Məhkəmə qərarları › İş №2(021)-2033/2024

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2033/2024

12.08.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2033/2024 12.08.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, məhkəmə iclas katibi Abbasova Afət Ağarza qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı və ya İddiaçı) Cavabdeh (bundan sonra cavabdeh və ya Cavabdeh) qarşı “Birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi” tələbinə dair mülki işə 12 avqust 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyənetdi: İddiaçı məhkəmədə iddia qaldıraraq, birgə nikah dövründə aldıqları Bərdə rayonu Türkmən kəndində 0,08 ha torpaq sahəsi və onun üzərində inşa etdirdikləri iki mərtəbəli, 8 otaqlı fərdi yaşayış evinin dəyərini təşkil edən 60 000 manatın ½ hissəsi, yəni 30 000 manat pulun Cavabdeh alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə xx.xx.2006-cı ildə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Birgə nikahlarından 4 (dörd) övladları olmuşdur. Bərdə Rayon Məhkəməsinin 08 oktyabr 2018-ci il tarixli, 2(021)-4337/2018 saylı qətnaməsi ilə aralarında olan nikah pozulmuş və birgə nikahlarından olan uşaqlar anasının himayəsində saxlanılmışdır. Birgə nikah dövründə 2006-cı ildə Bərdə rayonu, Türkmən kəndində 0,08 ha torpaq sahəsi almışlar və 2010-cu ilədək həmin torpaq sahəsində iki mərtəbəli fərdi yaşayış evi tikmişlər. Hazırda həmin evdə Cavabdeh uşaqları ilə birlikdə yaşayır. Onunla belə razılığa gəlmişlər ki, birgə nikah dövründə tikdirdikləri ev ona qalsın və bunun qarşılığında 4 uşağa görə hər ay 80 manat olmaqla, cəmi 320 manat aliment ödəsin. Ancaq Cavabdeh razılaşmalarına əməl etməmiş və ona qarşı alientin artırılmasına dair iddia qaldırmışdır. Ona qarşı alimentin qaldırılmasına dair iddia qaldırdığından o da qanunla ona çatası birgə nikah dövründə tikdirdikləri əmlakın dəyərinin yarı hissəsini tələb edir. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli rəydən görünür ki, Bərdə rayonu, Türkmən kəndində 0,08 ha torpaq sahəsi və onun üzərində inşa edilmiş fərdi yaşayış evinin likvid dəyəri 60.000 manat təşkil edir. Hesab edir ki, fərdi yaşayış evini birgə nikah dövründə tikdirdiklərindən, həmin əmlakın dəyərinin ½ hissəsi cavabdehdən alınaraq ona ödənilməlidir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etdi və iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Məhkəmənin 03 iyul 2024-cü il tarixli iclasında dindirilmiş Cavabdeh iddianı qəbul etməyərək göstərmişdir ki, birgə nikah dövründə tikilmiş və hazırda iddiaçının tələb etdiyi ev uşaqlarının payıdır. Odur ki, iddianın təmin edilməməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin cavabdeh heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. MPM-nin 185.5-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1983-cü ildə Bərdə rayonu Türkmən kəndində anadan olmuşdur, Bərdə rayonu Türkmən kəndində qeydiyyatdadır. AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1985-ci ildə anadan olmuşdur. Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Mirzəxan-Qaraqoyunlu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 15 mart 2024-cü il tarixli 258 nömrəli arayışdan görünür ki, İddiaçı Bərdə rayonu Türkmən kəndində yaşayır. Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Mirzəxan-Qaraqoyunlu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 15 mart 2024-cü il tarixli 257 nömrəli arayışdan görünür ki, İddiaçı Bərdə rayonu Türkmən kəndində yaşayır və aşağıdakı ailə üzvləri var: atası-1957-ci il təvəllüdlü X3, anası-1958-ci il təvəllüdlü X1, qardaşı-1986-cı il təvəllüdlü X7, qardaşı arvadı-1992-ci il təvəllüdlü X4, qardaşı qızı-2015-ci il təvəllüdlü X8, qardaşı oğlu-2018-ci il təvəllüdlü X5, qardaşı oğlu-2020-ci il təvəllüdlü X9. Hal-hazırda İddiaçı valideyinləri ilə birgə yaşayır. Bərdə Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 29 aprel 2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı ilə X6 arasında olan nikah 01 fevral 2019-cu ildə pozulmuşdur. “X2” MMC tərəfindən verilmiş 27 aprel 2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, Bərdə rayonu Türkmən kəndində yerləşən 0,08 ha torpaq sahəsi ilə birlikdə fərdi yaşayış evinin bazar dəyəri 60 000 (altmış min) manat qiymətləndirilmişdir. xx.xx.2024-cü il tarixli MŞB/MT039/2024-00098 nömrəli arayışdan görünür ki, İddiaçı “Mediasiya haqqında“ Azərbaycan Respublikasının Qanununun 29.3-cü maddəsinin tələblərinə uyğun olaraq arayış verilmişdir. 13 mart 2024-cü il tarixli qəbzdən görünür ki, iddiaçı mediasiya sessiyasında iştirak etmək üçün 60 (altmış) manat məbləğində xidmət haqqı ödəmişdir. 03 may 2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 60(altmış) manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MM və ya MM): 213.1-cü maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 214.1-ci maddəsinə görə, əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, bərabər sayılır. 225.1-ci maddəsinə əsasən, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının AM və ya AM): 32.1-ci maddəsinə əsasən, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 32.3-cü maddəsinə əsasən, nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. 36.1-ci maddəsinə əsasən, ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan hər birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. 36.2-ci maddəsinə əsasən, ər-arvadın ümumi əmlakı onların sazişi əsasında bölünə bilər. Belə saziş ər-arvadın arzusu ilə notariat qaydasında təsdiq edilə bilər. 36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı 2006-cı ildə Cavabdeh ilə evlənmiş, birgə nikahlarından dörd uşaqları doğulmuş, tərəflər aralarında yaranan narazılıqlara görə ayrılmış, nikahları Bərdə Rayon Qeydiyyat Şöbəsində 01 fevral 2019-cu ildə pozulmuşdur. İddiaçı birgə nikah dövründə Bərdə rayonu Türkmən kəndində 0,08 ha torpaq sahəsi aldıqlarını, həmin torpaq sahəsində iki mərtəbəli ev tikdirdiklərini bildirsə də bu barədə məhkəməyə mötəbər sübut təqdim edə bilməmişdir. Bundan başqa iş materiallarından müəyyən edilir ki, İddiaçı Cavabdeh qarşı “Birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi” tələbinə dair iddiası 07 may 2024-cü il tarixdə Bərdə Rayon Məhkəməsinin icraatına daxil olmuşdur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 36.9-cu maddəsinə görə, nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MM və ya MM): 372.1-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 375.1-ci maddəsinə görə, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2-ci maddəsinə görə, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Cavabdeh məhkəməyə ərizə verərək İddiaçı ona qarşı Bərdə Rayon Məhkəməsində qaldırdığı “birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi” tələbinə dair iddiasının iddia müddətinin ötürülməsi ilə verildiyindən iddianın rədd edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən etdi ki, İddiaçı ilə Cavabdeh arasında olan nikah 01 fevral 2019-cu il tarixdə Bərdə Rayon Qeydiyyat Şöbəsində pozulmuşdur. İddiaçı aralarında olan nikah pozulduqdan 5 il 2 ay keçdikdən sonra hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, tərəflər arasında nikah 01 fevral 2019-cu ildə pozulmuş, üç illik iddia müddətinin axımı həmin dövrdən başlandığından iddia müddəti 01 fevral 2022-ci ildə bitmişdir. Cavabdeh hazırkı iddia tələbi ilə məhkəməyə 07 may 2024-cü ildə müraciət etmişdir. Belə olan halda, iddiaçı məhkəmədə iddia qaldırdığı zaman MM-nin 373.2-ci maddəsi ilə müəyyən edilmiş iddia müddətini üzrsüz səbəbdən buraxmışdır. Göründüyü kimi, iddia müddəti hər hansı üzrlü səbəb olmadan ötürülmüşdür. Məhkəmə hesab edir ki, İddiaçı tərəfindən Ailə Məcəlləsinin 36.9-cu maddəsi ilə müəyyən edilmiş iddia müddəti üzrsüz səbəbdən ötürüldüyündən iddia tələbi təmin edilməməlidir. Həmçinin iddiaçı öz iddiasını, yəni birgə nikah dövründə torpaq sahəsi alınması və onun üzərində ev tikilməsini də sübut edə bilməmişdir. MPM-nin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə görə, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 222.2-ci maddəsinə görə, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. 284-6.1-ci maddəsinə görə, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Haqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür (affirmanti, non neganti insumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, habelə təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında da Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Yuxarıda istinad edilən milli qanunvericilik normalarına və Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə hazırda baxılan mülki iş üzrə iddianı sübut etmək yükü iddiaçının üzərinə düşür. Göründüyü kimi, İddiaçı öz iddia tələbinin haqlı olmasını mötəbər sübutlarla sübut edə bilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. MPM-in 119.1-ci maddəsinin tələbinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edilmədiyindən iddianın qaldırılması üçün ödənilmiş 60 manat məbləğində dövlət rüsumu və 60 manat məbləğində mediasiya xidməti haqqı, cəmi 120 (bir yüz iyirmi) manat məbləğində vəsait iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Qətetdi: İddiaçı Cavabdeh qarşı “Birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Hakim: Fuad Babaşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar