqaviləsinin və onun əsasında alınmış xx.xx.2014-cü il tarixli, **********-qeydiyyat nömrəli, seriya RX 0487306-lı çıxarışın ləğv edilməsinə və evin əvvəlki sahibinin adına, yəni birinci tərəfin (Ərizəçi) adına , yəni ilkin vəziyətə qayıtmasına tam razılaşır və öz öhdələrinə götürürlər-barışıq sazişi tərəflərin sözləri ilə yazılaraq imzaları ilə təsdiq edilmişdir. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrinin ******* saylı çıxarışdan görünür ki, Maraqlı şəxs xüsusi mülkiyyətində Bərdə rayonu Əliyanlı kəndində 0.12 torpaq sahəsində fərdi yaşayış evi vardır. xx.xx.2014-cü il tarixdə ********** saylı qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində 15 nömrəli reyestr kitabının 118 nömrəli vərəqəsində qeydiyata alınmışdır. xx.xx.2010-cu il tarixli AN-İ ******* daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı Ərizəçi alıcı Maraqlı şəxs ilə müqaviləni aşağıdakı məzmunda bağlamışlar:
1. satıcı Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Bərdə Ərazi İdarəsinin xx.xx.2010-cu il tarixli 7100 saylı arayışına əsasən Bərdə rayonu Əliyanlı kəndində mülkiyyətində olan 0.12 ha torpaq sahəsində yerləşən, 2009-cu ildə tikilmiş, 2 otaqlı, 235.8 kv.m ümumi, 106.6 kv.m yaşayış, 129.2 kv.m köməkçi sahəsi olan fərdi yaşayış evini alıcının mülkiyyətinə vermişdir.
2. Satılan ev Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Bərdə Ərazi İdarəsinin xx.xx.2010-cu il tarixli 7100 saylı arayışı və xx.xx.2010-cu il tarixli ********** qeydiyyat nömrəli **********64-10301 reystr nömrəsində çıxarışı əsasında satıcı Ərizəçi məxsusdur.
3. Satıcı daşınmaz əmlakı 13.450 ( on üç min dörd yüz əlli) manat satdı, alıcı isə həmin qiymətə almışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM): 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə görə, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 284-6.1-ci maddəsinə görə, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-26.1. Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. 355-26.2. Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Məhkəmə hesab edir ki, MPM-nin 355-26.1.1-ci maddəsinin tələbləri gözlənilməməklə barışıq sazişi bağlanmışdır. Tərəflər belə bir razılığı barışıq sazişi bağlamadan belə notariat orqanında hər iki tərəfin iradə ifadəsi ilə müqavilənin ləğvini həyata keçirməklə reyestr xidmətində çıxarışın ləğvini realizə edə bilərlər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə
Qətetdi:
Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış barışıq sazişinin təsdiq edilməsindən imtina edilsin. Ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə elektron qaydada) Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verə bilər.
Hakim: Ziya Abdullayev